Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:49

Seyran Səxavət "Boyunu əyri kişi" (HEKAYƏ)


Qızım Ləmana

- Alo, bura məscidin mürdəşir şöbəsidi?
- Bəli.
- Bağışlayın, mən kiminlə danışıram?

- Baş mürdəşirlə.
- Bağışlayın, ölünün birini neçəyə yuyursunuz?
- O baxır ölünün çəkisinə, boy-buxununa…

- Çəkisi səksən kilo, boyu da bir metr yetmiş dörd.
- Yüz əlli dollara.

- Üzr istəyirəm, qohumlardan gəlib kömək eləyən olsa ucuz eləmək olar?
- Yox. Kənar adamları içəri buraxmağa ixtiyarımız yoxdu.

- Sağ olun.
- Siz də sağ olun. Nə vaxt lazım olsa, qulluğunuzda hazırıq. Dud… Dud… Dud… Dud… Dud…

* * *

İstədi ki, həyətə baxan pəncərəni açıb siqaret çəksin, həmin hamilə qadını yenə gördü. Hamilə qadın yuxarı mərtəbələrə tərəf boylanıb səsini başına atdı: - Xlor var, xlor, xlor, mebel yağııı!!!

İstədi pəncərəni açıb var səsi ilə qışqırsın: - Axı bu məmləkətdə nöyüt də var, nöyüüüt, nöyüüüt! – Abırına qısıldı. Ancaq hamilə qadın əlindəki konistrləri yerə qoyub mələyirdi: - Xlor var, xlooor, xlooor, mebel yağııı!!!

Hamıdan qabaq xlorsatan gəlirdi, dalınca da qatıqsatan, süpürgəsatan, ətsatan, balsatan, hər şey satan…
Bu şəhərdə hər şey satılır. Hər şeyi sata-sata çevrilib satqın olmarıq ki, görəsən?..

Nisbətən xəlvəti sayılan, səs-küydən bir az uzaq olan arxa otağa keçmişdi. Kresloda əyləşmiş, boynu sola əyilmişdi, gözləri yol çəkirdi. Bu yolun isə nə əvvəli, nə sonu vardı.

Özü də tərpənib eləmirdi – adama elə gəlirdi ki, onu kreslo ilə birlikdə düzəltmişdilər. Onun baxışları bu dünyanın hüdudlarını çoxdan keçib getmiş və bir cüt mil kimi naməlum bir nöqtəyə sancılan andaca donmuşdu – tərpənsəydi, bəlkə də milə dönmüş baxışları qayıdıb gözlərini tökərdi, onu dünya işığına həsrət qoyardı.

Bəs, bu kişinin boynu niyə sol tərəfə əyilmişdi, hə?.. Bir az da diqqətlə baxsanız, görərsiniz ki, elə deyil, onun boynu sola əyilməyib, sadəcə olaraq başını qoyub ürəyinin üstünə. Dünyanın səs-küyündən təngə gələndə həmişə belə eləyir - başlayır ürəyinin səsinə qulaq asmağa – əlli ildən çoxdu belədi – əlli ildən çoxdu Allah onu belə boynu əyri yaradıb.

Aləm qopsaydı, boynu əyri kişinin xəbəri olmazdı. Aləm qopsaydı, boynu əyri kişinin boynu düzəlməzdi. Abşeron bağlarındakı ağaclar kimi əyri idi bu kişinin boynu – hara düzəlirdi ki… Gərək küləklər tərsinə əsəydi…

Boynu əyri kişi oturub bu dünyanın dərdini çəkirdi – gücü çatmırdı. Dizini yerə qoyub çəkirdi – gücü çatmırdı. Lap gücü çatsaydı bu dünyanın dərdini hara aparacaqdı, hara tökəcəkdi – bu barədə heç özü fikirləşməmişdi.

O, son vaxtlarda dünyadan tez-tez küsürdü, necə deyərlər, dünya ilə yola getmirdi. Küsüb öz aləminə çəkilirdi, təklik ona bu dünyada olmaqdan da əzab-əziyyətli görünəndə, getdiyi kimi də qayıdırdı.

