Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:48

Məqsəd Nur "Yağış dölü" (Hekayə)


Məqsəd Nur
Məqsəd Nur
-

Məqsəd Nur


Yağış dölü

(Küləkli şəhərin sirlərindən)


K.M.-ə və K.M.-ə

...Mənə elçi gəliblər; Ərdəbildəki qohumlardı, atam da kövrəlib, nənəm də: anamdan savayı hamı ağlaşır, indiyəcən məktublaşırdılar, indi də gəliblər, ürəyim atdanır, ağladım, dedim elçiləri yola salsınlar, bəlkə xəbərdən xəbərləri yoxdu, gəldikləri kimi də qayıdacaqlar...

* * *

...Yağış yağanda özümü həndəvərdəki ağacların, otların, nə bilim səkilərin də doğması bilirəm. Gülən olmasa, onların yerinə atılıb-düşərəm: toz-torpaqdan, dəmqazının hisindən silkinib çıxmaq otlara, küçələrə, yarpaqlara çox yaraşır. Yağış başladımı, bizim universitetə gedən yolda ayaqqabıların səsi bir özgə olur. O yola təzəlikdə qırmızı kərpic düzülüb; dükan sahibləri döşətdiriblər. Söz gəzir ki, kərpiclərin dözümü uzun çəkməz, bişimi həmənki deyil. Amma bir tərəfdən hamarlanır, bir tərəfdən də eləsi var, qumu çıxır. Dədəm deyir, Parapetdə də belə olub, yağışlar hər şeyi yerinə qoyacaq...
Yağışlı günlərdə ayaq səslərinin taqqıltısı çox yapışıqlı olur. İndiki dəb deyəsən altmışıncı illərdən gəlmədi: beləsindən xoşum gəlir. Hər dəb də sevgili yağışlarıma yaraşmır! Özüm də axır vaxtlar çox qalın kabloklu dikdabandayam, sinəmi kefim gələn qədər açmışam. Qara yubkam baldırlarıma yaman yaraşır. Anam tumanımın qısalığına mor tutub; tuman məsələsinə görə əlimnən yanğısı var. Zornan səsini içinə salır, bir az dədəmin qorxusudu, bir az da özü imana-dinə gəlib. Yoxsa ətimi kəsər, uf deməz.
Saçımı qısa kəsdirdim; ucları dodaqlarımın arasına girir, dar-darağım da yerindədi. Bu dəbin gözəlliyi ciddiliyindədi: rəng yaddaşı amma, qaradı, bir də çəhrayı. Ağı, qırmızısı, yaşılı azdı. Ən çoxu da bizim kişilərin payızı-yazı geydiyi dəri gödəkçələrin rəngi yadıma gələndə beynim qıcanır. Deyirsən o bədniyabət rəngdən çıxa bilmirlər; sir-sifətlərini də turşudub öz işlərinin dalıncadırlar.

Yazağzı yağış yağanda evdə qala bilmirəm, ayaqların səsinə qulaq verirəm: səsə çox qulaq versən gülməyin gələr - ayaqlar başları hara gəldi götürüb-itir. Deyirsən başlar ayaqlara yox, ayaqlar başlara böyükcədi. Dərsə gedən-gələn qızların əndamındakı əyər-əskik də üzə çıxır: gombul da, əyriayaq da yerişini itirir: hərə özünə bir daldalıq axtarır.
Yağmuru hamıdan tez duyan özüməm: gəlməyini gözləmədən gəzintiyə toparlanıram. Evdəkilərin mənə acığı tutur: övkələri çatlasa dinmirlər, guya mən yağış-zad gətirənəm... Ürəyaçan günlər az olur: burda külək hər şeyə şərikdi, havaya, suya, yağışa-qara... əskik olmur qaragəlmiş!

