Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:03

Koroğlu dastanı ("Zərnişan xanımın Çənlibelə gəlməyi") - 22


əvvəli

Bəli, ustad dili mübarək olar. İndi sizə hardan xəbər verim, kimdən xəbər verim, Çardaxlı Çənlibeldə Qoç Koroğludan.

Koroğlunun kefi kök, damağı çağ idi. Oğulları Eyvazla Həsən sağsolunda qoluna qüvvət, dizinə taqət, gözünə işıq idi.

Həsən Dağıstandan gələndən sonra elə bil Çənlibelin ziynəti birə-beş artmışdı.

Həsən məşqləri ən çox Dəmirçioğlu ilə edirdi. Həsənin at minməsi, yəhərdə şahin kimi oturması, nizə oynatması, qalxan tutması, qılınc vurması, güşt tutması, toppuz endirməsi Koroğlunu qürrələndirirdi. Koroğlu Nigar xanımla məşqə baxırdı.

Məşqdən sonra Eyvazla Həsən Nigar xanımın yanına gəldilər.
Əvvəl-əvvəl analarına baş əydilər, sonra atalarının qarşısında əmrə
müntəzir dayandılar. Koroğlu arif adam idi. Dərhal işi başa düşdü,
Nigar xanımın üzünə baxdı. Nigar xanım Koroğlunun qəm dəryasına
qərq olduğunu görüb, gözünü ətrafına gəzdirdi. Cəmi Çənlibel dəliləri
onları elə qomarlamışdı ki, elə bil hamı Nigar xanımdan bir “hə”
cavabı gözləyirdi. Nigar xanım əlini-əlinə vurdu. Dəlilərin nərəsindən
yer-göy lərzəyə düşdü. Çənlibeldə bir məclis quruldu ki, ruzigarın
gözü hələ belə şadyanalıq görməmişdi. Piyalələr abı-kövsərlə doldu.
Eyvazla Həsən nuş etdilər. Dəli Mehtər Düratı, Ərəbatı meydana
gətirdi. Eyvazla Həsən altdan geyinib üstdən, üstdən geyinib altdan
qıfıllandılar. Eyvaz Dürün, Həsən Ərəbatın qantarğasını bərkitdi. Bir
göz qırpımında ayaqlarını üzəngiyə qoyub, qırğı kimi yəhərə
əyləşdilər. Məclisin dövrəsində gərdiş edib, Koroğlu ilə Nigar
xanımdan halallıq dilədilər. Nigar xanım oğullarının səfərinə bir söz
deməsə də, yaz buludu kimi dolmuşdu. İrəli yeridi, halallıq edib, izindi
– dedi. Düratla Ərəbat Nigar xanımın sözünə bənd imiş kimi şahə
qalxdılar, Dağıstana yön aldılar.
Ustadlar dili yüyrək olar, demişlər. Səfərin üçüncü günü şənlik
çıraqlarını öləzidən vaxtında cüt qardaşlar Ağqayanın qartalı kimi
Dəmirqapı Dərbənddə Ərəb paşanın həyətində atdan endilər. Möminə
xanımın oğlu Həsən gedəndən sonra gözlərinin qorasını o qədər sıxmışdı
ki, canında can, dizində taqət qalmamışdı. Saralıb sapa, incəlib
ipə dönmüşdü. İynənin gözündən saplanardı. Zil qaranlıqda oğlunun
səsini tanısa da, həyətdə dayananlardan hansının oğlu olduğunu anşıra
bilmədi. Eyvazı bağrına basıb duz kimi yaladı. Dedi:
– Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə əzab əziyyətini
çəkdiyim, yüyürüyünün başını kəsdiyim dirəyim-diləyim oğul,
adam da anasını gözü yaşlı qoyarmı? Sən gedəndən sonra ixtiyar
babanı atanın düşmənləri öldürdülər. Gözlərim səni axtardı, oğul-oğul
deməkdən dilim düyün bağladı.
Eyvazla Həsən Möminə xanımın qoluna girib içəri keçdilər.
Möminə xanım oğlunu çırağın işığında tanıdı. Ana-bala yaz sarmaşığı
kimi bir müddət bir-birinə sarışdı. Göz gərək idi, bu səhnəni oxşayıb
tamaşa edəydi.
Gecədən xeyli keçəndən sonra Eyvaz mətləbin üstünə gəldi. Dedi:
– Anacan, ata-anamız səni Çənlibeldə cəmi dəlilərin, xanımların
ağbirçəyi görmək istəyir. Özün üçün nə əzizdi xəzinədən götür, ixtiyarındadı.
Söhbət uzandı. Eyvaz durub Düratla Ərəbatı yemlədi. Dan yeri
söküləndə Eyvazla Həsən yataqlarına uzandılar. O yatan üç gün, üç
gecə yatdılar. Ayılanda gördülər ki, Möminə xanım elə dəyişib, göz
istəyir tamaşa etsin. Bu üç gündə elə bil Möminə xanımın bütün gəncliyini
özünə qaytarmışdılar. Rəngi yalaf-yalaf yanır, ay xəcalətindən
üzünü bürümüş, gün utandığından buludların arxasına keçmişdi. Zərbaftalı
qırçın don Möminə xanıma elə yaraşırdı ki, elə bil cəmi hurilər
onun qarşısında hesaba duracaqdı. Eyvazla Həsən toqqanın altını
bərkitdilər. Eyvaz dedi:
– Anacan, yolçu yolda gərəkdi. Vədə naxələflik igidə qəbahətdi.
Möminə xanım çəkidə yüngül, vəzndə ağır xəzinədə nə varsa
yükünü tutub, qəflə-qatıra yük vurdurdu.
Mal sağını vaxtı qəflə-qatır Ərəb paşanın mənzilindən qalxdı.
Həsən uşaqlıq dostu, Dəmirqapı Dərbənddə igidlikdə, səxavətdə ad
qazanan yəhər ustası Fətəlini çağırtdı. Dəmirqapı Dərbəndin xanlığını
ona həvalə edib, camaatın dolanışığını ona tapşırdı.
Qəflə-qatır Çənlibelə yön aldı. Az getdilər, alçaqlı, ucalı dağlar
aşdılar, bir neçə gündən sonra onlar Yağı qoruğuna çatanda gün bir
sicim boyu qalxmışdı. Dəlilər Möminə xanımın pişvazına Yağı
qoruğunda durdular. Çənlibelə çatanda Möminə xanım gözlərinə
inanmadı. Hər yerdə dəlilər, xanımlar qayır-qayır qaynaşırdı. Möminə
xanımı hərə bir cür təsəvvür edirdi.
Möminə xanım atdan enəndə qəddi-qaməti, sürahi boyu, məğrur
yerişi elə bil Çənlibelə yeni bir ziynət verdi. Çənlibel xanımları
Möminə xanımın gözəlliyindən xəcalət təri tökdülər. Cəmi dəlilərin
anası Nigar xanım belə Möminə xanımın gözəlliyindən pozuldu. Ala
gözləri ixtiyarsız piyalə kimi doldu. Nigar xanımın yaz buludu kimi
dolduğunu görən Koroğlu telli sazın bəmini bəm, zilini zil kökləyib
bağrına basıb aldı görək nə dedi:
Gəl sənə söyləyim, ay xotkar qızı,
Ağlama, Nigarım, o da yarımdı.
Dediyin sözlərin çıxdımı yaddan?
Ağlama, Nigarım, o da yarımdı.
