Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Asəf Quliyev: «Heydər Əliyev Naxçıvan cəbhəsinin sədri olmaq istəyirdi»


Asəf Quliyev
Asəf Quliyev
Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı seriya söhbətlərimizdən bu dəfə suallarımıza Asəf Quliyev cavab verir.

«AZADLIQ»DAN AXCP-YƏ QƏDƏR

Asəf Quliyev 1958-ci ildə Babək rayonunun Yuxarı Uzunoba kəndində doğulub. 1985-ci ildə Naxçıvan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Deməsinə görə, ötən əsrin 70-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikasında mərhum Asəf Kələntərli, İbrahim İbrahimli, Arif Rəhimli və daha bir neçə şəxslə «Azadlıq» adlı təşkilat yaradıblar. Asəf Quliyev deyir ki, bu təşkilata Asəf Kələntərli sədrlik edib və onlar tək muxtar respublikada yox, Azərbaycanın başqa bölgələrində də SSRİ əleyhinə gizli təbliğatlar aparıblar. 1986-cı ildə isə o, özü işlədiyi tarix muzeyində «Yurd» birliyi yaradıb. 1989-cu ildə isə AXC yarananda, «Yurd» birliyi də bu təşkilata qoşulub. Asəf Quliyev 1992-ci ilin oktyabrında AXC Naxçıvan Təşkilatının sədri seçilib. 1994-cü ilin martın 3-dən 2002-ci ilin martın 14-ə kimi həbsdə yatıb. Hazırda AXCP sədrinin müavinidir.

«NAXÇIVANDA CƏBHƏÇİ DEPUTATLAR ƏBÜLFƏZ ELÇİBƏYİ EŞİTMƏDİLƏR»

- Asəf bəy, necə oldu ki, 1991-ci ildə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi?

- Həmin məlum sessiyadan öncə Bakıda idim. Əbülfəz Elçibəylə görüşdüm. O dedi ki, Naxçıvan Ali Məclisinin sədri Qafar Məmmədov, Baş nazir isə Becan Fərzəliyev olmalıdır. Mən onun bu istəyini Naxçıvan cəbhəçilərinə də çatdırdım. Ancaq cəbhəçi deputatların çoxu onu eşitmədilər. Sessiyadan bir gün əvvəl Naxçıvanda mitinq çağırılmışdı. Həmin mitinqdə Heydər Əliyevə belə bir məktub çatdırıldı ki, Siz Ali Məclisin sədri olarsınızmı? Heydər Əliyev də dedi ki, xalq istəyərsə, olaram. Sessiyada isə cəbhəçi deputatlardan bir neçə nəfəri çıxmaqla hamısı Heydər Əliyevə səs verdi. Naxçıvan Ali Məclisində təqribən 25 cəbhəçi deputat var idi. Yalnız Arif Rəhimov və bir neçə nəfər Heydər Əliyevə səs vermədi. Mən onda deputat deyildim. Heydər Əliyevə səs verən cəbhəçi deputatlar bu seçimlərini şəxsi istəkləri ilə izah edirdilər. Onların bəziləri xalq hərəkatına öz xidmətləri kimi baxırdılar. Daha dəqiq desəm, onlarda «xırda padşah»lıq hissi yaranmışdı...

- Bəlkə, onların gizli danışıqları olmuşdu?

«Heydər Əliyev də dedi ki, xalq istəyərsə, olaram»
- Mən bunu bilmirəm. Bircə onu eşitmişdim ki, 3 cəbhəçi deputata nazir postu vədi verilmişdi. Ancaq AXC Naxçıvan Təşkilatı ilə Heydər Əliyevin danışığı olmamışdı. Bununla belə, sessiyada Heydər Əliyevin seçkisinə cəbhəçi deputatların da səsi kifayət etmirdi. Çünki kommunistlər ona əvvəlcə səs vermədilər. Sonra onların arasında danışıq oldu. Bu danışıqlara əsasən, kommunistlərdən biri Heydər Əliyevin birinci müavini, ikisi isə Baş nazirin müavinləri oldu.

«HEYDƏR ƏLİYEV NAXÇIVAN CƏBHƏSİNİN SƏDRİ OLMAQ İSTƏYİRDİ»

- Bəs mərhum Heydər Əliyevlə Naxçıvan cəbhəçilərinin arası necə dəydi?

- Mən bilirdim ki, Heydər Əliyev AXC Naxçıvan Təşkilatının da sədri olmaq istəyir. Hətta kimsə ona cəbhəyə üzv olmaq təklif etmişdi, o, isə bildirmişdi ki, məni sədr seçin üzv olum. 1991-ci ildə keçirilən konfransda isə mənim təklifimlə Arif Rəhimovu sədr seçdik. Üstəlik, sərhədlərin müdafiəsi ilə bağlı yaradılan könüllü batalyonlar Naxçıvanda bizi söz sahibi edirdi. Heydər Əliyev müəyyən cəbhəçilərin əli ilə bu özünümüdafiə batalyonlarının bəzilərini ələ keçirdi. Faktiki Naxçıvanda silahlı qüvvələr arasında iki tirəlik yaranmışdı. Bir qüvvə Heydər Əliyevin yaratdığı müdafiə komitəsi idi, bir qüvvə də bu komitəni tanımayan cəbhəçilərdən ibarət könüllü batalyonlar. Heydər Əliyev artıq cəbhəçiləri pozuculuqda günahlandırmağa başlamışdı.