Havadan xoşlanan kimi bulvara tərəf diyirlənirəm - dədəmnən bir yerdə. O mənim sözümnən çıxmır... Dənizə çatanda elə bil balıq kürüsünə qatılmış neft iynəyirsən. Özümü dənizin içində bilirəm. Mən görürəm, Allahım haqqı görürəm, bu yağış dənizi nətər yumağı bacarır: hisli asfaltları və otları çimdirdiyi kimi buxta balıqlarını da istağa qoyur; narın-narın, tələsmədən bu sel-su dənizin canına işləyir. Elə bilirəm, şəhərin yağışlı günlərində balıqlar canlarına çəkdiyi nöyüt qatından silkinib oynayırlar, sevişirlər. Bəlkə bu andaca çaşıb buxtaya kürü tökürlər: ora açılan çirkli sular yağış selinə qatılanda axar güclənir, zavallı balıqlar da axarın bir küncünə sürülənib ya döl qoymağa, ya bir şey tapıb yeməyə cumurlar. Lap uzaqlara üzüb göm-göy təmiz sulara kürü tökə bilməzlərmi, nədən bu çirkabda qalırlar?! Dədəm deyir yeməyə, axara, bir də dincliyə görə qalırlar; həm də dənizin qaydalarına baxanda burdakı balıqlar çox xırda və gücsüzdülər, bura onlarçün bir küncünə sığındıqları iri dünyadı...

Hərdən ağlımda balıqların səsini və gözlərinin şadyanalığını uydururam... Axırda da gözümün qorası gedir. Ağlayıram... Fürsətim olsa balıqlara qoşulub dənizin dibində yaşamağa qaçardım. Sonralar hər gün dədəm bu sahilə gələr, ağarmış saç-saqqalının altından kimsə bilməsin qədər qımışardı, bilərdi ki, mən hardasa buralarda, onun ayaqlarını yalayan sahillərdə görüşünə gəlmişəm. Bir dəfə mən dədəmin ayağını suya qoyanda, onun arıq, əzalı barmaqlarının üstünə əllərimlə su tökdükcə bu duyğunu yaşadım... Amma dədəmi özümnən götürməzdim, bu dünyada bir adamım qalmazdı ki... Bir yuxum var: balıqların dölü barədə. O yuxunu dədəmnən savayı kiməsə danışmağa ürək qızdırmazdım, o vaxt anama da danışmadım... Neynirəm.

* * *

...İki qızıydıq. İkimiz də qısatumanlı. İkimiz də bulvarın uçub-sökülən bir taxta dayağının üstündə dənizin sonsuzluğundan nəsə gözlədiyimizi bilirdik, amma nə?! Hər ikimiz eyni canıydıq; gözlərimizin də rəngi, daraqlı saçlarımızın da ətri eyniydi, mən bunu qanırdım. Əynimizdəki qıp-qısa tumanı həmişə belənçi geymək istəmişdim, indi hər ikimiz anamızın bizi bu tumanda görüb saçlayacağından ürpənirdik. Dərd içində uzaqlara baxır, qıraqdan bir-birimizin tumanını eyni vaxtda marıtlayır və baxışlarımız toqquşmazdan öncə içimiz paxılca çırpınır, təzədən “birləşib” yolumuzu gözləyirdik. Biz Kit gözləyirik, hə, Kit... ya da iri bir delfinmi, balinamı, nəmi... yadımda qalan iri, qara, mülayim bir balıqkimini gözləməyimdi, xoşməramlı və boynu-çənəsi ala, üstü qap-qara, parıltılı nər balıq. O, bir az uzaqda su üstünə çıxmalı, bizi görüb sahilə üzməliydi...
Elə olmadı: nəhəng bir alapaça az qala ayağımızın altından pırtlayıb-çıxdı. Onun ətri hələ də burnumdadı; tər qoxusuydu, nöyütlü balıq təri. Ayılandan sonra belə bir qoxunu tapa biləcəyimnən əl götürdüm, amma o tər iyi yaddaşımda çözə bilmədiyim rəng kimi ilişib qalmışdı, rahatlıq vermirdi. Deyəsən, qulaqlarının dibindən su fışqırdıb düz qabaqda dayanan qızın (deyəsən elə o da məniydim) ayağına, sonra da azca dikəlib baldırına toxundu və qız bir fəryadla dizlərini cırmaqladı. Ovuclarını sıxdı, balaca əllərini dizlərindən yuxarıya çəkdi. Ovcunu açanda sağ əlində bapbalaca bir Kit pırtlayırdı. Rəngi də qım-qırmızı... Mən duydum ki ovcumun içindəki körpə Kit oğlan uşağıdı, əl-əlbət oğlandı! Xısınca: “- Oğlan kövrək olur” - deyə körpəni bağrıma basıb dənizə baxdım (bu sözü günüzü əmigəlinindən eşitmişdim), hələ özümü arvadlığa vurub Kitə abır-həya da tuturdum. O gülümsünürdü, xoşbəxtiydi. Balıqların gülüşü belə olurmuş, mən onu heç bir insan təbəssümünə oxşada bilmərəm...

