Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:02

Nisə Bəyim. Şeirlər


-

* * *

Üzü ayrılığa gedən dünyanı
Gedəndən soruşma, dönəndən soruş.
Gözü açılmamış sübhün dərdini
Çiynində gətirən dünəndən soruş.

Gör necə yarası qaysaq bağlayır,
Gizli gülümsəyir, gizli ağlayır,
Özünü içində pünhan saxlayır,
Dili bağla bağlı dinəndən soruş.

Ocaq nədən bilsin odun qəsdini?
Kül tutar qaralan közün üstünü.
Acısı gözündən çıxan tüstünü
Alovu içində sönəndən soruş.

Koru dolandırıb kar elər fələk,
Başına dünyanı dar elər fələk,
Taxtını uçurub xar elər fələk,
Çarxın fitvasını enəndən soruş.

Biri "təndir" deyir, biri "yan" deyir,
Biri "kəndir" deyir, biri "can" deyir,
Biri candan bezib "qana-qan" deyir,
Bəndənin haqqını dinindən soruş.

Kim açar dünyanın sirr qapısını,
Tanınmaz-bilinməz gor qapısını?
Könlünə açılan nur qapısını
Axtarsan, yolunu sən məndən soruş.

* * *

Üzü güney sarı göyərən otlar,
Yoxmu xəbəriniz gələn payızdan?
Nazıyla qəlbləri həvəsləndirib,
Sonra duyğuları gülən payızdan?

Bəlkə, dumanlıqda azıb bəxtiniz,
Bəlkə, vaxt yolunu uzaqdan salıb?
Bəlkə, gec oyanıb könül sevginiz,
Bəlkə, əlacınız son eşqə qalıb?

İndi yerə qoyur payız bəhrini,
İndi ömrün-günün miras vaxtıdır.
Kimi tən bölünür, kimi ələnir,
İndi çəkilərin taraz vaxtıdır.

Hərdən təbiət də çaşır səmtini,
Hərdən müdriklər də uşağa dönür.
Hərdən ümidlərin dikildiyi vaxt
Gizli öləziyir, vədəsiz sönür.

Rüzgarın gecikən son baharına
Quru yarpaqların canı tökülür.
Qoca kötüklərin üstünə bəzən
Yaşıl budaqların qanı tökülür.

Həyat bir kimsəyə vermir sirrini,
Deyir, düşünməyə bir fürsət də var.
Bitsə də dövranın sınaq möhləti,
Hələ yaşamağa bir qismət də var.

* * *

İkimiz bir çıxdıq baxtın ovuna,
Sənə gülümsəyib xoş yola saldı.
Mənə yar olmadı uğur mələyi,
Qırdı ürəyimi, boş yola saldı.

Bir ömrü sonadək xərac daşıdım,
Çarxı bəlam oldu, dərdi - yaşıdım.
Mən könül evimdən uzaq yaşadım,
İl ilə calanıb yaş yola saldı.

Hökmünə yetirə bilmədi məni,
Kök verib bitirə bilmədi məni.
Bu dünya götürə bilmədi məni,
Üstündən ağır bir daş yola saldı.

Haradan haraya köç etdi zaman,
Nə yaxşı tanıdı, nə də ki, yaman.
Heç kimə, heç nəyə vermədi aman,
Bahar qarşılayıb qış yola saldı.

Uzaq xəyallarda qaldı ürəyim,
Özünə qapanıb daldı ürəyim.
Ömrə baxa-baxa doldu ürəyim,
Gözüm bulud-bulud yaş yola saldı.

* * *

Bax, dünya dərddən uca,
Zirvəsi şiş, başı qar.
Səni üstündə saxlar
İçindəki qanadlar.

Səbrini qucaqlayır
Vaxta tilov atanlar.
Oyaq vaxtı gözləyir
Ürəyindən yatanlar.

Kim isə ayağına
Dəyən daşdan yıxılır.
Kim isə təsəllini
Atılan daşdan alır.

* * *

Bəlkə də, bu ömür uzaqda deyil,
Açsan gözlərini içindən baxar.
İzini axtarsan xatirələrin
Ağ-qara günlərin üzündən baxar.