İrəli gəl tut əlinlə əlini,
Bülbül olan axtarmazmı gülünü?
Məndən ötrü tərk eylədi elini,
Ağlama, Nigarım, o da yarımdı.
Yaxşı bax sən Koroğlunun zatına,
Qılınc qalxanına, polad qatına,
Bir Eyvaz eşqinə, Həsən xatrına,
Ağlama, Nigarım, o da yarımdı.
Söz tamama yetişdi, Nigar xanım irəli yeridi. Möminə xanıma xoş
gəldin deyib, məclisdə Koroğlunun sol tərəfində əyləşdirdi. Möminə
xanımın gəlişi şərəfinə Çənlibeldə bir kef məclisi düzəldi ki, indiyə
qədər düzələn məclislərin şahı sayıldı. Dəlilər gecədən xeyli
keçənədək yedilər, içdilər, keflər duruldu, damaqlar çağ oldu.
Deyirlər, belə şən-şux məclislərdən sonra Koroğlu heç kəsin cürət
edib qapısını açmadığı qırxıncı otağa gedərmiş. Bir saat orda tək-tənha
oturduqdan sonra çıxarmış. Bu dəfə də Koroğlu həmin otağa girdi. Bir
saatdan sonra otaqdan çıxanda Həsən gördü ki, Koroğlu elə haldadı,
elə haldadı bıçaq vursan qanı çıxmaz. Gözlər qan çanağı kimi qıpqırmızı.
Həsən çox götür-qoy etdi, heç nə başa düşmədi. O gündən
sonra Həsən atasını gözdən qoymadı. Gördü ki, atası son günlərdə
həmin otağa tez-tez gedir. Hər dəfə də pəjmürdə halda, gözləri nəmli
otaqdan çıxır. Koroğlu bir dəfə də otağa girəndə, Həsən də astaca
onun arxasınca içəri girdi. Həsən baxdı ki, atası balaca bir sandıqça
açdı, oradan bir qız əksi çıxartdı, bir saat üzünə tamaşa etdi, sonra əksi
yenidən yerinə qoymaq istədikdə, Həsən atasının biləyindən yapışdı.
Həsən atasının əlindəki qızın əksinə baxdı. Qız nə qız, ay parçası. Elə
bil ki, Allahtala xoş günündə, xoş saatında, xoş dəqiqəsində qələmini
bu qızın hüsnünə çəkib. Bir baxan deyir, qoy bir də baxım. Həsənin
köhnə yarası qövr elədi. Yadına Əhməd xanın qızı Mehri xanım düşdü.
Axı, Mehri də bir qız idi, gözəllikdə bütün hurilər onun sanında durardı.
Mehrinin qəddi-qaməti, sürahi boyu, durna kimi can alan ala gözləri,
alma kimi qırmızı yanaqları, yüz min işvə ilə yerişi, ceyran kimi məğrur
duruşu gözləri önündə canlandı. Mehri xanımın Həsənlə ayrılığından
sonra çox xiffət çəkməsi, Həsənin atasından icazə alıb, Əhməd
xanın yanına qayıdarkən, qapıdan qalxan cənazəni görməsi, Həsənin
yaxa yırtıb, üz cırması, ağ gününün göy əskiyə düyülməsi ürəyinin
başını yandırdı. Ürəyi kövrəldi. Gözləri yaz buludu kimi doldu. Atasının
halına acıdı.
Dedi:
– Atayi mehriban! Söylə, bu kimdi? Nə üçün hər dəfə bu otağa
girib o qızın əksinə baxdıqdan sonra ağlayırsan? Məgər mən ölmüşəm
ki, qoç Koroğlu xiffət çəksin? Ya bu sirri mənə açmalısan, ya da anamı
da götürüb bu saat Çənlibeli tərk edəcəyəm.
Koroğlu dedi:
– Oğul, gəl daşı ətəyindən tök. Bunu bilməsən yaxşıdı. Elə şeylər
var ki, adama dəm gətirər, elə şeylər də var ki, qəm. Bu əksin gətirdiyi
dəm deyil, qəmdi. Mən isə səni qəmli yox, dəmli görmək istəyirəm.
Həsən dedi:
– Babacan! Dəm də, qəm də ekizdi. Oğlun başı ya dəmdə, ya
qəmdə gərək. Sən onun yerini, yurdunu de, dalısınnan işin yoxdu.
Koroğlu çox dedi, Həsən az eşitdi. Qırsaqqız olub babasının yaxasından
yapışdı. Koroğlu gördü Həsən zəli kimi yapışdığından qopan
deyil, əl uzadıb divardan Bulğurlu sazını götürdü. Bəmini bəm, zilini
zil köklədi. Üzünü oğluna tutub götürdü görək nə dedi:
Başına döndüyüm, gül üzlü oğul,
Qan ağlar, qan ağlar didələrimiz.
Yeddi ildi həsrətini çəkirəm,
Qan ağlar, qan ağlar didələrimiz.
Sənə söylədiyim sözün düzüdü,
Sinəmdəki məhəbbətin közüdü,
Ağ şəhərdə Qara paşa qızıdı,
Qan ağlar, qan ağlar didələrimiz.
İgid odu öz dərdini bildirə,
Düşməni ağladıb, dostu güldürə,
Koroğluyam, bu dərd məni öldürə,
Qan ağlar, qan ağlar didələrimiz.
Söz tamama yetdi. Həsən ağaya qalxdı. Əl-əl üstə babasından söz
istəmək üçün xahişə müntəzir dayandı.
Koroğlu işi belə görüb dedi:
– İzindi.
Həsən dedi:
– Ateyi mehriban! Ağ şəhərə özüm gedəcəm. Ya o qızı sənə gətirəcəm,
ya da bu başdan keçəcəm.
Koroğlu dedi:
– Oğul, sən məni düz başa düşmədin. Mən əksə baxanda ondan
ötrü ağlamıram ki, Qara paşanın qızını sənə analıq gətirə bilmirəm.
Ona görə ağlayıram ki, o qızı Çənlibelə gəlin gətirməyin vaxtı çatıb.
Səni isə hələ ağır səfərlərdə bərkdən-boşdan çıxarmamışam. Anan
Nigarı gətirməyə gedəndə mən artıq Rövşən yox, Koroğlu idim. O
vaxt mən anan Nigar üçün İstanbula gedərkən cəmi dəlilər mənimlə
getmək istədilər. Mən razı olmadım. İndi, oğul, atdı, arvaddı, papaqdı,
kişi üçün qeyrətdi. Səfər ağır, sənsə təcrübəsiz. Onunçün ağlayıram.
Atasından bu sözləri eşidən Həsən dedi:
– Atacan, sinəmə bir xanə söz gəlib, gör nə deyirəm:
İgid gərək atlana,
Atın minə, atlana.
Mərd odu ki, döyüşdə,
Hər yaraya qatlana.
İndi, ateyi-mehriban! Sınaq səndə, qüvvət məndə. Mizan səndə, ağıl
məndə. Bu meydan, bu da mən. Necə istəyirsən, elə də imtahana çək.
Koroğlu gördü Həsəndən yaxa qurtara bilməyəcək. Dedi:
– Oğul, mənim də sinəmə bir neçə xana söz gəlib. Qoy onu da
deyim, bəlkə başa düşəsən.
Aldı Koroğlu:
Başına döndüyüm, mehriban oğul,
Getmə, oğul, getmə Ağ şəhərə sən.
