Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:26

Mirzə Cəlil Təzəpir məscidi haqda nə yazırdı


Cəlil Məmmədquluzadə “İnna lillahi və inna ileyhi raciun” (FELYETON)

Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.

Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu flanın vəfatı kəmali-təhəssürlə dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, flan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbristana aparılacaqdır”.

Həmin əhval mənim yadıma düşmürdü, dünən bir tanış molla bunu mənim yadıma saldı. Dedi:

- Axund Molla Nəsrəddin, sizin yazılarınızla rəftarınız bir-birinə tuş gəlmir. Dedim:

- Necə? – Dedi:

- Bu axırıncı üç-dörd ilin müddətində mən neçə dəfə səni və sənin kimi qələm ilə və dil ilə məsciddən qaçanları və camaatı qaçırdanları Təzəpir məscidində görmüşəm. – Dedim:

- Neçə vaxt? – Dedi:

- Flan məsul işçinin cənazəsi məscidə gətiriləndə, flan azadixahın cənazəsi üstə ağbaşlı əməleyi-mövta (ruhanilər - red.) meyit namazını qılanda və intelligentlər bunların dalında səf-səf namaza duranda və sonra əməleyi-mövtanın dalınca qəbristana səfər edəndə.

Molla bu sözləri deyib, bir az da üzümə baxdı və soruşdu:

- Yalandır, ya yox?

Mən dinmədim, çünki fikrim çox yerlərə getdi. Fikrim getdi haman Təzəpir məscidinin həyətinə ki, orada bu axırıncı illərdə tut ağaclarının kölgəsində dəstə-dəstə müsəlman oxumuşları dərin-dərin fənn kitabları qoltuqlarında mərhumun cənazəsinin məsciddən çıxmağına müntəzirdirlər.

Burada camaat ilə bir yerdə namaza duranlar içində təbiyyat müəllimləri tanışlarımdan, coğrafiya və tarix müəllimləri yadıma düşür. Avropa darülfünununda uca elmlər təhsilini tapmış cavanlar yadıma gəlir, qalanlarının çoxu yenə orta məktəblərdə fənn dərsləri deyən müəllimlər olub. Bunlar hamısı özləri kimi Avropa təhsili almış mərhum rəfiqinin cənazəsini Təzəpir məscidinə gətiriblər ki, mərhumun əgər günahları olmuş olsa, bağışlansın.

Mollanın sözünə bir cavab tapa bilmədim, ancaq xəcalət çəkdim və bir para fikirlərə getdim.

“Molla Nəsrəddin”, 29 noyabr, 1924
XS
SM
MD
LG