Dekabrın 26-da Qərbin "Euronews", "Reuters" media orqanları, eləcə də Türkiyənin "Anadolu" agentliyi Azərbaycan hökumətindəki mənbələrə istinadla Aktauda təyyarə qəzasına Rusiyanın "yer-hava" tipli raketinin səbəb olduğunu deyib.
Elə hakimiyyətin nəzarətində olan yerli media orqanları da bu informasiyanı qərb mediasına istinadla yayıblar.
Mənbələrin bildirdiyinə görə, təyyarəyə raket Qroznı üzərində "dron fəaliyyəti" zamanı atılıb. Raket təyyarənin yaxınlığında partlayıb, sərnişinlərə və ekipaja qəlpələr dəyib.
Zədələnmiş təyyarənin Rusiya aeroportlarına eniş etməsinə icazə verilmədiyi bildirilir. Pilotlar təcili eniş icazəsi istəyiblər, ancaq onlara Xəzər üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaq əmri verilib. Dəniz üzərində uçuş zamanı təyyarənin GPS naviqasiya sistemlərinin bloklandığı vurğulanır.
Deputat Rasim Musabəyov "Turan"a bu xəbərləri şərh edərkən deyib ki, təyyarənin Rusiya ərazisində, Qroznı səmasında vurulduğunu inkar etmək qeyri-mümkündür.
Onun sözlərinə görə, Rusiyada kimlərsə bununla bağlı izləri itirmək üçün mediada müəyyən hərəkətlər edirlər: "Nahaq edirlər. Azərbaycan hökuməti isə mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin. Durub hansısa izləri itirmək üçün mediada kampaniya aparmaq lazım deyil. Hər şey olur, bu hadisələr, çox təəssüf ki, olur. Ancaq buna adekvat reaksiya lazımdır".
R.Musabəyov vurğulayıb ki, bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır: "Bunu törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir, kompensasiya ödənilməlidir. Bu olmadığı halda, təbii ki, münasibətlər ayrı müstəviyə keçir".
Xatırlatma
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.