Bəlkə də, bu ömür uzaqda deyil,
Qanı ürəyimi içən canıdır.
Əlindən əlinə ötürdüyün vaxt
Zamanın zamana keçən anıdır.

Bu ömür, deyəsən, uzaqda deyil,
Hərdən ətri gəlir, ədası gəlir.
Hərdən qulağıma, hərdən yadıma
Savaş günlərinin sədası gəlir.

Bu ömür, deyəsən, uzaqda deyil,
Yeri adiliklər sırasındadır.
Mənim itiklərim, aradıqlarım,
Hər şeylə heç nəyin arasındadır.

Yaxından-uzaqdan baxdıqca ömür,
Yaşının üstünə bir yaş da gəlir.
Yaddaşın daş qoyur hər ötən ana,
Daşımın üstünə bir daş da gəlir.

* * *

Yağışdan bir səs eşitsən,
Kimisə xatırlasan...
Dəryadan çıxan ümidsə,
Ağlayıb qucaqlasan...
Tənhalığın zülmünü
Açıb dərdə söyləsən,
Bir ömürdən vaz keçib
Vaxtla cihad eyləsən...
Yerin-göyün ürəyi
Necə ağlayır, bilsən,
Yağışla yayan səsi
Susub, sən də dinləsən...

* * *

Əllərim soyuğa yumulur,
Ürəyim tənhalığa.
Əsən küləklər baxmır
yadlığa,
doğmalığa.
Kiminsə qəlbinin
bitdiyi yerdən
başqa birisinin
ümidi başlar,
Heç yerdə tutulub qalmaz
dərddən sızan yağışlar.
Ömürdən qopan anlar
uçur hey uzaqlığa,
Nə əlim,
nə ürəyim
yatmır bu yalqızlığa...

* * *

Sənin ad günündür,
mənim bayramım...
Bu gecə bəzənsin min bir naxışla.
Ömür çələnginin yaşıllığından
Bir ad gününü də mənə bağışla.

Ovcundan getməsin çiçək qoxusu,
Hicran taleyinə cığır salmasın.
Gözündən gözümə ulduz yağanda
Gözündə heç kimin gözü qalmasın.

Qoy dünya fırlansın sərxoş xəyalla,
Başı gicəllənsin gümüş yağışla.
Kim nə istəyirsə tapsın, itirsin,
Sən də ad gününü mənə bağışla.

* * *

Səni dərd tutacaq,
dərd aparacaq.
Səni dərd salacaq haqq quyusuna.
Səni dərd alacaq dərdsizliyindən,
Alıb öyrədəcək qəm duyğusuna.

Səni dərd yoracaq, dərd qocaldacaq,
Sıxacaq əlini tənhalıq kimi.
Oturub dərd ilə dərdləşəcəksən,
Susub dinləyəcək dərdli qəlbini.

Səni götürəcək qəm dəryasına,
Tutub oynadacaq dərdin havası.
Yorub yuxuda da əldən salacaq,
Dərdlə dərdsizliyin gizli davası.

Dərd ilə barışıb yola çıxmağı,
Dərd ilə susmağı öyrənəcəksən.
Dərdlə sövdələşib sən bu dünyaya
Dərdsiz də baxmağı öyrənəcəksən.

Zaman da bitəcək, yol da bitəcək,
Sən dərdlə başlayıb bitməyəcəksən.
Nə vaxtsa usanıb dərd də bitəcək,
Sən dərdsiz heç yerə getməyəcəksən.

* * *

Haradan-haraya gəlib gedirsən,
Sən də tənhamısan
bu yad dünyada?
Dərddən anlarmısan,
bir az dərdləşək,
dərddən anlarmısan...
ay qərib adam?

Üzünü qapama güzgüyə baxıb,
Bu vaxtdır,
içindən baxır gözünə.
Vaxtdan anlarmısan
açaq qatını,
yol salaq izindən
ömrün üzünə.
Bu, kimin könlünün pıçıltısıdır?
Səsdən anlarmısan,
dayan, qulaq as...
deməyə bir sözü qalıbmı qəlbin?
Qəlbdən anlarmısan,
ay qərib adam?