Özü qayıdırdı – onun dalınca heç bir minnətçi-filan getmirdi. Həmişə belə qayıtmalar onu öz gözündə bir az da hörmətsiz eləyirdi – Allahın da, bəndənin də nəzərindən düşüb olurdu heç nə… Kim idi onu saya salan…

Həmişə belə vəziyyətə düşəndə başı başlayırdı uğuldamağa, elə bil başının içində üzqırxan maşın işləyirdi. Balaca qızı ilə bir az söhbət edən kimi keçib gedirdi.

Otağın kiçik pəncərəsindən içəri dolan küləyin qanadının altından bir sərçə çıxdı, özünü ora-bura çırpandan sonra çilçırağa qondu. Sərçə çaşmışdı, harada olduğunu dərk eləmirdi, heç buna çalışmırdı da, çünki öz quş beyninə bələd idi. Çilçırağın üstündən qanadlandı, otaqda dövrə vura-vura, ciggildiyə-ciggildiyə canını qurtarmaq istəyirdi.

Xeyli dövrə vurandan sonra özünü pəncərənin pərdəsiz şüşəsinə çırpdı, kənd uşaqlarının əski parçalarından düzəltdiyi balaca top kimi yerə düşdü, dimdiyindən iki damcı qan gəldi, rəngsiz döşəmə iki damcı qızardı. Ancaq sərçə nahaq yerə belə elədi, gərək uça-uça gedib kresloda oturan kişinin əyri boynuna qonaydı və elə biləydi ki, əyri bir budağa qonub…

Onsuz da boynu əyri kişinin xəbəri olmazdı – o, bilmirdi ki, onun otağında ölü var… Boynu əyri kişi bilmədi ki, onun otağında qan tökülüb, bilmədi ki, oturduğu yerdə qana düşüb – öz aləmində idi…

Sərçə gərək kresloda oturan kişinin əyilmiş boynuna qonaydı – belə olsaydı kişinin boynu tumurcuqlayardı, yarpaqlayardı və sərçə də çox asanlıqla bu yarpaqların arasında quşlar necə xoşbəxt ola bilərlərsə, eləcə xoşbəxt olardı…

Ancaq olmadı – qorxdu. Boynu əyri kişi də oturduğu yerdə bitərdi – ağac olardı – nə qədər adam olmaq olar eee… Adına da deyərdilər Oturan Ağac. Yer üzünün ən məşhur ağacı olardı, ağacların şahı olardı – kreslosu da vardı… ancaq olmadı.

Boynu əyri kişi ağlı kəsəndən başını ürəyinin üstünə qoyub onun səsinə qulaq asırdı. Bu kişi gördüklərindən bezmişdi, indi də eşitdiyini görmək istəyirdi və elə görürdü də – eşitdiyini gözünə təpirdi…

Divarın o üzündə yaşayan, aylarla Dubaydan vurub Parisdən çıxan, gün-güzəran dalınca dünyanı ələk-vələk eliyən, səsli-küylü, şən qonşu qadının gülüşləri Niaqara şəlaləsi kimi boynu əyri kişinin başından tökülüb ayağından çıxdı – xəbəri olmadı.

Oğlunun Ceri adlı pişiyi pəncəsilə qapını aralayıb içəri girdi, təəccüblə onun sir-sifətinə baxıb nədənsə arxayın olandan sonra körpə bığlarını qabardıb hələ qanı və canı soyumamış sərçəyə yaxınlaşdı, əvvəlcə döşəmənin bir-iki damcı qızartısını yaladı, sonra sərçənin boğazından yapışıb xəlvətə çəkildi – yenə xəbəri olmadı.

Bir azdan pişik dodaqlarını yalaya-yalaya geri qayıtdı, çömbəldi, xeyli öz sahibinə tamaşa elədi, bir də iştahla dodaqlarını yaladı. Adamın əti ürpəşdi; yaxşı ki, boynu əyri kişiyə baxan pişik pələngin nəslindən olsa da, pələngin özü deyildi. Və yaxud da, yaxşı ki, boynu əyri kişi insan idi – sərçə deyildi.

