Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:01

Aqşin Yenisey “Göləqarğısancan” (Romandan parça-davamı)


ƏVVƏLİNİ BURDA OXU

Bu adamlar üç-üç, dörd-dörd dəstələrə bölünüb yeşik taxtalarından, köhnə ayaqqabılardan, küknar qozalarından qaladıqları ocaqların başına toplaşıb ayaqlarını, əllərini qızdırır, bir-birinə iyrənc söyüşlər söyərək mırt vururdular.

“Gəl ay yetim, gəl, qızış, soyuqdan at mıxı kimi qacımısan” bir nəfər onu qara tüstülü ocağa dəvət etdi.

Ocağın qırağında ağzını açmamış ona başa saldılar ki, bura şəhərin qul bazarıdır, əvvəlcə köhnə bir vedrə tapırsan, içində ocaq qalayıb dayanırsan qırağında vəssalam, iş özü öz ayağıyla gəlib burda səni tapır, ancaq buranın da öz qanunları var, birincisi, qızışdığın ocağa növbən çatanda köhnə ayaqqabı, küknar qozası, taxta qırığı axtarmalısan, ikincisi, bir yerdə hamballıq etdiyin adama pul və iş məsələsində dönük çıxmamalısan.

Yerdə qalan məsələlərdə öz kefinin bəyisən.

Günortadan bir xeyli keçmiş meydana iri bir avtobus gəldi.

Adamlar ocaqların başından qaçıb avtobusun yanına toplaşdılar.

Sürücünün yanında oturan adam başını pəncərədən çıxarıb “Köhnə dəyirman”a xeyli işçi lazım olduğunu dedi.

Qullardan biri, görünür, ən bacarıqlısı işin nədən ibarət olduğunu və nə qədər zəhmət haqqı verildiyini ucadan soruşdu.

Pəncərədəki adam hamı anlasın deyə əl-qol ata-ata bağırdı:

- Almanlar “Köhnə dəyirman”dakı siçovulları qazla boğublar, indi onların cəsədlərini daşımaq lazımdı.

Daşımaq pulunu da özləri verəcək.

Avtobusun qapıları açılan kimi basabas düşdü. Avtobusa çığır-bağırla o qədər adam mindi ki, qapıları örtmək mümkün olmadı.

Bir müddət əvvəl Bakının mərkəzində, “Hökumət evi”nin qulağının dibində “Köhnə dəyirman” adlanan binada siçovullar göz qırpımında çoxalaraq bütün şəhərə yayılmışdılar.

Bu altımərtəbəli bina sanki qaynayıb daşan nəhəng siçovul qazanı idi.

Rusların əsarətindən qurtulmağa macal tapmayan Bakı, daha amansız düşmənin, sel kimi artıb törəyən siçovulların işğalına məruz qalmışdı.

Əhalinin “Köhnə dəyirman” adlandırdığı bu nəhəng bina sanki şəhərin mərkəzində siçovullar padşahlığının iqamətgahı idi.

Mərtəbələrdə, pilləkanlarda qaynaşan siçovullar burada bürokratik bir işgüzarlıqdan xəbər verirdi.

Hər dəqiqə minlərlə siçovul gizlin tapşırıqlar alaraq tələsik yeraltı yollarla şəhərin müxtəlif istiqamətlərinə götürülür, eyni zamanda minlərlə siçovul da əldə etdiyi xəbərləri həmin qaranlıq yollarla “saraya” çatdırmağa tələsirdi.

Biz bu mənzərəni öz aləmimizdə şərqdə orta əsrlərdə qonşu ölkələrlə müharibəyə hazırlaşan şah saraylarındakı döyüşqabağı soyuq gərginliklə tutuşdura bilərik.

“İmarət”in çölü özünün daş səbriylə sussa da, içindəki həyəcanlı siçovul ciyiltiləri, “padşahlığa” naməlum fəlakətin yaxınlaşdığına işarə edirdi.

