Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:17

Bəxtiyar Hidayət "Gordahat" (Romandan bir parça)


Eldar polis bölməsində təkadamlıq kameraya salınmışdı.

Sən demə axşamdan əvvəl Dəli Məmmədin müdürü, sonra da Təravət xanım rəis müavini Vilayət müəllimə zəng ediblərmiş ki rayonda bu nişanda bir adam peyda olub.

Yanına da bir dəli alıb gəzdirir. Səhər də Eldar bütün günü izlənib.

Əli doktorla görüşməsi isə lap Vilayət müəllimin işlərinə yarayıb. Bu qəribə və pullu adam bəlkə terrorçudur?

Bəlkə dəli Məmmədə bomba bağlayıb haranısa partlatmaq istəyir?

Elə Əli doktorla görüşləri də bəlkə bu barədəymiş. Qanunsuz yolla hakimiyyəti devirmək istəyirmişlər. doktorun da musavatçı olması hadisələrə siyasi don geyindirirdi.

Və tezbazar da beş-altı mal oğrusu şöbəyə salındı. Doktoru da şöbəyə saldılar. Vaxtilə qanunsuz silah üstə ilişən Fərrux da tutuqlandı.

Bu dəstənin gözünə rayon vəhhabilərindən iki nəfəri də qatdılar.

Hacı Surxay və Namiq. Hacı Surxay öz köhnə dostunun çənəsini qırığına görə elə həmin gün onsuz da tutuqlanmışdı.

Buna səbəb də bu idi ki dostu ilə mübahisə edərkən dostu deyibmiş ki əvvəl dostlarımızı müharibə alırdı əlimizdən indi də vəhhabilik alır.

Bu özlərə birtəhər dözən Hacı Surxay- vəhhabilər də müğənnilər kimidi- onlar da ailələrini dinə qurban verirlər –sözlərinə dözməyib “Allahu-Əkbər, Allahu Əkbər” deyərək vurub dostunun çənəsini qırmışdı.

Namiq isə özü salmışdı özünü bəlaya. Aparıb notariusa bir vəsiyyətnamə vermişdi ki bunu təsdiqlə- mən Əhmədov Namiq Həmid oğlu öləndə əsl müsəlman kimi dəfn olunmaq istəyirəm.

Əks təqdirdə sorumluluq məni dəfn edənlərin üzərindədir.

Və Namiqi basmışdılar içəri ki sən nə bilirsən bugünlərdə öləcəyini? Yəqin haranısa partlatmaq istəyirsən.

Əslində yuxarıda qeyd etdiyimiz soyadı dəyişdirmək istəyərkən özünü salmışdı hökumətin qara siyahısına Namiq.

Bundan öncə soyadını dəyişdirmək istəmişdi- özü də Əhmədovu eləyəydi Əhmədli və yaxud Əhmədzadə nə dərd vardı.

O istəmişdi pasportuna belə yazılsın- Namiq Əbu Əbdülxaliq ibn Həmid ibn Əhməd.

Burada “Əbu Əbdülxaliq” Əbdülxaliqin atası anlamını daşıyır. əslində Namiqin öz əqidə qardaşları arasında ləqəbi də Əbu Əbdülxaliq idi. Namiq hələ bu təriqətə qoşulmamışdı oğlu dünyaya gələndə.

Və Xaliq adını da Namiq adına yaraşdırıb uşağa adqoydu eləmişdi. Amma onda ki təriqətə qoşuldu, onda ki öz dediyinə görə cahilliyin daşını atdı, onda ki dönüb müsəlman oldu-bir neçə gün özünə gələ bilmədi.

Necə yəni- mən nə qədər cahil olmuşam, uşağa da Xaliq adı-Allah adı qoymaq olarmı? Yazıq deyilmi uşaq.

O dünyaya bu adla getsə günah kimin boynuna yazılacaq? Və əslində ilk dəfə uşağın adını dəyişdirəndə bəzi nəzərləri özünə cəlb elədi.

Uşağın adını elədi Əbdülxaliq- Yaradanın qulu. Və onda pasportstolda işləyən arvad ona demişdi ki bu nə addı-terrorist adına oxşayır. O da arvada kafir demişdi.
Hətta öz ata-anasına qoca vaxtlarında kəbin kəsdirmişdi-günahınızı yuyun.