Pişik boynu əyri kişiyə xeyli tamaşa eliyəndən sonra, sağ pəncəsilə qulağını qaşıdı, dodaqlarını bir də yaladı, elə bil kresloda oturan kişiylə bir otaqda olmaqdan darıxdı, ulu babası pələng kimi cəld oturduğu yerdən qalxdı və nəslinə-kökünə yaraşan amiranə addımlarla otağı tərk elədi, pişik olduğu yadına düşən kimi isə başladı sərçənin didilmiş tükləri ilə oynamağa.

Və bilmədi ki, sərçənin didilmiş tükləri ilə yox, sərçənin ruhu ilə oynayırdı…
Onsuz da adamlar sərçə kimi tüklənmir ha… Elə boynu əyri kişi də…

İnstitutda oxuyan böyük oğlu saqqız çeynəyə-çeynəyə içəri girdi, qulaqlarında da rus demişkən, nauşnik – kişinin oğlu musiqiyə qulaq asırdı. O, həmişə bu vaxtlar üzvü olduğu «Qara Dəmir» Cəmiyyətinin yığıncağından gəlirdi. Hər yerdə nauşnik qulağında olurdu; toyda, yasda, institutda, metroda-şəkil çəkdirəndə də onu başından çıxardıb bir tərəfə qoymurdu.

Son beş-altı ildə nə qədər şəkil çəkdirmişdisə, hamısı, bax beləcə musiqiyə qulaq asdığı yerdə. Zalım oğlu elə bil anadangəlmə beləydi.

Atasına fikir vermədi – onun kresloda belə oturmağına adət eləmişdi. Televizoru yandırdı, ayaq üstə divara söykənib bir az baxdı və tez də bezdi. Ağzındakı saqqızı şar kimi üfürüb partlatdı, sonra da vecsiz-vecsiz çeynəməyə davam etdi.

Oğul ani atasını süzdü, pişik kimi o da darıxdı, televizoru söndürmədən, musiqiyə qulaq asa-asa otağı tərk etdi, qapını bağlayıb həyətə düşdü və səs-küyə qarışdı.

Boynu əyri kişinin yaşadığı evin beş-on addımlığındakı divarları qocalmış dördmərtəbəli məktəbin qəfil zəngi nizə kimi onun halsızlığına sancılıb yüngülcə silkələdi.

Dərs qurtarmışdı, uşaqların hay-küyü buraları başına götürmüşdü – hamısı danışırdı, özü də qışqıra-qışqıra, it yiyəsini tanımırdı, yiyəsi də iti. Elə bil dünyanın ən böyük bazarı gəlib onun evinin içindən, yaxud da beyninin içindən keçib gedirdi.

Hər gün belə idi. Bəzən boynu əyri kişi qulaq kəsilirdi, ancaq bir söz belə başa düşə bilmirdi. Axırda da bu qərara gəlirdi ki, yəqin millətin gələcəyindən danışırlar.

Sonra isə özündən soruşurdu: - Millətin gələcəyindən yavaş-yavaş, pıçıltı ilə danışmaq olmaz ki? Yəqin olmaz də… - beləcə razılaşırdı. «Xalqın səsi nə qədər bərk gəlsə, o qədər yaxşıdır… axı, bunlar hələ xalq deyil uşaqdılar… Yaxşı, olsun gənc xalq… axı bunlar gənc də deyillər. Yaxşı, olsun körpə xalq, südəmər xalq».

Məhlənin həmin məktəbdə oxuyan uşaqlarının məktəbi daşa basıb pəncərələri qırıq-qırıq elədiklərini, bundan zövq aldıqlarını, sevindiklərini xatırladı və ürəyinin dayanmağına bir şey qalmadı.

