Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Faiq Balabəyli. Lənətlənmiş həyat (3)


(Povest)

Əvvəli

***

Məmməd hələ də özünə gələ bilməmişdi. Onu polis şöbəsinin kəsif qoxulu dəhlizlərindən keçirib zirzəmiyə saldılar. Əvvəlcə üst-başını yoxladılar. Cibindəki 110.000 manat pulu götürdülər, kəmərini və ayaqqabılarının qaytanlarını açdırdılar. Təxminən bir saatdan sonra onu müstəntiqin otağına apardılar. Bu bir saatda Məmməd özünə, yaşadığı ölkəyə nifrət etdi. “Bu nə həyatdı, bu nə ölkədi, ay Allah, mən yaşayıram”, – dedi öz-özünə. Yaxşı, bu dəfə mənim günahım nədi, nədə məni təqsirli bilirlər? Axı məni də ana doğub, ata əkib. Mənim də hüququm çatır bütün insanlar kimi azad yaşayam, uşağımı böyüdəm, boyuna baxıb fərəhlənəm, atamın, anamın qəbirlərini ziyarət edəm, özümün oğulluq, atalıq, ərlik borcumu verəm. Bəs bu adamlar məndən nə istəyir, görəsən? Müxalifətçi deyiləm, fərli-başlı bir işdə işləmirəm, malım-mülküm yox. Kimin gözünə pis görünmüşəm, kimə pisliyim keçib axı? Axı mən kiməm ki, kimlərəsə pisliyim də keçə bilsin. Gündəlik qazandığım 7-8 “məmməd”lə ailəmi güclə dolandırıram. Aylarla ət üzünə həsrət qalırıq. İndi-indi əlimə iş düşmüşdü, tək balamı ürəyim istəyən kimi dolandıra bilərdim. Buna da imkan vermədilər. Ölənlərinin qəbri nurla dolmuş Cəlal kafedə iş vermişdi, bu yandan uçaskovı qancığın oğlu onu da elə elədi ki, indən belə bu köpəkuşaqları məni buraxsalar da o rəhmətliyin oğlu məni yaxın qoymaz. Kimdir axı, narkomanı, işverəni yaxına qoysun”.
Məmməd qızını düşünürdü: “Adını Xoşbəxt qoydum, dedim özünü də xoşbəxt böyüdərəm. Beş ay idi doğulmuşdu, qardaş dediyim, “srok”da “xlebnik” olduğum adamın əliylə tutuldum. İndi də yeddi yaşından üç ay keçib. Hələ ad gününü də görməmişəm. Doqquz aydan sonra olacaq ad günü. Birdən yenə də həbs edərlər məni, yenə də görə bilmərəm qızımın ad gününü”.
Məmməd qızını çox sevirdi. Elə həyat yoldaşını da. Yetər onun əzabını çox çəkib. Tək balasını min bir əziyyətlə böyüdüb. Düzdür, qardaşları əri qazamatda olan bacılarına kömək ediblər. Məmməd türmədə olanda ailənin dolanışığı indikindən qat-qat yaxşı olub. Amma Yetər təkbaşına, cavan gəlin xeylağı Məmmədin adını təmiz saxlayıb. Heç kəsin qarşısında sınmayıb, əyilməyib. Qızını bağrına basıb yatızdırıb. Balasının sifətində ərinin cizgilərini axtarıb. Uşağının anasından çox atasına oxşaması onu sevindirib. Qız atasına oxşayanda xoşbəxt olar, deyiblər. Adını Xoşbəxt çağırdıqları qızlarının xoşbəxt olacağına tam əmin idi. Elə bu əminliklə də düz altı il Məmmədin yolunu gözləmişdi. Düzdür, bu altı ildə imkan tapıb bir dəfə də olsun ərinin görüşünə getməmişdi. Ona görə yox ki, qardaşlarının, bacılarının etdiyi kömək bunun üçün yetərli olmazdı. Ona görə ki, Məmməd qəti olaraq tapşırmışdı ki, nə badə cəzaçəkmə müəssisəsinə gələsən. “Başını sal aşağı, qızımızı böyüt, yolumu gözlə, qayıdıb sizləri xoşbəxt edəcəm” – demişdi Məmməd, hakimin çıxardığı hökmdən sonra.

