Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:01

Məqsəd Nur. Birdən tək qalmaq (Hekayə)


-

Məqsəd Nur


Birdən tək qalmaq


Kifli tarixçələrdən bezən oğlanlar qulaqlarını tutsunlar: adama inanan qaqaşlar qalsın...


l.pərviz

I.

... Durmadan çaparaqda soruşurdum: axı sənin kilsədə nə işin, kimnən getmişdin: bəlkə batinində xristiansan: niyə kilsədə yıxılırdın ki: başqa bir kişi də (düzünü bilin, atası!) bunu deyərdi, axı sənin filan yerdə nə işin: sən niyə belə elədin, sən niyə filan işi helə tutdun: özü deyəndi: nazik, uzun, qatlaqları eninə çıxmış şüllüt barmaqlarıynan üzünə sərt şillə vurardı: o da üzünü dik tutmağa çalışar, çənəsini qaldırmaq istər, amma yerindəcə səntiyib yıxılardı: bu yıxılmaq oğraş şeydi - şillələnəsən, təklənəsən, qaqaş, özün yıxılasan, biləsən: napnazik, çırpı kimi bir yerə yığılıb hələbil əl dəysən sınası nazik sümükləri əyilərdi, onu boş buraxardı və başına nə gələrdisə sümüklərinin sıyığlığınnan gələrdi: özü danışandan özüm biləndi (sümük boşluğu qaqaş, belə şeylərdən yaranar - əsl adı amma, beyin boşluğudu: hardasa şillələrdən hürküb-hürküb beynində bir şey gizdətmək istər, o yer qapanar, qaqaş, elə qapalı qalar ki, sən böyüyüncə içi çürüyər: üstü var, içi boş durar içəridə.

Büdrəsən qapağ açılar, nəsə dartasan taraz olsun, başun sənə atar, atançı başın olar, qaqaş...): bircə soruşmağın yolunu bilsəz, qıza yaxın düşə bilsəz... sööbət o yaxınlıqdan getmir ki: düşsəz, onda, bilərsiz ki, kilsə pilləkənlərində müsəlman qızının yıxılıb qalmağı və qol-qıçını qınçır qan eləməyi nə deməkdi: istəsən lap saçından tut-sürü, küçə görsün, lap hörüyünü sarı maşının dalına sürü, şəhər bilsin: ta o getdiyini gedib... ta mən də durub bu cür qıznan neyniyəsiyəm: turtub əlindən yekə yolu keçirtdim, maşın-zad saymadım, gecə on ikiyə tərəf vızhavız yanımdan ötürlər, kim baxır, işığında hansı nə görür-görsün, dərdimin canı qurtarıb, dirədim onu Salyan kazarmasının divarına, qaldırdım özümə, sıxdım... yox, əstahfürüllah, bunu qoyub o birisinə keçirəm, ondan qabaq pilləkəndə durduq, bizi gözləyirdilər: darvazalar bağlansın, hərəsinin əlində darvazanın bir layı, bizə baxırdılar: baxır cəhənnəmə baxsın - söhbəti yox: söz dedilər, çıxaçıxda döndü əlini yusun, mən onu pilləkənin birinci pilləsində gözlədim, söz dedilər: yalmandılar, pul dürtdüm, dedim, çox sağ olun, Allah sizdən də razı olsun, Allah hardan razı olsun: çıxdı, onun belinə yapışdım, çənəmi çiyninə dirədim, pilləkəni qalxdıq, baxdılar, baxır cəhənnəmə baxsın, iki metr eninə pırpız döşəməli beton pilləkəndi, sağında tualet, sauna: ordan çıxmadım, qaqaş canı, solunda hündür divar, aşağıdan hələbil yerin altından qalxırsan, amma yerin altı deyil, dikdir kimidi, dikdirin altında nə lazımsa tikdirib-qoyub: çıxdıq, əvvəl sarıldıq, utanmadıq öpüşdük, bir xeyli yeridik, qarpız topasının yanından keçdik, sonra mən bir də geri dönüb baxdım, yemiş topası da vardı, dedim, nə əcəb mən yemişləri görməmişəm, tək olsam, qayıdıb bir də yemişlərə baxardım, əllərdim görüm yemişdimi, yerindədimi: dönmədim, bir məələ gedib tində bu yoldan yekə yolun qırağına keçdik, indi mən onu qucağıma aldım, vızhavız maşınlar keçir, işıq salır, biri lap qaqaşdığ elədi, siqnal verdi, bu qucağımdakı dedi ki, hər yerim görükür, burax: mən dedim cəhənnəmə görüksün, ya da o bunu bir neçə gün qabaq birinci dəfə qucağıma götürəndə demişdi, onda mən cəhənnəmə deməmişdim, indi ürəyimdə deyirdim cəhənnəmə... dalıüstə yerə oturdum: qucağımda başımı sığalladı, qalxıb özünü düzəltdi, təskinlik verdi (alə, beynin çönməz?), onda mən qandım ki, başqa bir qarpız topasının yanındayam, topanın dalından kimsə... həri, bir kəndçi bizə baxır, avtolavkanın içindən, qarpızlardan hündürdə oturub, qaranlığın içindən qaranlığa baxır: cəhənnəmə baxsın, sonra əlindən yapışıb yolu keçirtdim: yox, yoldan əvvəl mən “Odnajdı v Amerike”dən rusca dedim: “ya podskaznulsya Lapşa” dedim və əlindən tutub yolu keçirtdim, divara dirədim, divarda oturtmaq istədim, nəyin üstündə (qaqaş ləzzət!): Özümün üstündə: sıxdım onu, sümüklərinə qədər sıxdım-buraxdım, nəsə deyirdi: içinnən gəlirdi, ya da deməyi vardı, hıçqırırdı. Deməyi vardısa da, mən ona dedim:

