Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:57

Koroğlu dastanı ("Koroğlunun Ərzurum səfəri" qolu) - 7


əvvəli

Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi.

Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi:

– Ay aşıq, sən söylədin ki, Çənlibellisən. Yəqin ki, başında yeddi min yeddi yüz yetmiş yeddi dəlisi olan Koroğlunu görübsən, tanıyırsan. Bir ondan oxu görək.

Aşıq Cünun Cəfər paşanın cavabında sazı sinəsinə basıb, aldı görək nə dedi:

Qıratın üstündə, ərlər yanında,
Dağları, daşları, gəzər Koroğlu.
Hərdən acıqlanıb, nərə çəkəndə
Yağılar bağrını əzər Koroğlu.
Meydana girəndə hünər eyləyər,
Leş qalar bir yanda, kəllə söyləyər,
Yüz sar gəlsə, bir tərlana neyləyər
Laçın tək havada süzər Koroğlu.
Mərd meydandan qaçmayıbdı yaşında,
Dəlilərin cəm görmüşəm başında,
Düşməni sındırar tər savaşında,
Cünun deyər şirə bənzər Koroğlu.

Aşıq Cünunun qoç Koroğlunu tərifləməsi, onun iyidliyindən, mərdliyindən
oxuması Cəfər paşaya xoş gəlmədi. Ancaq o, məclisdəki
qonaqlardan keçib aşıq Cünuna bir söz demədi. Aşıq Cünun Cəfər
paşanın məclisində oxumaqda olsun, sizə Telli xanımdan danışım.
Cəfər paşanın Telli xanım adlı gözəl bir qızı var idi. O, atasının
məclisində aşıq oxuduğunu bilən kimi Cəfər paşanın yanına adam
göndərib aşıq Cünunun gəlib onun məclisində də oxumasına izn istədi.
Cəfər paşa izn verdi. Aşıq Cünun qalxıb Telli xanımın məclisinə gəldi.
Telli xanımın yanında qırx incəbel qız əyləşmişdi. Telli xanım aşıq
Cünunu görüb dedi:
– Ay aşıq, haralısan? Adın nədi?
Aşıq Cünun dedi:
– Ay xanım, Çənlibelliyəm. Adım aşıq Cünundu.
Telli xanım Çənlibelin adını eşitmişdi. Koroğlunun, onun Qıratının
tərifi qulağına çatmışdı. Ona görə də Cünuna üz tutub:
– Ay aşıq Cünun, Çənlibel nə cür yerdi ki, onun atı dəli, iyidi
dəlidi! Aşığı da dəlidi?
Aşıq Cünun dedi:
– Ay xanım, elə mənim ata-anam qoyduğu ad Cünundu.
Telli xanım dedi:
– Çənlibeldə qoç Koroğlunu tanıyırsanmı?
Aşıq Cünun dedi:
– Çox yaxşı tanıyıram.
Telli xanım dedi:
– Elə isə Koroğludan bir az oxu, qulaq asaq.
Aşıq Cünun dedi:
– Ay Telli xanım, sinəmə üç xana söz gəlib, izin ver əzəl onu söyləyim,
sonra da iyidlikdə mərd, dava günü comərd dəlilərin başı, qəhrəmanlar
qardaşı Koroğludan oxuyum.
Telli xanım dedi:
– Aşıq, izindi, oxu.
Telli xanımın cavabında aldı aşıq Cünun görək nə dedi:
Bu günkü məclisdə bir gözəl gördüm,
Gözəllər səfində sana yaraşır.
Geyinib sallanan gözəllər çoxdu,
Tərlan kimi süzmək ona yaraşır.
Tutini bənd eylər şirin dilləri,
Şümşad barmaqları, nazik əlləri,
Güləbatın kimi qara telləri,
Töküləndə dal gərdənə yaraşır.
Qənim üstə nərə çəkib hovlamaq,
Ərəbat döşünə qatıb qovlamaq,
Sənin kimi bir ceyranı ovlamaq
Cünun deyər, qoç oğlana yaraşır.
Telli xanım aşıq Cünunun “Səni ovlamaq da bir qoç oğlana yaraşır”
deməklə Koroğluya işarə etdiyini bilib, dedi:
– Ay aşıq Cünun, o oğlan kimdi ki, gəlib məni ovlasın?
Telli xanımın cavabında aldı aşıq Cünun görək nə dedi:
Əyləşibdi Çənlibelin elində,
Deyil işlərində naşı Koroğlu.
Misri qılınc həmayıldı belində
Geyər hər vaxt al-qumaşı Koroğlu.