Təzəcə tapmışam qəndinən-noğul,
Getmə, oğul, getmə Ağ şəhərə sən.
Aldı Həsən:
Başına döndüyüm mehriban ata,
Ata, getməliyəm Ağ şəhərə mən.
Çağırram mövlanı dadıma çata,
Ata, getməliyəm Ağ şəhərə mən.
Aldı Koroğlu:
Ağ şəhərin poladdandı yanısı,
Hərlənsən tapmazsan, birdi qapısı,
Qarauldu böyük-kiçik, hamısı,
Getmə, oğul, getmə Ağ şəhərə sən.
Aldı Həsən:
Gərək Ağ şəhəri oda yandıram,
Hasarlar dağıdıb, qapı sındıram,
Qoşun qırıb, paşasını öldürəm,
Ata, getməliyəm Ağ şəhərə mən.
Aldı Koroğlu:
Koroğluyam niyyətimi yetirdim,
Paşalardan baci-xərac götürdüm,
Yeddi ildə bir əksini gətirdim,
Getmə, oğul, getmə Ağ şəhərə sən.
Aldı Həsən:
Koroğlusan, sən alınmaz qalasan,
Qoymam səni qəmə, yasa dalasan,
Həsən bəyəm, indi məni sına sən,
Ata, getməliyəm Ağ şəhərə mən.
Ata-bala sözlərini tamam eylədi. Koroğlu gördü yox Həsəndən
yaxa qurtarmaq çətin işdi. Axır əlacsız qalıb Həsəni Ağ şəhərə yola
salmaq üçün ziyafət düzəltdi. Nigar Koroğlunun sağında, Möminə
xanım solunda əyləşdi. Koroğlu ayağa qalxdı, dedi:
– Dəlilərim, yeddi ildi Qara paşanın qızı Zərnişan xanımın əksini
Çənlibeldə ayrıca otaqda gəlinim deyə saxlayıram. Mən, əksi dostum
mehtərbaşı Abdurrahmanın vasitəsilə əldə edə bilmişdim. İndii isə
sizdən nə danım, könlümə oğul toyu düşüb. Məsləhət sizdən, rüsxət
məndən.
Dəmirçioğlu dedi:
– Ay Koroğlu, igidi darda, taciri varda sınayarlar.
Eyvaz dedi:
– Onda gərək mən də gedəm. Dədələr demiş: “Qardaş qardaşa tən
gərək, tən olmasa gen gərək!”
Bəlli Əhməd dedi:
– Belə olmaz, Həsən bizdən güclü olsa da, hələ bərkə-boşa düşməyib.
Burada tək qüvvətli olmaqdan başqa, düşdüyü çətin vəziyyətdən
çıxmağı bacaran ağıllı məsləhətçi də gərəkdi. Dəli Həsənin bu
işdə hamıdan səriştəsi çoxdu. O, yerin altını da, üstünü də bilir. Tədbir
də igidin bir yaraşığıdı.
Nigar xanım dedi:
– Dəlilər! Mən görürəm ki, Koroğlu kimi hamınızın könlünə toy
düşüb. Nə olar, mübarəkdi. Amma igid yar sevməyə tək getməlidi.
Həsənin məşqi də, aşıq kimi məclis aparması da xoşa gəlir. Oxumağı
Aşıq Cünundan da geri qalmazdı. Bir də ki, Həsənin Yağı qoruğundakı
zarafatı nə tez yadınızdan çıxdı.
Aşıq Cünun elə bil, Nigar xanımın sözünə bənd imiş. Əlini qulağının
dibinə aparıb bir bayatı çəkdi, dedi:
Əziziyəm mərdanə,
Sözüm dedim mərdanə,
Qorxağa oğul deməz
Qoçaq ata, mərd ana.
Nigar xanım düz deyir. Həsən ustad aşıqlardan geri qalmazdı, ləfzi
şirindi. Saz heç kəsi dar-damanda qoymayıb. Bəzən onun gördüyü iş
bir qoşunun gördüyü işdən ötkün olur.
Koroğlu piyalə doldurdu. Həsən irəli yeriyib piyaləni atasından
qəbul etdi. Həsən piyaləni nuş edib qurtarmamış Dəli Mehtər Ərəbatı
meydana çəkdi. Həsən əvvəl-əvvəl Qəssab Alıyla, Zərqələm xanımla,
sonra Koroğlu, Nigar xanım, anası Möminə xanımla halallaşdı.
Ərəbatın belinə qalxanda Koroğlu dedi:
– Oğul! Ağ şəhərə sən bir mal-qara örüşə çıxanda, bir də naxır
axşam qayıdanda girə bilərsən. Ağ şəhərdə mehtərbaşı Abdurrahmanı
taparsan. Ancaq onun evinə qonaq düşərsən. O, səni mənim Bulğurlu
sazımdan tanıyacaq. Sənə nə desə, ona əməl et. Ağ şəhərdə özünü heç
kəsə nişan vermə. Qoy hamı səni aşıq kimi tanısın. Di, uğur olsun!
Həsən Ərəbatı meydanda cövlana gətirib, üz tutdu Ağ şəhərə.
Ustad dili yüyrək olar. Həsən günə bir mənzil, tey mənzil yolun damarını
qırdı. Ərəbat ağzını nəqqarə kimi açıb yel kimi uçurdu. Dan yeri
qızarar-qızarmaz Həsən Ağ şəhərə çatdı. Mal-qara örüşə çıxanda Ağ
şəhərin qala qapısından şəhərə girdi. Şəhərdə bir qədər fırlandı.
Gördü belə getsə mehtərbaşı Abdurrahmanı çətin tapacaq. Mal meydanının
baş tərəfində yerləşən nalbəndin yanına gəldi. Nalbənd dərhal
ayağa qalxdı ki, müştərisini dinləsin. Həsən dedi:
– Nalbənd qardaş! Atım bir az azarlayıb. Mehtərbaşı Abdurrahmanı
salğa veriblər. Onun evinin yerini deməzsən?
Nalbənd şəyirdini çağırıb dedi:
– A bala, yanşağı mehtərbaşıgilə ötür, özün də tez qayıt.
Həsənlə şəyird bir-iki dolanbac küçə keçib mehtərbaşının evinə
çatdılar. Şəyird iri çaxçaxlı qapını göstərib dedi:
– Yanşaq! Bu da mehtərbaşının evi.
Həsən cibindən bir az xırda-quruş çıxarıb şəyirdin ovcuna basdı.
Sağ ol deyib, doqqaza yaxınlaşdı. Mehtərbaşı gördü bir atlı doqqazdan
içəri girdi, onun bu boyda, bu buxunda dostu, tanışı olmayıb. Yanyörəsindən
yanşaqdan çox Koroğluya oxşayır. İrəli yeridi. Yanşağın
salamını aldı. Oğlanın ədəb-ərkanı xoşuna gəldi. Atı talvarın altında
rahladı. Yanşağı evə dəvət etdi. Çay-çörək ortaya gəldi, yeyib, içdilər.
Mehtərbaşı dedi:
– Baba mehtər! Biz yanşaqlar söhbəti sözlə deyəndə dilimiz od
tutub yanır, əgər izin versəydin sözümü sazla deyərdim.
Mehtərbaşı:
– İzindi, yanşaq!
Həsən Bulğurlu sazı köynəkdən çıxardı, sazın bəmini bəm, zilini
zil köklədi. Götürdü görək mehtərbaşı Abdurrahmana özünü necə
nişan verdi:
Gəl sənə söyləyim, mehriban əmi
Babam məni bu diyara göndərib.