***

Məmməd düz altı il hər gün qızını gözlərinin qarşısında canlandırıb yuxuya gedərdi. Allahdan bir arzu diləyirdi ki, qızını yuxuda görsün. Lakin bu illər ərzində cəmi iki dəfə qızını yuxuda görmüşdü. Uşağı elə bil ki, ondan incimişdi. Küsmüşdü atasından və atasının bağlı qapılar arxasında hər gün Allaha yalvarmasına baxmayaraq bu “inciklik” sona yetməmişdi və Xoşbəxt atasının yuxusuna bu iki dəfədən artıq gəlməmişdi. Məmməd eləcə gözlərini yumub balasını xəyalında canlandırırdı. Xəyalında Xoşbəxt böyümüşdü, əvvəlcə iməkləmişdi, sonra yerimişdi, lap sonra məktəbə getmişdi. Məmməd xəyalında qızının əlindən tutub dünyanın ən yaxşı, ən iri, işıqlı şəhərlərinə aparmışdı. Bu altı ildə Xoşbəxt doğrudan da xoşbəxt olmuşdu. Qızı orta məktəbi bitirib Tibb Universitetinə daxil olmuşdu. Həkim kimi atasının, anasının səhhətinin keşiyində durmuşdu. Məmmədin qapısına elçilər gəlmişdi. Və Məmməd bu elçilərin hamısını kor-peşman geri qaytarmışdı. Məmməd türmədə olarkən qızını ancaq toyuna qədər böyüdə bilmişdi xəyalında. Xəyalında ona toy çaldırmamışdı, alnından öpüb xeyir-dua verib ər evinə yola salmamışdı. Abırına sığışdırmamışdı. Həya eləmişdi. Utanmışdı. Gözlərini açıb divarlarının suvağı tökülmüş baraklara, hündür hasarlara, bu hasarların üstündən çəkilmiş tikanlı məftillərə baxmışdı və ona elə gəlmişdi ki, bu insanlıqdan uzaq məkanda qızının elçilərinə “hə” deyib ona toy çaldıra bilməz. Bunun üçün mütləq “ÇÖLƏ” çıxmalıdır. Və çölə çıxmışdı da. Məmmədin özündən əvvəl ürəyi uçunmuşdu evinə tərəf. Məmmədə elə gəlmişdi ki, evdə onu altı yaş, beş aylıq qızı yox, artıq böyüyüb boya-başa çatmış, həkim qızı gözləyir. Hələ bir onu da fikirləşmişdi ki, Xoşbəxt xəstəxanada – işdə olar, gedim onu işdən götürüm, evə aparım. Amma hansı xəstəxanada “işlədiyini”, xəyalında hara gedəcəyini hələ bilmirdi.

***

Məmmədi evində Yetər və Xoşbəxt qarşıladı. Ərinin qorxusundan Yetər cəzaçəkmə müəssisəsinin qarşısına da gəlməmişdi. Yetəri hıçqırıq boğmuşdu. Məmmədin boynuna sarılmışdı:
- Sənə qurban olum, Məmməd! Axır ki, gəlib çıxdın. Axır ki, bizim də evimizdən kişi nəfəsi, kişi səsi gələcək. Sənin səsinə, nəfəsinə qurban olum, – demişdi.
Məmməd də ağlamışdı. Amma səssiz. Eləcə göz yaşları yanağı aşağı axmış, çənəsindən, boynundan boğazından süzülüb köynəyinin yaxalığını islatmışdı. Gözlərini isə saçları səliqə ilə daranmış, ağ donda, ağ corabda, ağ ayaqqabıda onlara baxan qızına zilləmişdi. Yetəri ehmalca kənara itələyib aşağı çömbəlmiş, qızına:
- Gəl babanın qucağına, – demişdi.
