Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:07

Musa Ələkbərli. Şeirlər


-

VƏTƏN DƏRSİ

Bakıdakı 189 saylı məktəbdə mütəmadi olaraq ayrıca "Vətən dərsi" keçilir.

Aman allah, nə ağrılı,
Nə əzablı bir gün oldu.
Xəyal uçdu hardan-hara...
Fikir məni çəkdi dara.
Yenə çatdı pik həddinə
Bu vətənin, bu torpağın
Şah İsmayıl sərhədinə.
Bir ilahi dərdlə yanan,
Duyğulanan, alovlanan,
Ürək yenə sürgün oldu...
Mübarəkdi vətən dərsi,
Qoy hüzura vətən gəlsin...
Bu Gümrüdü, bu Axtadı,
Bu Zəngəzur, bu İrəvan,
Bu Dərbənddi, bu Göyçədi,
Bir-bir sayım, hələ dayan,
Bu Zəncanım, bu Təbrizim,
Bu Mərəndim, Ərdəbilim,
Qılınc çalan ər oğullar,
Çəkdiyimiz sonsuz zülüm
Desəm sizdən qalıb miras
Qarabağım nalə çəkər,
Sorar, bəs bu indiki yas?!
Bu əzilən, tapdalanan
Söylə kimin vüqarıdır?
Bu gün daha xəcilsən sən
Dünənini düşünəndə,
Vallah, yenə dərd yarıdır...
Bölgə-bölgə getdi vətən,
Yağı yurdu tikələdi.
Vətən dərsi keçdin mənə,
Bu dərs məni silkələdi...
Bu dərs qara günümüzdü,
Xocalıdı, Əsgərandı.
Şəhidlərin ruhu indi
Hərəsandı, nigarandı.
Bir dərdimi çözələdim,
Ümman-ümman dərd yarandı.
Zaman-zaman bu torpağın
Altı qızıl, üstü qızıl,
Özgələrdən minnət çəkib,
Zaman-zaman zillət çəkib
Bu vətənin oğlu, qızı...
Vətən dərsi keçdin bizə
Bu bölünmüş, parçalanmış,
Rüzgarına, yağmuruna,
Dərd calanmış vətən dərsi,
Üzü qara əsrlərə ötürmüşük
ötən dərsi.
Amma bunu ötürməyək.
Ağrısını, əzabını
götürməyək.
Vətən indi Qarabağda
Bir sahibsiz cənazədi,
Gedək onu götürək biz.
Oxxay deyib nəfəs alaq,
Viran qalan binəmizlə,
Bu qəlpəli sinəmizlə
Köksümüzü ötürək biz...
Anam, sonam, dərdçəkənim,
Ey qəhrəman, aslan qadın,
Vətən dərsi keçdin mənə,
Tarixlərə düşsün gərək
sənin adın...
Şəhla Gündüz...
Bu günümün,
Gündüzümün ər yavrusu,
Halalındır bu şərəf-şan,
Bu torpaq, su...
Göy ayrıca çətir açsın,
Yer yer versin qucağında,
Qorusun bu təmizliyi,
Doğmalığı, əzizliyi,
Biz də yanaq ocağında...
Vətən dərsi...
Vətən dərsdi
Oxuyana, öyrənənə.
Öz adıyla, öz sanıyla,
Soy-köküylə öyünənə
Yaxşı dinlə
Pianonun dillərində
Dilə gələn bu naləni,
Barmağında tufan olan,
Sevgisiylə ümman olan
Türk xatunu Kəmaləni.
Vətən dərsdi,
Dərsi bizə dərs olmayır,
Heç bilmirəm bu nə sirdi,
Üç əsrdi, beş əsrdi
Yağılardan çəkdiyimiz
bəs olmayır!
Amalı pak, qayəsi düz
Cəsur qadın Şəhla Gündüz.
Çox ağırdır, çox ağrıdır
Vətən dərsi.
Sən bu zülmü çəkirsən ki,
Bu ağacı əkirsən ki,
Meyvəsini vətən dərsin!


ŞEİRİM, KÖLƏ OLMA...