Bir hay desə, ağır tüplər basılar,
Qançırğadan qanlı başlar asılar,
Nər iyidə yetmiş quzu kəsilər,
Verər aşı, ağ lavaşı Koroğlu.
Bir cidası vardı, başı qoşa pər,
Meydana girəndə əsrəmiş bir nər,
Paşalar titrəyər, şahlar tük tökər,
Yetmiş yeddi dəli başı Koroğlu.
Aşıq Cünun bu məclisdə qalmasa,
Şirin canın eşq oduna salmasa,
Telli xanım kimi gözəl almasa,
Çəkər, yıxar dağı-daşı Koroğlu.
Telli xanım aşıq Cünundan Koroğlunun tərifini eşitdi, əzəl ona xələt
verdi, sonra əlinə qələm alıb Koroğluya belə bir namə yazdı: “Koroğlu,
sənin iyidlik tərifini eşitdim. Gəlib məni aparsan bu hünər sənə halal
olsun, apara bilməsən kişiliyi yerə qoy, başına yaylıq ört”.
Aşıq Cünun naməni götürüb Çənlibelə yol aldı. O zaman Çənlibelə
çatdı ki, Koroğlu kef məclisi qurmuşdu. Aşıq Cünun Telli xanımın
naməsini Koroğluya verdi. Əhvalatı dil cavabı nağıl elədi.
Dəlilərin hamısı kef məclisində, Koroğlunun yanında idilər. Koroğlu
dəliləri başsız qoyub Ərzuruma Telli xanımı gətirməyə gedə bilmədi.
Keyf üstü idi. Bir badə şərab doldurub əlinə aldı. Üzünü dəlilərə tutub
dedi:
– Kim Koroğlunun xatirini istəyir, alsın bu şərabı içsin, getsin Ərzurumdan
Cəfər paşanın qızı Telli xanımı gətirsin.
Dəlilərdən səs çıxmadı. Koroğlu əlində şərab üçüncü dəfə təklif
eləyəndə Dəmirçioğlu irəli yeridi, Koroğlunun əlindən şərabı alıb içdi.
Aldı Dəmirçioğlu:
Götürüb belimə qılınc bağlayıb,
İzn versən Ərzuruma gedərəm,
Yağı düşmən qəzəbindən qorxmaram,
İzn versən, Ərzuruma gedərəm.
Axtararam düşmanları seçərəm,
Başlarını yarpız kimi biçərəm,
Mərd yolunda başdan, candan keçərəm,
İzn versən, Ərzuruma gedərəm.
Dəmirçioğlu, axıtsalar qanımı,
Qoç iyidə qurban dedim canımı,
Alıb gətirərəm Telli xanımı
İzn versən, Ərzuruma gedərəm.
Dəmirçioğlu sözünü sazınan dediyi kimi dilinən də dedi: Dəmirçioğlu
nə qədər ki, Koroğlunun yanında idi, hələ bir dəfə də olsun
uzaq səfərə çıxmamışdı. Bərkə-boşa düşməmişdi. Dəlilər dedilər:
– Ay Koroğlu, Dəmirçioğlu dava görməyib, bərkə-boşa düşməyib,
xamdı. Onu uzaq səfərə, Telli xanımı gətirməyə göndərirsən?
Koroğlu başındakı dəlilərə Dəmirçioğlunun hünərli, güclü bir iyid
olduğunu bildirmək istədi. Koroğlu bir alma götürdü. Almanın üst tərəfinə
bir üzük taxdı. Dəmirçioğlunun papağını götürdü, almanı onun
başına qoydu. Almanı Dəmirçioğlunun başına elə qoymuşdu ki, orda
üzüyün halqası görünürdü.
Koroğlu Qıratı yəhərləyib mindi, əlinə yay-ox aldı. Qıratı qızılquş
kimi cövlana gətirdi. Yay-oxu çilləyə mindirdi. Bir-birinin dalınca
qırx ox atdı. Yaydan çıxan oxların hamısı üzüyün halqasından keçdi.
Heç biri xata eləmədi. Yayınmadı. Koroğlu oxları atanda Dəmirçioğlu
nə yerindən qımıldanmadı, nə rəngi qaçdı, nə gözləri qırpındı. Canından
qorxmayan qoç iyit kimi yerində mərdanə durdu. Bir yana tərpənmədi.
Koroğlu bundan çox şad oldu. Könlü havalandı, ürəyi coşdu, aldı
görək nə dedi:
Dəlilər içində bəlli iyidsən,
Gördüm sınayanda mərdanə səni.
Şəst ilə dayandın meydan içində,
Bənzətdim alıcı tərlana səni.