XX əsrin əvvəlində neft şəhəri Bakıya faşist libasında göz dikən almanlar, əsrin sonunda bu şəhərə əyinlərini dəyişib sanitar libasında gəlmişdilər.

Faşist ideologiyası ilə Bakını rusların əlindən ala bilməyən almanlar indi sanitar görkəmiylə siçovulların əlindən almaq istəyirdilər.

Siçovullar – düşmənin qoxusunu ruslardan daha iti duyan bu canlılar – almanların qoxusunu çoxdan duymuşdular.

“Padşahlıq”dakı həyəcan almanlarla müharibəyə hazırlıq idi.

Almanlar ikinci dünya müharibəsindəki hücum taktikalarına bu dəfə də sadiq qalaraq “Köhnə dəyirman”a “ildırımsürətli müharibə” planına uyğun olaraq həmlə etdilər.

Döyüş cəmi iki gün çəkdi və tale bu dəfə almanların üzünə güldü .Maraqlısı budur ki, şəhərdə hamı almanların gəlişindən danışsa da, onlar heç yerdə gözə dəymirdilər.

Hər yerdə onların göstərişləri icra olunur, əmrləri oxunur, işçilərə verdikləri pul mükafatları paylanırdı, amma özlərinin nə səsləri eşidilir, nə üzləri görünürdü.

Onlar bu dəfə Bakıya kabus kimi sirli, xəyal kimi xeyirxah, şeytan kimi şübhəli və gizlin gəlmişdilər.

Köhnə dəyirmanda doğub törəyib bütün şəhəri bürüyən siçovullarla mübarizədə gücsüz olduqlarını görən Bakı şəhər meriyasının dəvət etdiyi gözəgörünməz alman sanitarları uçub dağılmış beşmərtəbəli dəyirman binasını nəhəng polietilen çuvala bükərək içinə qaz buraxmışdılar.

Bütün mərtəbələr boğulmuş siçovul cəsədləriylə doluydu.

Bakı işğaldan azad edilmişdi, həmişə olduğu kimi bu dəfə də yadellilər tərəfindən. Yenə də bu qədim şəhəri bir düşmən o biri düşmənin əlindən alıb “azadlığa” çıxarmışdı.

Qul bazarından gətirilən muzdlu fəhlələr binaya girəndə divarlardan hələ qazın qoxusu çəkilməmişdi.

Siçovulların bəziləri hələ ölməmişdi, gicəllənə-gicəllənə ora-bura qaçışırdılar, fəhlələr onları təpikləyir, əsl nökər zalımlığıyla top kimi bir-birilərinin üstünə vurub əylənirdilər.

Onlar siçovul cəsədlərini kisələrə doldurur, dolu kisələri dallarına atıb həyətdəki KAMAZ-a daşıyırdılar.

Hərdən siçovul cəsədləri belikisəli fəhlələrin ayaqları altında qalır, bağırsaqları pırtlayıb ayaqlarına, üst-başlarına yaxılırdı.

Binanı bir gündə siçovul cəsədlərindən təmizləmək mümkün olmadı.

Gözəgörünməz almanlar fəhlələrin zəhmət haqqını sürcünün əliylə ödəyib işin qalanını səhərə saxladılar.

Avtobus yenə işçiləri gətirib qul bazarına, ocaqları sönmüş meydana boşaltdı.

Leş Əli pencəyinin qoltuq cibində gizlətdiyi manatları bir neçə dəfə çıxarıb gizlicə saya-saya evə döndü, bir saatlıq yolu piyada gəlib ayaqqabılarını soyundu, cibindəki pulları yoxlayıb yerinə uzandı.

...Gecə yenə “oğraşın, alkaşın biri” çaydanı danqıldadıb arvadı deyindirəndən sonra başını lal-dinməz onun otağına soxdu.