Ahu-fəqanından çox çəkir qəmi,
Babam məni bu diyara göndərib.
Abdurrahman:
Başına döndüyüm ay cavan oğlan,
Baban kimdi, onu mənə deyirsən?
De, niyə ağlayıb çox çəkir fəğan,
Baban kimdi, onu mənə deyirsən?
Həsən:
Paşa, xotkarlardan xərac alıbdı,
İndi görsən saralıban solubdu,
Bu şəhərdə intizarı qalıbdı,
Babam məni bu diyara göndərib.
Abdurrahman:
Tək qoç Koroğludu igid, ad alan,
Paşalar mülkünə talanlar salan,
Bəs o kimdi saralıban həm solan,
Baban kimdi, onu mənə deyirsən?
Həsən baxdı ki, mehtərbaşı deyəsən ya həddindən artıq arif, yaxud
da qanacaqdan bir balaca karsaladı. Odu ki, özü-özünə dedi: Gəl buna
“Atüstü” üzərində bir Koroğlu bayatısını nərə çək, sonra təxəllüsünü
isnad ver. Dedi:
– Mehtərbaşı sənə yazığım gəlir, qulağına bir lopa pambıq tıxa.
Yazıqsan. Sonra məni vayqanlı görmə.
Bunu deyib Həsən bir dəli nərə çəkdi. Elə bil göy yarıldı, ildırım
çaxdı:
Yerdən dursa Koroğlu,
Torun qursa Koroğlu,
Qan sel kimi tökülər,
Bir qıy vursa Koroğlu.
Yar yolunda mən də qolu bağlıyam,
Ah çəkibən, sinəm üstü dağlıyam.
Adım Həsən, qoç Koroğlu oğluyam,
Babam məni hüzuruna göndərib.
Abdurrahman:
Abdurrahmanam, bil mehtərlik peşəmdi,
Xoş gəlibsən, sənə qurban başımdı,
Koroğlu da əzizim, qardaşımdı,
İndi bildim, baban kimdi deyirsən.
Həsən sazla dediyini sözlə mehtərbaşına dedi. Mehtərbaşı dedi:
– Oğul, səni imtahana çəkmək yersizdi. Onsuz da Koroğlu Bulğurlu
sazı ancaq ən əziz adamına verə bilər. Amma oğul, mən bilən onun
Həsən adlı oğlu yoxdu. Mən tanıdığım oğlunun adı Eyvazdı.
Həsən dedi:
– Elədi, əmi. Mən Dəmirqapı Dərbəndli Ərəb paşanın qızı
Möminə xanımdan olan oğluyam. Adı mənə atam yox, babam veribdi.
– Hə, indi bildim. Amma oğul, nə badə buralarda özünün Koroğlunun
oğlu olduğunu, Çənlibeldən gəldiyini ağzından qaçırasan. Qara
paşa diri-diri dərinə saman təpər. Mətləbin də mənə aydındı. Zərnişan
xanımın əksini biz yeddi ilə çalışıb əldə edə bildik. Niyyətin xoş olsa
da, onun özünü əldə etmək çox müşkül işdi.
Həsən dedi:
– Əmican, sən onun yerini, yurdunu mənə salğa ver, qalanında işin
yoxdu, özüm düzəldərəm. Mehtərbaşı gördü ki, Həsən çox qırdırmasına
gedir. Buna heç Tanrı törpüsü dəyməyib, elə öz dediyini deyir.
Mehtərbaşı dedi:
– Oğul, ağıl-ağıldan süyüşüklü olar. Fatma qarı ilə məsləhətləşək.
Belə işlərdə onun səriştəsi çoxdu.
Mehtərbaşı qonşularındakı Fatma qarını çağırtdırdı. Fatma qarı
içəri girəndə Həsənin boy-buxunu, xətti-xalı xoşuna gəldi. Ürəyində
bərəkallah səni doğana, allah saxlasın – dedi. Qarı qonağa xoş gəldin
deyib taxtın bir tərəfində oturdu.
Həsən baxdı ki, Fatma qarı lap Aşıq Cünunun dediyi kimidi.
– Qarılar dürlü olur, qarı var iman quran, qarı var ilan vuran, qarı
var ipəyi, qarı var köpəyi, qarı var holdurum hop, qarı var koldurum
kup, qarı var balağı batdaq, qarı var dabanı çatdaq. Bu qarı çoxbilmişdi.
Üz-gözündən zəhər yağsa da ipəyidi, iman qurandı. Dil tapmaq olar.
Mehtərbaşı dedi:
– Qarı nənə, sənə bir işimiz düşüb. Əl bizim, ətək sənin.
Qarı dedi:
– Ə, mehtərbaşı! Mən baytar deyiləm, nalbənd deyiləm. Sənin
mənə nə işin düşəcək? Atlarıyın nalı tökülüb nalbənd çağır, saqqo
olub, qotur düşüb nə çoxdu Ağ şəhərdə baytar.
Mehtərbaşı gördü qarı mətləbdən uzaqlaşdı. Dedi:
– Fatma qarı, bütün ilxı qurban olsun sənin bir ağ saçına. Bizim
dərdimiz at dərdi deyil. Sən Qara paşanın evinə gedib, gəlirsən. Necə
edə bilərik Zərnişan xanımı bizim bu cavan oğlanla bir dəfə görüşdürəsən?
Fatma qarı Zərnişanın adını eşitcək, elə bil onu ilan çaldı. Yerindən
dik atıldı. Az qaldı qapını qoyub bacadan çıxsın. Həsən qarının
qarşısını kəsdi.
– Nənəcən, biz sənə bir şey eləmədik. Sözdü soruşduq. Kömək
etsən də, etməsən də öz işindi. Biz sənin ağbirçək imanına pənah
gətirdik. Qarı baxdı Zərnişan xanıma layiq bir oğlan varsa da elə budu.
Amma özünü sındırmadı, dedi:
– Oğul, sən qonaqsan. Bu gün burdasan, sabah Allah bilir harda,
amma mehtərbaşı ağlını itirib. Ağ şəhərdə Zərnişan xanımın adını
tutanı diri-diri divara hörürlər. Canına yazığın gəlsin. Nə qədər söz
Qara paşaya çatmayıb, pələ-püsəni burdan yığışdır. Hələ bu neçə ildə
Zərnişan xanımın üzünü birbaşı papaqlı inni-cinni görməyib. Əgər
görməyə cürət edən olubsa, onu baxdığı yerdə qulaqlarından divara
mıxlayıblar.
Mehtərbaşı dedi:
– Ay Fatma qarı, biz səndən tədbir dilədik, daha səndən ölüm
istəmədik. Rəhmətliyin qızı, biz hələlik ölməyə tələsmirik. Sənə nə
olub?
Həsən əl atıb cibindən bir ovuc axça çıxartdı. Qarının ovcuna
basdı, dedi:
– Nənə, hələlik əl xərcliyindi. Nəmərin sonra.
Qarı baxdı axçaların hamısı qızıldı. Gözü kəlləsinə çıxdı, dedi:
– Oğul, Zərnişan xanım hər cümədən cüməyə Bülbüllü bağa seyrəngaha
çıxır. Mən hər cümə axşamı onun əl-ayağına xına qoymağa
gedirəm. Əksin varsa mənə ver. Kim bilər, xına qoyanda çalışaram ki,
yerə düşsün. Zərnişan xanım soruşsa deyərəm ki, nəvəmdi. Əgər bir
şey öyrənsəm, axşam sənə deyərəm – deyib, qarı xudahafisləşib getdi.