Çənlibel dediyin dağlar damanı,
Müxənnəslər gəlsə çəkər amanı
Başında nişanə aldım almanı,
Qorxutmadı hədəf, nişana səni.
Qırpınmadı gözün, qaçmadı rəngin,
Aləmə yayılar savaşın, cəngin,
Allam xəracını Hindin, Firəngin,
Göndərrəm İrana, Turana səni.
Çənlibel başında məclis qurulsun,
Xanların, bəylərin boynu vurulsun.
Gəl əyləş mey içək, keflər durulsun,
Koroğlu çağırır dövrana səni.
Koroğlu söznən dediyi kimi dilnən də dedi:
– Məni istəyən Dəmirçioğluna xələt versin.
Dəlilər, xanımlar Dəmirçioğluna xələt verdilər. Dəmirçioğlu Koroğlunun
sınağından yaxşı çıxdığından dəlilər onun mərdliyinə, iyidliyinə
heyran oldular.
Koroğlu dedi:
– Oğul, izindir, get yaraqlan.
Dəmirçioğlu yeddi qılınc, yeddi qalxan, yeddi cida, yeddi gürz,
yeddi toppuz götürdü. Koroğlunun yanına qayıtdı. Koroğlu gördü Dəmirçioğlu
o qədər yarağ götürübdü ki, altında tərpənə bilmir. Aldı görək
nə dedi:
Dəmirçioğlu Ərzuruma varanda,
Ərzurum dediyin gölə nisbətdi.
Çox yaraq götürmək başa bəladı.
Qılınc həmayıldı, belə nisbətdi.
Söyləyim sözlərim, eylə diləzbər,
Şirin nəsihətim qıl sinədəftər.
İyidə lazımdı, gürz, qalxan, şeşpər,
Cida bir buynuzlu kələ nisbətdi.
Koroğlu tək düşmənləri səsləmək,
Hay deyəndə yağı üstə qəsd demək.
Arpa verib candan betər bəsləmək,
Ərəbat dediyin yelə nisbətdi.
Dəmirçioğlu elə bilirdi ki, iyidin yarağı nə qədər çox olsa, bir o
qədər yaxşıdı. Koroğlunun bu sözündən sonra Dəmirçioğlu yaraqların
hərəsindən birini götürdü. Koroğlu ona bu dəfə dedi:
– Oğlum, atların hansını minmək istəyirsən, get min.
Dəmirçioğlu getdi tövlədən Ərəbatı çəkdi, yəhərlədi mindi, Koroğlunun
qabağına çıxanda Ərəbata bir qamçı vurdu. Koroğlu Dəmirçioğlunun
atı vurmağın görəndə götürdü görək nə dedi:
Səhərdən meydan başına
Ərəbat çarxaçı gərək.
Ərəbatın nədir suçu?
Bir iyid minici gərək.
İyidin iyid dəstinə,
Girəndə abdal postuna,
Yoldaş yoldaşın üstünə
Dar gündə dönücü gərək.
Koroğluyam, sözüm oxdu,
Paşalardan qorxum yoxdu,
Bu dünyada iyid çoxdu,
İyiddə nər gücü gərək.
Dəmirçioğlu Koroğlu ilə, dəlilər ilə salamatlaşıb yola düşdü. Bir az
getmişdi birdən atının başını çəkdi, geri qayıtdı. Koroğlu gördü Dəmirçioğlu
gəlir. O belə fikir elədi ki, Dəmirçioğlu qorxub qayıdıb. Dedi:
– Oğul, niyə qayıtdın?
Dəmirçioğlu dedi:
– Ərzurum böyük şəhərdi. Bəlkə getdim Telli xanımı tapa bilmədim,
gücüm çatıb gətirə bilmədim, bu haqda mənə tapşırığın nədi?
Dəmirçioğlunun cavabında aldı Koroğlu, görək nə dedi:
Ərzurumun bazarına varanda,
Məqamda düşmanı atmağın gərək.
Gördün ki, mətləbin başa varmadı
Ərəbat yalına yatmağın gərək.
İyid gərək meydan aça, düz dura,
Düşmən qabağında bığını bura,
Ayaqların üzəngiyə bərk vura,
Şeşpəri-şeşpərə çatmağın gərək.
İyid olan neylər əllini, yüzü?
Namərdin davada dörd olar gözü.
Budu Koroğlunun, oğul, bir sözü
O Telli xanımı tapmağın gərək.
Dəmirçioğlu Koroğludan ayrılıb Ərəbatı sürüb Ərzuruma tərəf yol
başladı. Hər yerdən keçib gəldi Ərzurumun dağlarına çatdı. Özü yorğun,
atı da ac idi. Düşdü atı ota buraxdı, özü də bir bulağın başında dirsəkləndi.