- Telefonum qaldı!

- Qaçaq!

Alə, beynim çönməz?!

Qaçırıq, gəldiyimiz yerə tərəf - başqa yolnan. Mən lap bərk qaçıram, o dedi qaçaq, amma guya eləbil mən demişdim. Mən onu bütün xırda-para uçurumlardan keçirirəm: uçurum deyəndə, indi belə deyirəm, yamadı: sağda beşmərtəbə, solda doqquzmərtəbə, arasıynan çala-çuxur, avqustun ortasında leysandan sonra göl-gölməçə, qumlu palçıq, yarımçıq qalmış tikililər, qazılıb atılmış lüklar, sınıb-duran dəmirlər (günüzlər uşaqlar bu dəmirin hansınasa keçib ölmürlər, sınıb dikənən nə varsa hamısının dilini bilirlər, ölçülərini, hündürlüyünü bilirlər, özlərini hansı yerdən hara sürtdüklərini bilirlər: bunun hamısından keçməliyəm: o mənada, qaqaş, həyat asfalt deyil, gərək nəğədə çör-çöpü adlamağı öyrənəsən, yanından keçib-getməyi biləsən...):

...ondan da qabaq biz bığlı rusdan danışdıq, rusun bığı olarmı, olsa da ondan iyrənər, ögüyər dedik: bir rus gədə də tərs kimi, həmin gün ona zəng eliyə, deyə ki, sənnən söhbətim var, bu da deyə sözün var, sözüvü de, rus deyə, yox, telefon söhbəti deyil, bu da deyə, telefonda hər şeyi demək olar, yaxşı, onda mesajla göndər sözüvü... güldük (şilləliyərdim, niyə qımzanmadım, gözü yaşardı, başqa qucağa atdanmaq üçün sinoy gedən deyil, üzünü çevirdi, saçları sifətində qıvrılıb qaldı.): rus da axırı dözməyə, buna eşq elan eləyə. Bu da mənə deyə, söz verə, bir də belənçi zəng eliyən olsa, qabırğası sınacaq deyəm.. bir də gülək... ac qarına pşeniçnaya vodka içmişdim, mesajımı alıb gəlmişdi: kefin durur, qoy gəlsin: özü də dedi, kefin durur qoy gəlim, əlivün altında telefonun olum, sifarişinnən qaçım-yetirim özümü (lap əvvəl, qaqaş, nə gizdini, mən yalvarırdım): halım yox, başım xərəb, avqustda birdən-birə soyuq: pivə içə bilmirəm, araq olsun: gəlsin də, niyə də gəlməsin: birinci söhbət, lap birinci biz içməyə oturanda rusdan düşdü: mən birxeyli başqa şeylərdən danışdım, amma ikimizin də ürəyimizdən olan rusdan danışmağımız oldu: mən dedim ki, bığlı rus...dan zəhləm gedir...o da dedi ki, Sibirdə böyüyüb, bığlı rusdan zəhləsi gedir, rusun bığı olmaz: qaçırıq, yolda mən bir gölməçəni görüb buruldum, onu da dalımca çəkdim, dedi ki, sən gecə görənsən, qurdsan ki: dedim qurdam, dedim, uşaq vaxtı azmışam, Şamaxıda, qaqaş canı, məni qarda canavarların əlindən alıb-qutarıblar, məni dövrəyə alıb iynəsələr necədi, analı-balalı: içlərindən çıxıb sağ qalmışam... gəldik, bağlıdı: dəmir qapıya üç təpik vurdu, söydü: bağlıdı, vecimizə almamaq istədik, qaçıb indi burdan asfalta, iri bir boşluğa, Ay işığına çıxacaqdıq, ora doğru qaçırdıq, can atdıq. Əl-ələ tutuşub yenə qaçışmaq istədik: mən onu yerdə gördüm, gözləri mənə baxırdı: nə tez fırlatdı-çöndərdi gözlərini: diri qalıb, yıxılmağını almır yəni: altan-yuxarı nə tez eynən mənə baxır: beyni yoxdu bu adamın, qaqaş, birdən çatdı ki, yıxılıb, mən də əlsiz-qolsuz olam arada: gözləri altan adama baxır, fikirləşir, eləbil həmişə belə uzanıqlı, yıxılı qalıb, qaqaş: qız həmişə yıxılı qalar, yanüstdə: ağlamaq tutdu, qaqaş, qız yıxılanda yıxılı qala bilər: qarında yıxılı qalıb deyərsən, həmişə yıxılanüstdə qala bilər adam: gəzsin, oynasın, danışsın: yıxılanıüstdə olsun, heç kim də bunu bilməsin. Adam bilənlər eşitsin, qaqaş, gözünə baxasan-deyəsən toyuğ ağlıdı: indi deyir sıyrılıb, qan-qançır olub: dodağı partlayıb. Dizləri salamat: üzüstə dəymişdi, boynumdan sallanıb qalxdı, amma gözlərində bir toyuğ ağlı var, nəsə deyir, eləbil qapağ açılır: içi boş... mən söhbəti elə-belənçinə danışmaram, qaqaş!