Bizi də günahdan təmizləyin. Neçə ki sizin kəbininiz yoxdu özünüzün günahlarınız bir yana-övladlarınız Allahın yanında vələdüzzina sayılır, bic sayılır.

Və elə o hadisə də rayonda baş verəndə Namiqin adı daha bir qara siyahıya düşmüşdü.

Və Namiq bu haqda deyirdi- kafirlər bu kafirləri qara siyahılara salır (Avropa dövlətlərini və ABŞ-ı nəzərdə tuturdu) bunlar da müsəlmanları (özlərini nəzərdə tuturdu).

Bəs Namiq bu təriqətə necə üzv olmuşdu? Heç də deyildiyi kimi deyildi. Deyildiyi kimi olan nə idi?

Deyildiyi kimi olan o idi ki guya Namiqgil kimlərdənsə müəyyən məbləğdə pul alırlar və ona görə vəhhabilik edirlər. o aldıqları pulun müqabilində də müsəlman dünyasına zərbələr vurmaq istəyirlər. pirləri dağıdırlar, məscidləri partladırlar.

Amma əslinə varsan elə görünsə də elə deyildi. Şəxsən Namiq bütün əmlakını da balasını da ailəsini də, canını da Allah yolunda fəda etməyə hazır idi.

Qısacası Namiq bir dişləm almanın halallığını almaq üçün bir il bağ sahibinə əvəzsiz işləyə bilərdi, nökərlik edə bilədi. Amma bir milyon kafir bildiyi adamı bir anda o dünyaya göndərməyə hazır birisi idi həm də o qədər məsumluğuna rəğmən.

Allah yolunda yalnız Allahı, peyğəmbəri və Quranı xaric hər şeyindən keçməyə hazır olsa da Vətən yolunda bir tükündən də keçməzdi.

Və belə bir Vətənin dağılması onu sevindirərdi də.

O buna bir kafir ölkəsinin dağılması kimi baxırdı. Hətta Qarabağda döyüşdüyü illəri də özünə bağışlamırdı ki kafir ordusunda xidmət etmişəm.

Bu barədə özünün dedikləri maraqlı idi- hərdən fikirləşirəm ki bax hər iki tərəfin əsgərləri də içir, hər iki tərəf də donuz əti yeyir, hər iki tərəf də namaz qılmır, oruc tutmurdular.

Və hər iki tərəf də eyni paltarda. Gəl indi müəyyən et ki hansı tərəf müsəlmandı. Müsəlmanlıq yalnız sünnət olunmaqla deyil ki.

Yalnız insan penisi iləmi müsəlman olar? Bəs qəlbi, əqidəsi, amalı?

Namiqin Hacı Surxaydan fərqi o idi ki o ailəsində nizam-intizam yarada bilmişdi- ailəsini müsəlman edə bilmişdi.

Hacı Surxay isə buna görə öz ata-anasını, öz arvad uşağını atmışdı.

Namiq Qarabağda göstərdiyi qəhrəmanlıqlardan on qat artığını Əfqanıstanda, Çeçenistanda göstərmişdi.

Və bundan hələ hökumət adamlarının xəbərləri yox idi. Yoxsa Əbu Əbdülxaliq ləqəbli Namiq Əhmədov indi telekanalların ulduzuna çevrilmişdi.

Və qayıdaq Namiq kimilərin düşmən qüvvələrdən pul alıb –almamaqlarına.

Onların təriqətində beytül-mal deyilən bir sistem vardı ki kimin artıq pulu vardı atardı ora. Və “qardaşlar”dan kimə pul lazım olsa ona ordan yardım edərdilər.

Namiqgil nə istəyirdilər? onlar yalnız Quranda yazılan kimi hərəkət edir və imkan olduqca camaatı da buna yönləndirirdilər.

Necə yönləndirirdilər? təsəvvür edin ki o təriqətdən xəbərsiz birisinə əvvəlcə deyəcəksən ki bunları qəbul et- musiqi, futbol, internet, voleybol, bilyard, şəkil, içki, hətta siqaret və s. kimi şeylər haramdı və bunları həyatından silməlisən.

