Azərbaycandakı partiyaların təyyarə qəzası ilə bağlı fərqli dəyərləndirmələri var

Qəzaya uğrayan təyyarə

Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.

Dekabrın 26-da AZAL prezidenti Samir Rzayev də jurnalistlərə bildirib ki, qəzaya uğrayan təyyarə oktyabrda tam təmirdən çıxıb, texniki nasazlıq olmayıb. O, qəza ilə bağlı hər hansı məqamdan danışmağın hələ tez olduğunu bildirib: "Təyyarəni qara qutusu tapılıb. Detallı araşdırmalardan sonra bütün məqamlar aydın olacaq".

24 partiya: "...Siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır"

Başda hakim Yeni Azərbaycan Partiyası (YAP) olmaqla ölkədə fəaliyyət göstərən 24 siyasi partiya da təyyarənin qəzaya uğraması ilə əlaqədar bəyanat yayıblar. Sənədi imzalayanlar müvafiq dövlət qurumlarının qəzanın nəticələrini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcəklərinə, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcəyinə ümidvar olduğunu vurğulayıblar.

Onlar həmçinin bəzilərinin bu bədbəxt hadisəni "siyasi spekulyasiya" predmetinə çevirmək cəhdini qınayıblar.

Gülağa Aslanlı

"Beynəlxalq komissiyaya ehtiyac var"

Bəyanatı imzalayan partiyaların sırasında olmayan Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə AzadlıqRadiosuna deyib ki, hadisənin araşdırılması üçün beynəlxalq komissiyaya ehtiyac var: "Orada Rusiyanın olmasına icazə vermək olmaz".

G.Aslanlı vurğulayıb ki, bəzi yayılan görünənlərə görə təyyarə uçarkən ona atəş açılıb: "Böyük ehtimalla o, məcburiyyət qarşısında Aktauya gəlib".

Amma G.Aslanlının sözlərinə görə, Müsavat Partiyasının da mövqeyi ondan ibarətdir ki, yaradılmış komissiyanın rəyini gözləmək lazımdır: "Amma əgər "qara qutu" Rusiyaya aparılıb orada tədqiqata gedəcəksə, mən onun nəticəsinə şübhə ilə baxacağam. Yaxşı ki, Qazaxıstan, Azərbaycan və Braziliya o tədqiqatı aparacaq. Ora müstəqil beynəlxalq təşkilatların nümayəndələrinin daxil olması vacibdir".

Seymur Həzi

"Heç bir siyasi spekulyasiya yoxdur"

Bəyanatı imzalamayan başqa bir müxalif qüvvə-Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi siyasi spekulyasiya ilə bağlı iradlarla razılaşmır: "Bütün cəmiyyət həmin dövlət komissiyasından inandırıcı məlumat gözləyir, biz də gözləyirik".

Onun sözlərinə görə, AXCP-yə həmin bəyanata qoşulması üçün təklif gəlməyib: "Biz də düşünmürük ki, bu məsələ ilə bağlı birgə bəyanatla çıxış etməliyik. Siyasi partiyalar birgə və ya ayrı-ayrılıqda mövqeyini bildirə bilərlər. Mövqeyimiz budur ki, bu, çox faciəvi hadisədir. Hadisənin ətrafında müxtəlif fikirlər var və yerindən çəkilmiş videokadrlarla bağlı bəzən rəsmi, bəzən qeyri-rəsmi fikirlər səsləndirilib. Bu fikirlərin ümumiləşməsi üçün və spekulyativ fikirlərin aradan qalxması üçün dövlət komissiyası inandırıcı, əsaslandırılmış nəticəni ictimaiyyətlə bölüşməlidir".

Kreml nə deyir?

Kreml isə AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı şərh verməyə tələsmir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, istintaq getdiyi bir vaxtda Aktau yaxınlığındakı aviaqəzanın səbəbləri ilə bağlı fərziyyələr irəli sürmək doğru deyil.

"Hazırda istintaq gedir, istənilən aviasiya hadisəsi ixtisaslaşmış aviasiya hakimiyyəti tərəfindən araşdırılmalıdır. Bu istintaqın başa çatmasını gözləməliyik. Hansısa fərziyyələr irəli sürmək doğru deyil, biz bunu edə bilmərik, heç kim də etməməlidir", - Peskov bildirib.