Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:58

Nigar Köçərli: "Şərif bəy, gülməli şeylər danışmayın, siz də Əliyev rejiminə qarşı çıxın"


Şərif Ağayar və Elxan Rzayev
Şərif Ağayar və Elxan Rzayev
-

N.Köçərli:

- Bəsdir, baş-ayaq danışdız, bəsdir poetik ifadələrlə danışdız. Konkretləşdirin, oxucunuzu müəyyənləşdirin. Azərbaycanda ən yaxşı satılan müəllif Çingiz Abdullayev, Varis, Elxan Elatlı, Ziya Səfərbəyov və təbii Elxan Qaraqandır.

Ş.Ağayar:

- Biz iddia edirik ki, peşəkar ədəbiyyatla məşğuluq. Mən sizi əmin edirəm ki, Xalid Hüseyni nə Səfər Alışarlıdan, nə Saday Budaqlıdan böyük yazıçı deyil. Siz gülürsüz. Amma mən əlimi müqəddəs kitablara basıb bunu deyirəm.



“Dükanda yer yoxdur!” “Anbarda yer yoxdur!” İndi hətta yetərincə tanınan yazar da yeni çıxan kitabını dükana vermək istəyəndə belə cavab eşidə bilər. Bu, Azərbaycan yazıçılarına etinasızlıqdır, yoxsa dükanlara verilən kitabların çoxu, sadəcə, maraqsızdır?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı debatda bu suala cavab axtardılar: “Əli və Nino” kitab dükanları şəbəkəsinin sahibi Nigar Köçərli, yazıçı Şərif Ağayar, kitab mağazası sahibi Xan Rəsuloğlu, Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev.

Şərif Ağayar:

- Bu günlərdə mən kitab mağazalarına reyd etdim. Bəzi kitab mağazaları yerlərinin darısqallığını, kitabların satılmadığını səbəb gətirərək mənim kitabımı ya götürmək istəmədilər, ya da az götürdülər. Adətən 15-20 kitab götürürlər. bizdə kitab mağazaları azdır, yayım imkanları məhduddur. Kitab mağazalarındakı darısqallıq basabasa çıxardır. Elə kitab var kitabların arasında itir, tapa bilmirsən. Bəzən səriştəsiz satıcılar müəllifi tanımırlar. Kitab yayımı ilə bağlı problemləri 3 istiqamətdə izah etmək istərdim.

Birincisi, yayım problemidir. Sovet dövründə nəşriyyatlar müəlliflə işləmirdi, müəllifin kitabının satışından pul qazanıb, ona qonorar vermək kimi layihəsi yox idi. sovet dövləti dağılsa da. bir çox nəşriyyatlar yenə də parazitcəsinə dövlətdən asılıdırlar. Bunlar da bürokratik əngəllərdən, efirdə səsləndirmək istəmədiyim çirkin oyunlardan keçə-keçə kitab çap edirlər. Deməyim odur ki, yayım problemi nəşriyyatın üzərində olan vəzifədir, nəşriyyat yalnız kitab çap edib müəllifə qaytarmalı deyil. Bu gün çox sayda kitab çap olunur və mağazalara gedir. Bu sahədə xaosdur.

İkinci problem mağazaların özü ilə bağlıdır. mağazada işləyən ən azı ədəbiyyatdan məlumatlı olmalıdır. Kitabı tanımayan. ədəbi mühitdən xəbəri olmayan satıcılar mağazada işləyirlər. Mən Nizami muzeyinin altındakı kitab mağazasına kitab aparanda satıcı mənə elə baxdı ki, elə bil oğruyam.

Üçüncü məsələ reklam məsələsidir. Azərbaycanda kitab reklamıyla bağlı güzəşt yoxdur. Necə ki vergi sahəsində güzəşt yoxdur, eləcə də reklam sahəsində güzəşt yoxdur. (ardı aşağıda)

Nigar Köçərli
Nigar Köçərli


Elxan Rzayev:

- Söhbət ondan gedir ki, kitabı kim oxuyur, niyə oxuyur? Birincisi, tutalım kitab çapdan çıxıb. Onu necə olsa oxuyarlar? Mövzu çox aktual olarsa, məsələn, Qarabağı ermənilərdən necə təmizləyək. İkincisi, informasiya dənizində, Sabir demiş, qocaman dağa bənzər formada üzə çıxsanız oxuyarlar. Üçüncüsü, təqdimat məsələsidir. Yəni sizin kitabı kim təqdim edir? Dostoyevskinin “Bednıe lyudi” romanını bir dostu Nekrasova aparır. Nekrasovla gecə oxuyurlar. Final səhnəsində hər ikisi ağlayır və gecə saat 4-də Dostoyevskini yuxudan oyadırlar, Nekrasov qışqırır ki, sən dahisən. Sonra Nekrasov bu kitabı Belinskiyə aparır. Belinski mətbuatda çıxış edir ki, yeni Qoqol yaranıb. Nekrasovla Belinski tək Ruisyada yox, Avropada belə rus ədəbiyyatının təqdimatçılarıydılar.