BECAN FƏRZƏLİYEV BAŞ NAZİRLİKDƏN NECƏ UZAQLAŞDIRILDI?

- Cəbhənin namizədi Becan Fərzəliyev Baş nazirlikdən necə uzaqlaşdırıldı?

- Türkiyədən Naxçıvana edilən humanitar yardımlar əsasən Becan Fərzəliyev vasitəsilə həyata keçirilirdi. Bundan da Heydər Əliyev qıcıqlanırdı. Naxçıvanda şayiə yayıldı ki, guya Becan Fərzəliyev İrandan saqqız gətizdirib. Vaqonları yolda yararaq mebelləri oğurladıb. Bunların hamısı Becan Fərzəliyevə atılan böhtan idi. Bununla həm Becan Fərzəliyev vurulur, həm də cəbhə xalqın gözündən salınırdı. Nəticədə o, təzyiqlərə dözməyərək Naxçıvandan getdi.

- 1992-ci ildə Daxili İşlər naziri İsgəndər Həmidovun Siyavuş Mustafayevi Muxtar Respublika Daxili İşlər naziri təyin etməsi deyəsən, bu münaqişəni daha da dərinləşdirdi?

Türkiyənin banklarından biri Naxçıvana birbaşa 100 milyon dollarlıq yardım etmişdi. Bu pullar Heydər Əliyevin hakimiyyətə gəlməsinə xidmət edirdi
- Əslində, İsgəndər Həmidovun həmin təyinatı da Naxçıvan cəbhəçiləri ilə razılaşdırılmamışdı. Bəzi cəbhəçilərdə bu, narazılıq yaratdı. Ancaq biz düşünürdük ki, belə təyinat varsa, bu, yerinə yetirilməlidir. Belə bir təyinat verilsə də, o, icra edilməmişdi və mən artıq AXC Naxçıvan Təşkilatının sədri seçilmişdim. Biz gedib Siyavuş Mustafayevi yerində otuzdurduq. Ancaq sonra məlum oldu ki, o, özü müavinliyə razılaşıb. Sonradan bizi Ali Məclisi, DİN-i silahlı yolla götürmək istəməkdə ittiham etdilər. Ancaq bizim belə bir niyyətimiz olmamışdı. Olsaydı, bunu yerinə yetirərdik. Çünki onda çox güclü idik. Bunu heç Bakıdakı hakimiyyət də istəmirdi.

TÜRKİYƏDƏN NAXÇIVANA NƏDƏN İYLƏNMİŞ ƏT GƏTİRİLİRDİ?

- Siz Heydər Əliyev qarşısında məğlubiyyətinizi neylə izah edirsiniz?

- Bu, bizim təcrübəsizliyimiz və bəzi cəbhəçilərdə yaranan özünəvurğunluqla bağlı idi. Ən əsası isə, burada Rusiyanın, Türkiyənin böyük rolu oldu. Rusiyadan Naxçıvana elçilər gəlirdi. Mən xatırlayıram, Türkiyənin banklarından biri Naxçıvana birbaşa 100 milyon dollarlıq yardım etmişdi. Bunda Süleyman Dəmirəlin böyük rolu olmuşdu. Bu pullar Heydər Əliyevin hakimiyyətə gəlməsinə xidmət edirdi. Əslində, guya Türkiyədən Naxçıvana ət gətirilməli idi. Biz gedib sərhəddə bu əti çəkdik. 5 ton iylənmiş ət idi. Mən bilən lentlər indiyə kimi Naxçıvan televiziyasının arxivində qalmalıdır. Əslində, onlar həmin pulu bu şəkildə yuyurdular.

«O, HİSƏ VERİLMİŞ KOLBASANI ÇARPAYISININ ALTINDA İYLƏDİRDİ»

- Həbsxana həyatınız necə keçirdi?

- Çox çətin oldu. Neçə dəfə məni karserə salıb «preslədilər»...

- «Presləmək» nə deməkdir?

- Yəni 3-4 nəfər rezin kötəklə huşumu itirənə qədər məni döyürdü. Böyrəyimdə qan laxtalanıb və bu sonradan daşlaşıb. İmkan düşdükcə Türkiyəyə gedib müalicə olunuram. Ad çəkməyəcəm. Həbsdə mənimlə qonşu kamerada bir əqidə yoldaşım qalırdı. O, hisə verilmiş kolbasanı çarpayısının altında iylədirdi. Kimisinə şərait yaradılır, mənim isə yanıma qohumlarımın gəlməsinə limit qoymuşdular...

- Asəf bəy, indi heç düşünürsünüzmü ki, Sizin bu mübarizəniz xalqa nə verdi?

- Mən «Azadlıq» təşkilatında olanda demişdim ki, Allahdan bir arzum var - Azərbaycan müstəqil olsun. Əsas odur ki, Azərbaycan müstəqildir. Diktatorlar isə gəlib gedəcək. Mən indi dünyada gedən prosesləri SSRİ-nin dağılması ilə müqayisə edirəm. İndi də bir arzum var. Vahid Azərbaycan ...
XS
SM
MD
LG