Niyə “baba” demişdi, fərqinə varmamışdı. Bəlkə də xəyalında böyütdüyü Xoşbəxti birdən-birə bu qədər kiçik görmək ona bu sözü dedizdirmişdi. Axı onun aləmində Xoşbəxt böyük, qapısına elçiləri gətizdirən bir qız idi.
Xoşbəxt isə “baba” sözünün fərqinə varmışdı, Məmmədin uzalı qollarına tərəf atdığı birinci addımı elə yerindəcə donub qalmışdı. Anasının ətəyindən tutub onun ayaqlarının arasında gizlənirmiş kimi qıçlarına qısılmış və demişdi:
- Bəs sən deyirdin ki, atam gələcək, bəs nə oldu, atam gəlmədi. Bu kişi kimdir, mən atamı istəyirəm, baba lazım deyil mənə.
Yetər:
- Atandı də, qurbanın olum.
Məmməd:
- Atanam da, başına dönüm.
- Ata, mən səni heç görmədim, həmişə səni gözlədim, – demişdi Xoşbəxt. Nazik dodaqları səyrimişdi, uşağı ağlamaq tutmuşdu, atasının boynuna sarılmışdı. Xoşbəxt Məmmədin boynunu elə sıxmışdı ki, sanki onu buraxsa çıxıb gedəcəyindən, atasını bir daha görməyəcəyindən qorxmuşdu.
Məmməd türmədən qızını xoşbəxt etmək üçün çıxmışdı. Və bunun üçün əlindən gələni edəcəkdi. Ancaq və ancaq hallal yolla, düzgünlüklə. İmkan vermədilər…

***

Müstəntiqin qırx yaşı ancaq olardı. Kabinetindəki kompüterin arxasında oturub nə isə yazırdı. On dəqiqədən bir qədər çox vaxtda kabinetdə ancaq klaviaturanın çaqqıltısının səsi gəldi. Müstəntiq arada durub özünə çay süzdü, Məmmədə də təklif elədi. Məmməd:
- Çox sağ ol, – dedi. – İçmirəm.
Müstəntiq:
- Üst-başuva baxıram yaman gündəsən. Əlinə düşəni “mal”a verirsən, əyninə-başuva verəydin də, ay bədbəxt, – dedi.
- Nə “mal”, nəçənnik?
Müstəntiq kömpüterində yazmağındaydı, Məmmədin cavabını deyəsən heç eşitmədi də.
- Adın, familyan, atanın adı. Harda, nə vaxt doğulmusan, təhsilin.
Məmməd ardıcıllıqla müstəntiqin sorğusuna cavab verdi.
- Həbs olunmusanmı?
- Bəli, – dedi Məmməd. Sonra da nə vaxt, nəyə görə həbs olunduğunu və hansı maddələrlə istintaqa cəlb olunduğunu da əlavə etdi.
- Hə, Məmməd, bir iş var, iki əməl. Demək səkkiz aydır azadlıqdasan.
- Elədir, nəçənnik.
Müstəntiq siqaret yandırdı, Məmmədə də təklif etdi, alışqanla əvvəl Məmmədin, sonra isə özünün siqaretini yandırdı. Ayağa qalxıb otaq boyu var-gəl etdi.
- Yaxşı, səninlə açıq olacağam. Səmimi söhbət edəcəyəm, həm vaxtımız azdı, həm də görürəm çox əziyyət çəkmisən. Tembole uşağın da var, sən onlara lazımsan. Allah heç bir uşağı atasız qoymasın. Yetimçilik çox ağır şeydi…
Müstəntiq danışdıqca Məmmədin ürəyində bir rahatlıq yaranırdı. “Deyəsən insan adamdı, bayaqkılar kimi kobud deyil, insan kimi qəbul edir məni. Söymür, təhqir eləmir”. Elə bu fikirlərlə də yazıq-yazıq dilləndi:
- Allah balalarını saxlasın, nəçənnik.