O gün məktəbi yaman daşa basdılar. Məktəb diz çökdü, saçlarını dizlərinin üstünə töküb zülüm-zülüm ağladı, əllərini yuxarı qaldırıb göylərdən imdad dilədi, «südüm sizə haram olsun» demədi – elə bil Məhsəti Gəncəvini daş-qalaq eliyirdilər…

Boynu əyri kişi o gün pəncərədən nə qədər qışqırsa da, onun səsi eşidilmədi, onun səsinə səs verən olmadı. O gün onun könlündən nələr keçsə də, bütün Azərbaycan xalqı öz işində idi. O vaxtdan boynu əyri kişi Azərbaycan xalqı ilə küsülüdü və Azərbaycan xalqının da bundan xəbəri yox idi.
Uşaqlar isə qalib ordunun əsgərləri kimi üst-başlarını çırpıb heç bir itki vermədən evlərinə dağılmışdılar.

Məktəb dizinə döyə-döyə, saçını yola-yola hönkür-hönkür ağlayırdı – məktəb onu daşqalaq eliyən balalarını ağlayırdı – məktəb sonsuz qadın kimi ağı deyirdi…

Boynu əyri kişi dördüncü mərtəbədəki mənzilinin məktəbə baxan pəncərəsində açılıb qalmışdı. Elə bil bu «pəncərə» heç vaxt bağlanmayacaqdı.
Kiçik oğlu içəri girəndə atasını həmişəki kimi kreslonun üstündə gördü, gəlib onun üzündən öpdü, salam verib dedi:

- Ata, pulun var?
- Neynirsən, ay oğul pulu?

- Dostumun on yeddi yaşı tamam olur…
- Yoxdu… ancaq bu yaxınlarda olacaq.

On birinci sinifdə oxuyan kiçik oğul altı ildi ki, bu sözləri eşidirdi, adət eləmişdi.

- Allah qoysa, - dedi və o da böyük qardaşının dalınca getdi.

Oğlunun arxasınca ürəyi qaldı, uşağa yazığı gəldi. Gözləri doldu. Bircə dəfə gözlərini qırpdı, bəs elədi, gözlərindən axan yaş yanaqları ilə üzü aşağı süzülüb çənəsinin çuxurunda birləşərək iri bir damcıya dönürdü, orda da qərar tutmayıb sinəsinə damdıqca ürəyi isinirdi və yavaş-yavaş özünə gəlirdi – elə bil bütün varlığının donu açılırdı, qırışı hamarlanırdı.

Dünyada var olduğunu hiss eliyən kimi asta-asta ayağa qalxdı və onun bu hərəkəti ayağa qalxan adamdan çox, nəyisə qaldıran adama daha çox oxşayırdı. Əllərinin arxası ilə gözlərini silib məktəb tərəfə baxan pəncərəni açdı, siqaret yandırdı, dərindən bir neçə dəfə qullab vurandan sonra hava ilə birlikdə iştahla içəri çəkdi. Bu hərəkəti bir neçə dəfə təkrar eliyəndən sonra özünə gəldi.

Hava qaşqabağını sallamışdı, Bakı küləyi öz borcunu namusla yerinə yetirirdi, həm də axşamüstü idi – payız axşamı; hər şey onun xoşladığı kimidi – bircə leysan yağış çatmırdı. Bərk istəyirdi ki, yağış yağsın və yağanda göyə baxsın, yağış onun gözünün içinə yağsın; indi də könlündən bu keçirdi.

Divar saatı altını vuran kimi qapının zəngi də çalındı, telefon da bu tərəfdən. Bu evdə belə şeylər tez-tez olur. Qapını açdı: - Gəl, gəl. – dedi və yadına düşdü ki, onun yanına bu gün jurnalist gəlməliydi və gəldi. Onun qoluna girib pəncərənin qabağına gətirdi: - Gör nə gözəl yağır…

Gəl axıracan baxaq – başını qaldırıb göyə baxmaq istədi, ancaq eləmədi, əlini pəncərədən çölə çıxartdı, - bəh-bəh, gör nə yağır… bax, ay oğul…
- Vallah, doğulduğum yerdə həmişə yağış, duman… - jurnalist dilləndi.

