Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:31

Günel Mövlud. "Yol boyu", "Kişi şəkli və külək"...


Kişi şəkli və külək

əgər
hər gün məhkumsansa
dörd divar arasından çıxıb
dörd tərəfə boylanmağa
günəşin sevindiyi küçədə
gözlərini döyürsənsə səhərin üzünə
laqeyidsənsə
ildə bir gün
gedəcəyi ünvanı dəqiq bilən
qonşu gəlininə
səni dəxli olmursa
köşkdəki qərənfil mövsümünün
titrədirsə vücudunu
illər sonra qadınlığnı
sübut edəcək yeganə əşya – kişi şəkli
və külək
şəstlə yeriyən boyalı qarının
yalançı kürən saçlarıyla bərabər
həqiqəti də çırpdısa gözlərinə
haqlısan!

yaşamaq olmur
duymaq olmur
qadın yaranmağın sevincini

günəşin sevindiyi küçədə
yolunu azdınsa
geriyə dön!

bostan müqəvvalarının
ayağının alt
donmuş quşlara qəbirdir
və indi
günəşli bir bostan içində
qollarını tayba-tay açmış müqəvva
səni gözləyir!


Yol boyu

sabah küçələrin doğmalığı
tanış üzlərin çoxluğuyla duyulacaq

sabah döşəmədə
ortasından qırlan qab-qacağın
gileyi yorulacaq

o evdə unudulub qalmış
bir şəkil atılacaq sabah

bu gecə isə
içi boşalan evin
qaranlıqla dolacaq gözləri

bu gecə tənha qalan xanımın
dolmuş gözlərini deşəcək
divardakı şəklin xoşbəxtliyi

qovulmuş sahibindən
daha uğurlu taleyi var şəkillərin –
şəkillər
sahibindən sonra atılar

həm də evlər
sadəcə divarlarından ibarət deyil ki…

Alatoran, 2004
XS
SM
MD
LG