Mehtərbaşı dedi:
– Oğul, Həsən. Fatma qarını yaman yerdə yaxaladın. O, imanından
keçər, qızıl axçalardan keçməz. İndi eşit, Qara paşanın bir atı var.
Adına Aşqardor deyərlər. O atı ələ gətirə bilməsək heç bir iş görə
bilmərik. Hələ cümə gününə var. İndi sən pay-piyada Bülbüllü bağa
tərəf get. Yerini-yurdunu manşırla. Elə et ki, heç kəs səndən şübhələnməsin.
Yoxsa işlər şuluq olar. Qaş qayırdığımız yerdə, göz tökərik.
Ustad dili yüyrək olar. Aradan bir az keçmişdi ki, Fatma qarı təngənəfəs
özünü yetirdi mehtərbaşıgilə. Dil boğaza qoymadı. Elə ütələk
danışdı ki, elə bil ağzına kişmişli südlü aş tökmüşdülər. Nə handan, nə
hana qarı sözünə ara verdi.
Mehtərbaşı dedi:
– Ay rəhmətliyin qızı, nə olub? Bir insan kimi danışsana.
Qarı dedi:
– Ay oğul, elə Zərnişan xanımın ayağına təzəcə xına qoyurdum ki,
əksin tıpp eləyib yerə düşdü. Saymazyana əksi yerdən götürüb, öpüb
gözümün üstə qoydum. Sonra əksi qoynuma qoymaq istəyirdim ki,
Zərnişan xanım dedi:
– Qarı, ver görüm o nə əksidi?
Dedim:
– Nənən canına fəda olsun, nökərin Həsəndi, nəvəmdi. Buralardan
çox-çox uzaqlarda, Qaf tərəflərdə olur. Qoca nənəsini unutmayıb,
yada salıb. Əl boyda əksini göndərib. Bu cümə günü qonaq gələcək.
Zərnişan əksə təfərrincə baxdı. Şəkildə qarının sifətinin cizgiləri
arasında heç bir oxşarlıq əlaməti görmədi. Dedi:
– Qoca kaftar, nə qədər dərinə saman təpdirməmişəm, bu mürtəd
pəzəvəngin kim olduğunu söyləməlisən.
Oğul, istədim ki, xanımın fikrini azdırım, bir şey çıxmadı. Axırda
düzünü deməli oldum. Dedim:
– Xanım, Allahdan gizli olmayanı səndən nə gizlədim. Bu bir
oğlandı ki, boy-buxununa baxanda papaq düşür. Deyirsən bir də baxım.
Allah ondan heç nəyi əsirgəməyib. Kim olduğunu bilmirəm. Mehtərbaşının
qonağıdı. Hardansa qərib-qürbət eldən səni deyib gəlib. Yan
yörəsindən ona oxşayır.
O kimdi? – deyə Zərnişan xanım boğazımdan yapışdı. Dilim topuq
çal-çala Koroğlu deyə bildim. Oğul, Zərnişan xanım mənə bir şillə
çəkdi ki, gözümdən od parladı. Dedi:
– İlan vuran qarı, düzünü de, bu işi başqa bir adam da bilirmi?
Dedim:
– Xanım, imansız ölüm, üstümdə su tapılmasın, ocaq qalanmasın,
əgər bu sirri bir adam bilirsə.
Dedi:
– Yaxşı, şəkil qalsın. Qonağına da de ki, qoy bu cümə Bülbüllü
bağa gəlsin.
İndi oğul, sən oba yatandan sonra Bülbüllü bağa get. Özünə pünhan
bir yer seç. Gün şaxıyanda Zərnişan xanım küləfrəngidə olacaq. Qızlar
isə öz yerlərinə dincəlməyə gedəcəklər. Fürsəti fövtə verməzsən.
Özünü dərhal salarsan küləfrəngə.
Həsən qarıya bir qədər də xərclik verib yola saldı. El-oba şirin
yuxuda ikən Həsən qarı dediyi kimi elədi. Gün şaxıyanda Həsən özünü
Zərnişanın küləfrəngisinə verdi. Həsən baxdı ki, Zərnişan bir qızdı,
Züleyxa onun əlinə su tökməyə yaraşmaz. Qız deyirəm, qızdırma demirəm.
Ağız püstə, burun hind fındığı, sinə Səmərqənd kağızı, göz piyalə,
mah camalı bərq vurub yanır. Baxdıqca adamın gözünün şoqunu aparır.
Diqqəsi minar, əl vurma sınar, bax kənarda dur, mələr-müskün kimi
boynunu bur. Həsən şəklə baxdı, qıza baxdı. Zərnişan xanımın gözəlliyi
onu oda yaxdı. Gözlər gözlərə sataşdı, ürəklər söz alıb danışdı.
Zərnişan xanım özünü sındırmayıb dedi:
– Ədə, gavur oğlu yanşaq, sən hara, bura hara? Bura quş gəlsə
qanad, qatır gəlsə dırnaq salar. Bir qaşıq qanındanmı, yoxsa şirin
canındanmı keçibsən? Çoxdandı ki, əyləncəsiz qalmışdıq. İndi əmr
edərəm, sabah səni meydanda məhşər ayağına çəkərlər. Vaxtsız özünü
bozardan əmlik kimi dərini boğazından çıxararlar. Saman təpib qala
qapısından asarlar. Sənin kimi heyvərə yanşaqların bir də Bülbüllü
bağa girməsi üçün dərs olar.
Həsən dedi:
– Xanım, bağışla. Mənim dərim o qədər də asan soyulmaz.
Dərimə saman təpmək üçün qurd oğlu qurd gərək. İzin ver, sinəmə bir
neçə xana söz gəlib onu deyim. Sonra istər öldür, istər dara çəkdir. Baş
mənim, fərman sənin.
Zərnişan xanım yanşaqı sınamaq üçün elə qışqırdı ki, səsinə dayəsi
gəldi. Zərnişan ehtiyatsızlıq etdiyindən peşiman oldu. Ürəyində özözünü
danladı. Nə edə bilərdi. İş-işdən keçmişdi. Dedi:
– Bağbanı səslə. Babama xəbər versin. Bu heyvərəni tutsunlar.
Həddini ona bildirsinlər.
Dayə baxdı ki, xanım qeyzlənib, dedi:
– Ömür-günümün bəzəyi, tələsmə. Yanşaqdı, bəlkə də bilməyib,
heyvərəlik edib. Onsuz da onun əcəli sənin əlindədi. Qoy bir-iki xana
söz oxusun. Bəlkə heç yanşaq deyil. Gavurun biridi, pəzəvəngliyinə
salıb.
Zərnişan baxdı ki, dayəsi də bu igidin ələ keçməsini istəmir. Ürəyindən
olmasa da, könüllü-könüllsüz dedi:
– Heyvərə yanşaq, dayəmə qurban ol. Mən ölümün üçün tələsmirəm.
Ölüm qabağı amandasan. Oxu, izindi.
Həsən Bulğurlu sazı aldı sineyi sandığa.
Aldı Həsən:
Gözəllər çıxıbdı seyrəngahına,
Bənzəyir cənnətə bu bağlar indi.
Mən qurbanam gözəllərin şahına,
Bənzəyir cənnətə bu bağlar indi.