- Londonda doğulmusan, - boynu əyri kişi gözünü pəncərədən çəkmədən soruşdu.
- Yox, Lənkəranda…

- Lap yaxşı, - boynu əyri kişi gözünü pəncərədən çəkməyib dedi, - yağışa baxa-baxa söhbət eliyə bilərik?
- Xeyr, mənim öz stilim var, gərək əyləşib söhbət eliyək.

- Neynək…
Jurnalist gülümsədi və öz aləmində razı qaldığını belə bildirdi.

Boynu əyri kişi dinməz-söyləməz keçib öz yerində əyləşdi. Jurnalist tez-tələsik diktafonu çıxartdı, yoxladı: - bir-iki, bir-iki… hazırsınız?
Boynu əyri kişi onun bu sualını fotoqrafların verdiyi suala daha çox oxşatdı. Jurnalist diktafonun düyməsini basıb dedi: - Sizinlə çox açıq söhbət eləyəcəyik ha… Özü də mənim suallarım qəliz olsa inciməyin…

- Buyur bala, qəliz deyirsən qəliz olsun…
- Deməli, belə… - bloknotunu açdı, - birinci sualım belədi: - Xalqımız sizi bir sənətkar kimi sevir, sizin namusla, qeyrətlə…
Boynu əyri kişi onun sözünü kəsdi: - Mətləbə keç…

Jurnalist bir az pərt olsa da, bir az da ürəkləndi, zorla gülümsəyib dedi: - Oldu, - və tələsik də əlavə etdi, - bic doğulmuş uşaqlar tarix boyu həmişə olub, onlara münasibətiniz?

- Münasibətim çox yaxşıdı. Bic doğulanların bəxti çox yeyin olur. Haq-hesaba vursan görərsən ki, çox vaxt dünyanın sahibi onlar olub. Bic doğulmuş uşaqlar çox cins uşaqlar olub. Bir şey ki, el-obanın yaxından köməyi ilə başa gələ, onun nəyi pisdi.

Rəhmətlik Miçurin dəli olmuşdu ki, ağacları bir-birinə calayırdı. Ağacların şüuru və namusu olmadığına görə bu proses onlarda insanları əli ilə həyata keçirilir. İnsanlarda isə bu calaq məsələsi şüurlu şəkildə və ehtiyatla, xəlvəti, həm də intim şəkildə baş alıb gedir - bayaq dediyim kimi, el-obanın yaxından köməyi ilə bir-birimizə calana-calana gedirik də…

Bic doğulmuş uşaqlara el arasında qırx çalanın damazlığı da deyirlər – onlar hər şeyə qadirdilər.
- İkinci sual: siz bic doğulmuş uşaq görmüsünüz?

- Bəli… özü də ekiz.
- Bic, hələ üstəlik də ekiz?

- Bayaq dedim axı, - gülümsəyir, - el gücü, sel gücü. Miçurin özü də bic olub… elə Gertsen də…
- Gertsen də?!

- Nədi ki, qohumunuzdu?
- Yoox… Allah vurmuşdu onu…
İstiləndi, qızardı, dodaqlarını yalayıb növbəti suala keçdi:

- Siz çox məlumatlı adamsınız, onda deyin görək, bizim ölkəmizdəki görkəmli adamların içində bic doğulanı varmı?

- Var! - Dil-dodağını çeynədi, - var, var, - sıxılmış dişləri aralanan kimi dedi, - var… Dədə Qorqud, Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Mirzə Cəlil, vəssalam! – Bir az da əsəbləşdi. – Yerdə qalan müdriklərimizin hamısının ətəyində namaz qılmaq olar – istəyir dünənki müdriklərimiz, istəyir bugünki. – Bir an fikrə getdi, - bir də son vaxtlar Üzeyir bəydən şübhələnmişəm – deyəsən o da…

Jurnalist kreslonun üstündə donmuşdu, bircə boynu əyilməmişdi.
Özünə gələn kimi sual verdi:

- Bu qəzəb sizdə hardandı? – birinci sualdan sonra bloknotu bağlamışdı.
- Onu da özün fikirləş tap.