* * *

Xocalının ildönümündə eşitdiyim səslər
Yenə dünya susur,
Yenə vaxt uduzur,
Yenə ölüm yas tutur
Özünə Xocalıda.

Dünyanın üzü dönmüş,
Qar üstündə qızılgüllər.
Təbəssümlə bağlanmış
Kəsik ayaqlar, əllər.
Süd qoxulu bəbəklər,
Yerə enmiş mələklər...
Qan tutmuş güllələrin
Gözünü Xocalıda.

Vətənin taleyində
Çingizin batıq səsi,
İntiqama çağırır,
Hayqırır haqq nəfəsi.
Bayrağa and içməyə
Yerə atmış dizini,
Əsgərim utanc ilə
Gizlədir yaş gözünü.
Vətən yenidən görür,
Vətən təkrar püskürür,
Vətən təkrar tanıyır
Özünü Xocalıda.

Bir şəhərin adı var,
Özü yox yurd yerində.
Qanlı üzünü yuyur
Yaralı əllərində.
Bir xalqın ruhu İtkin,
Nə göydə, nə yerdədir,
Qisası tətikdədir,
Dözümü Xocalıda.

* * *

Bomboş səkilərin tənhalığında
Küləklər divara qısılıb gedir.
Titrəyir ağacdan asılan fanar,
Kölgəsi çardaqda dəcəllik edir.

Tənha küçələrdə addım səsləri,
Gah sağa, gah sola var-gəl eləyir.
Tələsən küləklər gecikən vaxtın
Üzünə baxmadan vida söyləyir.

Bitir peşmanlıqlar,
bitir xəyallar,
Bütün gözləntilər özündə bitir.
Kiminsə əlləri, kiminsə səsi,
Kiminsə ürəyi içində bitir.

* * *

Əski romanları yenidən
oxusaydım,
Yəqin, ağlamazdım
ayrılıqlara.
Tökməzdim qəlbimin
Üzüntüsünü
Üzü qurumayan ağ kağızlara.

Əski günlərimə
qayıtsaydım yenidən
Qapını çırpmazdım vaxtın üzünə.
Taleyin əksinə getməzdim, yəqin,
Yəqin, ağ olmazdım baxtın üzünə.

Yenidən dönsəydim
əski günlərə,
Ömrü buraxmazdım
boş xəyallara.
Əski romanları yenidən oxusaydım,
Yəqin, ağlamazdım ayrılıqlara...

* * *

Ruhum ruhuna çarpıldı,
Bütün vaxta dağıldım.
Zamanın qatlarından
Zədələnmiş yığıldım.

Nə günüm gündüz oldu,
Nə gecəm yuxu yatdı.
Dərdlərim çəkisinin
Ağırlığında batdı.

Əllərim əllərinə
Uzandıqca uzandı.
Mən zülmə öyrəndikcə,
Zülm məndən usandı.

* * *

Ömrün nağılını dinlədim
Səssizlikdə.
Bir mən var idim,
Bir sən var idin,
hər şeydən
heç nəyə gedən yol
bitdi sənsizlikdə.

Sənsizliyi dinlədim,
Ulduzlar susmuş içimdə,
Nəfəs almır küləklər,
Daha nağıl danışmır
Göydən Yerə mələklər.

Səssizliyi dinlədim,
Sənsizliyi səsimə
bağlayan
öz səsimdi.
Sən qoxuyan sənsizlikdə
Yenə sən varsan,
bəsimdi...


VAXT ESKİZLƏRİ

2009-cu ilin son şeiri


Yenə şeirimlə tək qaldım,
Yenə sehr ilə bağlandım...
Yenə dünya o tərəfdə,
Mən də...
bu yanda saxlandım...

Durub haqqın dərgahında,
Ömrümə bir can dilədim...
Yenə candan dirilməyə
Özümü qurban dilədim.

Zaman ötdü aramızdan,
Söz qatına keçdi adım...
Ruhumun getdiyi yerdən
Bəlkə, bir də qayıtmadım...

2010-cu ilin ilk şeiri

Gün çıxmış...
sanki bahar...
Hər şey sakit...
duyumlu...
Dünəndən başladığım
Söz səfərim...
doyumlu...
Vaxt da durub
elə bil,
Özünü əzizləyir...
Bayaqdan elə könlüm
Dost
mesajı
gözləyir...
Bilmək olmur,
qəlbimi
İntizarmı oyadır ?
Yoxsa...
itirdiklərim...
Yenə mənə qayıdır?..