Yəqin ki o adam o dəqiqə ya səni dəli hesab edəcək, ya da sənə bir rədd ol deyəcək.
Amma sən ona desən ki- ən böyük kitab hansıdır?

Və o da yüz faiz deyəcək ki Qurandı. Və sən ona desən ki Quranın Allahin kitabı olmasına inanırsanmı?

O da yəqin ki yüz faiz deyəcək ki -əlbəttə? Və sən ona desən ki Quranda yazılanların Allahın əmri olduğuna inanırsanmı? O da deyəcək əlbəttə.

Həə bundan sonra sən o adama deyəcəksən ki bəs Allah deyir musiqi haramdı. Bax filan surə, filan ayə.

O da o saat qəbul edəcək. Deyəcəksən ki namaz qılmaq əmrdi-bax filan surə, filan ayə- o da o saat qəbul edəcək.

Uzağı deyə bilər ki qardaş bəs futbol barədə Quranda heç nə ola bilməz axı-o deyəcək noolsun?

Geyim haqda ki var. Kişinin geyimi barədə deyilənlərə futbol geyimi uyğun gəlmir və deməli futbol haramdı.

Həmçinin futbolun bu saat bir qumar olduğunu da sənə isbatlayacaq və məlumdur ki sən qəbul etmisən ki qumar haramdı.

Beləcə də səni futboldan da musiqidən də, kafir elmindən də. Internetdən də, toydan da vaydan da hər şeydən də iyrəndirəcək.

Və səni hazırlayacaq cənnətə. Ora düşmək üçünsə bütün islam şərtlərinə əməl etmək lazımdı. Və ən vacibi cihad etmək lazımdı.

Cənnəti qazanmaq lazımdı. Və sən o cənnətdə bircə saniyəsə olmaq üçün özünü min dəfə öldürərsən.

Elə səni hazırlayanlar da. Bunlara cəfəngiyyat kimi baxanlara isə sən baxacaqsan iki gözlə-1. kafir gözü ilə. 2. yazıq gözü ilə.

Onlara ona görə kafir gözü ilə baxacaqsan ki sənin inandığın kitab belə tələb edir-Allahın bircə əmrini yerinə yetirməyən və qəbul etməyən kafirdir.

Və o kafirlərin sabah cəhənnəm əzabı ilə baş-başa qalacaqlarını düşündükcə onlara yazığın gələcək.

Buna görə də dost-tanışdan kimi bacaırsam müsəlman etməyə çalışacaqsan.

Özün də sorğulardan qorxacaqsan ki birdən bir belə əməyim zay olar bu axmağa görə. Orda məndən soruşallar ki niyə filankəsi də cəlb eləmədin haqq yoluna.

Hacı Surxayın da Namiqin də öz əqidələrinə necə sadiq olduqlarını isbatlamaq üçün vaxtilə onlar arasında gedən bir dialoqu nəzərlərinizə çatdırmaq istəyirəm.
Onlar işdi birdən şəriət dövləti qurulsa neynəyəcəklri barədə danışırdılar.

Namiq:
-İlk növbədə Hacı Mövsüm pirini qapadarıq. əsl bütpərəst məbədi olubdur ora.

Hacı Surxay:

-Hə yandırarıq oranı.

Namiq:
-Sonra başlayarıq qəbristanlıqlardan. Şəriət buyurur ki qəbir olmalıdı bir dirsək. Bizdəki qəbirlərin hamısı Allaha üsyandı.

Hacı Surxay:
-Şəxsən mən birinci öz atamın anamın qəbrindən başlayaram.

Mərmərləri də satıb pulunu göndərərəm cihad edən qardaşlara ki silah alsınlar.

Namiq:
-Dərdə bax ki bu boyda dünyada barı bir normal şəriət ölkəsi yoxdu ki gedək dini həyatımızı yaşayaq. Hətta Məkkə də amerikanın marianetkalarının əlindədi.

Hacı Surxay:
-Elədi qardaş. Guya Səudiyyə kafir ölkəsi deyil. Özü də konstitusiya ilə idarə olunmur. Amma fəlakət odur ki şəriətlə də idarə olunmur- kafir Amerika idarə edir onları. Ordakı şeyxlər şeyx yox şey adlanmağa layiqdilər.