Şeirim, kölə olma, şeirim qul olma,
Yoxsul yaşadım ki, sən yoxsul olma.
Sənə qurban getdi bu ömür, bu gün
O şah vüqarını yaşatmaq üçün.
Mənsiz kim çəkəcək sənin ağrını,
Dumantək üstümə çök, mənim şeirim.
Mənim ürəyimi, yerin bağrını,
Göyün yaxasını sök, mənim şeirim.
Mən elə ac-susuz yaşaya billəm,
Ən ağır cəzanı daşıya billəm.
Sən sevgi acı ol, dərd acı olma,
İlhamın, istəyin möhtacı olma!
Sənin Nizamitək ulun, allahın,
Sənin Füzuli tək xudan var şeirim.
Dastanın, nağılın, laylan, bayatın,
Bu günün, dünənin, köhnən, boyatın,
Tardakı, neydəki nəğmə həyatın,
Sazın tellərində nidan var şeirim.
Tanrıya bağlıdır arzun, istəyin,
Yerdə də, göydə də sədan var, şeirim.
Mənim övladımsan, gəl fərsiz olma,
Sən karsız, təpərsiz, kəsərsiz olma!
Uçub göylərdə tap doğma kəsini,
Ucaldıb tanrıya haqqın səsini
Hissimi, duyğumu car eylə, şeirim.
Qulağı tutulmuş kar zəmanəyə
Göstər öz gücünü, kar eylə, şeirim.
Quruyan ağaca həyat suyu ver,
Sozalan çiçəyi bar eylə, şeirim.
Mənim yoxluğuma az qalıb daha,
Mənim varlığımı var eylə, şeirim!


ÇALMA O QARMONU

(Sahildə kürəyini dəmir məhəccərə söykəyən bir soydaşımız yanıqlı-yanıqlı qarmon çalırdı, nə qarşısına qoyduğu papağına qəpik atan­la­rın, nə də yanından saymazca ötənlərin fərqində deyildi.)

Asilik eləmə taleyə, baxta,
Asta çal bu dərdi, zilə gətirmə.
Fontanlar boy verən bu Milli parkda
Milli ağrımızı dilə gətirmə.

Qəmin bülənd olub göyə, bilirsən,
Daşdımı Allahın ürəyi, qardaş?
Sən hansı ürəklə yeyə bilirsən
Göz yaşından çıxan çörəyi, qardaş?!

Qarmon dil-dil ötür çəkdiyin ahı,
Onun boğazına çökürsən niyə?
Bu yay gecəsinin nədir günahı
Bağrını yer-yerdən sökürsən niyə?!

Niyə yox görünür indi var olan,
Asan bir işimiz çıxır çətindən?
Sənin göz yaşından xəbərdar olan
Xəzər qurumazmı xəcalətindən?!

Bu dərdin sehridir, sənətin sirri,
Səninçün son ümid yeridir bulvar.
Cibinə əl atsa yüzündən biri,
Baxıb görərsən ki, cibində pul var.

Çalma o qarmonu, ürəyim sancır,
Bu dərd hər könülə, ürəyə çatmır.
Axşamkı göynəkdən çıxan qazancın
Səhərki pendirə, çörəyə çatmır.

Yetər bu göz yaşı, bu nalə yetər,
Bir azca cilovla öz təlaşını.
Yanma, körüklənmə sən ondan betər,
Qarmonun üstündən qaldır başını.

Çalma, təzələmə əski yaranı,
Dəryada tufana dönəcək dərdim.
Uca göydələnlər kəsir aranı,
Yoxsa göyü çəkib yerə tökərdim.

Bu dəniz havası dərman deyilmiş,
Ağrını, acını udub gedirəm.
Açılıb-bükülən qarmon deyilmiş,
Mən öz ürəyimi tutub gedirəm.


MƏNİ BAĞIŞLAMAZ

İçimdə boğsam sözümü,
Döyüküb döysəm gözümü,
Bu bazardan, bu alverdən
Məmnun saysam mən özümü,
Bu yerə də yer eləyər,
Göylər məni bağışlamaz!

Görməsəm bu günahları,
Bu ümidsiz sabahları,
İçin-için göynəməsəm,
Dinləməsəm bu ahları.
Kamanları ağlatmasam,
Neylər məni bağışlamaz!