Zərnişan xanım siyah saçından üç tel ayırdı, turuncu məmələri
üzərində saz edib götürdü görək cavabında nə dedi:
Yanşaq, dəlisənmi, yoxsa divanə?
Düşmüsən ölümün bazarına sən.
Qov kimi canını salıbsan oda,
Dözməzsən bu eşqin azarına sən.
Aldı Həsən:
Yanşaqların peşəsidi söz demək,
Balı qəndi qatıb şirincə yemək,
Yasaqdımı bu yerləri de, gəzmək?
Dönübdü gülşənə bu bağlar indi.
Aldı Zərnişan xanım:
Yanşaqsan, yamanca, amma dillisən,
Mən bilirəm qərib, uzaq ellisən,
Adın nədi, de hansı məkanlısan?
Düşərsən babamın nəzərinə sən.
Aldı Həsən:
Adım Həsən bəydi, şirin dilliyəm,
Qolu qüvvətliyəm, dəliqanlıyam.
Koroğlu nəsliyəm, Çənlibelliyəm,
Düşüb diyarına güzarım indi.
Aldı Zərnişan xanım:
Bu yerlərin söhbətiyəm, sazıyam,
Yüz qız içrə gözəllərin gözüyəm,
Zərnişanam, Qara paşa qızıyam,
Söylə, niyə gəldin güzarıma sən?
Söz tamama yetdi. Zərnişan xanım dedi:
– Həsən, eşitdiyimə görə Koroğlu yeddi ildə əksimi zorla əldə
edib. İnşallah, indi də yeddi il sənin yasını tutar. Xotkar qızı əlinə xına
qoymaq əvəzinə başına qara bağlar. Cavansan, canına yazığın gəlsin.
Nə qədər ki, qanın Qara paşanın əlində qəltan olmayıb, sürük əppəyini
götürüb burdan get. Zərnişan xanım bu sözlərinən Həsəni imtahan
edirdi, görsün ona yar şirindi, yoxsa can.
Həsən baxdı ki, Zərnişan xanım onu hərbə-zorbası ilə imtahana
çəkir. Odu ki, özünün igidliyini ona isnad verərək dedi:
Mərd oğulun nişanəsi
Qanında gərək igidin.
Çəkməyə özgədən minnət,
Canında gərək igidin.
Bir igidin olsa sanı,
Vurar qılınc, tökər qanı,
Gürzü, nizəsi, qalxanı,
Qolunda gərək igidin.
İgid odu ola gücü,
Ala qalaları, bürcü,
Ovxarlı Misri qılıncı,
Belində gərək igidin.
Koroğlunun balasıyam,
Hər sözünü qanasıyam,
Dediyini danasıyam,
Sözü düz gərək igidin.
Mən Həsənəm, Qurdoğluyam,
Düşmənimə dərd oğluyam,
Nəsilcən, bil, Koroğluyam,
Arxası gərək igidin.
Söz tamama yetdi.
Həsən baxdı ki, Zərnişan xanımın dili dediyini ürəyi demir. Özözünə
dedi: Koroğlu demiş, gəl sən bunun uşaqlığını, cavanlığnı,
qocalığını yadına sal, bəlkə ürəyi yumşala.
Aldı Həsən:
Üç yaşından beş yaşına varanda,
Yenicə açılmış gülə bənzərsən.
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.
Zərnişan xanım özünü saxlaya bilmədi, şaqqanaq çəkdi. Dedi:
– Əyə, gavur oğlu yanşaq. Cümlə gündoğandan günbatan buğa
boynu buran, igid pəhləvanlar qolunu qıran ərənlər mənim dərdimdən
ölür. Sən də başlamısan mənə üç yaşından, beş yaşından oxumağa.
Həsən baxdı ki, mətləbi Zərnişan xanıma çatmadı. Dedi:
– Xanım, sazı, sözü dinlərlər. İlk kəlmədən adama gülməzlər.
Hələ gör ustad sonrakı halına nə deyir.
Aldı Həsən:
On dördündə sevda yenər başına,
On beşində cavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz-bulanıq axan selə bənzərsən.
Otuzunda kəklik kimi səkərsən,
İgidlik eyləyib qanlar tökərsən,
Qırxında əl haramından çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
Əllisində əlif qəddin çəkilər,
Altımışında ön dişlərin tökülər,
Yetmişində qəddin, belin bükülər,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində sinir yenər dizinə,
Doxsanında qübar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
Söz tamama yetdi. Həsən baxıb gördü ki, dayə ilə Zərnişan xanım
bir-birini elə qucaqlayıblar ki, illər-aylar həsrətlisi kimi. Dəm veriblər
göz yaşına. Anladı ki, söz yerinə düşdü. Dedi:
– Zərnişan xanım, mən qoç Koroğluya söz vermişəm. Öldü var,
döndü yox, vaxt daralır. Sən tədbirini de.
Zərnişan gördü Həsən sözündə bütövdü. Hədə-qorxu yeri deyil.
Dedi:
– İndi vaxtdı, ayrılmalıyıq. Axşam üstü dayəm dalınca gələcək.
Mehtərbaşı Abdurrahman atamın Aşqardor atının töyləsini yaxşı tanıyır.
Atın töylədən çıxarılmasına o tədbir tökər.
Həsən Zərnişan xanımla, dayə ilə halal-hümmət eləyib Bülbüllü
bağdakı pünhan yerinə çəkildi. Bir azdan bağ boşaldı. Həsən özünü
verdi mehtərbaşının evinə.
Mehtərbaşı dedi:
– Oğul, Həsən. Necə gəldin, oğlansan, ya qız?
Həsən dedi:
– Abdurrahman əmi, oğlanam.
Sonra da o başına gələnlərin hamısını mehtərbaşıya nağıl elədi.
Axşama hazırlıq görüldü. Dayə Həsənə dedi ki, götür çarşovu,
Zərnişan xanım bizi sarayda gözləyir.
Şenlik şirin yuxuda ikən tədarük görüldü. Zərnişan da Həsən kimi
altdan geyinib, üstdən, üstdən geyinib altdan qıfıllandı, yaraqlandı,
yasaqlandı.
Mehtərbaşı Abdurrahman da qala qapısının ağzında Ərəbatla Həsəni
gözləyirdi. Həsən mehtərbaşının dediyi kimi Zərnişanı götürüb Aşqardorun
tövləsinə yön aldı. Tövləbaşıya bir kisə qızıl verib dedi:
– Tövləbaşı, al bu axçaları, yeddi arxdan dolananına belə bəsdi. Atı
tövlədən çıxarana kimi dinmə, danışma.
Tövləbaşı tez kisəni qoynunda gizlətdi. Həsən tövləyə girəndə istədi
ağzını açıb qışqırsın. Zərnişan xanım ley kimi onun başının üstünü kəsdi.
Əlindəki qamçının dəstəyi ilə kişinin başına elə vurdu ki, yazıq meyid
kimi yerə sərildi. Həsən Aşqardoru tövlədən çıxaranda gördü ki, tövləbaşı
yerə sərilib. Zərnişan xanımın üzünə baxdı. Zərnişan xanım dedi:
– Belə yaxşıdı, səs-küydən uzaq olarıq.
Həsən Aşqardorun belinə qalxan kimi Zərnişan xanımı tərkinə
aldı. Atı qala qapısına tərəf sürmək istədikdə tövləbaşı qışqırdı:
– Qaravul, qaravul...
Səs-küy yayıldı. Qaravullar hər yerdə bəndi bərəni kəsdilər.