Namiq:
-Konstitusiya demiş, mən bu müşrik camaata başa sala bilmirəm ki insan qanun yaza bilməz. Insanın yazdığı qanun Allaha üsyandı.

Bütün konstitusiyalar şeytan əməlidi. Allah o qədərmi aciz qalıb ki insan da idarə etmək istəyir nəyisə? O doktor Əli var ee..

Hacı Surxay:
-O kafirimi deyirsən, yenə nə gəvəzələyib? Adamın yazığı gəlir . Yoxsa çoxdan gəbərdərdim onu.

Namiq:
- Danışır ki konstitusiyasız dövlət paltarsız qadın kimidi. Hərə bir barmaq eləyəcək.

Hacı Surxay
-indi tutub deyəsən ki ay axmaq al bu da sənə konstitusiyanın xeyri- odur eey, mavilərin evlənməsinə icazə vermək istəyir sənin konstitusiyan.

Namiq:
-Əslində bizim uşaqlar eləcə də deyiblər. O da bir az tolerantlıqdan zaddan gəvəzələyib.

Sonra da bir misal çəkib ki tankın aynasını palçıqlayanda olur heç nə. Amma bu o demək deyil ki tank heç nəyə qadir deyil. Mavilər də konstitusiyanın palçıqlanmış aynasıdı.

Hacı Surxay:
-Bu iqtidar nə qədər kafirdisə bu müxalifət də o qədər kafirdi. Hamısı ingilis agentləridi. Əclaflar özləri ingilis agentidi- bizə deyirlər ki sizin təriqəti ingilislər yaradıb. A kişi ingilis özünə paz yaradardımı?

Namiq:
-Yadındadı dəə seçkiöncəsi bizə nə deyirdi- əsl haqq işi seçkiyə gəlib bu iqtidarın əleyhinə səs verməkdi. Yoxsa siz adınızı haqq yolçusu qoyub özünüz də seçki günü bayıra çıxmırsınız. Bu axmağı başa sala bilmədik ki seçki haramdı. Seçən də Allahdı, seçkin eləyən də.

Hacı Surxay:
-Əşi o kafirin biridi. Elə mən də ona eləcə demişdim.

Qayıdıb nə desə yaxşıdı- deyir əgər Maqsud İbrahimbəyovu Allah deputat seçibsə mən onun ədalətinə inanmıram. Az qaldım vurum ağzını cırım. Insanı nə qədər başa salmaq olar ki Allah bu Maqsudları cəza kimi kimi çıxarıb bizim başımıza.

Çünki namaz qılmırıq, oruc tutmuruq, Allah yolunu tərk eləmişik. Allah buyurur ki mən hər millətə özünə layiq rəhbər təyin eləmişəm. Belə də deyəndə əclafın deməyə yenə sözü plur.

Deyir ki onda sənin deməyindən belə çıxır ki Maqsudlar, Ramillər, Zakirlər, Səfərlər və sair və ilaxirlər əslində Allahın cəza mələkləridi.

Namiq:
-Mən daha ondan əlimi üzmüşəm. Ondan müsəlman olan deyil. Hələ bir gün mənnən də belə söhbətlər elədi.

Xataya düşdüm dedim ki torpaqların əlimizdən getməsi də Allah yolundan çıxdığımız üçün Allahın bizə göndərdiyi cəzadı. Bu bir alın yazısıdı –dedim. Əclaf qayıdıb nə desə yaxşıdı?

Hacı Surxay:
-Nə dedi ki?

Namiq:
-Dedi ki onda belə çıxır ki Xocalı faciəsini, Bağanıs Ayrım faciəsini törədən ermənilərə bəraət qazandırmaq lazımdı.

Onları Allah öz cəza dəstəsi kimi özü bu günlər üçün bəsləyib. Onlar Allahın cəza mələkləridi.

Hələ sonra da mənə sual verdi ki bəs yaxşı orda ölən o namaz yaşına, oruc yaşına çatmayan uşaqların günahları nə idi?

Hardaydı o faciədə mehriban və gözəl Allah?