Bu qaydasız döyüşlərdə
Qan verib qalib olmasam,
Qismətimi əjdəhanın
Ağzından çalıb almasam,
Qartallar küsər səmadan,
Leylər məni bağışlamaz!

Bu dünyəvi talanlara,
Bu bəşəri yalanlara
Bir anlıq yumsam gözümü,
Qanımdan qorxub qanmasam,
Keyliyə qoysam özümü,
İllərlə haqqı çeynənən
Keylər məni bağışlamaz!

Bu od içrə sakin olub,
Yanmamaq olmur, ay dadaş.
Sabirin sözü olmasın,
Qanmamaq olmur, ay dadaş!
"Qızılgül, bağü-büstanım",
Sökülür tağü-bostanım.
Söylə görüm heç qılıncsız
Yazılarmı bu dastanım?
Bu sadədil sualımdan
Qəzəblənər Şah İsmayıl
Neylər? - Məni bağışlamaz!
Yerlər məni bağışlamaz!
Göylər məni bağışlamaz!


MƏNİM GƏLƏCƏYİM

Bu da sənin üçün taleyin əmri,
Çatdığın ocaqda yaxşı yan, Musa,
Yaşaya bildinmi bir insan ömrü,
Peyğəmbər adını daşıyan Musa?!

Tanrı dərgahından gələn adınla
Budağın tutacaq bar, - deyirdilər.
Eşqinlə, qəlbinlə, istedadınla
Sənin gələcəyin var - deyirdilər.

Dinirsən həmişə səmimiyyətlə,
Dilindən sözlərin istisi çıxır.
Yanırsan ən ülvi arzu-niyyətlə,
Başından ilhamın tüstüsü çıxır.

Gözə gətirdilər beləcə məni,
Ağrını, acını kirmişcə uddum.
Ürək dara çəkdi hər gecə məni,
Hər səhər əlimi üzümə tutdum.

Halalca tikəmi göydə çaldılar,
Oxu tuşladılar düz ürəyimə.
Mənim bu günümü məndən aldılar,
Gözümü dikdilər gələcəyimə.

Hər gün gün itirdim yaxşı gün üçün,
Ümidim həmişə sabahda getdi.
Yollarda ləngiyib qaldı toy-düyün,
Mənim gözlədiyim sabah da getdi.

Hər gün qulağımı deşdi yalanlar,
Öyünc eləyim mən axı nəyimi?!
Qardaş, bu günümə balta çalanlar
Arxivə atdılar gələcəyimi.

Dəyişdi həyatda hər şeyin dadı,
Arzu da, ümid də daha xəyaldı.
Mənim gələcəyim gəlib çıxmadı,
Mənim gələcəyim keçmişdə qaldı.


GÖZƏL

Baş-ayaq sözlərim sənə dəyməsin,
Gözəllik gözümün nurudur, gözəl.
Sənin baxışların, mənim ürəyim
Bulaq suyundan da durudur, gözəl.

Bəlalı ürəyim çox dözüb dağa,
Göydən ya nur düşə, ya atəş yağa...
Gündüzlər gözlərin qoyur islağa,
Gecələr sübhətək qurudur, gözəl.

Bənzəri olmayan bu naz, bu əda,
Ötən günlərimi gətirir yada.
"Qadan alım" deyim, görmə dərd, qada,
Bu yanğı, bu istək uludur, gözəl!

Ləkəsiz günəşdi, aydı məhəbbət,
Səsimi aləmə yaydı məhəbbət.
Tanrının verdiyi paydı məhəbbət
Sinəm ilahidən doludur, gözəl!

Tufarqanlı Abbas, Aşıq Ələsgər,
Bu hüsnü-camalı görsəydi əgər,
Ölməzdi, yazardı daim, sərasər,
Bu yol aşiqlərin yoludur, gözəl!

"Gəl erkən qocalma" - bunu vaxt deyir,
Sən bu gələn yazda eşqə bax deyir.
Hər yerdə, hər zaman sözü şax deyir
Musa, duyanların quludur, gözəl!