Ş.Ağayar:

- Biz rus səmimiyyəti ilə müqayisə etməyək bu məsələləri. Onlar böyük millətdilər.

E.Rzayev:

- Kitabı oxucu ictimaiyyətinə söz sahibi olanlar təqdim etməlidirlər. Bu, yollardan biridir. Bir məsələ budur ki, patriotlar kitab ala bilərlər ki, Şərif bəy növbəti əsərini yazsın. Bir də maraq dairəsinə düşməkdir. Bəyin kitabı mənim maraq dairəmə düşürsə alacam. Amma bütün bunların başında dediyim kimi informasiya axınında öz informasiyanızı göstərə bilməkdir. Bu yoxdursa, o dediyim amillər sonrakı məsələdir.

Ş.Bəylərqızı:

- Şərif Ağayar deyir ki, mağazalar kitabları az götürür. Nigar xanım, səbəb nədir?

Nigar Köçərli:

- Əsas səbəb odur ki, kitab satılmır. Maraqlı kitabdırsa, 200-300 ədəd götürə bilərik, bu 2-3 aya satılacaq. Satılmayacaqsa, götürməyin mənası yoxdur. Biz niyə belə məhdudiyyət qoymalı olduq. Bizim anbarımızda faciəli vəziyyətdir. Yerli yazarların orta hesabla 5-6 min kitabı yığılıb. Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara bilmirik. Yalvarırıq ki, gəlin aparın.

Ş.Bəylərqızı:

- Amma xarici yazarları alırlar?

N.Köçərli:

- Bəli. Kitab maraqlıdırsa, yaxşı tərcümədirsə, tutalım Paulo Koelyodursa, Markesdirsə alınır. Xalid Hüseynini 2-3 min tirajla çap etdik. Artıq yarım ilə bitdi, ikinci kitab üçün müəlliflə müqavilə bağladıq. 2-3 min tirajla çap etdik, artıq o da bitir. Yaxşı kitab tez satılır.

Ş.Bəylərqızı:

- Belə çıxır ki, yerli müəlliflər yaxşı yaza bilmirlər?

N.Köçərli:

- Belə çıxır. Mən başa düşürəm ki, bu, faciəli vəziyyətdir. İstəməzdim belə olsun. Bizdən asılı olan işi biz görürük, 12 ildir ki, bu sahədəyəm. elə kitab var 12 ildir bizə verilib. Hələ satılmayıb. Çox hörmət etdiyim, istedadlı yazıçı Vahid Qazi 2 ildir bizə kitabını verib, sizcə, neçə kitabı satılıb? (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


Ş.Ağayar:

- Mən bir söz deyə bilmərəm. ancaq Nigar xanım, kitabı 500 tirajla vurursa, müəllif demək istəyir ki, mən bilirəm bu xalq kitabı oxumayacaq. Bir də yazıçının səviyyəsini tirajla ölçmək düz deyil.

N.Köçərli:

- Vahid Qazinin bircə kitabı da satılmayıb. Təbii bu belə olmamalıdır. Vahid Qazi istedadlı yazıçıdır. Satılmır da, vəssalm.

Ş.Ağayar:

- Mən deyənə gəldiniz ki, Vahid Qazi bu münasibətə layiq deyil, amma bunu ona göstərirlər. Xalid Huseyninin reklamı gedir.

N.Köçərli:

- Oxucunu aldatmaq olmur. Kitab maraqlı deyilsə alınmayacaq.

Ş.Ağayar:

- Xalid Huseyni Taliban rejiminə qarşı əsərlər yazdığı üçün xüsusilə reklam olunur və satılır. Onun istedadına şübhəm yoxdur. Amma onun dünyada məşhurluğunun kökündə o reklam dayanır.

N.Köçərli:

- Yaxşı da, Şərif bəy, gülməli şeylər danışmayın. Siz də Əliyevin rejiminə qarşı çıxın, siz də məşğul olun.