Indi gəl bu cahili başa sal ki o uşaqlar xoşbəxtdilər. o dünyada sorumluluq daşımayacaqlar.

Cənnətlə müjdələnmiş kimi gedirlər aləmi –bərzəxə o uşaqlar. Indi gəl başa sal ki ilan vuranlar, suda boğulanlar hamısı maneəsiz daxil olacaqlar cənnətə. Həmçinin uşaqlar.

Mən bunları başa salmaq istəyirəm, əclaf dinlə məzələnir.

Deyir ki bəs qəza qəzadı daa- niyə Allah tok vuranlar barədə bir söz deməyib.

Sonra da özündən sapıq bir cavab uydurur- Quran yazılanda tok yox idi deyə bu barədə heç nə deyilməyib.

Sonra da sapıq bir sual verir ki əgər onda Allah bu günləri görürdüsə niyə bu barədə bir söz deməyib. əgər görmürdüsə deməli o siz dediyiniz kimi hər şeyi bilən zad deyil.

Hacı Surxay:
-Əstafürüllh, əstafürüllah. Mən ona bir dəfə dedim ki doktor, elə bu sapıqlığının ucabatındandır ki bu günlərə düşmüsən. Acından ölürsən. Nə desə yaxşıdır?

Deyir ki mən sənə minlərlə Allaha namaz borcu, oruc borcu olmayan adam misal çəkə bilərəm ki acından ölüb. Indi onlar da Allaha inanırdılarmı deyə acından ölüblər?

Siz məni bir gün topal görsəniz də yəqin deyəcəksiniz ki bax, sapıqlığının ucbatından oldu topallığın da. Amma mən sizə deyəndə ki dünyada minlərlə topal dindar var və onlardamı dindarlıqlarının cəzasını çəkirlər- siz ancaq mənə kafir deməklə kifayətlənəcəksiniz.

Namiq:
-Amma bu rayonda istər dönməzliyinə, Istər də camaatı pulsuz müalicə elədiyinə görə yaxşı hörməti var onun. Elə müharibədə neçələrini ölümdən qurtarıb. Amma bu savablar onu xilas edə bilməz. Adam açıqdan-açığa dinlə məzələnir. Məncə bunu onun nəfsi edir.

Hacı Surxay:

-Elə mən də bunu camaata başa salmaq istəyirəm . Camaat deyir ki onun nəfsi olsaydı indi YAP-a keçib sümürürdü hökuməti. Di gəl camaatı da başa sala bilmirsən ki bu da bir ayrı nəfs formasıdır. Bu da savadlı görünmək nəfsidir. Guya çox oxuyub deyə çox bilir. Ha vaxt baxırsan bir budkaya girib pulsuz qəzet oxuyur. Amma Quranın tərcüməsini bir dəfə oxuyub ya oxumayıb.

Namiq:
-Əşi onun söhbətini niyə edirik ee. Bir adam ki sələmə düşüb qız oxuda Bakıda. Nə bilirsən o qız oralarda nə işlə məşğul olacaq? Necə dözürsən ki sənin qızına başqa oğlanlar baxacaqlar- metroda, avtobusada.

Yenə çadralı olsa heç kim baxmaz. Belələri heç vaxt anlamayacaq ki qadının vəzifəsi mücahid doğmaqdı. Qadın nədi yad kişilərnən bir yerdə işlədi nədi?

Indi deyəsən ki doktor, gəl beytül-mala bir manat ver-qan ağlayacaq.

Hacı Surxay:
-Amma əclaf yaxşı adamdı. O gün onu yenə baltalayırmış bizim uşaqlar. Şunqur Alı deyib ki onun ürəyi təki sizdə olsun.

Onun dediyinə görə -təzə başçı sahibsiz itləri güllələdərkən bir təzə küçükləmiş it də zibillikdə gülləyə tuş gəlir. Doktor hər gün nisyə süd alıb o küçükləri yemləyir.

Tavət küçüklər böyüyüncə. Sonra da gülləyə tuş gəlməsinlər deyə birini özü götürür, üçünü də dost-tanışa zorla verir ki aparın saxlayın.