7.05.2008


AŞİQLİK

Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm etmə bəlayi-eşqdən cüda məni.
(Məcnunun Kəbədəki duasından)

Heyrətdən içimdə boğuldu ünüm,
Nə gözəl yaraşır sənə bu çalma.
Daha mən gələndə, ay ömrüm-günüm,
Tövbə qapısını yadıma salma.

Günahlar içində sustalır ürək,
Bulaq tək gözümdən bulanmalıyam.
Sən Kəbə evində dolandığın tək
Mən sənin başına dolanmalıyam.

Sevən ürəkdədir haqqın səsi də,
Bu duyğu ucadır, bu hiss qəlbidir.
Tanrının ən böyük möcüzəsi də
Sevgiyə bələnmiş insan qəlbidir.

Duası tarixi yandırıb-yaxıb,
Heç kəs eşqin belə tacı olmayıb.
İllərlə Kəbəyə insanlar axıb,
Məcnundan şöhrətli hacı olmayıb.

İnamı, imanı yaşadan gözəl,
Mən deyən o mələk göydən enibdir.
Ay gedib şeytana daş atan gözəl,
Həsrətin qəlbimdə daşa dönübdür.

Aşiqlik keçməsə qana, iliyə,
Bu dünya əbədi olmazdı, vallah.
Özü yaratdığı bir gözəlliyə
Hər dəfə təzədən vurulur allah...


LALƏ QİYAMI

Bu yaş mənim yaşım deyil,
İlk məhəbbət yaşındayam.
O ağaran başım deyil,
Qarlı dağlar başındayam.

Bolluca bar-bəhər gəlib
Gözlərimin oxşamına.
Yaz ətirli səhər gəlib
Ömrün payız axşamına.

İnnən belə var duyanı,
Arzusuna çatıb könül.
Dərd-qəmini bu dünyanın
O tayına atıb könül.

Məni çəkir bu dərinlik,
Göz durudur, səs incədir.
Ay ürəyim, bu şirinlik,
Bu lətafət bəsincədir.

Şehləndikcə o gül dodaq
Sanki süzür bal şəhdini.
Yaxa cıran bülbülə bax,
Qanla yazır öz cəhdini.

Günəş yenə qan eləyir.
Göydən atəş ələnibdir.
Lalələr üsyan eləyir,
Çöllər qana bələnibdir.

Bu yazın işvəsi, nazı
Məni yenə öldürəcək.
Dünyanın bir gözəl qızı
Gülə tutub güldürəcək.

Mənim kimi bir çaşqını
Qınayacaq bəlkə hamı.
...Gözümdə lalə daşqını,
Sinəmdə lalə qiyamı!...


VURĞUN

Səməd Vurğuna

Qəlbində tükənməz sənət yanğısı,
Cıdırda, yarışda səmənd yanğısı.
İlahi yanğıydı Səməd yanğısı,
Tarixdə bir tonqal qaladı Vurğun.

Şairi ilk gündən duydu milləti,
Sevgini tək ona qıydı milləti.
Sözün səcdəsində qoydu milləti
Ehramdı, məbəddi, qaladı Vurğun.

Əqidəsi bütöv, eşqi tam oldu,
Adına hər yerdə ehtiram oldu.
Önündə qanicən şah da ram oldu,
Zülmü binasından taladı Vurğun.

Paxıllıq oduna yandı coxları,
O boyda dühanı dandı coxları.
O gedəndən sonra qandı coxları
Nəhrdi, ümmandı, dəryadı Vurğun!

Göylərə ucaltdı şeirin qəsrini,
Bizə saxlamadı bir kəm-kəsrini.
Bir əsrə sığmayan Vurğun əsrini
Sonsuz əsrlərə caladı Vurğun.


XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏYƏ

Məhəbbət! Əzəli, əbədi mövzu
Bəxtin gətirməsə gəl batma yasa.
Şair şairdisə tapdığı ruzu
Ağzında tam verməz sevgi olmasa.

Yazırsan, pozursan kimə nə xeyri?
Bir qəlbi isidən odun yoxdusa…
Sevgi məktubunda dörd misra şeirin,
Bir qız dodağında adın yoxdusa?!