- Mən tapa bilmərəm, xahiş edirəm, deyin görək, bu qəzəb sizdə hardandı belə?
- Sevgidən.

Jurnalist elə bil ki, sevinən kimi oldu:
- Günlərin bir günü xalqdan imtahan götürsəniz…
Boynu əyri kişi onun sözünü kəsdi: - Hansı predmetdən?

- Əxlaqdan xalqa neçə verərdiniz?
- Əxlaqdan iki… yaltaqlıqdan beş, tamahdan beş.
- Bəs özünüzə…

- Özümə? Yaltaqlıqdan iki verərdim, tamahdan da iki, əxlaqdan da xalq imtahan götürər, neçə versə bəsimdi…
- Birdən xalq da sizə iki verdi?

- Cəhənnəmə versin, xalq indiyəcən kimə düz qiymət verib ki, qaldım mən.
- Heç kimə düz qiymət verməyib?

- Heç kimə.
- Bəs deyirlər xalqın gözü tərəzidi…
- Bu sözləri xalq özü özü haqqında deyib və təvazökarlıqdan uzaq şeydi. Tərəzi bu xalqın gözündə yox, əlindədi…

Jurnalist oturduğu yerdən dik qalxdı və az qala boynu əyri kişiyə yalvardı: - Bəs xalqı bu vəziyyətdən necə xilas etmək olar, onu necə təmizləmək olar?
Boynu əyri kişi yerində qurcalandı, gözlərini bir nöqtəyə zillədi, sağ əlini bir neçə dəfə havada oynadıb dizinə çırpandan sonra dedi:

- Sən meşədə böyümüsən də… - jurnalistin diksindiyini hiss eləmədi, - meşədə çürüntü torpağa qarışır, üstünə qar-yağış tökülür, təmizlənib gedir. Xalqda isə çürüntünün torpağa qarışmaq şansı, imkanı yoxdu – çünki xalq meşə deyil, insan da ağac. Meşədə gedən bu kortəbii proses cəmiyyətdə şüurlu surətdə baş verməlidi.

- Bir az qısa deyə bilərsiniz? – jurnalist risk elədi.

- Qısası bdur ki, qurbanı olduğumuz xalqımızı yetkin, əxlaqlı, mədəni xalqlar cərgəsinə çıxartmaq üçün gecikmədən, dövlət səviyyəsində yer üzündə analoqu olmayan bir institut yaratmaq lazımdır.

Sonra isə genetik seçim yolu ilə təzə doğulmuş körpələri – oğlan və qızları bizlərdən və bizi əhatə edən bu mühitdən uzaqlaşdırıb tam ayırmaq, onlar üçün son dərəcə sağlam bir mühit və hər cür şərait yaratmaq, bir millət kimi hər şeyi təzədən başlamaq lazımdır – jurnalistin gözünün içinə baxdı, - başqa yol yoxdur, vəssalam!

- Bu, neçə ilə başa gələr?
- Yüz ilə… orta hesabla…

- Başqa yol yoxdu?

- Mən görmürəm… bir də, bala, xalqı təmizləmək paltar yumaq deyil ki. Əgər yüz il sənə çox gəlirsə, onda o paltaryuyan maşın olur ee, siz də gedin bir dənə «Xalqyuyan» maşın ixtira eləyin, tökün xalqı o maşina, yusun təmizləsin də…

Xeyli susdular… Boynu əyri kişinin sonbeşiyi, altıncı sinifdə oxuyan qızı icazəsiz-filansız içəri girdi: - Ata, bu gün beş aldım, gündəliyimə baxırsan?

- Sonra! Sonra! – qız uşağının qəlbinə dəydiyini söz ağzından çıxandan sonra hiss elədi və tez də özünə bəraət qazandırdı: Noolsun, heç o boyda nəhənglərin («bic doğulmuş» tarixi şəxsiyyətlərimizi nəzərdə tuturdu) tarix boyu qəlbinə dəyiblərsə və dünya dağılmayıbsa indi də dağılmaz… heç nə olmaz…

Boynu əyri kişinin ürəyindən keçənlərdən jurnalistin xəbəri olsaydı bir az da çaşardı, xəbəri olmadı və çaşmadı.