II.

Hərə pişiyə bir təpik vurur. Dur gözlə, axırı ona bir künc tapacaqlar...


l.pərviz

Pişiyin də balası özünə əzizdi, qaqaş: sən mamova əzizsən, o da öz mamasına: talış arvadı görürsən, mən bu kafeyə neçə aydı gəlirəm, oturub saatnan pivəliyirəm, o arvad bu pişikləri yemləyir, indi soyuğ düşür, bu da doğub-törüyüb - balalarını ağzına alıb dükana girir: bax, təpik-təpiyin dalıncadı: bilsəm ki, qaqaş, pişiyi həndəvərindən birdəfəlik atacaq, deyərəm, atandı, vurandı, kəsəndi, təpiyinin dalında durandı (pişik də onu tanıyandı, dübarə gəlecey): talış arvad ta bezib, gör yanından necə keçir - vızıltıynan: acığındandı, qaqaş canı, əlindəki boşqabın sür-sümüyünü də atmır, həmişə özü piş-piş eliyib aparardı, çəkərdi qırağa ki, camaatı bezdirməsin: indi demir, ay müsəlman, ay yekə erkək kişi, sən də bir künc versənə: dünən pişiyin adıynan burdakı millətə yeddimərtəbəli söyüş söydü: dedi, yayı pişik sərfiydi, soyuq gəlir sərf olmur, dedi, kişi olsam, səni tikə-tikə eliyib canuvu qurtarram, ya da götürüb elə azdırram, ünün qalmaz...

Pişik qabağından keçənin olmasın, qaqaş!