Bu dirsəklənməkdə Dəmirçioğlunu yuxu apardı. Bir də qalxanda
gördü ki, hər yanı duman bürüyüb, Ərəbatı da yoxdu. Götürdü görək
nə dedi:
Ərəbat getdi əlimnən,
Ərəbatı mən istərəm!
Ayrı düşmüşəm elimnən
Ərəbatı mən istərəm!
Bənnasız hörgü hörülməz,
Təbibsiz xəstə dirilməz,
Baxıram heç yan görünməz
Ərəbatı mən istərəm!
Dəmirçioğlunun bu vaxtı,
İyidəm istərəm baxtı,
Ətrafımda düşman çoxdu,
Ərəbatı mən istərəm!
Dəmirçioğlu gəzdi, Ərəbatı dümandan, çisgindən tapa bilmədi. Aldı
yenə görək nə dedi:
Dünyada heç iyid yoxsul olmasın,
Yoxsulluq iyidə yaman ad olu.
Hər kəsin ki, varı-dövləti olsa,
Ləzzət çəkər, dahanında dad olu.
Varlı, kasıb bu dünyadan keçərlər,
Yaxşını, yamanı arar, seçərlər,
Varın olsa gəlib yeyər, içərlər,
Yoxsul olsan qohum, qardaş yad olu.
Dəmirçioğlu ha oxuyar arada,
Artdı dərdim oldu həddən ziyada,
Yaxşı at minənlər qalsa piyada –
Daş düşər başına, ömrü bad olu.
Dəmirçioğlu Ərzurum dağlarında Ərəbatı axtaran zaman bir naxırçıya
rast gəldi. Götürdü, görək, naxırçıdan Ərəbatı necə xəbər aldı:
Başına döndüyüm naxırçı qardaş,
Mənim Ərəbatım gördünmü ola?
Mərd iyidin atı candan əzizdi,
Mənim Ərəbatım gördünmü ola?
Naxırçı:
Başına döndüyüm mərd, iyid oğlan,
Sənin Ərəbatın mən dağda gördüm.
Qoç iyidlər qalmasınlar piyada,
Sənin Ərəbatın mən dağda gördüm.
Dəmirçioğlu:
Dumandı, çisgindi günün qarası,
Gözümə görünmür dağlar arası,
İyidin atıdı, ciyərparası,
Mənim Ərəbatım gördünmü ola?
Naxırçı:
Adın nədi sənin, hardan gəlirsən?
Comərdlərin könül pasın silirsən,
Cəzib Ərəbatı tapa bilirsən,
Sənin Ərəbatın mən dağda gördüm.
Dəmirçioğlu:
Dəmirçioğlu dolanıbdı elləri,
Məskən eləyibdi çənlibelləri,
Arada işləyər düşman felləri,
Mənim Ərəbatım gördünmü ola?
Naxırçı:
Mərd igid, könlünə gəlməsin güman,
Düşmanlar əlindən çəkərlər aman,
Ayazıyar ətraf, çəkilər duman,
Sənin Ərəbatın mən dağda gördüm.
Naxırçı Ərəbatı Dəmirçioğluna nişan verdi, getdi. Bir az keçdi, yel
qalxdı, dağlar başından duman çəkildi. Ətraf ayazıdı, hər yan göründü.
Dəmirçioğlu Ərəbatı tapıb mindi, az getdi, çox getdi, axşam çağı
özünü Ərzuruma yetirdi, bir qoca qarıya rast oldu. Dedi:
– Ay qarı nənə, qəribəm, məni bir gecəliyə qəbul eləyərsənmi?
Qarı dedi:
– Bizlər qonağı çox sevərik, niyə eləmirəm.
Dəmirçioğlu düşdü, atı töyləyə çəkdi. Özü də qarının evinə gəldi.
Qarı nənə Dəmirçioğluna çörək gətirdi. Yeməkdən sonra qarı dedi:
– Oğul, buraya niyə gəlibsən?
Dəmirçioğlu dedi:
– Ay nənə, Cəfər paşanın qızı Telli xanımı aparmağa gəlmişəm.
Söylə onu necə görə billəm?
Qarı dedi:
– Ay oğul, o qız çox aşıqpərəst qızdı. İmarətinin qabağı da pəhlivan
meydanıdı. Sabah bir saz götür, o meydana çıx, çal oxu, onda Telli
xanım küləfirəngiyə çıxar, görərsən.