- Bir sual da, - boğazını artladı, - Azərbaycanda elə məşhur ailələr var ki, elə son yüzilliyi götürsək tarixin bir-birilə daban-dabana zidd olduğu müxtəlif zaman kəsiklərində həmişə bu xalqdan yarıyıblar, hətta yeri düşəndə heç xalqı da bəyənməyiblər, xalqa yuxarıdan baxıblar.

Bax, o cür nəslə-kökə, o cür ailələrə necə baxırsınız? Firavan, şan-şöhrətli yaşamaq xatirinə dünən dediyi sözü bu gün tərsinə danışan, sabah nə deyəcəyi isə qətiyyən məlum olmayan ailələri deyirəm.

- O cür adamların, təəssüflər olsun ki, ailələrin, hətta nəsillərin min sifəti olur, biri məlum olanda o biri sifətini göstərir – yəni sifətdən boldular. Onlar çürüntüdülər. Çoxusu da xoşqeyrət olur.

Bax, xalqı onlardan təmizləmək üçün o bayaq dediyim institutu yaratmaq lazımdır. O cür məşhur və «aparıcı» nəsillərdən bu xalqı qorumaq lazımdır. Yoxsa, hamı onlara oxşamaq istəyəcək və sonra bu istəyin qabağını Allah da ala bilməyəcək…

Mənim şəxsi münasibətimə gəlincə isə, mən onlardan iyrənirəm. Onların nəinki sifətini görmək, onlar baxan güzgüyə baxmaq da təhlükəlidi. Bax, xalqın iyrəndiyi əsl bic doğulmuşlar, haramzadələr onlardı. Yoxsa, yazıq Füzuli…

İkisi də birtəhər olmuşdu. O qədər susdular ki, qız çay gətirdi, deməli, bir çay dəstgahı başa gələnə qədər susublar. Sükut pozuldu:
- Ata, jurnalist əmidi?

- Bəli, qızım.
- Böyüyəndə mən də jurnalist olacam.

- Allah qoysa, - jurnalist xeyir-dua verdi, - nədən yazassan?
- Atamdan yazacam, - dili azca dolaşdı, - yazacam ki, atam düz adamdı, yaxşıdı, çoxlu pulumuz yoxdu, axı neçə ildi işləmir, elə oturur evdə. Amma deyir ki… - səsi titrəyir, - hər şey yaxşı olacaq.

Bayaqdan titrəyən səsi qırıldı, atasının sinəsinə sığındı, körpə quş kimi titrəyirdi:

- Mənim atamın nə yaşı var ki, cəmisi əlli iki. Onu hamı tanıyır… - atasının qollarının arasından çıxıb iri gözlərini jurnalistə dikib dedi:
- Atam deyir ki, hər şey yaxşı olacaq… çayınızı için də…

- Qızım gündəliyini gətir baxaq.
Qız elə sevindi ki, axırıncı «beş»i atasına, bütün gündəliyini jurnalistə göstərdi, - hamısı beşdi, - dedi və ehmalca çıxıb getdi.
Boynu əyri kişi yerindən qalxıb pəncərəyə yaxınlaşdı:

- Bir az dincəl…
Jurnalist o saat «təslim» oldu.

Gecə yarıya qədər söhbət uzandı və tamamlanmadı. Bu söhbət heç vaxt qurtarmayacaq – ikisi də bir-birindən xəbərsiz bu qənaətə gəlmişdi. Diktafonun lenti də, bloknot da çoxdan dolmuşdu.