Leş Əlinin oyaq olduğunu görüb içəri keçdi. Cibindən bir şüşə araq və bir limon çıxardıb taxta masanın üstünə qoydu.

Əynini soyunmadan kətili çəkib oturdu, əllərini ovuşdurub şüşənin ağzını açdı və dedi:

- Arvadın deyinməyinə baxma, on beş ildir o deyinir, mən içirəm.

Otağa göz gəzdirib – istikanın var? – soruşdu. Leş Əlinin “Hələ almamışam” cavabından sonra qalxıb çöldən bıçaq və kirli bir istikan gətirdi.

Danışa-danışa limonu dilimləməyə başladı.

- Onsuz da bu xaraba ölkədə heç vaxt qadın-kişi dostluğu ər-arvad dostluğu olmayıb.

Allah yenə bərəkət versin özümüzə, ata canı, burda kişilərlə qadınlar ancaq yataqda, yorğan-döşəkdə can-ciyər olur, o da qurşaqdanaşağı.

Elə ki uşaq doğuldu, yorğan-döşəyin də zayı çıxır, arvad olur evdar Əzrayıl.

Əlinə keçəni bişirib yeyən, ağzına gələni danışan qarınqulu məişət allahı və başlayır qurbanlar tələb etməyə.

Hamı kimi biz də xoşbəxt olmaq üçün evləndik, heç bir il keçməmiş bu “xoşbəxtlik” darıxdırıcı məişət yoldaşlığına çevrildi, indi isə bizim ər-arvadlığımız, sadəcə, əbədi davam edən kişi-qadın düşmənçiliyidir.

Mən özümü bu evdə öz Həvvasının qarınqululuğu ucbatından cənnətdən qovulmuş günahsız Adəm kimi hiss edirəm.

O, istikanı araqla doldurub Leş Əliyə “bizim evə xoş gəlmisən, sənin sağlığına” deyib başına çəkdi, əvvəl əlinin üstünü, sonra limon dilimini xeyli iylədi.

- Özünə qızıl diş düzəltdirmək istəyir, ona görə itə dönüb, pulu alan kimi sakitləşəcək, fikir vermə.

Bizim insanlar belədir, yumurtadan çıxan kimi var-dövlət axtarır, bilirsən niyə?

- Yox – Leş Əli yavaş-yavaş ev yiyəsinə isinişməyə başlamışdı.

- Çünki bu adamlara görə həyat bazar, biz insanlar isə piştaxtada satdığa qoyulmuş kartof-soğanıq, balqabağıq, canım sənə desin qarpızıq.

Bizim adamlar öz məzmunlarındakı, məzmun bilirsən də nə deməkdir, yəni canlarındakı ucuzluğu, mənəvi kasıblığı gizlətmək, ört-basdır eləmək üçün zahiri bər-bəzəyə, var-dövlətə can atırlar.

Onlar adam balası olaraq özlərinin çox ucuz, yoxsul, qara qəpiklik olduqlarını bildikləri üçün üst-büşlarında həmişə bahalı əşya gəzdirirlər.

Bu əşya onların bazar hesab etdikləri həyatda qiymətlərini göstərir. Onların bazar qiyməti ağızlarındakı qızıl dişdir, barmaqlarındakı yarım kiloluq brilyant üzükdür, kəl arabası kimi boyluya-boyluya sürdükləri bahalı avtomobildir.

Onlar bilirlər ki, qızıl dişsiz, üzüksüz quru pox da deyillər, heç kimdirlər, yoxdular.

Qızıl diş nə bilim, brilyant üzük bu adamların maya dəyəridir, kimlik vəsiqəsidir, ata canı.

Bizim arvad da onlardan biri, fikir vermə. Sənin yerinə olsam bu sağlıqdan sonra mən də içərdim – bunu deyib o, yenidən istikanı doldurdu, əlində saxlayıb bir xeyli fikrə getdi.