Dəmirçioğlu gecə qarının evində yatdı. Sabah açıldı. Atını qarının
töyləsində qoydu. Özü aşıq paltarı geydi, altından yaraq bağlayıb çiyninə
üstdən bir saz keçirib özünü pəhlivan meydanına saldı. Pəhlivan
meydanında Cəfər paşa başının adamları ilə əyləşmişdi.
Cəfər paşanın bir Qara pəhlivanı var idi. Paşanın yanında qalırdı.
Güclü, heyvərə bir pəhlivan idi. Qara pəhlivan Dəmirçioğlunu güləşən
pəhlivan bildi. Elə düşündü ki, başqa torpaqdan onunla güləşməyə
gəlib. Ortaya çıxdı. Dəmirçioğlunu meydanına çağırdı. Dəmirçioğlu
Qara pəhlivanın meydanına girdi. Aldı görək nə dedi:
Nərə çəkib mən meydana girəndə,
Varmı meydanıma gələ pəhlivan?
Tutub kəmərindən çalanda yerə,
Mənim zərbi-dəstim bilə pəhlivan?
Mənəm şiri-nər tək meydanda gəzən,
Xışm ilə düşmanın bağrını əzən,
Tülək tərlan kimi havada süzən,
Sonra yaxan keçər ələ, pəhlivan!..
Dəmirçioğluyam yarağa dolaram,
Ac qurd kimi düşmən üstə ularam,
Qılınc çəksəm, leş-leş üstə qalaram,
Döndərrəm al qanı selə, pəhlivan!
Qara pəhlivan Dəmirçioğlunun bu sözündən acıqlandı. Ona hücum
elədi. Dəmirçioğlu Qara pəhlivana aman vermədi. Götürüb yerə vurdu,
basıb bir qolunu da qırdı, dedi:
– Səni öldürməyirəm, buraxıram get. Cəfər paşaya söylə ki, pəhlivanını
yıxdığım üçün mənə bir kisə qızıl göndərsin. Qara pəhlivan
yerindən qalxdı. Cəfər paşanın yanına gəldi.
Cəfər paşa dedi:
– Qara pəhlivan, nə oldu? O sənə nə elədi ki, belə bikefsən?
Qara pəhlivan qırılmış qolunu Cəfər paşaya göstərib dedi:
– Bax belə elədi, basıb qolumu qırdı. Hələ öldürürdü, əlindən bir
təhər qurtardım. Məni yıxdığı üçün üstəlik bir kisə qızıl da istəyir.
O vaxtın adətinə görə bir pəhlivan bir pəhlivanı yıxanda oranın
böyüyündən xərac alardı. Cəfər paşa mətləbi anladı, başındakı adamların
yanında biabır olmamaq üçün üzə vurmadı, dedi:
– Aparın ona bir kisə qızıl verin, özünü də mənim yanıma gətirin.
Paşanın adamları apardılar Dəmirçioğluna bir kisə qızıl verdilər.
Dəmirçioğlu qızılı götürüb Cəfər paşanın yanına gəldi.
Cəfər paşa onun çiynində olan sazı görüb dedi:
– Sənin aşıqlığın da varmış?! Gəl oxu, qulaq asaq. Kefimiz açılsın.
Aldı Dəmirçioğlu görək nə dedi:
Qalxıb Çənlibeldən düşmüşəm yola,
Ərzurumun bazarına gəlmişəm.
Əcəl köynəyini geyib əynimə,
Cəng-cidalın güzarına gəlmişəm.
Əyləşmişdim orda, söhbəti keçdi,
Qalxdı könül quşu, dolu mey içdi,
Telli xanım, namən gəldi yetişdi,
Bir gözəlin ilqarına gəlmişəm.
Dəmirçioğlu, yalan gəlməz dilimə,
Müxənnət yapışar çətin əlimə,
Misri qılınc bağlamışam belimə,
Tərlanların tavarına gəlmişəm.
Dəmirçioğlunun səsinə Telli xanım küləfirəngiyə çıxdı. Gördü bir
oğlan saz çalıb oxuyur. Telli xanım Koroğluya namə göndərmişdi.
Fikirləşdi ki, yəqin naməm çatıb. Koroğlu məni aparmağa gəlibdi.
Telli xanım qarabaşlarından birini yanına çağırıb dedi:
– Ay qız, get o aşığa deyinən sabah mən bağa gəzməyə çıxacağam,
mənim Gülşən bağıma gəlsin.