Ay naşı, sən hara, bu mövzu hara?
Məcnunluq eşqinə gəl düşmə hədər.
Qadın ürəyinə gedən yollara
Hec kəs bələd deyil Nəriman qədər!

***

Rəssam Minayə Dəyanət qızına

Yad üzlərdən yaxanı cək,
Doğmanı cək, yaxını cək.
Səni icdən göynədəni,
Yandıranı, yaxanı cək.

Cansız kətan cana gəlsin,
Ətə gəlsin, qana gəlsin.
Ürəyinin saxlancını
Sərgilə, meydana gəlsin.

Aylar işıq topasıdır,
İllər bir-bir qopasıdır.
Sənətinə can qıyanı
Şöhrət özü tapasıdır.

Sənə candan yananı cək,
Atanı cək, ananı cək.
O üzdəki qırışı cək,
O gözdəki mənanı cək.

Hər bir rəngin öz dili var,
Nəs gələn ayı, ili var.
Bu sənətdi: sevincindən
Min qat artıq nisgili var.

Gəl usanma bu nisgildən,
Fırca götür cani dildən.
Al ilhamın mayasını
Daşan caydan, axan seldən.

Sənətə can qıyanı cək,
Səni icdən duyanı cək.
Bir nöqtədə yeri, göyü,
Bir zərrədə dünyanı cək!


O QIZ ƏLLƏRİNƏ YER TAPA BİLMİR

Görən nə olubdur, səhərdən bəri
O qız əllərinə yer tapa bilmir.
Muncuqtək dağılıb düşüncələri
Daha yığa bilmir, bir sapa, bilmir.

Qaralan, bozaran buluddu o qız,
Dindirsən gözləri bulağa dönər.
Hirsdi, hikkədi, sükutdu o qız,
Səsləsən o səsə-sorağa dönər.

Səsimi içimə alıb durmuşam
Acı xəyallara dalıb durmuşam.
Eləcə mat-mətəl qalıb durmuşam.

Qəzəbi, üsyanı son həddə çatıb,
Bu gül ləçək-ləçək tökülür, allah.
Şair ürəyinə tikanmı batıb
Içindən bu qədər sökülür allah?!

O qızın əlləri yaralı quşdu.
Bir quş caynağıdır barmaqları da.
Bu saat günahkar əlinə düşsə
Bu sonsuz qəzəbin selinə düşsə
Onu bircə anda sökər, dağıdar.

Bəlkə güldən ağır söz deyibdilər,
Onu yaraşdırmır bu gül şanına.
Nə üçün qaynayan bulaq olmuşam,
Bilmirəm mən niyə calaq olmuşam
Onun bu hissinə, həyacanına?!

Köksümün altında tanış bir ağrı,
Az qalır çatlasın yerin də bağrı
O, qız əllərinə yer tapa bilmir,
O qız bulud kimi qaralıb dolub
Ona nə olubsa sevgidən olub!

* * *

Neçə dəfə yanıb – söndüm
Bu ağrılar sönənəcən.
Canımdan dərd sıfqarılıb
Bir misraya dönənəcən.

Üstümdən illər adlayıb
Zaman dizimi qatlayıb.
Yerin ürəyi çatlayıb
Mən göylərdən enənəcən.

Dərd mənimdi, günah sənin
Mən çəkdiyim bu ah sənin
Bu gün yoxam, Allah sənin
Bəndən idim dünənəcən...


TUTDUN

Sənin gözlərində bulud ağlada,
Mənim gözlərimi çən belə tutdu.
Vaxtın dəyirmanı üyütdü dən – dən
Gəldi saçımızı dən belə tutdu.

Yandıq ev xətrinə, ocaq xətrinə
Göynədik bir isti bucaq xətrinə.
Sinəmiz közləndi uşaq xətrinə
Bu ömrü mən belə, sən belə tutdun.

Çoxdan başım üstə mələk süzərdi,
Əzrail əğyara möhüb düzərdi.
Üzülmüş qəlbimi vaxtsız üzərdi,
Yəqin bu həsrəti sən dilə tutdun.