Qışqırığa anam yetdi, gecəyarı al-qan içindəydim, məni bağrına basıb gülürdü. Gözləri yaşardı, dedim indi şaqqanaq çəkər. Başımı qucağına sıxıb ağladı. Mən də özümü tülkülüyə vurmuşdum; ayaqlarım ağrıyırdı, düzdü, amma əmigəlinim olacağı demişdi...

* * *
...Anam başıküllü, ömrünü bizə yedirtdi, bu da sonu. Kinsiz arvaddı, mənə görə fikir çəkir. Dədəm də düşəndə onu budarlıyır, üzünə baxmır, anam əvvəl dinməzdi, indi arabir sözünü deyir, qarğıyır da. Yalandı, belədə ölür dədəmçün, bütün Dağlı məhəlləsi danışır; o vaxtın “Pobeda”sında hind kinosundan çıxanda basmarlıyıb qaçırıbmış onu... Dədəm arabir öz nənəsinin də acığını anamdan çıxır, belədə nənəsini görəndə quzuya dönür, əllərini yanına salırdı. Axırlarda mənim xətrimə dəysə, nənəsinin də qarasına bığaltı nəsə donquldanır, qapını çırpıb gedir. Mən onu belə bilməzdim: amma qarının da canında az yoxdu... Ondan küskünəm, indi də qaramca donquldanır ki, mən o yarpaqları qızıldan qiymətli bilirəm. Mənim ərlik söz-söhbətim ortaya çıxan günlərdən nənəm özünə həşir gəlmişdi, “ağəz, deyirdi, bu başıbatmış ərinin qucağında yatacaq, ya bu kifli yarpaqların?”

Payızın aylı gecələrində çıxıb yarpaqlarnan oynayır, zümzümə edirdim... Səhərisi nənəm qaraqışqırıq salırdı ki, həmin anda məni dindirsələr ürəyim partlar. Dədəm gəlirdi, saçlarımı tumarlayır, ustufca əlimi ovcunun içinə alır, məni qucağına basıb evə aparırdı.

* * *

...Nənəmin talvarının altı mənim həm anbarım, həm də yarpaqlarnan görüş yerimiydi. Payız gələndə vaxtım daralır, işim çoxalırdı; gəlinlər yarpaq süpürməkdən canlarını qurtardığıma görəmi, ya nəyəsə görə, əməyimi biləniydilər: qəribəliyimə göz yuma bilməsələr də, məni sevdiklərini bəzən yalan-doğru gizlətmirdilər. Böyük gəlin bir gün hərəkətlərimə baxıb, hamilə vaxtıydı, ağlamışdı da... İllərcə bu işdən əl götürmədim: payız yarpaqlarını yığdım, qurutdum, çürütdüm...

Bir dəfə nənəmin yun klyonkasını oğurlayıb gizlətmişdim, onu üzə çıxarmalı oldum; yarpaqları soyuqdan qorumaqçün əskilərə, klyonkalara, balaca tumanımın ətəyinə yığıb gücüm çatınca qədər nənəmin talvarının altına dürtür, üstlərini bərk-bərk bağlayırdım. Hər il həyətdə bu əməllərimə görə qan qaralır, saçyolmalar, davalar düşürdü. Yarpaqlar çürüməyə başlayanda qoxusu onsuz da rütubətdə boğulan həyəti bürüyürdü: nənəm anamı və bütün gəlinləri ağzından çıxan naqolay sözlərlə söyürdü, ən abırlı sözü mənə “qancıx” deməyiydi... Anam nənəmə dil çıxarsa, nənəm olurdu yalan, axırda qarı özü araya dürtülür və anamı dədəmin əlindən gücnən alırdı...