Telli xanımın tapşırığını alan Dəmirçioğlu mətləbi anladı. Qayıdıb
qarının evinə getdi. Elə ki, sabah açıldı Dəmirçioğlu qalxıb Ərəbatı
mindi, birbaş Telli xanımın Gülşən bağına sürdü. Baxdı ki, Telli xanım
qarabaşları ilə Gülşən bağındadı. Atı ona yaxınlaşdırdı, əlini atıb Telli
xanımı Ərəbatın tərkinə çəkdi. Bayax ha bağdan çıxdı. O tərəfdən
qarabaşlar özlərini Cəfər paşaya yetirdilər, dedilər o dünənki pəhlivan
aşıq qızın Telli xanımı qaçırtdı. Cəfər paşa hökm elədi qoşun atlanıb
Dəmirçioğlunun dalından düşdü. O tərəfdən Dəmirçioğlu Telli xanım
da tərkində Ərəbatı sürüb Ərzurum şəhərindən aralanmışdı. Baxdı
gördü dalınca qoşun gəlir, atın başını çəkdi, dayandı, başladı dincəlməyə.
Telli xanım nə qədər yalvardı ki, bu yerdə əylənmə, sür atını
gedək. İndi qoşun gəlib çatar, məni də səni də öldürürlər. Gördü yox,
Dəmirçioğlu getmək istəmir. Axırda götürdü görək nə dedi:
Osmanlı qoşunu gəlir qurd kimi,
Var get, əcəm oğlu, qalma bu yerdə!
Başın gedər, gövdən qalar yurd kimi,
Var get, əcəm oğlu, qalma bu yerdə.
Dəmsirçioğlu ona cavabında dedi:
Osmanlı qoşunu gəlsə qurd kimi,
Ölər əcəm oğlu, qaçmaz bu yerdən!
Başım getsə, gövdəm qalsa yurd kimi
Ölər əcəm oğlu, getməz bu yerdən!
Telli xanım:
Qoşun gəlib, indi səni tutarlar,
Qollarını dal gərdəndə çatarlar,
Qul deyibən Həbəşidə satarlar,
Qaç get, əcəm oğlu, qalma bu yerdə.
Dəmirçioğlu:
Qoşun da gəlibən məni tutsalar,
Qollarımı dal gərdəndə çatsalar,
Qul deyibən Həbəşidə satsalar,
Ölər əcəm oğlu, qaçmaz bu yerdən.
Telli xanım:
Telli xanım ərzin sənə eyləsin,
Dili tutmur beş kəlməni söyləsin.
Bircə iyid min qoşuna neyləsin?
Qaç get, əcəm oğlu, qalma bu yerdə.
Dəmirçioğlu:
Dəmirçioğlu dərdin kimə söyləsin?
Şirin canın sənə qurban eyləsin.
Yüz min tülkü bir aslana neyləsin?
Ölər əcəm oğlu, qaçmaz bu yerdən.
Söz tamam oldu. Dəmirçioğlu söznən dediyi kimi dilinən də dedi:
– Telli xanım, mən səni belə dalaşsız-davasız Çənlibelə aparsam
Koroğlu deyəcək oğurlayıb gətiribsən, bu – iyidlikdən deyil, gərək
qayıdam qoşunla dava eləyəm, səni elə aparam.
Bu tərəfdən qoşun gəlib yetişdi. Dəmirçioğlu baxdı ki, yolun qırağında
bir qalaça var. Telli xanımı gətirib haman qalaçada qoydu, qalaçanın
ağzını da bir daş ilə möhkəmlədib özü qılıncı çəkdi qoşuna
cumdu. Deyirlər ki, Dəmirçioğlu Cəfər paşanın qoşunu ilə düz üç gün,
üç gecə vuruşdu. Çox adam öldürdü. Qoşunu əldən-ayaqdan saldı. Cəfər
paşa özü də qoşunun içində idi. Gördü ki, bu yolla onu öldürə bilməyəcəkdi.
Əmr elədi kəmənd atanlar gəldilər. Hər tərəfdən kəmənd
atıb axır ki, Dəmirçioğlunu tutdular. Telli xanımı da qalaçadan çıxardıb
şəhərə gətirdilər.
Cəfər paşa eləydi ki, acığından qudurmuş itə dönüb zəncir gəmirirdi.
Əmr eləyib Dəmirçioğlunu Pəhlivan meydanında zəncirlətmişdi.
Gündə bir cəllad bıçağı enində ayaq tərəfindən soydurub yerinə saman
təpdirirdi.
Dəmirçioğlu burda qalsın, gəlin sizə Çənlibeldə Koroğludan xəbər
verim. Koroğlu bir gecə yatmışdı, yuxusunda gördü ki, bir dişi laxlayıb,
ağzı qan ilə doldu. Səksənib yuxudan ayıldı. Elə bir dəli nərə
çəkdi ki, bütün dəlilər yuxudan qalxdılar. Koroğlu dəliləri yanına
çağırdı, görək onlara nə dedi:
At belinə, dəlilərim,
Sizə qurban can, yerisin!..
