Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:29

Valeh Şiri "Ata" (Hekayə)


Valeh Şiri
Valeh Şiri
-

...Dişləri sıxılıb qıfıllanırdı. Əlləri titrəmədə, qələm əlində oynayırdı!.. "Niyə çırpmadım?.. Nyiə?.. Niyə yumurtaları təpəsinə çırpmadım!?"...


Arazın o tayından


Valeh Şiri


ATA


...Gecə atası evə gələndə daha həmin ata deyildi! Gündə gördüyü, daha doğrusu axşamdan öncə gördüyü ata deyildi!..

Kitablarını qarşısına töküb məşqlərini yazırdı. Məşq yazmırdı. Məşq yazmanı yamsılayırdı... Gözaltı atasını sezirdi. Atası əl-üzünü yumuş, qurulayırdı. Arxası oğluna doğru idi.

Oğlan başını dəftərindən qaldırıb hövülcək atasına baxdı. Atası dönəndə tez dəftərinə baxdı. Əlləri işə düşüb nəsə dəftərində yazırdı. Atası otağa keçəndə ayağına qalxıb, salam - demişdi. Gündəki kimi, yorulmayasan - deməmişdi!.. “Yorulmayasan”ı ağzında kəsmişdi... İstəmişdi desin, dili ağzında tutulmuşdu! Atası baxanda gözlərin gözlərindən qaçırmışdı. Atası bilmişdi?.. "Niyə belə baxdı?" Beyni qarmaqarışıq idi. Boğazına bir qəhər dolmuşdu. Boğazı az qala partlasın deyə, gözləri də dolmuşdu... "Niyə çırpmadım? Niyə çırpmadım təpəsinə?!."...

..."Hüsnü! Gəl süfrə başına... Görmüsən şam yeyirıx!.. Görəh neçə dəfə bu vurğun vurmuşları səsliyəsən!.. Anası dillənmişdi.

... "Mən yemirəm!.." Başını göyə qaldırmadan dedi...

"Gecə yarısı durub süfrə açsan, özün bilisən daa!.."

...Oğlan susdu. Dinib danışmadan əlləri dəftərdə yazırdı. Gözaltı atasını sezdi. Yemək yeməkdəydi... "Niyə çırpmadım!..Niyə çırpmadım təpəsinə?.." Özü ilə yanaşanmırdı. Barışanmırdı. İncə beynində oxuduğu kəlmələri axtarırdı. Canını özünə bürüyən qaranlıq duyquya, bir sözcük tapanmırdı. Dartınırdı. İstədiyini dilinə gətirə bilmədən, alını tərə basılmış, qızdırma canına dürtülmüşdü. Dişləri sıxılıb qıfıllanırdı. Əlləri titrəmədə, qələm əlində oynayırdı!.. "Niyə çırpmadım?.. Nyiə?.. Niyə yumurtaları təpəsinə çırpmadım!?"...

...Süfrəni yığışdırıb, çay içirdilər. Anası çaya səsləmişdi... Eşitməmişdi... Çayı gətirib qabağına qoymuşdu.

"Bəsdi daa!.. Nə qədər yazıb pozacaxsan!.. Götür çayını iç!.."

Qələm-dəftəri əlindən alıb büküb qatladı. Dayanmadan sözünün ardın tutub: "...Axşamnan gözün zilləyib o kar-kağıza... Diyən də yoxdu kor olarsan, bala, bəsdi!.." – Üzün tutub ərinə doğru demişdi...

"...Nə işindi qoy yazsın daa!.." - Atası dedi.

Ürəklənib atasına baxdı. Nəsə istədi desin. Soruşsun. Nə təhər desin! Nə desin?.. Söz boğazında qaldı. Başını aşağı saldı. Sifəti qızarıb qaraldı." Niyə?... ?..." Dəftərin yenə açdı. "Taq". Qələmin ucu, əlinin sıxısı altında sındı...

***

..."Get tükana, atandan iki dənə yumurta al gətir..." - Anası dedi,... Küftə salıram tez gəl!.." Axşam çağıydi. Tükana getdi...

***

...Neçə yol "ata" dedi... Atası eşitdi, eşitmədi?.. Bilmədi.

Atası qəfəsəyə sığınmışdı! Göz-qulağı qarşında çarpaya üstündə oturan kişinin üzündə idi. Yabancı kişinin gözləri atasının üstə bərəlmişdi. Atası qəfəsəyə sığınmış, huyuxmuşdu...

Yenə "Ata! Ata..." - çağırdı. Eşidilmədi!..

Kişi əlin üzünə ayna eləyib: "Əlimin içi kimi tanıram!" - Atasına deyib susdu!

Atasının rəngi ağarmış, gahdan əlləri əsirdi!.. Kişi gözləri ilə atasına hədələnirdi! Nə olmuşdu? Bilmirdi. Heç vaxt da bilmədi!.. Kişiyə doğru bir nifrət içərisində yarandı!.. Saxlaşanmadı. "Ata!" - ucadan dedi. Döndü. Kala-key rəngi atmış dili tutar-tutmaz: "Nədi oğul?.. Qaş get evə!" dayanmadan: "Anam dedi iki yumurta ver..." Kişi qırcandı. Atası qıçların sürüyə-sürüyə yumurtaları gətirib verdi. Əlləri oğlanın əlinə dəyəndə, oğlan üşündü! Sankı can bədənindən çıxmış idi! Ruhsuz bir cisimdi. "Ata niyə əllərin belə soyuqdu?" - sorğu beynində yarandı. Kişi qırcandı: "oğlundu?" - dodağın çəkə-çəkə soruşdu. "Nökərindi!" - atası deyib kişinin yanına getdi. Kişi sırtıq baxışla oğlanı ətək-baş sezdi. Gözlərini atasının üzünə bərəltdi...Kişiyə doğru nifrət damarlarında yenidən axışdı! Əlindəki yumurtalara baxdı. İstədi kişinin təpəsinə çırpsın. Əlin qaldıranda"...Oğul nəyə durmusan? qaş get evə!.." - atasının səsi titrəyirdi. Atasının sözü qurtarmamış, kişi çımxırdı: tula!.. Cəhənnəm ol!.."

***

...Oğlan tükandan qaçmışdı!..

***

...O gecə dəftərində yazdığı məşqi başdan-başa ata idi.
XS
SM
MD
LG