Müstəntiq ayaq saxlayıb Məmmədə diqqətlə baxdı, üzbəüz stulda əyləşdi:
- Yox, Mamed, Allah mənim balalarımı saxlamadı. Üç övladım oldu, üçü də dil açıb danışanda tələf oldu. Mənə bala dağı çəkdi Allah dediyin o gözəgörünməz.
Məmməd dinmədi, başını aşağı saldı, müstəntiqin övlad dərdinə acıdı, “Qurban olum sənə, ay Allah, bəs bu da yazıqdır də, elə öldürəcəkdinsə bəri başdan verməyəydin də bu uşaqları ona” – içində Yaradana asi oldu. Qorxa-qorxa, çəkinə-çəkinə dedi:
- Allah əvəzin versin, hər şey onun əlindədir.
Müstəntiq birdən ayağa qalxdı, çəkib sona çatdırdığı siqaretini külqabıya basıb söndürdü, yenisini yandırdı:
- Yaxşı, Mamed, – dedi. – Sən gəl belə elə bunlardan birini götür boynuna, tezbazar qurtaraq bu işi.
Sonra ayağa qalxdı, seyfdən bir “Makarov” tipli tapança, bir ədəd də siqaret qutusunun gümüşü kağızına bükülmüş balaca, çeçələ barmağının ucu boyda bükülü çıxartdı.
- Məhkəmədə prokuror üç ilə qədər oxuyacaq, hakim də səmimi etirafını, körpə uşağını nəzərə alıb il yarım verər, gedərsən. Altı aydan da sonra üçdə birindi. Mənim sənə köməyim o olar ki, bir on gün də qabaqdan aformit edərəm…
Məmmədin az qala bağrı çatlayacaqdı. Sinəsi ürəyinin döyüntüsünə tablamayacaqdı elə bil. Bu nə adamdır, cəmi beş dəqiqə qabaq övlad itkisindən, uşaq həsrətindən yana-yana danışırdı, indi nə namərdlik etmək istəyir. Necə yəni bunlardan birini boynuna götür?
Məmməd çox şeylər görmüşdü, amma beləsi ilə rastlamamışdı. Müstəntiqlərin, polis işçilərinin, həbsxana nəzarətçilərinin, əməliyyatçıların qurduqları “proklatkaları” çox görmüşdü. Amma, onlar gətirib stolun üstünə hər hansı əşyanı qoyub, bunu boynuna al, deməmişdilər. Özündən xəbərsiz yastığının altına, cibinə, iş yerinə kəsici alətlər, narkotik maddələrin istifadəsi üçün nəzərdə tutulan şpristlər, “puzuryoklar”, kart, parnoqrafik şəkillər, müxalifət qəzetləri dəfələrlə qoyulmuşdu. Döyə-döyə, söyə-söyə, boynuna qoymuşdular, üzünə durmağa yalançı şahidlər tapılmışdı, içindən çəkə-çəkə qalmışdı. Amma belə bir hadisə birinci dəfə idi ki, başına gəlirdi. Bu oğraşlığın, nakişiliyin son həddi idi. Müstəntiq isə hələ də danışırdı:
- Nə fikrə getdin, Mamed. Dolanışıq çətindir, bilirəm. Vicdanıma and içirəm, bəxtin gətirib ki, işi mənə veriblər. Səni kişi bilib açıq danışıram. Bax, bu silahı boynuna götür, balalarımın körpə qəbirlərinə and olsun, yalan demirəm, 500 dollar da verim ver evə, genə bir şeydi, dolanarlar. Onsuz da aya 100 dollar qazanmırsan. Altı aya da üçdə birnən çıxarsan. Məni başa düş, rəis də divara dirəyib bizi. Adam verməliyik.
Məmməd inildədi:
- Məni balalarının qəbrinin başına dolandır, nəçənnik. Mənə, körpəmə yazığın gəlsin. Burax gedim işimin-gücümün, hamballığımın dalıyca. O qədər küncdə-bucaqda iynə vuran var ki, işçilərinizə deyin tutub damlasınlar. Həm cinayətkar azalar, həm də planuvuzu doldurarsuz.