Zərnişan xanım dedi:
– Həsən, işlər şuluxdu. Əlac Aşqardora qalıb. Ata bir qamçı çək.
Həsən Aşqardora elə bir qamçı çəkdi ki, at yay kimi dartılıb qala
qapısının üstündən aşırıldı. Qapı açılıb qoşun çıxanacan mehtərbaşı
Ərəbatın üzəngisini basdı. Həsən qırğı kimi Ərəbatın yəhərinin qaşında
oturdu. Qoşun Həsənlə Zərnişan xanımın dalınca at saldı. Həsən dedi:
– Zərnişan xanım, deyəsən qoşun bizdən əl çəkməyəcək. Bir də
ki, Çənlibeldə dəlilər elə bilər ki, mən oğurluq edib səni qaçırmışam.
Sən bir az gözlə, mən qoşunla haqq-hesabı çürüdüm.
Zərnişan xanım dedi:
– Sən Qara paşanı tanımırsan. Onun qoşununun sayı, hesabı yoxdu.
Sən tək, onlar çox. Sür, yolçu yolunda gərək.
Həsən dedi:
– Yox, Zərnişan xanım! Bəs eşitməmisən:
Arif olan söz qana,
Söz anlaya, söz qana,
Yüz min tülkü yığılsa,
Neyləyər bir aslana?
Bu sözləri deyəndən sonra Həsən Ərəbatın başını qanırdı. Özünü
qoşuna vurdu. Sağdan vurub soldan, soldan vurub sağdan çıxdı. Qoşunu
qatdam-qatdam etdi. İşi belə görən Qara paşa meydana at sürdü.
Aldı Qara paşa:
Sənə deyim, əcəm oğlu,
Oğlan, qaytar Aşqardoru.
Qoşun verər sənə yolu,
Oğlan qaytar Aşqardoru.
Aldı Həsən:
Sənə deyim, Qara paşa,
Paşa, verməm Aşqardoru.
Qoşun versə mənə yolu,
Paşa, verməm Aşqardoru.
Aldı Qara paşa:
İgid tutmaz uşaq işin,
Tutub kəsdirərəm başın,
Qurd-quşa yem olar leşin,
Oğlan, qaytar Aşqardoru.
Aldı Həsən:
Aşqardoru gətirmişəm,
Mən mətləbi bitirmişəm.
Zərnişanı götürmüşəm,
Paşa, verməm Aşqardoru.
Qara paşa gördü ki, bu pəhləvanı sözlə başa salmaq çətindi. Fikirləşdi
ki, gəl yenilməz pəhləvan Poladı isnad ver. Bəlkə qorxub Aşqardoru,
Zərnişan xanımı qaytara.
Aldı Qara paşa:
Əmr versəm Polad gələr,
Anan, bacın ağlar qalar,
Qara paşa bağrın dələr,
Oğlan, qaytar Aşqardoru.
Aldı Həsən:
Hər hadyana baxmaz Həsən,
Poladsan, paşasan, nəsən?
Min iyidə tək mən bəsəm,
Paşa verməm Aşqardoru.
Söz tamama yetdi. Meydan yenidən qızışdı. Bir tərəfdən Həsənlə
Ərəbat, o biri tərəfdən də Zərnişan xanım yenidən özlərini qoşuna
təpdilər. Qara paşa gördü ki, qoşunun başı bostan kəliyi kimi yerlə
yeksan olur.
Paşa əmr verdi ox atanlara:
– Necə olursa-olsun, əcəm oğlunu yaralı tutmalı, Zərnişanla Aşqardoru
oxdan gözləməli.
İşi belə görəndə Həsən dedi:
– Zərnişan xanım, ox atanlar namərd olar. Kişilik qeyrəti çatıb
əlbəyaxa döyüşə girməzlər. Dəmirçioğlu deyərdi ki, belə hallarda ox
məsafəsindən uzaqlaşmalı, düşməni çəkiyə çəkməli. Mən qoşunun
sağ cinahını yaracağam. Orada cinahı saxlayan sənin qardaşlarındı.
Allah ya onlara verər, ya da mənə. Aşqardoru Ərəbatın dalınca sür.
Həsən qoşunun sağ cinahını yarıb Zərnişanın altı qardaşını qanına
qəltan elədi. Qoşunun qomarğasından yenicə çıxmışdılar ki, haçabaş
ox Həsənin kürəyindən dəyib döşünün altından çıxdı. Zərnişan Aşqardoru
Ərəbata yanladı, Aşqardora acı bir qamçı çəkdi. Atlar bir göz qırpımında
yel kimi uçdular. Zərnişangil sıldırımlı bir dağ ətəyinə gəlib
çıxdılar. Zərnişan ətrafı axtardı. Böyük bir kaha tapdı. Atları kahaya
sürdü. Həsəni uvuqla atdan endirdi. Haçabaş oxun uc hissəsini qılıncla
kəsib, sümbəsini kürəyindən dartıb çıxartdı. Həsən od tutub yanırdı.
Qan çox itirmişdi. Zərnişan yasəmən saçını yaranın üstünə basıb
Həsənin başını dizinin üstünə qoydu. Həsənin bu halına dözməyən
Zərnişan yanıqlı bir bayatı çəkdi:
Əziziyəm yar qana,
Yar oxuya, yar qana.
Yaralı bir tərlanam,
Sığınmışam yarğana.
Zərnişan xanımın ürəyi soyumaqdansa, bir az da kükrədi. Aldı görək
nə dedi:
Qadir mövlam, səndən kömək dilərəm,
Həsən yaralıdı, dərman istərəm.
Neştər alıb bağrım başın didərəm,
Həsən yaralıdı, dərman istərəm.
Hər müşkül işləri bitirən sənsən,
Dinsizi imana gətirən sənsən,
Həzrəti həsrətə yetirən sənsən,
Həsən yaraılıdı, dərman istərəm.
Qara paşa susayıbdı qanına,
Ox dəyibdi, od düşübdü canına,
Necə gedim Koroğlunun yanına,
Zərnişanam, xuda, dərman istərəm.
Zərnişan dayəsindən eşitmişdi ki, dağlarda bitən kəklik otu ilə
sarıçiçəyi əzib, ərgən qız döşündəki maya ilə qarışdırıb ox, nizə, qılınc
yarası üstə qoysan, yara tez sağalar. Tez durub ətrafdan bir qalaq kəklik
otu, sarıçiçək topladı. Onları daş üzərində əzdi. Üzünü yana çevirib
turunc məmələrini büllur köynəyindən çıxartdı. Bir sıxdı heç nə gəlmədi,
iki sıxdı döşü ağrıdı, üç sıxdı döşündən qan irin kimi maya çıxdı.
Onu əzdiyi otla qarışdırıb Həsənin yarası üstünə məlhəm qoydu. Həsən
üç gün, üç gecə yuxuya getdi. Zərnişan xanım baxdı ki, budu göy
üzündə bir dəstə durna qatarı havalanıb gedir. Bir qərib-qərib ötən
durnalara, bir də başını dizi üstünə qoyduğu yaralı Həsənə baxdı. Ürəyi
qubar eylədi. Götürdü öz halını duranlardan Çənlibelə belə ismarladı:
Qatar-qatar uçan durna,
Uçuşuna qurban olum.
Cıqqaların burma-burma,
Cıqqanıza qurban olum.
Namərd mətləbə yetməsin,
Yağı sizi incitməsin,
Avazın qəmgin etməsin,
Avazına qurban olum.