* * *

Ulduzlar sayrışır...
sinirlərim tək...
Kölgələr oynayır
vaxtın üzündə...
Kim gəlir...kim gedir...
sürüşür zaman...
Heç kim görə bilmir
vaxtı
özündə...

* * *

Dəniz həyəcanlı...
sular əsəbi...
Dalğalar
özündən
qaçırmış kimi...
Sanki
içdən qovur
qorxu qorxunu,
Dünya
tilsimini
açırmış kimi...

* * *

Vaxt da heç bənzəmir
özünə indi...
Vaxt da hesablaşmır
haqqı-sanıyla...
Ya çarxa bağlanır...
ya əyrintiyə,
Vaxt da baş girləyir
indi canıyla...

* * *

Hər şeyi yüklədik
vaxtın üstünə,
Dedik ki,
hər şeyi zaman həll edir...
Zamanı
ömürlə tutmaq istədik,
Gördük,
ömrümüz də zamanla gedir...

* * *

Məni bilmək olmaz...
qərarsızdı vaxt...
Məni bilmək olmaz
arzularımda...
Ümid qapananda,
haqq üzüləndə,
Çıxaram qarşına

xilas donunda...


* * *

Məni bilmək olmaz...bəlkə,
bəlkə də...
Göyləri özümə yuva bilərəm...
Bəlkə,
inanaram möcüzələrə,
Bəlkə,
günahları qova bilərəm...
Dünyayla dil tapıb...bəlkə,
birtəhər...
Yoluna qoyaram bir incikliyi...
Düşüb yalqızlığın
sərt sınağına...
Özümlə bölərəm...
bəlkə,
təkliyi...

* * *

Ulduzlar dənizə tökülən zaman...
Bəlkə...
uzaqlıqda qəribsəyərəm...
Tələsik yığışıb ...
vaxtsız-vədəsiz...
Hər kəsin üzünə
gülümsəyərəm...

* * *

Məni bilmək olmaz...
ömür nədir ki...
Elə... gecələrə...
çəkilər yuxum...
Özümlə baş-başa qaldığım zaman,
Bəlkə...
için-için uyuyar ruhum...

Məni bilmək olmaz...
bu dünya kimi...
Açılıb-qapanar qəlb gizlinlərim...
Nəyə əlim çatar...
nəyə ürəyim...
Məni bilmək olmaz...
...olmaz...əzizim...

* * *

İndi Vaxt bağlıdır...
ürəyim kimi...
Yad gəlir adamlar,
adlar gözümə...
Məni qəbul etmir...
düşüncələrim...
Sinəm... sözə yatmır...
canım... özümə...

* * *

Sanki...
əhvalımın damarı qaçmış,
Sanki...
heç qəlbimin çəkisi yoxmuş...
Əllərim...gözlərim...
qeybə qapanmış...
Sanki...
məndən mənə
təklik yoluxmuş...

* * *

Sanki... qəm yüklənir
vaxt limanına...
Dərd dərdin üstünə
bir qıfıl vurur...
İndi mən
özümdən
belə uzaqda...
Qarşımda özümə
uzaq yol durur...

* * *

İndi...
gəl açmayaq ...
gizli mətləbi...
Bizim


bu baxt ilə
nə işimiz var?
İndi... toxunmayaq...
eşq yarasına...
Bizim ki...
çarx ilə
sazişimiz var...

Nəyi itirsək də
ömür yolunda,
Hələ ki...itməyib
vaxtın tilsimi...
Nə vaxtsa ...
bizi də səsləyəcəklər,
Görüb- biləcəklər ...
elə...
vaxt kimi...

* * *

Yenə də ...
vaxt ilə verib baş-başa ,
Qəmdən özümüzə
ömür hörürük...
Dərdləşə-dərdləşə
bir-birimizlə,
Xəstə gecələri
yola veririk...

Hərdən könlümüzdən
keçən günlərin
Şəklini çəkirik
gözlərimizə...
Hərdən unuduruq
vacib anların
Dəyən zərbəsini...
dizlərimizə...