Müstəntiqin sifəti döndü. Elə bil ki, bayaqkı adamın içində şeytanlar ocaq qaladı, rəngi qızardı.
- Ayə, bədbəxt oğlu, mənim sənə yazıqlığım gəldi. İndi butulkanı sənə yeridə-yeridə ikisini də sənə aformit eləyim?
Yaxına gəlib Məmmədin boynunun ardına yumruq ilişdirdi. Ağrıdan inildəsə də, müvazinətini itirsə də Məmməd özünü saxlamağı bacardı, yıxılmadı.
Müstəntiq əsəbi halda qapını açıb qışqırdı:
- Dejurnı!
Cavab əvəzinə otaqdakı telefonlardan biri səsləndi. Dəstəyi qaldırıb əsəbi halda:
- “Paykovoy”lardan ikisini bura göndər.
Heç iki dəqiqə keçmədi ki, 25-30 yaşlı 2 nəfər otağa daxil oldu. İrişə-irişə, yaltaqlana-yaltaqlana:
- Eşidirik, rəis – dedilər.
- Tanıyırsız bunu.
Üz-gözündən narkomanlıq yağan hər iki “kişi qırığı”:
- Əlbəttə, rəis, bu elə həmin adam özüdür, – dedilər.
- Hansı adam ə, sürtük? – müstəntiq bu dəfə iki nəfərdən acığını çıxdı.
“Sürtük” deyilən əvvəlcə stolun üstündəki “Makarov”a, sonra kiçik bükülüyə baxdı. Sonra bülbül kimi ötməyə başladı:
- Cənab rəis, bu adamı çoxdan tanıyıram. Bir neçə dəfə silahla adamları qorxudub cibindəkiləri, boyun-boğazındakıları əlindən aldığı haqda da eşitmişəm. Əvvəllər istəmişəm ki, törətdiyi cinayətlər haqda polisə məlumat verəm. Düzü qorxmuşam. Özümdən yox, körpə uşaqlarım var. Həyat yoldaşıma, anama görə qorxmuşam. Onlara zərər toxundura bilərdi. Özünüz bilirsiniz ki, mən narkomanlara qarşı barışmaz mövqedəyəm. Millətin gənc övladlarını “ağ ölümə” sürükləyənlər isə mənim əsl düşmənlərimdir. Mən onlara qarşı müharibə elan etmişəm. Elə ki, mən bu adamın narkotik maddələrin satışı ilə məşğul olduğunu bildim, onda lap dəhşətə gəldim. Sən demə bu həm də “barıga” imiş. Bir gün özünə də dedim. Dedim, ayıbdır. Məni hədələdi. Cənab rəis, bu adamdan qorxuram, xahiş edirəm bunu cinayətə cəlb edəsiniz.
- Yaxşı, day bəsdi hürdün. Sən necə tanıyırsan ə, sallaq?
“Sallaq” deyilən boynu bükülü “ştatdakı” şahid də Sürtükün dediklərini təsdiqlədi.
- Yaxşı basın bayıra, – müstəntiq çımxırdı.
- Rəis, bəs biz neyniyək?
Müstəntiq yenidən seyfin qapısını açdı. Bükülüdən nəsə çıxardıb açdı, hərəsinə bir qırıq tiryək verdi.
- Davay, payokuvuzu alduz, basın bayıra.
Sürtüklə Sallax təzim edə-edə bayıra çıxdılar.
Müstəntiq siqaret yandırdı, bu dəfə Məmmədə təklif etmədi. Siqaretindən dərin bir qullab vurub Məmmədə iyrənirmiş kimi ikrahla baxdı:
- Nə deyirsən ə, aformit eləyim hər ikisini?