Boynu əyri kişinin ürəyi isə boşalmamışdı. Jurnalistin getməyini istəmirdi. Bir azdan yenə özü ilə tək qalmalıdı – üzbəüz. Özü ilə tək qalmaq dünyanı idarə etməkdən qat-qat çətindi – hələ Allahdan başqa özü ilə tək qalan olmayıb. Əstəğfürullah…
Qapıdan çıxanda boynu əyri kişi jurnalistə dedi:

- Mənim dediklərimə o qədər bənd olma, cavansan. Bir xahişim də var, o bic doğulanların siyahısını çap eləmə ha, acığımdan deyirdim – onu özün üçün tərsinə yozarsan.
- Gecəniz xeyrə qalsın.

Qapını bağladı və təkləndi. Qeyri-ixtiyari gəlib pəncərənin qabağında dayandı. Özünə söz verdi ki, bir də kresloda oturmasın. Yağış dünyanı yuyub-təmizləməklə məşğul idi. Dünya gözəlləşirdi – göylərin insan sifəti görməyən gözəlliyi yerə tökülürdü. Dünya gözəl idi və yağışa düşmüşdü. İndi bu gözəlin sünbülündən su damırdı. Əhsən!..

Yağış boynu əyri kişinin gözünün qabağında səhərəyaxın kəsdi. Boynu əyri kişinin pəncərəsinin qabağında bir gözəl dayanmışdı – bu gözəlin adı Səhər idi. Boynu əyri kişi Səhərlə üzbəüz dayanmışdı.

Səhər də iri, ala gözlərini boynu əyri kişinin üzünü zilləmişdi. Deyirlər gözəllə üz-üzə dayananda ən eybəcər adamın özü də gözəlləşir. Boynu əyri kişi yer üzündə yaşayan bütün azərbaycanlıları bu Səhərlə üzbəüz görmək istədi. Ancaq sən saydığını say, gör Azərbaycan xalqı nə sayır – axırda saydıqlarınızı tutuşdurarsınız, boynu əyri kişi…

- Alo, bura qəbiristanlıqdı?
- Bəli.
- Bağışlayın, mən kiminlə danışıram?

- Baş qəbirqazanın müavini ilə.
- Bağışlayın, qəbirin birini neçəyə qazırsınız?
- O baxır ölünün gövdəsinə, eninə, uzununa.

- Ölünün uzunluğu, - səsi titrədi, - bir metr yetmiş dörd…
- Yüz əlli dollar.

- Üzr istəyirəm, özümüz də gəlib kömək eləsək bir az ucuz olar?
- Xeyr, ixtiyarımız yoxdu.
- Sağ olun.

- Siz də sağ olun, nə vaxt lazım olsa, qulluğunuzda hazırıq. Səsiniz mənə çox tanış gəlir, kim idi ki, danışan?
- Azərbaycan xalqı…

Çox axtardı kağız tapmadı. Stolun siyirtməsində altı il bundan qabaq ölmüş əmək kitabçası əlinə keçdi, vərəqlədi, gördü ki, on altı yaşından işləyir. Əmək kitabçasının boş vərəqində əlindəki diyircəkli qələmlə Mürdəşirin,

Qəbirqazanın, Mollanın, qırx gün ərzində urvatsız bir adam üçün verilən ehsanın pullarını dəqiq hesabladı və onun aləmində çox fantastik bir rəqəm alındı. Bədəni buza döndü. Fikirləşdi ki, yaşamaqla ölmək arasında o qədər də böyük fərq yoxdu. Dərindən fikirləşəndə isə ölmək daha çox pul aparırdı. Əlindəki qələmi bir tərəfə tulladı.

Əmək kitabçasının hesab apardığı vərəqini cırdı, alışqanla onu külqabında yandırdı ki, uşaqların əlinə keçər, qorxub eliyərlər. Kağız yanıb qurtaran kimi vaxtilə dostunun ona yadigar verdiyi şüşə külqabı tən ortadan iki yerə bölündü.

Boynu əyri kişi qalxıb pəncərəyə yaxınlaşdı, pəncərəsini payızın üzünə açdı. Çiskinləyirdi.
Payızdan utanmasaydı var gücü ilə qışqırardı:

- Yaşasın Azərbaycan xalqı!!!

30 sentyabr 1997-ci il
XS
SM
MD
LG