Ş.Ağayar:

- Xalid Huseyni 200 min tirajla satılırsa, Vahid Qazi bir dənə satılmağa layiq yazmayıb?

N.Köçərli:

- Bizim yazıçıların ən sevdiyi mövzu hamını qaralamaqdır. Xalid Huseyni də yazar deyil, Paulo Koelyo adam deyil. Bu adamlar ilə 20-30 milyon avro qazanırlar, neçə dilə tərcümə olunurlar, amma siz bəyənmirsiz?

Ş.Ağayar:

- Bəyənməmək söhbəti deyil. Mən deyirəm ki, yazıçının səviyyəsini tirajla ölçmək düz deyil.

N.Köçərli:

- Bizim tanınmış bir yazıçı deyir ki, satılmayan insanlar kimi satılmayan kitablar var. Mən fəxr edirəm ki, mənim kitablarım satılmır. Axı, bu, çox absurd fikirdir. Yazar ilk növbədə oxucu üçün yazmalıdır, özü üçün yazmamalıdır. Paradoksal vəziyyətdir. Eyni kitab “Qanun” nəşriyyatında çıxırsa, yaxşı satılır, başqa nəşriyyatda çıxırsa yox.

Ş.Ağayar:

- Ona görə ki, siz “Qanun” nəşriyyatı ilə işləyirsiz, həmin kitabları daha yaxşı yerlərə qoyursuz.

N.Köçərli:

- Yer məsələsi bizi qırır ey. Hər gün yazıçılar gəlir, bizim satıcılarla dalaşırlar ki, bizim kitabı niyə bura qoyursuz. Bir yazıçı var, mətbuatda mənim əleyhimə 5-6 yazı verib ki, Nigar Köçərli mənə nifrət edir, mənim kitablarımı ən yuxarı polkalara qoyur. Bu polka söhbətini bitirin. Məsələ bununla düzəlmir. Maraqlı, parlaq əsər yaradın, cəmiyyətdə tələb olsun ona. Belə əsər yaratmırsız.

Ş.Ağayar:

- Mən özümü zəif yazıçı saymıram. Bu dəqiqə bir adama zəng edək, gedib sizin mağazalarda mənim kitabımı soruşsun. Deyəcəklər: “Yoxdur!” Mənim kitabım minlərlə tirajla satılmırsa, “Yoxdur” deməlidirlər? (ardı aşağıda)

Şərif Ağayar
Şərif Ağayar


N.Köçərli:

- Auditoriya qarşısında söz verirəm. Mən sizə dükanlarımızda ən yaxşı yeri verirəm. Hara istəyirsiz düzün, kassaya, kassanın qarşısına. Sizcə, bir aya neçə kitabınız satılar?

Ş.Ağayar:

- Mən kitabımı 500 tirajla vurmuşam. Mən bilirəm ki, vəziyyət nə yerdədir.

N.Köçərli:

- Yox, neçə kitab satılar? Konkretləşdirək.

Ş.Ağayar:

- Mən nə bilim, onu deyə bilmərəm.

N.Köçərli:

- Ən yaxşı yeri versəm, neçə dənə kitab satarsız?

Ş.Ağayar:

- Mən belə mübahisəyə girişmərəm. Çünki dəqiq bilmirəm vəziyyəti. Mən sizə deyirəm ki, mağazadan kitabı soruşanda “yoxdur” deyirlər.

N.Köçərli:

- Şərif bəy, satılmayacaq. Söhbət sizdən getmir, siz gözəl insansınız.

Ş.Ağayar:

- Nigar xanım, siz mənim əsərimi, hansısa yazımı oxumusuz?

N.Köçərli:

- Bəli, biz “Qanun” nəşriyyatına yaxşı yer veririk. Bu da davam edəcək. Bilirsiz niyə? "Qanun” nəşriyyatı bazara nə tələb olunduğunu bilir. Bu nəşriyyat hər şənbə bizdə endirimli kitab yarmarkası keçirir. Şahbaz Xuduoğlu günün altında, soyuqda dayanır, oxucu ilə 4-5 saat söhbət edir, maraqlanır, kitab satır, utanmır. Bir dəfə siz də gəlin.

Ş.Ağayar:

- Mən dəfələrlə gəlmişəm.