Məmməd başını yuxarı qaldırıb müstəntiqə nifrətlə baxdı. İstədi nəsə desin, dinə bilmədi. Boğazı qurumuş, dili kilidlənmişdi. Səssiz-səmirsiz ağlayırdı. Göz yaşları ara vermədən yanağı aşağı, sinəsinə, nimdaş köynəyinin yaxasına axırdı. Eynən səkkiz ay bundan qabaq azadlığa çıxarkən arvadı və qızı ilə görüşdə ağladığı kimi.
- Matişkə arvadlar kimi ağlama ə, qoduq. Millətin balasını kor qoymusuz. Adam kişi olar. Sənə dedim adam kimi boynuva al.
Məmməd müstəntiqin son sözlərini eşitmədi.

***

Məmmədi həmin gecə şöbənin müvəqqəti saxlama kamerasında saxladılar. Dar bir otaqdı. Divara bitişik iki mərtəbəli 2 ədəd çarpayı var idi. Otaqda tək idi. Divarlarda müxtəlif adamların – həbs olunanların adları, təqsirli bilindikləri cinayətin maddələri, doğulduqları rayonların adı və onları həbs edən polislərin, “işlərini” aparan müstəntiqlərin ünvanlarına söyüşlər yazılmışdı.
Məmmədin siqareti qurtarmışdı. Növbətçi polisdən siqaret istədi. Polis serjantı insaflı adam imiş. Siqaretə qızırğalanmadı. Hətta canıyananlıq da etdi:
- Çox fikir eləmə, Allaha pənah, yaxşı olar, inşallah. Məndə də siqaret azdı. Pulun varsa, ver alım.
Məmmədin pulunu gündüzdən alıb aktlaşdırıb, özünə də imza etdirib seyfə qoymuşdular. Növbətçi polisə qısaca:
- Pulumu götürüblər, – dedi.
Polis bir söz demədən qapının gözlüyündən uzaqlaşdı. Təxminən 20-25 dəqiqədən sonra bir qutu “Azəri” siqareti və kibriti içəri ötürdü. Məmməd təşəkkürünü bildirdi. Polis:
- Evdən bilirlərmi?
- Xəbər eləyə bilmədim.
Polis:
- Yəqin acsan.
Məmməd:
- Yadıma elə yemək düşürdü…
Polis:
- Yesən yaxşıdı. Görüm bizdə bir şey qalıbmı.
Bir azdan polis serjantı Məmmədə bir ədəd soyutma yumurta, duz, göy soğan, çörək və bir plastmas parçda da çay gətirdi. Qapının “kormuşka” deyilən bacasından içəri ötürdü.
- Götür, nuş olsun, – dedi.
Məmməd çayı içdi. Canında bir istilik, hərarət hiss etdi. Yemək yeyə bilmədi. Boğazı kilidlənmişdi elə bil. Öz-özünə pıçıltı ilə danışırdı: “Yazıq Yetər indi bilmir neyləsin, dərdini kimə desin. Hələ Xoşbəxt nə dərd çəkəcək. İndi-indi isinirdi mənə. İndi-indi ata nəvazişini hiss edirdi bədbəxt balam. Yox, hələ ümidləri var ki, qayıdam. Çünki elə vaxt olub işdən lap gec qayıtmışam. Bəzən kiminsə həyət-bacasını, obyektini yır-yığış etməyim saat 12-yə, 1-ə çəkib. Hələ gözləyirlər yəqin. Gözləyəcəklər, biləndə ki, məni həbs ediblər, yazıqların yenə bağrı çatlayacaq. Mən özüm bir gün görmədim, üstəlik onları da bədbəxt etdim. Baxtım, taleyim belə imiş. İt uşaqları mənə imkan vermədilər adam kimi yaşayam. İtin də günü-güzaranı mənimkindən yaxşıdır”.