Dünya qaranlığa büründü, ağ gül,
Mən nələr çəkirəm gör indi, ağ gül.
Nə yaxşı üfüqdə göründün, ağ gül,
İşıqdan qəlbimi qəndilə tutdum.


ÖLDÜRƏCƏK DƏRDİN MƏNİ...

Bir buludlu günüm idi,
Yağmura döndərdin məni.
O duyğusal gəncliyimin
Dalınca göndərdin məni.

Yay saxladın, qış islatdın,
Ürəyimdə daş islatdın.
Gəldin elə yaş islatdın
Yenə quru sərdin məni.

Bir ovulmaz dərd dağıyam,
Öz bəxtimin qınağıyam.
Sadədil kənd uşağıyam
Mağmın edib şərtin məni.

O ilahi məhəbbətin
Od – alovu sönər çətin.
Otuzillik bir həsrətin
Budağından dərdin məni.

Bir ah çəkdim, ” ağ gül” deyə,
Səda düşdü yerə - göyə.
Xırmanında döyə - döyə,
Küləklərə verdin məni!

Üşənirəm üşüm – üşüm,
Səni necə başa düşüm?
Vaxt var ikən ver bölüşüm
Öldürəcək dərdin məni...


MƏN BELƏ ALLAHA BƏNDƏ OLMURAM...

Göz açdığım gündən gözüm yaşlıdı,
Ağrıdan, əzabdan gendə olmuram.
Taleyim qaranlıq, yolum daşlıdı,
Vallah düz - əməlli gündə olmuram.

Ümmanı, dəryası kükrəyir, daşır,
Bu yurdun sərvəti başından aşır.
Xəmiri qıcqırır, tabağı daşır
Heyif, duvağında kündə olmuram.

Bir ucdan talayır, bir ucdan sökür,
Tanrı verdiyini gözümdən tökür.
İlham da bulud tək üstümə çökür,
Tövrdən çıxıram, yöndə olmuram.

Dünyada hər kəsə bir cür nəf düşür,
Kimə zillət düşür, kimə kef düşür.
Cərgədə həmişə yerim səf düşür,
Arxada oluram, öndə olmuram.

Dirilik suyundan içməyən şerim,
Keçilməz sədləri keçməyən şerim.
Ay dilə - dodağa köçməyən şerim,
Sən harda olmursan, mən də olmuram.

Çinləyib üst – üstdə dərdi cəm verib
Qisməti, ruzini , səbri kəm verib.
Mənə dirigözlü cəhənnəm verib,
Mən belə Allaha bəndə olmuram.


EHTİYAC

Gözəllik məlhəmdir, işıqdır gözə,
Gözəlin həyatda savabı budur.
Qəlbimi atmısan ocağa, közə
Sonsuz heyrətimin cavabı budur.

Qəfil bir sevincdən çaşdım, şaşırdım,
Büdrədim nə sağı, nə solu tutdum.
Ürkək bir ceyranı dağdan aşırdım
Ondan uzaqlaşan bir yolu tutdum.

Üzülən qəlbimi içdən sökürsən,
Külə dönməkdimi yanmağın xeyri?!
Sən öz baxışını yerə tökürsən
Mənim kirpiklərim süpürür yeri...

Gözlərin gözümdən qəsdən yayınır,
Eh, çatmır nələrsə, hər dəfə çatmır.
Çox naşı çəkirəm bəlkə yayını
Atdığım bu oxlar hədəfə çatmır.

Çatmır həyatımda ən gərəkli şey,
Onu ağrılarım qazandı bəlkə.
Yerdən də, göydən də etdiyim giley
Tale qismətimdi, cəzamdı bəlkə...


SƏNİN İŞIĞINLA YAŞAYIRAM MƏN

Necə minnətdaram toy yiyəsinə
Sənin işığınla yaşayıram mən.
Sözlərim yetişsin qoy yiyəsinə
Sənin işığınla yaşayıram mən.

Mən göy adamıyam, elə bu toydan,
Yayı gizləsəm də, ox çıxıb yaydan.
Biryolluq üzülüb günəşdən, aydan,
Sənin işığınla yaşayıram mən.