İndi... biz vaxt ilə
yaşıd kimiyik,
Üzümüz- gözümüz
əkiz bənzəri ...
Bir yerdə çıxırıq
haqqın önünə,
Bir yerdə tuturuq
baxtdan nəzəri...

İndi... biz bir qədər...
ötkəm... sinirli...
Alıb- çəkdiyimiz
dünyanın yükü...
Dəyərmi bir qəlbin
göz yaslarına,
Bu qədər nizamsız,
yanlış.. bir çəki ?..

Fələk dediyimiz
bu tərəzinin
Bir gözü ağırdı ,
bir gözü yüngül...
Verdiyi həyatın
sonu bir ölüm...
Yandırıb-yaxdığı
ocaqsa... bir kül...

İndi... biz vaxt ilə
ömür sirdaşı...
Ayrılmaz... bölünməz
yol yoldaşıyıq...
İndi... nəyimiz var
ortaq ...şərikli...
İndi... biz ... dünyanın
can yaddaşıyıq...

* * *

Mənə ilahilər dinlədən adam,
Sənə ilahidən xəbər verimmi?
Könlümdə, gözümdə haqqın nişanı,
Sənə ilahidən xəbər verimmi?

Uca dərgahına gözüm dikilir,
Önündə heyrətdən dizim bükülür,
Qəlbimdən dualar, sözlər tökülür,
Sənə ilahidən xəbər verimmi?

Dünya yaratdığı sirlə doludur,
Zalım da, məzlum da onun quludur,
Eşqini bulduğum haqqın yoludur,
Sənə ilahidən xəbər verimmi?

* * *

Sən...
mənim səhvlərim...
haqsızlıqlarım...
Bütün dərdlərimin
başlanğıcısan...
Gözümün, könlümün,
göz yaşlarımın,
İçimə tökülən
qəlb acısısan...

Başıma dünyanı
zindan eləyən,
Qapadıb
təkliyə
məhkum eləyən,
Məni
öz-özümə düşmən eləyən,
Ömrümün -günümün
bac-xəracısan...

Dünyanın
dəyişən tarazlığında
Özünə qənimsən...
mənə qənimsən...
Bu yara...
bu ağrı...
bu zülm ilə...
Elə həminkisən...
elə mənimsən...

* * *

Bizi ayrılığa
aparar bu vaxt,
Bizi ayrılığa
atar küləklər...
Dənizdə damlatək...
səhrada qumtək...
Qabarıb içindən...
qopar küləklər...

Qoşulub gedərik
vaxt karvanına...
Qaçan izimizə
ümid də çatmaz...
İtən ömrümüzün
hər bir anının
Dadına
sehrli qanad da çatmaz...

Bəlkə...
baxa-baxa gözlərimizə,
Bəlkə...
yanımızdan... yad kimi ötdük ...

Bəlkə...
özümüzü tanımadıq heç...
Bəlkə...
üzümüzü... özümüz... örtdük...

* * *

Sənin ürəyinin...
yaddaşı yoxmu...
Necə nəfəs alır...
necə yaşayır?
Yıxıb sürüdüyü,
əzib keçdiyi,
Ömrün günahını
necə... daşıyır?

Sənin ürəyinin...
yaddaşı yoxmu...
Nədən... saxlandığı
goru tanımır?
Düşüb islandığı
leysan yağışı,
Əriyib itdiyi
qarı tanımır?

Nədən... xatırlamır
məni gözlərin,
Nədən... ümidlərin
vaxtı keçəmmir?
Nədən... uçub gəlmir
xəyalın mənə,
Nədən... ruhun qoşub...
mənə köçəmmir?.

Sənin ürəyinin...
yaddaşı yoxmu...
Acıyan... bu kədər
sənin deyilmi?
Yuxunu qaçırdan dərdli gecələr,
Ağrıyan bu qədər...
sənin deyilmi?
Nədən... əllərinin sözünə baxmır...
Başını qaldırmır,
güzgüyə baxmır...
Nədən... öz-özünün...
...üzünə baxmır,
Sənin ürəyinin... yaddaşı... yoxmu?