Məmməd siqareti-siqaretə calayır, kamerada var-gəl edir, ümidini üzmür, sabahın açılmasını səbirsizliklə gözləyirdi. “Sabah açılsın, yıxılacam ayaqlarına, ayaqqablarından öpəcəm, mənə rəhmin gəlsin, deyəcəm, bəlkə insafa gəldi, bağışladı məni. Bu nə “plandı” axı, gərək məni həbs etməklə dolduralar? Bəs deyirlər bizim polisimiz ədalətlidir, ölkəmiz demokratik ölkədir, iqtisadiyyatımız günü-gündən yüksəlir, kasıbların sayı azalır. Yalandır axı bütün bunlar. Polis tutub məni atır içəri, nə var-nə var, buna plan qoyublar ki, bu ay filan qədər narkoman tutmalısan. Müstəntiqdəki həyasızlığa bax bir, utanıb-qızarmır, götür bunlardan ürəyin istəyəni, razı olmayanda da üzünə tanımadığın adamı şahid durğuzur. Hələ bir ürəyim də yandı ona. Uşağı körpəyikən tələf olub. Allaha qurban olum, o körpələri sonrakı xəcalətdən xilas edib. Bunun övladları bu adamdan nə görüb götürəcəkdilər ki. Sabah açılsın – xeyirə açılsın. Tələb edəcəm məni rəisləri ilə görüşdürsünlər. Rəisləri də bunların tayı olsa, vəkil tələb edəcəyəm. Qoy vəkil çıxsın lap yuxarılara, məni müdafiə etsin. “Dəvədən böyük fil var axı” – deyiblər.
Məmməd bilmirdi ki, bu ölkədə kinli dəvələr olsa da, fil ümumiyyətlə olmayıb və çox güman ki, olmayacaq da.
Məmmədi günortaya yaxın müstəntiqin otağına apardılar. Otaqda bir nəfər də adam vardı. Sol qolundan istilik peçinə gedən turbaya qandallamışdılar. Sir-sifəti qanın içində idi. Müstəntiq qəzəbli idi. Görünür bu dustağın boynuna istədiyini qoya bilməmişdi. Məmmədə tərəf dönüb:
- Otur bax, səni bundan da pis günə qoyacam. Bunun yenə canı-cəsədi var, səndə o da yoxdu.
Məmməd ehmalca stulda oturdu. Müstəntiq rezin zopa ilə köməksiz, qolu qandallı, təxminən 25 yaşlı gənci döyməyə başladı.
- Köpəyoğlu, mən səni adam bilib dedim ki, özün-özünə maddə seç, sənsə mənə buynuz göstərdin. Gör sənin buynuzunu necə qırıram. Petuxun biri petux. Sən hələ məni tanımamısan. Mənim nə qədər mülayim üzüm varsa, bir o qədər də sərt üzüm var.
Müstəntiq ara vermədən gəncin çiyninə, kürəyinə, dizlərinə, qarnına, böyrəklərinə zərbələr endirir və söyüşlər söyürdü. Arada əl saxladı. “Banaqua” mineral suyundan stəkana süzüb içdi:
- Başa düşdün ə, mən kiməm və nəyi necə istəyirəm elə də edirəm? Sən öl sizə – bu dəfə üzünü həm də Məmmədə tutdu – dünyada analoqu olmayan bir cəza verəcəm – gəncəli Koroğlu kimi dubinkanı soxacam sizə. Hələ bir köpəyoğlu mənim əlimdən salamat qurtarmayıb. Ağlın gəldi başuva? – o oğlana tərəf döndü.
Oğlan halsız halda, zəif səslə:
- Hə, – dedi.
Ağzının qanını otağa tüpürdü.
Müstəntiq bağırdı:
- Murdarlama ə, otağı. Sən öl, sənin özünə könüllü maddə seçdirməsəm, heç kişi deyiləm. Al bu kitabı vərəqlə, özünə maddə seç.
Oğlan tək əliylə qarşısına atılmış kitabı vərəqlədi. Cinayət məcəlləsi kitabı idi. Dodaqlarının altında nə isə mızıldandı. Görünür maddələri oxuyub saf-çürük edirdi. Birdən başını yuxarı qaldırdı:
- Mənə su ver, içim.