Xoşbəxtəm, yolumda belə bir pəri,
Mən nələr çəkirəm yoxdu xəbəri...
Gözümü sevgiyə açandan bəri
Sənin işığınla yaşayıram mən.

Ay müştaqmı olub yoxsa ay üzə,
Niyə təslim olmur gecə - gündüzə?!
Bir ulduz süzülür can üzə - üzə,
Sənin işığınla yaşayıram mən.

Sevgilər göyərir izindən, gözəl,
Qızılgül közərir üzündə, gözəl,
İşıq azalmasın gözündən gözəl,
Sənin işığınla yaşayıram mən.

İtirmişəm səmti, yönü – bilmirəm,
Varmı bu istəyin sonu, bilmirəm.
Kimlə yaşayırsan onu bilmirəm,
Sənin işığınla yaşayıram mən.


KEÇİR

Yerdən ulduz qədər məndən uzaqdı
İndi o duyğu ki ürəkdən keçir.
Çörək hayındadır günün sərt üzü
Daha çox arzudan, diləkdən keçir.

Getdi ömrümüzün sevilən çağı,
Bir vaxt yar dediyim olubdur yağı.
Niyə yandırım ki mən o çırağı
Bir ötəri mehdən, küləkdən keçir.

Mən nəyi duymadım, mən nəyi duydum,
Harda haqqı dandım, yalana uydum?!
Gecə ki başımı yastığa qoydum
Gündüzüm ələnib ələkdən keçir.

Dövranın bicliyi, vaxtın kələyi,
Yandırdı əlimdə o son lələyi
Çox da tanrı yazır bizə taleyi
Dönəmi – döngəsi fələkdən keçir.

Bu şeytan cığırı, bu ilbiz yolu,
Ya yol bizi çəkir, ya da biz yolu...
Baxan nə bilsin ki, düzün düz yolu
Yüz qurğudan keçir, kələkdən keçir.

Gözəllik bazarda satılır indi,
Mələklər baş – başa çatılır indi.
Ceyranlar gülləyə atılır indi
Nə teylənir, nə də sürəkdən keçir.

Həyat dağa – daşa çırpdıqca məni,
Tutur gözlərini başımın çəni,
Hələ ki, Musanın ömür yelkəni,
Dalğadan, tufandan, küləkdən keçir.


ÖZÜNÜ SAZ KİMİ KÖKDƏ SAXLA SƏN...

Alçalma kədərə, əyilmə dərdə,
Ömrün bir şəklidir xeyir də, şər də.
Zamanla aranı bu qədər açma,
Qoy qalsın arada əvvəlki pərdə.
Dünyanın iç üzü içində dursun,
Heç nəyin astarı çıxmasın üzə.
Qovsun qaranlığı gülümsəyən ay,
Ömür bağışlasın gecə - gündüzə.
Bütün gözəlliklər gözünə dolsun,
Ən zərif duyğular qoy sənin olsun.
Düz tut ürəyini uca haqla sən,
Özünü saz kimi kökdə saxla sən.

Demə ki, çox belə, az belə getdi,
Qış vaxtsız yetişdi, yaz belə getdi.
Hardasa yollarda ləngidi qismət,
Sənə könül verən qız belə getdi.
Sevgilər yaşadın sevgidən artıq
Yaratdın, yaşatdın bir xatirəni.
Gördün ürəyinin genişliyini,
Böyütdü, ucaltdı bu istək səni.
Tez – tez bulud kimi kövrəlib dolma,
Ömründən – günündən narazı olma.
Uyuş bu qismətlə, barış baxtla sən,
Özünü saz kimi kökdə saxla sən.


FƏRQ

Sən lap zirvəsində, mən ayağında
Dağlığı gözümdən düşdü dağın da?

SUAL

Necə ömür saysın əliboş ili
Dəryanın qoynunda damcı zəlili?

AĞRI

Üzdü ömrümüzü bu sirr, müəmma,
Günəşə pilləkən çəkər pulumuz.
Bu sərvət içində sət heyif, amma
Çörək qovğalıdır ömür yolumuz.