Handan-hana:

- Eybi yoxdur, sənin əvəzinə də içərəm, nə vaxt içməyə başlasan, borcumu qaytararsan. – dedi. – beləliyimə baxma, universitetin tarix fakültəsini bitirəndən sonra ölkədə baş verən bütün tarixi, siyasi hadisələrin iştirakçısı olmuşam.

Cavanlığımda iclasların birində üstümə şığıyan ölkənin cırtqoz Daxili İşlər Nazirinə, yanında canavar gəzdirən başdanxarabın birinə yumruq ilişdirdiyimə görə tələbələr başıma and içirdilər.

Özümü o vaxt tarixi arxasınca çəkib aparan nadir siyasətçilərdən biri hesab edirdim.

Günlərin birində baxıb gördüm ki, ay-hay, sən demə əksinə olub, mən də tarixin yiyəsiz kimi arxasına salıb süləndirdiyi minlərlə sıravi siyasət tüfeylilərindən biriyəm.

Tarix ancaq mitinqlərdə yumruq qaldırmaq, küçə yürüşlərində boğaz yırtmaq, döyülmək, soyuq türmə kameralarında titrəmək lazım olanda məni yadına salıb.

Bunu anlayandan sonra başıma cüt qapaz salıb geri döndüm, tarixin keçib getdiyi yola səpələnən yiyəsi ölmüş orden, medalları yığa-yığa evə qayıtdım.

Qayıdıb divarın o biri üzündə xoruldayan o erkək Fatmayla evləndim.

Tarixin əlindən canım qurtarmamış, yaxam taleyin əlinə keçdi.

İndi də özün görürsən, tale boğazıma ip salıb arxasınca dartır.

Arvada da tapşırıb ki, arxadan döyəclə bu heyvərəni, qoy zirək yerisin. Bezmişəm, ata canı.

Uşaqlar bir az böyüsün, özümü öldürəcəyəm.

O əlindəki qədəhi də başına çəkdi, üstündən də bir dilim limonu qabığıqarışıq çeynədi.

- Mən də bu şəhərə gələndə onun böyüklüyünə, küçələrin, evlərin, qadınların çoxluğuna sevinirdim.

Elə bilirdim nə vaxtsa bu qədər küçədən, evdən, qadından mənə də pay düşəcək, mənim də küçəm, evim, qadınım olacaq.

Bilirsən, şəhərə gəldiyim gün ağlıma gələn ilk fikir nə olmuşdu?

Desəm gülməyin tutacaq, fikirləşmişdim ki, görəsən bu qədər insana çörək çatdırmaqdan ötrü nə qədər təndir qalamaq lazımdır və bu qədər adamın nəcisi, sidiyi necə olur?

Bu suala ancaq Hüqonu oxuyandan sonra cavab tapdım. Sən demə yerin altında şəhərin də adam kimi qarnı, bağırsaqları varmış və çirkin, üfunətin bu qaranlıq aləmində minlərlə sidik, nəcis çayları axıb gedirmiş.

Əvvəllərdə yollarda, küçələrdə qabağıma çıxan dəmr barmaqlıqlara fikir vermirdim.

Hüqonu oxuyandan sonra bildim ki, bu barmaqlıqlar üfunətin, çirkabın yeraltı qazamatına açılan pəncərələrdir və bu qazamatın da öz sakinləri var, siçovullar və ağcaqanadlar.

Şəhərdə yaşadıqca hərdən bu yeraltı qazamatda üfunətin qiyam qaldırdığını, qəzəbli və iyrənc nəcis selinin dəmir barmaqlıqlara dırmaşıb azadlıq istədiyini Hüqo kimi mən də gördüm.

Sən demə şəhərdə nəcisə də azadlıq lazım imiş, nəsə, zəhləni tökdüm, yat.

O zarafatla əlini Leş Əlinin kürəyinə vurub şüşəsini və istəkanını qoynunda gizlədi, qalxıb otaqdan çıxdı...
XS
SM
MD
LG