- Tapdın, seçdin? – müstəntiq soruşdu.
Oğlan:
- Hə, – dedi.
Müstəntiq:
- Hansını?
Oğlan:
- Mənə su ver.
- Ala!
Müstəntiq baş barmağını iki barmağının arasından çıxarıb az qala oğlanın gözünə soxacaqdı. Oğlan bu dəfə:
- Mənə siqaret ver, qoy bir az toxtayım, – dedi.
Müstəntiq nə fikirləşdisə oğlana bir stəkan su verdi. Sonra siqaret yandırıb oğlanın ağzına qoydu:
- Bax, elə eləmə, bu fason ağzına verim.
Oğlan dinmədi. Siqareti acgözlüklə sümürdü. Məmməd stolda büzüşüb bu səhnəni seyr edirdi: “Bu nə əxlaqsız adamdır”, – deyə fikrindən keçirdi.
Oğlan siqaretini çəkib qurtardı. Müstəntiq kreslosunda oturub qaliblər kimi oğlanı kinayəli baxışlarla süzdü:
- Hə, nə oldu, sənə hansı maddəni “yaraşdıraq”?
Oğlan:
- 149-cu maddəni, – dedi. Ancaq bilmirəm zərərçəkəni, yaxud şahidləri tapacaqsanmı?
Bu zorlama maddəsi idi. Müstəntiq duruxdu:
- Sən şahidlərdən narahat olma, ver bura görüm o kitabı, bu nə maddədir seçibsən ə, özünə? Bu maddə ilə yatanları bilirsən də zonda nə gözləyir?
Oğlan:
- Bilirəm, – dedi.
Müstəntiq – “hım” eləyib qımışdı:
- Ə, bəlkə sən elə heylə şeylərə meyillisən, hə?
Oğlan:
- Yox, – dedi. – meyilli deyiləm, amma seçdiyim cinayət məcəlləsi bu oldu.
Müstəntiq:
- Neynək, sən deyən olsun. Danış nə vaxt, haçan, kimi, harda.
Oğlan yavaş-yavaş, aydın səslə dedi:
- Dünən, 2006-cı ilin may ayının 10-da, gündüz saat 11.30-da, sənin yaşadığın evdə sənin arvadını zorlamışam.
Müstəntiq əvvəlcə susdu. Gözləri böyüdü, istədi nəsə desin, dili söz tutmadı, udqundu. Güclə:
- Nə dedin?
Oğlan:
- Eşitdiyini dedim. Əgər məni dünən axşam tutmasaydılar, bu gün də ananın yanına gedəcəkdim. İndi aformit elə, zərərçəkəni də gətir üzümə dursun.
Müstəntiqin vəhşi bağırtısına, oğlanın başına vurduğu zərbələrin tappıltısına qonşu otaqlardan polislər yüyürüb gəldilər. Müstəntiqi zorla sakitləşdirib otaqdan çıxartdılar. Sonra otağa bir polis mayoru daxil oldu. Məmməddən soruşdu:
- Nə oldu ə, buna, bu niyə belə bağırdı?
Məmməd titrək səslə:
- Nə bilim, nəçənnik. Deyəsən bu qaqaş dünən onun arvadını zorlayıb, sonra da anasını zorlamaq istəyib, amma tutublar. Anasına heç nə eləməyib. Bunu biləndə dəli oldu. Qaqaş özü səmimi etiraf etdi.
Mayor qəribə bir səslə:
- Nə danışırsan ə, yəni belə şey olub? Onun arvadı bilirsən kimin qızıdır? – deyib halsız vəziyyətdə sol qolundan asılmış gəncə tərəf döndü. Yaxınlaşıb:
- Deyəsən bunun nəfəsi gəlmir axı?
Tələsik otaqdan çıxdı. Oğlan müstəntiqin zərbələrindən keçinmişdi. Görünür zərbələrdən hansısa bədbəxtin ölümlə nəticələnəcək hüceyrələrinə dəymişdi.

davamı
XS
SM
MD
LG