Zərnişan da yarın öyər,
Bağrının başını oyar,
Çənlibelə salam deyər,
Salamına qurban olum.
Söz tamam oldu. Qəhr Zərnişanı boğdu. Ala gözlər bahar buludu
kimi sifqarıdı.
Zərnişanla Həsən kahada qalsın. İndi sizə haradan, kimdən xəbər
verim, Koroğludan. Koroğlu yatmışdı. Yuxuda gördü ki, Çınqıllı dağdadı.
Qançır olub, ağzından laxta-laxta qan gedir. Hövlənək yuxudan
oyandı. Elə bir dəli nərə çəkdi ki, elə bil göy gurulladı, ildırım çaxdı.
Bir göz qırpımında dəlilər yaraqlı-yasaqlı Koroğunun əmrinə
müntəzir dayandılar. Koroğlu sazı sinəsinə basıb dedi:
Nərə çəkdim dəlilərim oyansın,
Yaralıdı, bir Həsənim dardadı.
Qoç dəlilər yan-yörəmdə dayansın,
Yaralıdı, bir Həsənim dardadı.
Sökülsün Ağ şəhərin qalası, bürcü,
Məhv olsun, talansın paşanın tacı,
Qoymayaq paşada gərək bu borcu,
Yaralıdı, bir Həsənim dardadı.
Koroğluyam, mən bilirdim işimi,
Yaxşı yatdım, yaman gördüm duşumu,
Gərək gətirəsiz düşmən başını,
Yaralıdı, bir Həsənim dardadı.
Söz tamama yetdi. Yeddi min, yeddi yüz yetmiş yeddi dəli ata
süvar oldu. Koroğlu dedi:
– Eyvaz xan, Bəlli Əhməd, İsabalı, Halaypozan, Tüpdağıdan, Qorxuqanmaz,
Kosa Səfər! Qoşunu çəkin Ağ şəhərə. Qara paşanın yurdunda
bostan əkin. Var-dövlətinin üçdə birini şəhərin əlsiz-ayaqsızlarına
paylayın. Qalanı qənimətimizdi.
Söz Koroğlunun ağzından qurtarar-qurtarmaz dəlilər boğanaq olub
Ağ şəhərə tərəf üz qoydular.
Dəmirçioğlu, Dəli Həsən, Dəli Mehtər, Aşıq Cünun dəmir gəmirirdi.
Koroğlu baxdı ki, iş belə getsə Çənlibeldə heç kəs qalmaz. Dedi:
– Dəmirçioğlu, bu dəfə Çənlibeli Aşıq Cünunla sənə tapşırıram.
Dəli Həsən, Dəli Mehtər mənimlə gedəcəklər.
Koroğlu Çınqıllı dağ deyib Qıratın cilovunu boşaltdı. Qırat yel kimi
götürüldü. Günə bir mənzil, tey mənzil Çınqıllı dağa yetişdi. Qırat
Ərəbatın hənirtisini duydu. Ayağını yerə döyüb kişnədi. Koroğlu dedi:
– Axtarın ətrafı. Qırat boş-boşuna kişnəməz. Dəlilər Çınqıllı dağı
ələk-vələk elədilər. Bir də baxdılar ki, budu sərp qayalıqda Ərəbat,
yanında da bir at var ki, göz istəyir tamaşa eləsin. Koroğlu dəlilərlə
kahaya endilər. Baxdılar ki, bir qız Həsənin başını alıb dizi üstə,
yarasına məlhəm qoyur.
Həsən gördü ki, Koroğludu, yanında da dəlilər, dedi:
– Keç yan tərəfə, babam gəldi.
Zərnişan xanım elə bildi ki, Həsən deyir baban gəldi. Rübəndini
üzünə salıb tez Aşqardorun yəhərinə əyləşdi. Gözləri qan çanağı kimi
doldu. Siyirtmə qılınc qoşuna tərəf at sürdü, dedi:
Ağ saqqallı atam mənim,
Öldürəcəm baba, səni.
Qoymursan murada çatam,
Öldürəcəm, baba, səni.
Həsən baxdı ki, Zərnişan Koroğlu ilə cəngə girir. Yaralı-yaralı bir
təhər dirsəklənib, Bulğurlu sazı dilə gətirdi, dedi:
Sənə deyim mehribanım,
Qız ayıbdı, babam gəlir.
Sənə qurban mənim canım,
Qız, ayıbdı, babam gəlir.
Aldı Zərnişan xanım:
Məni saldın yaman oda,
Altı qardaş verdim bada,
Yaralıdı yar kahada,
Öldürəcəm, baba, səni.
Aldı Həsən:
Fələk mənə qara yazdı,
Xoş günümü necə pozdu,
Oxuduğun nə avazdı,
Qız, ayıbdı, babam gəlir.
Aldı Zərnişan xanım:
Zərnişanam, ollam dəli,
Ölləm, qoymaram irəli,
Daha sənə deməm bəli,
Öldürəcəm, baba, səni.
Zərnişan qızmış aslana dönmüşdü, dəlilər isə artıq kahanı haqlamaqda
idilər. Həsən baxdı ki, işlər şuluxdu. Zərnişan ölüb, öldürməkdən
danışır. Bir təhər ayağa qalxıb elə bir dəli nərə çəkdi ki, Çınqıllı
dağ lərzəyə gəldi.
Aldı Həsən:
Həsən bəydi, Qurdoğludu,
İgidlikdə mərd oğludu,
Bu gələn qoç Koroğludu,
Qız, ayıbdı, babam, gəlir.
Söz tamama yetişdi. Zərnişan xanım anladı ki, gələn onun babası
deyil, Həsənin babası Koroğludu. Həya edib Aşqardordan düşdü, bir
tərəfə çəkildi, üz bürüdü.
Koroğlu üzünü Dəli Həsənə tutub dedi:
– Ayə, Dəli Həsən, bu qız nə deyir? Mənim ki, qız evladım yoxdu.
Bu nə baba, baba salıb?
Həsən irəli yeridi. Qoç Koroğlu və dəlilərlə görüşüb öpüşdü, dedi:
– Ateyi mehriban! Zərnişan xanım səni anışıra bilməmişdi. Elə
bilib ki, gələn babası Qara paşadı.
Koroğlu Zərnişan xanımın alnından öpdü. Sonra da dəlilər ilə üz
qoydular Çənlibelə tərəf. Yağı qoruğuna yenicə çatmışdılar ki, baxdılar
budu, o biri tərəfdən də Eyvaz xan böyük bir karvanla Yağı
qoruğuna yaxınlaşır.
Qoşun Çənlibelə çatanda gördülər ki, Dəmirçioğlu bir məclis düzəldib,
bir məclis düzəldib, ruzigarın gözü hələ belə bir məclis görməyib.
Yeddi min yeddi yüz yetmiş yeddi dəli xanımlarla məclisdə
əyləşdilər. Koroğlu ayağa durub dedi:
– Çənlibel gəlini Zərnişan xanımın gəlişi münasibəti ilə qırx gün,
qırx gecə toy vurulsun. Gəlinin ayağına yeddi min yeddi yüz yetmiş
yeddi öyəc qurban kəsilsin. Yeddi il əksi saxlanan otaq isə təzə bəylə
gəlinə layiq bəzədilsin.
Ustadların söyləməsinə görə Aşıq Cünun bu toyu elə keçirib ki,
göz istəyirmiş tamaşa etsin.

davamı
XS
SM
MD
LG