N.Köçərli:

- Bəsdir, baş-ayaq danışdız, bəsdir poetik ifadələrlə danışdız. Konkretləşdirin, oxucunuzu müəyyənləşdirin. Azərbaycanda ən yaxşı satılan müəllif Çingiz Abdullayev, Varis, Elxan Elatlı, Ziya Səfərbəyov və təbii Elxan Qaraqandır.

Ş.Ağayar:

- Bunların heç birinin ədəbiyyata dəxli yoxdur.

N.Köçərli:

- Elxan Elatlıya biz gülürük, qınayırıq, “yazıçı deyil” deyirik. Amma o öz oxucusunu tanıyır, oxucuya lazım əsər yaradır, hər əsəri bestsellerdir, belə olmaq lazımdır.

Ş.Ağayar:

- Mən Elxan Elatlı kimi yazıçı olmaq istəməzdim.

N.Köçərli:

- Onda Şərif Ağayar olun. Hətta demirəm Xalid Hüseyni kimi olun, amma elə yazıçı olun ki, kitablarınız Azərbaycanda satılsın. Axı siz buna layiqsiz.

Ş.Ağayar:

- Bunun problemi təkcə məndə deyil, yazıçı da deyil, Nigar xanım. Bir az konkretləşdirməyək. Mən kifayət qədər Azərbaycan ölçüsündə oxunan müəllifəm, kitablarım böyük tirajla yox, 500-1000 tirajla çıxır. Mən bundan çoxuna layiqəm, Özümü demirəm, Həmid Herisçi 10 min tirajla oxunmağa layiq deyil? Absurd vəziyyət yaranıb. Reklamı gedən və detetktiv əsərlər oxunur.

N.Köçərli:

- Harada siz kitabın reklamını görmüsüz? Gəlin sizin də reklamınızı aparaq. Bir ay eksperiment edək. Bəlkə biz yanılırıq?

Ş.Ağayar:

- Nəsə bir şey fikirləşərik.

E.Rzayev:

- Xalid Huseynini dünya reklam edib. Bu reklam Azərbaycanda da işləyir. Niyə bizdə kitabların təqdimatını söz sahibi olan, kitabı oxunan adamlar etmir? Hətta qiymətli kitabları da təqdim etmirlər? Hamı hesab edir ki, ondan yaxşısı yoxdur. Halbuki bütün dünyada yaxşı yazıçının bir vəzifəsi də var, ümid verən gənc yazıçıları təqdim edir və bu da reklamdır. Yazıçını bizdə söyən də yoxdur. Tənqid, ədəbi tənqid yoxdur! Kitab ətrafında informasiya püskürməsi yaratmaq lazımdır.

Ş.Ağayar:

- Biz iddia edirik ki, peşəkar ədəbiyyatla məşğuluq. Mən sizi əmin edirəm ki, Xalid Hüseyni nə Səfər Alışarlıdan, nə Saday Budaqlıdan böyük yazıçı deyil. Siz gülürsüz. Amma mən əlimi müqəddəs kitablara basıb bunu deyirəm. Mühit çox şey deyir. Xalid Hüseyni Əfqanıstanda yetişib, niyə orda başqa yazıçı da yetişmir? Amerikada yaşayan, ingilis dilində yazan, bütün dünya imkanları əlində olan adamla bizi niyə müqayisə edirsiz?

N.Köçərli:

- Sizin də əlinizdə bu imkan olsun da. Sizin əlinizdən tutan yoxdur axı. Azərbaycandan da bir yazıçı ingilis dilində yazsın.

Ş.Ağayar:

- Sizin məntiqinizlə Azərbaycanda yazıçı yoxdur. Çingiz Abdullayevlə Qaraqandan, Elxan Elatlıdan başqa.

N.Köçərli:

- Niyə yoxdur. Bizdə elə parlaq yazıçı yoxdur ki, kitabı yaxşı satılsın, kitab bazarında çevriliş etsin. Bütün günü kimisə qınayırıq. Gah deyirik ki, hakimiyyət imkan vermir, gah deyirik filankəs qoymur. Axı nə mane olur? Oturun yazın, gözəldirsə tərcümə olunacaq. Şərif bəy, sizin kimi yazıçı kitab dükanlarını gəzməməlidir, bunu nəşriyyatlar etməlidir.

Ş.Ağayar:

- Siz Azərbaycan ədəbiyyatını yaxşı tanımırsız. Mən bununla bu mübahisəyə nöqtə qoyuram.

N.Köçərli:

- Tamam, gəldik bu nöqtəyə çıxdıq? Olsun.

(Söhbətin davamına burda baxa bilərsiz)
XS
SM
MD
LG