Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:16

Gürcüstanda polisin sürücüylə davranışı lətifə kimi görünə bilər


Sürücüyə heç vaxt indiki kimi yaxşı olmamışdı
Sürücüyə heç vaxt indiki kimi yaxşı olmamışdı
«YOL POLİSİ TƏKƏRİMİ DƏYİŞDİ»

Bir neçə il əvvələ qədər başqa keçmiş sovet respublikalarında olduğu kimi, Gürcüstanda da sürücü yolda polisə rast gələndə, ona nə qədər pul verəcəyini düşünürdü. Amma özünün köhnə maşınında Tbilisinin küçələrini dolaşan Şalva adlı yaşlı kişi AzadlıqRadiosunun müxbirinə deyir ki, daha Yol Polisi görəndə, qanı qaralmır:

«Doğrudan da hər şey çox dəyişib. Mən gördüyümü deyə bilərəm. İndi həyatımın ən yaxşı dövrünü yaşayıram. Sürücüyə heç vaxt indiki kimi yaxşı olmamışdı. İndi polis qətiyyən rüşvət almır. Hətta bir dəfə təkər buraxıb yolda qalmışdım, polis gəlib təkəri dəyişdi, çıxıb getdim. Bundan yaxşı nə ola bilər?».

Bunlar kiməsə lətifə kimi səslənə bilər. Amma «Transparency International» təşkilatı dekabrın 9-da elan etdiyi «Qlobal Korrupsiya Barometri» adlı hesabatında yazır ki, Mixeil Saakaşvili son illər korrupsiya ilə mübarizə sahəsində ciddi irəliləyişlərə nail olub.

«TRANSPARENCY INTERNATİONAL»: GÜRCÜSTAN HAMIDAN FƏRQLƏNİB


«Transparency International»ın Gürcüstan üzrə təhlilçisi Matias Huter:
«Bu qədər vətəndaşın korrupsiyanın azaldığını dediyi başqa ikinci belə ölkə yoxdur. Buna görə məncə, Gürcüstan hökumətinin korrupsiyanın səviyyəsini azaltmaq tədbirləri kifayət qədər uğurlu olub».

«Transparency International» bildirir ki, ümumilikdə, bütün dünyada, hətta Qərb ölkələrində sorğuya cəlb etdiyi vətəndaşlar dövlətlərində korrupsiyanın səviyyəsinin artdığını deyiblər. Bunun əksinə olaraq, Gürcüstanda rəyi soruşulanların 78 faizi ölkələrində korrupsiyanın azaldığını deyib. Sorğuda iştirak edənlərin tam əksəriyyəti hökumətlərinin rüşvətlə mübarizəsindən razı qaldığını bildirib.

Sənəddə qeyd edilir ki, bu barometr dünyanın 86 ölkəsində 91500 respondent arasında keçirilən sorğu əsasında hazırlanıb.

Saakaşvili beynəlxalq qurumların hesabatları ilə öyünür
Sorğunun bu nəticəsi Gürcüstanı keçmiş sovet respublikalarından kəskin fərqləndirir. Məsələn, rusiyalıların yalnız 26, ukraynalıların isə 16 faizi hökumətin korrupsiya ilə mübarizə tədbirlərindən razılıq ifadə edib.

Gürcüstanın Qafqazdakı qonşularından Azərbaycan və Ermənistanda isə sorğu iştirakçılarının yarısı ölkələrində korrupsiyanın daha da çoxaldığını düşünür.

SAAKAŞVİLİ RÜŞVƏTİ KART KİMİ OYNAYACAQ


Görünür, Saakaşvili hökuməti Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüyü barədə danışıqlarda «Transparency International» təşkilatının hesabatından gen-bol istifadə edəcək.

Bu hökumət son illər Dünya Bankı və Avropa Bankının Gürcüstanda biznes mühitinin asanlaşdırılması və korrupsiya ilə mübarizənin effektivliyi barədə hesabatları ilə öyünür.

Amma Gürcüstanda demokratiyanın səviyyəsinə dair beynəlxalq təşkilatların hesabatları Tbilisinin imicinə kölgə salır.

RÜŞVƏTƏ GÖRƏ 5, DEMOKRATİYAYA GÖRƏ 3?

«Freedom House» sonuncu hesabatında qeyd edir ki, Gürcüstanda azadlıqların vəziyyəti 2003-cü ildə hakimiyyətdən uzaqlaşdırılan Şevardnadze hakimiyyətinin son illərindəki vəziyyətdən daha pisdir.

Xüsusilə də siyasi partiyalar və məhkəmə sisteminin hələ də islahatlardan kənar qalması tənqid edilib. Hətta, korrupsiya sahəsində ciddi irəliləyişlərə baxmayaraq, müşahidəçilər hakimiyyətin yuxarı pillələrində hələ də korrupsiya elementlərinin olduğunu deyirlər.

Şorena Şaverdaşvili
Başqa bir tənqid mövzusu da hökumətin telekanalları təsir dairəsində saxlamasıdır.

«Liberali» jurnalının sahibi və baş redaktoru Şorena Şaverdaşvili deyir ki, indi Gürcüstanda əhalinin 85 faizi informasiyanı televiziyalardan alır. Saakaşvili hökuməti də televiziyalar yolu ilə özü haqqında özünə sərf edən imici yarada bilib.

Buna baxmayaraq, Şaverdaşvili də ölkədə ciddi islahatların aparıldığını etiraf edir. O bildirir ki, Gürcüstanda rüşvət mədəniyyəti itir, hətta, günün birində Saakaşvili hakimiyyətdən getsə, rüşvətin əvvəlki səviyyəsinə qayıdacağı inandırıcı deyil:

«Əvvəllər, məsələn, pasport almaq üçün mütləq rüşvət verməli idin, bu, bir cəhənnəm əzabı idi. Yollarda qalırdın, 10 müxtəlif bürokratı görməli idin. İndi dövlət idarələrində korrupsiya həddən çox azalıb».

«Transparency International» təşkilatının 2010-cu ilə aid hesabatına əsasən, Gürcüstan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 68-ci sırada qərar tutur. Onun Qafqazdakı qonşuları olan Ermənistan siyahıda 123-cü, Azərbaycan isə 134-cüdür.
XS
SM
MD
LG