Tutulubdu Dəmirçioğlu,
İyid, pəhlivan yerisin!..
Yağılar çəksin amanı,
Gözüm görməsin yamanı,
Leş-leşə verək düşmanı,
Axsın, qızıl qan yerisin!..
Qoç Koroğlu gələr coşa,
Polad qalxan tutar başa,
İyidlər dursun savaşa,
Qıraq sultan, xan yerisin!..
Dəlilər işi belə görəndə yaraxlanıb atlandılar. Koroğlu özü də Misri
qılıncını belinə bağladı, qalxan asdı, nizə götürdü, sıçrayıb tərlan quş
kimi Qıratın belinə qondu. Çənlibeldən ildırım kimi endilər. Üz tutub
Ərzurum sənsən getdilər. Dağları, daşları üz elədilər, dərələri, təpələri
düz elədilər. Özlərini Ərzuruma yetirdilər.
Koroğlu yenə də düşmanı yoxlamaq üçün aşıq paltarını geyinib,
dəliləri Ərzurumun dağlarında qoyub özü tək şəhərə girdi. Gəzə-gəzə
gəlib çıxdı meydana. Gördü Cəfər paşa başının adamları ilə buradadı.
Cəfər paşa onu görcək yanına çağırtdırıb dedi:
– Aşıq, Koroğlunun bir dəlisini tutdurub dərisini soydururam.
Deyirlər o dəli çox iyiddi, bir ondan oxu qulaq asaq.
Koroğlu belə baxanda gördü ki, Pəhlivan meydanının bir tərəfində
Dəmirçioğlunu zəncirə bağlayıblar. Cəlladlar ayaq tərəfindən soyub
dərisinə saman təpirlər. Cəfər paşa onun yanına gedib soruşdu:
– Hə dəli, necəsən, inciyirsən? Qorxursanmı?
Dəmirçioğlu paşanın cavabında dedi:
– Qoç Koroğlunun dəlisi heç qəm çəkib qorxarmı?
Koroğlu Dəmirçioğlunun bu sözünü eşidib aldı görək nə dedi:
Dəmirçioğlu, dəlilərim
Qisasını alar indi.
Sultana, paşaya, xana
Misri qılınc çalar indi.
Olum mən sənin qurbanın,
Mərd iyidsən qıydın canın,
Comərd dəlilər düşmanın
Yanar oda qalar indi.
Uymaz yağılar felinə,
Gərək Koroğlu bilinə,
Qızıb Ərzurum elinə,
Bir vəlvələ salar indi.
Koroğlu gördü Dəmirçioğlunun yarasından qan axır, taqətdən düşüb.
Məlul-məlul baxır, aldı əl üstü görək nə dedi:
Məlul-məlul nə baxırsan,
Dəmirçioğlu, Dəmirçioğlu?!
Canım odlara yaxırsan,
Dəmirçioğlu, Dəmirçioğlu?!
Dost dostdan aralı gərək,
Qovğaya varalı gərək,
İyidlər yaralı gərək,
Dəmirçioğlu, Dəmirçioğlu!..
Qoç Koroğlu eylər savaş,
Kəsər, tökər çox qanlı baş,
Telli xanım sənə peşkaş,
Dəmirçioğlu, Dəmirçioğlu!..
Koroğlu üzünü Dəmirçioğluna tutub oxuyurdu. Cəfər paşa dedi:
– Aşıq, onun indi boynunu vurduracağam, onda baxarsan, oxu.
Deyirlər Koroğlu nərə çəkəndə nərəsindən dağ-daş titrəyir. Koroğlu
kimi nərə çəkə bilərsənmi?
Koroğlu dedi:
– Çox yaxşı nərə çəkə bilərəm.
Aldı görək nə dedi:
Qul deyərlər qulun boynun burarlar,
Qullar qabağında gedən tirəm mən.
Hesablıya dağ da olsam əyilləm,
Bədhesaba yaman kinligirəm mən.
Qırram qoşununu xaki-pay kimi,
Bir qılınc vuraram Əmiray kimi.
Mən coşmuşam boz bulanıq çay kimi,
İnanma ki, neçə ilə sönəm mən.
Koroğlu da yatıb-yatıb oyanmış,
Misri qılınc qızıl qana boyanmış,
Mən poladam, dəmirçidə dayanmış,
Şüşəyəmmi əl dəyəndə sınam mən?