Hələ evlərində də arvad dava salıb ki özün yeməyə çörək tapmırsan hələ bir küçük də gətirirsən? Arvad bilsəymiş ki iki aydı o küçükləri doktor südlə təmin edir yəqin dava elə tez kəsməzmiş.

Namiq:
-İndi nə deyəsən beləsinə. Belə işləri də var, amma di gəl ki Atatürkün də tərəfini vermir.

Nə qədər deyirsən ki a kişi Atatürk şəriəti yıxıb konstitusiya yaradıb-şeytan əməli törədib xeyri yoxdu. Deyir Atatürk olmasa idi Türkiyə yox idi.

Deyirəm doktor, birincisi Allahdı hər yeri dağıdan da qoruyan da. Atatürk sadəcə vasitədi. Ikincisi lap da sən deyən kimidi-Atatürk haranısa qoruyub .

Ona qalsa Əbu Ləhəb də Məkkəni qoruyurdu. əbu Süfyan da Məkkəni qoruyurdu. Amma kafir idilər.

Hacı Surxay:
-Qardaş, o danışanda Hüseynzadədən, Axundovdan, Şıxlinskidən zaddan danışır. Bircə dəfə Həmzədən danışırmı, Ömərdən danışırmı?

Heç Allahın bu dünyanı peyğəmbərin xətrinə yaratdığına da inanmır.

Deyir belə olsa idi neynirdi Allah bu dünyanı yaradıb. Elə öz istəkli peyğəmbərini yanında ən baş mələk edərdi.

Daha o peyğəmbərin yaranmasınacan dünyanı yüz min dəfə alt-üst eləməzdi.

Hələ o gün danışırmış ki islam ərəb adət-ənənəsidi. Türkə dəxli yoxdu. Deyirmiş ki türkdə heç bir dost öz dostu ilə qızlarını dəyişməz ki .

Bu ərəb əxlaqıdır. Indi gör bu adamda bircə müqəddəs dəyər qalıbmı?

Namiq:
-Gəl onun başını buraxaq. Allah hidayət versin ona. Öz aramızdı o gün Azadın cavabını yaxşı verdim.

Hacı Surxay:
-Sən bizim qalxanımızsan, qardaş. Yaman dedin haa. əclafa bax, çadraya lağ eləyir- o nədi arvada geyindirmisən, adam qorxur, başdan ayağa qara geyib arvadın.

Sən də yaxşı dedin ki –sənin də arvadını görəndə mənim azarım qalxır.

Namiq:

-Qayıdıb cavab verəydi dəə. Cücə boğazı kimi üzərdim boğazını. Bu da doktor olub mənimçün. Hələ bir dəfə də verim onun cavabını . Mənə deyir ki sən eləbil ərəbsən. Heç azərbaycanla bağlı bir fikrin də yoxdu.

Dedim ki mən nə ərəbəm, nə türkəm. Mən müsəlmanam. Sən müsəlman deyilsənsə istər ərəb ol, istər türk ol yenə də kafirsən.

Hacı Surxay:

-Elələrini yola gətirmək asandı. Bir az divara dirəyən kimi deyir ki qardaş-sən deyənlər doğru.

Amma mən hələ hazır deyiləm o həyatı yaşamağa. Allah sizin dediklərinizi həyata keçirsin.

Zülüm bu doktor kimilərdi. Nuh deyirlər, peyğəmbər demillər. hələ əslinə baxanda doktor da yaxşıdı. Heç olmasa- mən ateistəm- demir. Deyir mən də Allaha inanıram.

Ondan da zülümləri var- açıq açığına deyirlər mən ateistəm. Allaha fəda olum-zaman yetirər hamısı ilə haqq hesab çəkərik.

Namiq:

-Amin, qardaş, amin. Biz haqq hesab çəkməsək də orda (o dünyanı deyirdi) cavab verməli olacaqlar. Bircə tez gedib o məkanları görsəydik... şəhid olmaq keçir könlümdən qardaş, özü də əsl şəhid.

Daha kafir ordusunun əsgəri kimi yox.
Hacı Surxay:

-Allaha fəda olum. Bircə elə bir ölüm, elə bir səadət nəsib edəydi bizə.
XS
SM
MD
LG