Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:47

Aqil Yaqub. Şeirlər


.
QƏFƏSƏ SALINMIŞ QUŞ

Qəfəsə salınmış quş
Yuxusunda gördü göyləri,
"Buludlar, buludlar", - dedi, -
"ötdüm sizi, çata bilməyəcəksiniz mənə".

Buludların yurdu yoxdu.
Buludların dərdi yoxdu,
Buludların dili də yoxdu, dinə.

Qəfəsə salınmış quş
gözlərini açdı.
qanadları
yanındaydı.

Yuxusunda gördüyü,
arxasınca güldüyü
göy üzünün buludları
gözlərinin önündəydi.

***

Biz belə düşünürük:
"Quşlar qürbətə gedir" -
- Azadlıqda qürbət yoxdur.

Biz belə düşünürük:
"Yarpaqlar solub düşür".
- Fəsillərdə ölüm yoxdur.

Biz belə düşünürük:
"Qul olmuşuq vətəndə".
- Qullara Vətən yoxdu.


ANA VƏTƏN

Yediyim çörək də,
içdiyim su da
torpağından çıxarmış,
ANA VƏTƏN!
Bu dünyanın
qisməti, baxtı
biçilən taxıldı,
içilən bulaq.
Yarpaq yaşılım,
əlçim buludum.
Sonra bildim
zülmə əyilməyənlər
analara baş əyib.
Bu dünyada
anama əyilən tək
diz çökdüm sənə.


HARA QAÇIRSAN, VƏTƏN OĞLU?!

Hara qaçırsan, Vətən oğlu,
Sən qaçdıqca Vətən kiçilir,
Kiçilir köksümüzdəki ürək,
Yoxalır üzümüzdəki nur.
Yadlaşırıq bir-birimizə...
Bəlkə xəbərin yoxdu:
Anaların bətnindən düşüb
Ölümə doğru getməyimizdən.
Biz gəldi-gedərik. Vətən qalası;
Bəlkə xəbərin yoxdu?..
Dəryalar içindən
Qıratlar, Düratlar çıxır, çapanı yoxdu.
Yoxdu, yoxdu,
Çalanı yoxdu,
Paslanır misri qılınclar.
Hara qaçırsan, Vətən oğlu,
O doğma ruhların, qərib ruhların
Başdaşları yetim qalacaq,
Kim oxur onların fatihəsini başuclarında.
Tanrı da kömək etməz,
kömək etməz qaçana,
Qaçanın nə işinə
Vətən qalıb başına,
Vətən qalıb yiyəsiz.
Bir dəfə qaçdınmı, min il qaçarsan.
Çıxıb köynəyindən qaçarsan, oğlan,
Oğlun beşiyindən çıxıb qaçacaq,
Nəvən eşiyindən çıxıb qaçacaq.
Hara qaçırsan, Vətən oğlu,
Sənin bu torpaqda başqa nəyin var.
Sənin bu torpaqda öz boyun qədər yatan yerin var.
Pulu olan pulunu götürüb qaçar,
Vətəndən qaçanın Vətəni olmaz.
Hara qaçırsan, Vətən oğlu,
Qaçsan, bu torpaq sənin olmaz.


ƏRK QALASINA PIÇILDADIM

Ərk qalası, Ərk qalası!
Təbrizin bərk qalası,
Gördüm, gözlərim güldü,
Düşmənə görk qalası.


BU QAR O QARDAN DEYİL...

Bu qar o qardan deyil,
Günümüzdən ötdü o qar.
Qar topası atdığımız
Əlimizdən ötdü o qar.

Əlimizdə qalsa idi,
Əllərimiz qar, su idi.
Əlimizdə qalmadı,
Qalmadı, su olmadı,
Sehr oldu, sirr oldu,
Telimizə dağıldı.

Ağ çiçəyim, ağ gülüm,
Mən ruzigar deyiləm
Dönüm ağ günlərə
qar olub dönüm.

Bu qar o qardan deyil:
Günümüzdən keçəndi bu,
Telimizdəki rəngdi bu,
Gözümüzdəki çəndi bu.


HAVAYI ÖTƏN GÜNLƏRİMƏ

Yarısını şeirə verdim ömrümün,
Yerdə qalan yarısını unutdum.
Bəlkə məni ahı tutdu o günün -
Buğdasını, darısını unutdum.

Gecə varmış, gündüzünə allandım,
Ay işığım, gün üzünə allandım,
Bir gözəlin gül üzünə allandım,
Gözlərimin qarasını unutdum.

Bu yollarda öz-özümə bir udum
Nəfəs qədər şirin oldu umudum.
Ömrüm-günüm, bağışla ki, unutdum
Göz ilə qaş arasını unutdum.


ÖZÜYLƏ DANIŞIB GEDƏN O YOLÇU

Umudun əlindən tuta-tuta
unuda-unuda
demirəm,
ovuda-ovuda öz kədərini
sonu görünməyən çölün düzüylə,
bir alın yazıyla,
bir ürək arzuyla,
özüylə danışıb gedər o yolçu.

Ay işıq salar onun yoluna,
tanrı da oyanıb
göydən boylanıb
bir nur sifətində görünsə ona,
Tanrının gündüzlər macalı yoxdur,
bir nur sifətində
tanrı da indicə görünsə ona,
özüylə danışıb gedən yolçunun
daha bu dünyada əcəli yoxdur...


GÖZLƏRİMƏ DÜŞƏN İŞIQ

Gözlərimə düşən işıq,
Apar məni öz yanına.
Qara buludları gördüm,
Yaşıl umudları gördüm,
Dostları, yadları gördüm, -
hamısı qaldı gözümdə.

Bu dünyanın dağlarını,
Düzlərini seçdim daha,
Nə qaldı ki, içilməmiş,
Nə qaldı ki keçilməmiş,
Əkilməmiş, biçilməmiş
bir ovuc torpağım qaldı.

Nurun dünyanın nurudu,
Yolun dünyanın yoludu,
Sirrin dünyanın sirridi,
gözlərimə düşən işıq.

Qaranlığı biçib gəlləm,
Qanadlanıb uçub gəlləm,
Bu çay quruyası deyil
əvvəl-axır içib gəlləm.

Gözlərimə düşən işıq,
Apar məni öz yanına.
Qara buludları gördüm,
Yaşıl umudları gördüm,
Dostları, yadları gördüm, -
hamısı qaldı gözümdə.


O QIZ MƏNƏ ƏL EYLƏDİ

Torpağın üstündə, göyün altında,
Dənizin içində, suyun altında
Bir dəli oyanış mövsümü başlar.
Daha yağmayacaq yağışlar elə,
Daha baxmayacaq baxışlar elə,
Qanad saxlamayın, a quşlar, elə.
O qız mənə əl eylədi.

O qoşa, o ala gözün içindən
Bəlkə də o ötən yazın içindən
Qalıbmış bu sevda, yazı içimdə.

Ərik ağacının çiçəyi imiş,
Ümidim gül açar bar gətirməyə.
Haçansa ovcuma qonan,
Ovcumdan uçub bəxtimə qonan
Taleyin işıldaböcəyi imiş.
Gedibmiş heç demə yar gətirməyə,
Yar gətirməyə, nur gətirməyə.

O qızın gözləri aladı yoxsa,
O qızın gözləri bəladı yoxsa...
Boylanıb keçmişdən mənə baxan qız,
Mənəmi baxırsan hələ də yoxsa?
XS
SM
MD
LG