...Öz işimdəydim, payız sovurmalarından, amansız küləklərdən yarpaqlarımı qorumaqdaydım: onlar cansız göründükləri qədər də canlıydılar. Ruhlar barədə belə düşünürdüm: yarpaqlar köhnə ruhlardı, yazda yenidən doğulurlar. Ruhlara inanmağa başlayırdım: yarpaq yığmaqdan əl götürməyi düşünürdüm, lap bu gün-sabah... qoy onları hər yerdə, hər yerdə gəzən ruhlar əvəz eləsin...

Sözümün yiyəsi ola bilmədim: o biri payız da donumun ətəyini doldurub nənəmin talvarına qaçdım, hesabıma görə heç kim məni güdməməliydi. Anam dizinə başına döyə-döyə, həyətə çıxdı, mən donub durdum, tez geri döndü, içəri atlanıb qayıtdı, əllərini saçıma atıb qoluna doladı, məni evə - qaz peçinin yanınacan sürütlədi və sağ əlimin üstündə cızdağım çıxdı... Bıçağı əlimin ətli yerindən götürəndə dağ yerini gördüm və huşum getdi...

* * *

Küləkləri sevmirəm: amansız və ağılsızdırlar! O küləklər ki, bizim məhəllənin yerlisidi, mən onlara yel deyirəm, qara yel...

Taxta həyət qapısı Dağlı məhəlləsinin əyri-üyrü, yöndəmsiz evləri kimi öz yerində deyil. Həngəmasından çıxıb, həyətə girənlər qapını itələyirdilər; adətiydi, heç kim qapını dalıyca örtmürdü, ağır, cəftəsindən laxlayan nəm çəkmiş lay qapı tarappıltıynan yerinə otururdu və bu səsdən bütün həyətdəkilər evlərində otursalar belə kiminsə gəldiyini bilirdilər... O taxta qapıdan içəri girən kimi sağda nənəmin eviydi, sonra əmimgil, sonra biz. Ağaclar nənəmin pəncərəsiynən bizim pəncərə arasındakı tökmətorpaqlıqdaydı. Qapının səsi cırıltıynan tappıltının səsbirliyi kimiydi; adam gəlməyəndə külək gəlirdi, özü kimi yelbeyin qapını yellədirdi, oynadırdı...

Ağaclar lütləşəndə küləklər qalxırdı, ara-sıra uzaqdan dənizin küləkdən qalxan ləpələrinə baxmaqçün tut ağacının budağına qalxıb otururdum. Çalışırdım, görən az olsun... Həyət qapısı açıldı:

- Cırrr, taarrappp!!!

Gözlərimi açanda zülmət gördüm, bu vaxt qaranlıq olmamalıydı, səsləri anışdırdım. Ətrafdakı səslər gecə səsi deyildi. Anam özünü döyür, nənəm yenə donquldanırdı. Dədəmin üzünü görmək istədim, qulağımda tütünlü nəfəsini duydum, kövrəlib ağladım, hönkürdüm. Sonra birdəfəlik susdum: sevinirdim, indi mənə dəyməyəcəklər! İçimdə rənglər, yarpaqlar, dəniz və dədəmin yazıq sifəti vardı...

* * *

Əlimlə çox şeyləri görə bilirəm, burnum, qulağım, indi çox dadıma çatır. Anamın qaradinməzliyini də görürəm, özünü lənətləyir, qırımından nəsə bir xəta çıxaracağını da görürəm. Dənizin iyini duyur, balıqlarla yuxularımda danışıram...

Yağışların səsi var, səs verir, səs səsi gətirir, bu musiqidən hər şey canlanır, silkinib çıxır və kirlənmiş hər şeyin qoxusu təzələnir, bax onda mən yarpaqların, ağacların, budaqların qoxusunu duyuram...

* * *
...Deyəsən elçilər qısa tumanımı görüb fikirlərini dəyişiblər; amma bacım deyir ki, Ərdəbildə bizdən də yaxşı bəzənirlər, hər şeyləri də var. Qoy bacım xoşbəxt olsun... Yağış olanda bacım arabamdan yapışıb sahilə aparmaq istəyir; dədəm qoymur, keçən dəfə onu acıladı, həm də ərdəbilli qohumlara söz eşitdirdi. Onların nə günahı, can dədə...

19.04.1996
XS
SM
MD
LG