Gecə burdan Kazarmanın yanından keçirəm, görəm oturub bir qaqaş, qabağında dəmir kasa, yaxınlaşam baxam, misdəndi, içində bizim naxışlardan, nəmmm, nəsə ot-ələf kimi şeylər, başını qaldırmır ey, kuklusklan paltarı geyib, arada helə biləsən, arvaddı, çərşab atıb, qafa yerinin bir ucu mizərək... mən də neyniyəm, qız qolumda, mənə deyə ki, xatalıdı, keç bu yana, az qala əl-ayağıma düşə, mən də sayammı bunu, istiyəm sözünə baxam (ağlımnan keçə ki sıyığ getmə), sonra vura beynim kəllə-çarxa, cumam cibə, pul atam, qaqaş, qızı qoyam qala Allah bilə harda-dalda, dönüb göz gəzdirəm ki, qız hanı, gözüm kasada ilişə, görəm ki, pul dönüb oldu iki dənə yekə zər: fırranır kasada, atdanıb durur: bu cında oğlu da, qaqaş, heç başını qaldırmır, heç qımzanmır ki, ağzına iki təpik ilişdirəsən, deyəsən, bu nə hoqqadı, qaqaş: əlimi bir də cibimə salım ki, bir də atım: bir də atam, qaqaş, bir də ola dörd dənə zər: belənçi iri-iri dəl-deşiyi üstündə, altında qara yerliyi: eymənəm, qaqaş, yalanı yoxdu ki, qayıdam qızın qoltuğunu axtaram, o da həmişə hazır də, başımı sığallıya, bilə ha, bilə ki, orda nəsə əlləm-qəlləm var, çəkə sala məni qucağına, qaqaş, yan gedək, gedək, gedək, yenə bir döngədə - Alatava evlərinə dönən yerdə, qaranlıq tində, xoflandıran yerdə, qaqaş, it ulaşan yerdə, it ulaşan yerdə dönək, dönməmiş görək o çarşablı biqeyrət dalımızca gəlir, çiynində kərənti, bizə qaçır, gələ, gələ, biz də qaçaq, axırı hasar dibinə enib döngədəki maşın dayanacağına çatası, o da dabandöymə çatası, ata bir şeyi, görəm zərdi, özü də bir cüt zər, düşə torpağa, görəm qumbaradı, qaqaş, partlaya...

... mən də ayılam, qaqaş, döşənəm qızı əmişdirməyə...


III.

Əmişdirməyə qaqaş, əlin çatar-çatarda lap dinivü də dəyişərsən. Əmişdirməkdən sonra qaqaş, sənə nə qalır: bilsən doyarsan, əlin də hər kəsin ətəyinə çatar.

l.pərviz

Dədəsi döyəndə əlim ona çatmamışdı: kilsəyə gedəndə də, qız tək qalanda da: qız, qaqaş, cənnət bucağıdı: başın içi boş qalmaq, qaqaş, zordu, onda Allaha lap çox yer olur... heyran olur ey mənə, yuxumu danışam-danışmayam, ona çatmır, hər nə desən, başının içinə girir, ağlamağı gəlir, bilmirəm, niyə demir, amma bilirəm ki, məni ağlayır, nəyimi ağlıya, it qızı it, bilmərəm: adamın gününə ağlıyarlar, qaqaş: günüvə ağlıyanın olsun: soruşdum kilsədə nə gəzirdin, deyə belə yerdə künc tapmış kimi oluram: elə bu: mən bu dində doğulmuşam, qaqaş, ətim ürpənər, mən din köynəyimi dəyişəmmərəm: amma qız gedirsə, qaqaş, səbəb var: deyə sonra ilk əzanı eşidəndə beynim çöndü, təzədən qayıtdım, namaz qıldım, qulağıma işdədi, harasınamı: kilsənin qabağında paltosunun ayağı ilişə, qala öz ayağının altında... bu qayıdanda ola: gedəndə sakit gedə, içi bom-boş, qup-quru, gəzə, kilsədə şamlara dəyə, İsaya baxa, Məryəmə, qoxulardan xoşlana, sakit, dəbərəkliyindən yorulduğu gözləri başından ata, başqa soyuq gözlərə baxa, baxa, gəzə, hərlənə, gedə, desin ürəyindəkiləri, özüynən danışmasın, özüynən danışmaqdan yorulsun, pərdəynən danışsın, aradakı pərdə qəşəngdi axı, gözüvü yumasan, biləsən, səni eşidən var, amma səs-səsə verəsən, sən deyəsən o deyə, elə deyə ki, sığallıya, tutasan onun sığalını, nənənin tumarı kimi tutasan, boşlamayasan, saçlarına çıxasan nənənin, qaqaş hə, saçlarının içində qalasan nənəvün qaqaş hə: nənə görənlər bilər: din barmağı olan yerdə gizdənmiş nənə var: din qədər nənələr də bicdi: rahibə yaxınlaşa, qaqaş, rahib deyə, gərək xristian olasan, soyuq dilnən, altında al dili ki, gəlsin xaç suyuna, xaç suyu deyiləndə bunun qorxusu tuta, əti ürpənə, çaşa-qala, öz gözü dəbərəkləşə, başını götürüb çıxamı, dönüb gedəmi, başında-ürəyində nə varsa, bom-boş ola... bir də kilsənin pilləkənini qayıdanda səndələyəmi, paltosunun ucu ayağının altında qalamı: mən bilən başından səndələyə qaqaş.

IV.

Atasını gözləyirəm qaqaş, sezondan gələsidi, gələn kimi barmağını qapı arasında qoyasıyam, qız özü bilmiyəsidi...

2001
XS
SM
MD
LG