* * *


Sənin gözlərinə... sığarmı...


...Bilməm...
Mənim ürəyimin...
axan yaşları...
Özünlə qaytara bilərdinmi...
...sən...
Səndən istəsəydim...
...o...yağışları

Sənin ürəyinə ...sığarmı...
...bilməm...
Tapıb-itirdiyim
taleyin qəmi...
Mənimlə bir yerdə
başlayıb-bitən...
Dünyanın...
gizlində...
inləyən simi...

Əllərin... saxlaya bilərmi...
...bilməm...
Qopmaq istəyəndə... əlindən...
...məni...
Çarəsiz bir anda...
tuta bilərmi...
Saxlaya bilərmi...
mənsiz...
...qəlbimi...


* * *

Bax...yenə pəncərəndə...
Yenə də
yağmur yağır...
Yenə də
damla-damla
Ömrün nağılı axır...

Ürəyindən keçəni
Yağışa
söyləsənə...
Göyü yerə
bağlayan
Sirli sözü
desənə...

Bu qırıq xətt kimindi...
Yarı bölür ovcunu...
Sən...
hələ də...
bilmirsən...
Yağış kəsən...
ovsunu...


* * *

Mənim... baxtdan özgə...
nəyim var idi?..
Onun da... önünə...
sən... çıxdın.. belə...
Sən... kəsdin yolunu...
arzularımın...
Məni... zülmlərə...
sən...
...yıxdın...belə...

Bağladın... yolunu...
bəxt ulduzumun...
Dünya harda qaldı...
bilə bilmədim...
Baxdım arxasınca...
...qıydığım canın...
Baxdım... arxasınca...
ölə... bimədim...

Sən... məni... bağladın...
ayrılıqlara...
Məni...
həsrətlərin... ağzına atdın...
Məni...
nələrinsə...
ayaqlarına...
Məni...
kimlərinsə...
ağzına atdın...

Sən... mənim gözümü...
bağladın... belə...
Sən... örtdün...
könlümün qapılarını...
Dünyanın üzünə...
özünlə birgə...
Bağladın...
ömrümün qapılarını...

Baxtın... gedər-gəlməz...
uzaqlığına...
Məni də...
götürdün... özünlə birgə...
Gözüm... baxa-baxa...
hələ... diriykən...
Məni də... yox etdin...
...özünlə birgə...

* * *

Sən...
mənə... gəlmirsən...
bilirəm... bunu...
Mənim ürəyimdə...
sirrin var... sənin...
O sirdir...
ardınca... səni... sürüyən...
Könlümdə... gözümdə...
sirrin var... sənin...
Rahat ol...
təşvişə salma qəlbini...
Mən onu... çoxdannan
su eyləmişəm...
Tökmüşəm...
ağacın... kolun... dibinə...
Mən onu...
çoxdannan gül eyləmişəm...

Onu yandırmışam...
qəlb atəşində...
Ocağın içində...
od atəşində...
Közü alovlanan
eşq atəşində...
Mən... onu...
çoxdannan...
kül eyləmişəm...

Səpmişəm... göylərə...
ulduzlar kimi...
Onu... gündüzlərə...
gün eyləmişəm...
Aylı gecələrin...
yuxularında...
Mən... onu...
çoxdannan...
çin eyləmişəm...
Sıxmışam sinəmə...
tel-tel ayırıb...
Onu... dilləndirib...
saz eyləmişəm...
Mən... onu...
çoxdannan...
içimə çəkib...
Şeir eyləmişəm...
...söz eyləmişəm...

Rahat get ...
ömrünün dalınca... artıq...
Daha... məndə...
sənin...
sirrin qalmayıb...
Onu ...öz yerimə...
sənin yerinə...
Öldürüb...
...coxdannan...

...dəfn eyləmişəm...