Koroğlunun nərəsinə dəlilər dağlardan tökülüb hər yandan qoşunu
qırmağa başladılar. Koroğlu Cəfər paşanı yerə vurub sinəsinə çökdü.
Misri qılıncı çəkib başını kəsmək istəyəndə Telli xanım özünü atasının
üstünə saldı, başından yaylığını açıb Koroğlunun ayağının altına atıb
dedi:
– Koroğlu, iyid basdığın kəsməz. Bu dəfə atamı mənə bağışla.
Koroğlu Cəfər paşanın sinəsinin üstündən qalxdı. Dedi:
– Get, səni Telli xanıma bağışladım. Ancaq bir də qabaqlaşsaq
əlimdən can qurtara bilməyəcəksən.
Cəfər paşanın qoşunu qırılan qırıldı, qırılmayanları qaçıb dağıldı.
Koroğlu davadan əl çəkib Telli xanımı, Dəmirçioğlunu götürüb Çənlibelə
yola düşdı.
Koroğlu ilə Eyvaz dəlilərin qabağında gedirdi. Yolun çoxunu getmişdilər,
azı qalmışdı. Çənlibelə yaxınlaşmışdılar. Bir də Koroğlu
üzünü Eyvaza tutub dedi:
– Eyvaz, get gör Dəmirçioğlunun yarası necədi, sağalırmı?
Eyvaz Dəmirçioğlunun yanına gəldi. Gördü yarasından qan o qədər
axıb ki, rəngi ağappaq ağarıb, elə zəifləyib ki, dili yoxdu danışa.
Nəfəsi zorla gedib-gəlir. Koroğlunun yanına qayıdıb dedi:
– Dəmirçioğlunun yarası çoxdu, sağalası deyil, bunu bu halda
Çənlibelə niyə aparırsan? Gəl buralarda bir yerdə qoyaq, rahat ölsün.
Eyvazın cavabında aldı Koroğlu görək nə dedi:
Binadan gözəl olmayan
Telin qədrini nə bilər?
Göydə uçan boz sərçələr
Gülün qədrini nə bilər.
Kəl qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən,
Arının qəhrin çəkməyən
Balın qədrini nə bilər.
Utan, Eyvaz xan, bir utan,
Dağların damənin tutan,
Namərdliklə başa çatan,
Elin qədrini nə bilər.
Koroğlu saz ilə dediyi kimi söz ilə də dedi:
– Eyvaz, mən dəlilərin hərəsini bir yerdə atıb getsəm, onda başımda
adam qalmaz. Dəmirçioğlunu Çənlibelə aparacağam. Həkim tapacağam.
Yarasına dərman qoyub yağlayacağam. Əgər sağalsa bir yaxşı
toy eyləyib Telli xanımı ona verəcəyəm. Sağalmayıb ölsə, onda da
Çənlibeldə basdıracağam.
Eyvaz səhvini başa düşüb dinmədi. Gəlib Çənlibelə çatdılar. Nigar
xanım qabağa çıxdı. Dəmirçioğlunu yaralı, rəngi qaçmış görəndə
özünü saxlaya bilməyib ağladı. Nigarı ağlar görən Koroğlu aldı görək
nə dedi:
Ağlama alagöz Nigar!
Dəmirçioğlu sağalacaq.
Bağrıma basma köz, Nigar!..
Dəmirçioğlu sağalacaq.
Çənlibeldi mənə pənah,
Köksün ötürüb çəkmə ah,
Tapdıracam həkim, cərrah,
Dəmirçioğlu sağalacaq.
Koroğlu heç əyməz boyun,
Tutacam Telliynən toyun.
Kəsəcəm tuncu, qoç, qoyun,
Dəmirçioğlu sağalacaq.
Koroğlu bir həkim tapdırıb gətirtdi.
Dedi:
– Həkim, Dəmirçioğlunun yarasına yaxşı məlhəm eylə sağalsın.
Sənə xələt verəcəyəm. Yaxşı baxmasan, Dəmirçioğlu sağalmasa yəqin
bil ki, səni onun yerinə öldürəcəyəm.
Həkim bilirdi ki, Koroğlunun sözü sözdür. Canı dilnən Dəmirçioğlunun
yarasına əlindən gələn qədər yaxşı dava-dərman eləməyə
başladı. Bir qədər keçdi, Dəmirçioğlu sappasağ olub ayağa qalxdı.
Koroğlu həkimə xələt verib yola saldı.
Koroğlu Çənlibeldə gözəl bir məclis düzəltdirib bir yaxşı toy
qurdurub, Telli xanımı Dəmirçioğluna verdi.

davamı
XS
SM
MD
LG