TARAZLIQ

Sorağın, şöhrətin dünyanı gəzər,
Biz də sahilində ömrü uduzduq.
Sən şor olmağından qəm çəkmə, Xəzər,
Bu xalqın gözünün yaşı da duzdu.

TƏZAD

Həmişə öyürlər öyən şairi,
Qulağa bir səda, bir səs gözləyir.
Şahlara şax sözü deyən şairi
Ya güllə, ya da ki, məhbəs gözləyir.


Elə sev ki, heç gəlməsin ayriliq

Lalə Mustafayeva


Gör necə təmizdi bu sadə deyim,
Necə bakirədi sözlər, kəlmələr.
Həsrətdən, hicrandan daşan gileyim
Görüşlə, vüsalla qolboyun gələr.

Gör hansı duyğunu gətirib dilə,
Gör hansı istəyə can atmısan sən.
Qəlbindən od alan bu misra ilə
Qəlbimi yer – yerdən qanatmısan sən.

Ayrılıq görməsin sevgin dünyada,
Görüm başa yetsin bu arzun, əhdin.
Özün bildinmi ki, bircə misrada
Sən öz ürəyinin şəklini çəkdin.


BU KÜLƏK NƏ YAMAN SEVDALI ƏSİR...

Bu külək nə yaman sevdalı əsir,
Bu külək – Bakının bu yaz küləyi.
Ömür külək kimi uçur, tələsir
Köksümdən uçurur hər gün ürəyi.

Mürgülü gözündən öpdü bu külək,
Telini üzünə səpdi bu külək.
Bir anlıq duydum ki, təksən dünyada
Təkdi bu gözəllik, təkdi bu külək.

Heç vaxt ələdüşməz bu anı tutdum,
Mən bu zəlzələni, tufanı tutdum.
Tutdum ürəyimi sənsiz qalanda
Səsim yeri-göyü, dünyanı tutdu.

Bu külək bu dəfə səmtinə əsir,
Mənə hörmət qoyub, o məni sayıb.
Bu da bir qismətdi, vallah Xəzrinin,
Səmtinə əsdiyi günü olmayıb.

Necə sarmaşmışdı bu külək sənə,
Küləyin əlində uçurdun gözəl.
Bax bu ələdüşməz ilahi anda
Ağlımı başımdan uçurdun, gözəl.

Mən bu göydəndüşmə o anı tutub,
Təşnə ürəyimə təpmək istədim.
Sənin üz-gözündən öpən küləyi
Elə qucaqlayıb öpmək istədim.

Getdin sən, küləklə əl-ələ getdin,
Saldın ürəyimə vəlvələ getdin.
Gətirdin ömrümə ayrı bir işıq
İşığa bələnmiş mərhələ, getdin.

Acdı gözəlliyə, həmişə acdı.
Təkdi bu ürəyim, təkdi gözlərim.
Gördüm sən özün də təksən dünyada
Şəklini küləklə çəkdi gözlərim.

O şəkil təbərrik, o şəkil nübar,
Yuyacaq nə qədər ağrı-acım var.
Onu ürəyimə sıxıb gizləyib
Bir ömür qorumaq ehtiyacım var.

Sən getdin, mənim də ayrıldı yolum,
Cavab ver sorğuma qurbanın olum.
Təzədən dönməyin nə sayaq oldu,
Yer niyə yerindən tərpəndi qəfil
Göy niyə bu cürə baş-ayaq oldu?
Yanıma ürəkmi gətirdi səni?
Yoxsa bu küləkmi gətirdi səni?!

Mən dala bilmirəm bu dərinliyə
Yazın yaz günündə bilmirəm niyə?
Məni şaxta kimi kəsir bu külək,
Qoy bu çəkdiyim ah Xəzrini tutsun,
Babalı-günahı Xəzərin olsun,
Sonra gec olacaq, lap gec olacaq.
Vaxtında deyim ki, xəbərin olsun.
İndi ürəyimdən əsir bu külək
Ömür də quş kimi uçur, tələsir.
Bəlkə sən deyəsən xınalı gəlin
Bu külək – Bakının bu yaz küləyi
Bu sevdalı külək hayandan əsir?!

"Azərbaycan" jurnalı, "Ulduz"
XS
SM
MD
LG