* * *

Məni ...öz vaxtına...
çəkib aparsan...
Nəfəs tək... içinə ...
alıb... aparsan...
Könlün yuva olsa...
könlümə...
əgər...
Ürəyin bağlansa...
nəbzimə...
əgər...
Əllərin əlimi...
utmaq istəsə...
Gözlərin... gözümü...
udmaq istəsə...
Bilmirəm...
bilmirəm...
bilmirəm... hələ...
Alıb qanadına ...
götürə bilsən...
Adının yanına...
bitirə bilsən...
Uçduğun... göyləri ...
vermək istəsən...
Məni...gözlərində...
görmək istəsən...
Bunu...
...mənə... desən...
...desən...
bilmirəm...
Bilmirəm...
bilmirəm...
bilmirəm... hələ...
Geri... götürərmi...
ürəyim...məni...
Götürə bilərmi...
...bilmirəm... səni...


* * *

Hələ...
Cəzalıyam...
Rəbbim... cəzalı...
Burax... günahımın
üzünü... görüm...
Burax...
burax... məni...
qoy... dərdlərimin...
Gözümə... dikilən...
gözünü ... görüm...


Hələ... cəzalıyam...
baxtın önündə...
Burax... dünya ...
...məndən...
yıxılıb... gedir...
Ürəyim içimdən...
canım ..canımdan...
Ruhum... yoxluqlara...
yaxılıb... gedir...

Məni... çəkdiklərim...
çəkir... içinə...
Məni... çəkdiklərim...
əlimdən... alır...
Məni... göz yaşlarım...
məni ahlarım...
Məni... günahlarım...
əlimdən alır...

Alovlar
içində... əriyir...könlüm...
Yansam...
əzablarım...
sonamı yetər...
Bütün peşmanlıqlar...
bütün...ağrılar...
Mənimlə birlikdə...
kül olub...
bitər...
Ya... burax könlümü...
ayrılıqlara...
Bircə.. .göz yaşımı...
tapım...
hönkürüm ...
Ya... məni bağışla...
bağışla... mənə...
Burax... ünahımın...
üzünü... görüm...

* * *

Nəyin...
arxasınca... gəlmisən... indi...
Bir ovuc kül... qalıb...
getdiyin... yerdə...
Göylə yer birləşib...
aləm bitişib...
Dünya...
sel... su... olub...
getdiyin... yerdə...

Səni... kim tanıyar...
kim ...qarşılayar...
Sənin... buralarda ...
izin...qalıbmı?..
Sənin... bir gecəyə...
sənin bir günə...
Qanrılıb baxmağa...
üzün ...qalıbmı?..

Səni... bir... ot... belə ...
götürməz daha...
Səni... bu... yerlərin ...
ahı... götürməz...
Vaxtın apardığı...
çırpıntıları...
Rüzgarlar bir daha...
geri gətirməz...

Sən özün...
hər şeydən...
pozdun adını...
Sildin... daş üstünə...
düşən izləri...
Dodaqda yaşayan...
gözdə yaşayan...
Sildin...söylənilən...
bütün...sözləri...
Bir canlı qalmadı...
xatirələrdə...
Xəyal yaddaşında
yerin qalmadı...
Toxtaqlıq...naminə...
olsa da... belə...
Nə edim...
qarşına ...çıxan olmadı...

* * *

Üzümə çırpıldı...
Yubiley yaşım...
Günah tək... asıldı...
baxışlarımdan...
Özümü-özümdən
heç kəs tutmadı...
Ayıra bilmədi...
can... savaşımdan...

Sinəmin üstünə...
yazılan yazı...
Baxtın götürdüyü
yaşdan ağırmış...
Bu yazı... ağırmış...
ölümdən ...mənə...
Ömrümə...atılan...
daşdan ağırmış...

Buludtək tutulan...
Bulud tək dolan...
Mənim taleyimin...
yağışlarıymış...
Könlümdə...gözümdə...
sıxlaşıb yatan...
Sevib- saxladığım ...
göz yaşlarıymış...

Mənim nəyim varmış...
qəmimdən özgə...
O da mən sarıdan...
gileyli imiş...
İçimin çölümdən
yoxmuş xəbəri...
Demə...
bir-birindən...
gileyli imiş...

Demə...
dünya ...məni...
çoxdan atıbmış...
Yükün...heç...
yüngülü...ağırı...yoxmuş...
Bu...baş da...
bu... yaş da...
bəhanə... imiş...
Demə... heç...
dünyanın...
axırı... yoxmuş...


"Azərbaycan" jurnalı
XS
SM
MD
LG