Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:21

Avropa Şurası Nazirlər Komitəsi jurnalisti azad etməyə çağırıb


Avropa Şurası Nazirlər Komitəsi jurnalist Eynulla Fətullayevin işi üzrə yekun rəyini açıqlayıb. Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarına baxmayaraq, Fətullayev hələ də həbsdə saxlanılır.

Nazirlər Komitəsinin məlumatında deyilir ki, Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq AŞ üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır.

“46-cı maddəyə uyğun olaraq ərizəçi dərhal azad olunmalıdır”, - sənəddə belə qeyd olunur. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr tarixli qərarı E.Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir.

“Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır”, deyə sənəddə deyilir.

“Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərizəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”, - sənəddə vurğulanır.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb. Bu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona təxminən 28.000 avro kompensasiya ödəməyi tələb edib.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində jurnalistin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarına baxıb. Plenum terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarıb. Ancaq vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Plenuma rəhbərlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Amma Rzayev bu qərarın narkotik ittihamı ilə bağlı məsələyə aidiyyatı olmadığını deyib.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Eynulla Fətullayevin üzləşdiyi bütün ittihamların əslində onun peşəkar fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Amma Azərbaycan rəsmiləri jurnalistin adi cinayətkar kimi cəzalandırldığını bildirirlər.

Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət NK-nın mühüm funksiyalarından biridir. Daimi nümayəndələr Avropa İnsan Haqları Konvensiyasının 32 və 54-cü maddələrinə uyğun olaraq müntəzəm iclaslar keçirirlər. Həmin iclaslar üçün sənədləşmə gündəlik və ona şərh formasında nəşr olunur. Komitə hər şikayətə baxılmasını yekun qətnamənin qəbulu ilə başa çatdırır.

/Turan/
XS
SM
MD
LG