Ukraynada atəşkəs sazişinə dair danışıqların fəallaşması fonunda Rusiya prezidenti Vladimir Putinin Donald Trampla görüşü planlaşdırılmayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bu bilgini dilə gətirib.
"Yanvardakı andiçmə mərasiminədək Trampla görüş üçün hələ heç bir real impuls yoxdur", - Peskovun sözləridir.
Dekabrın 22-də mühafizəkarlarla görüşündə ABŞ prezidenti seçilmiş Tramp bildirib ki, Putin onunla mümkün qədər tez bir vaxtda görüşmək istəyir.
Rusiya və Ukraynanın qarşılıqlı zərbələri
Son həftələr Rusiyayla Ukrayna arasında döyüşlər gərginləşib. Moskva Ukraynanın mülki və enerji infrastrukturuna PUA və raket zərbələri endirib. Ukrayna buna cavabında Rusiya ərazisindəki neft və enerji obyektlərinə, o sıradan neftlə zəngin Tatarıstanın paytaxtı Kazana hava hücumu gerçəkləşdirib.
Ötən həftə ənənəvi illik mətbuat konfransında Putin Qərb ölkələrinə üstüörtülü güzəşt işarələri versə də, kompromisə görə NATO və Qərbdən ən ciddi güvənlik zəmanətləri tələb edib.
Slovakiya baş naziri Moskvaya səfər edib
Ukraynadakı hərbi durum və savaşın nizamlanması dekabrın 22-də Moskvada Slovakiyanın baş naziri Robert Fitso və Vladimir Putin arasındakı görüşdə də müzakirə edilib. Di gəl, görüşün əsas müzakirə mövzusu Ukrayna ərazisiylə tranzit edilən və ilsonu müddəti bitəcək təbii qaza dair müqavilənin uzadılması olub.
Ukraynada üç il öncə başlanan savaşdan sonra Putinlə münasibətləri qoruyub saxlayan azsaylı Avropa İttifaqı (Aİ) ölkəsi liderlərindən olan Fitso rəsmi Kiyevə hərbi yardımın kəsilməsinin, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının qaldırılmasının və Ukraynanın NATO-ya üzv olmamasının tərəfdarıdır.
Ukrayna gələn ilin əvvəlindən Rusiya qazının öz ərazisindən tranzitini dayandıracağını bildirib. Ancaq rəsmi Kiyev qaz hüquq baxımından Rusiyaya məxsus olmasa, Avropa Komissiyasının sorğusu əsasında tranziti bərpa etməyə hazırdır.
İndiki müqaviləyə görə, bu qaz xəttiylə ildə 40 milyard kubmetr mavi yanacaq göndərilməlidir. Amma ötən il tranzit göstəricisi 15 milyard kubmetri keçməyib. Sözügedən qaz borusu Rusiyanın Avropanı qazla təmin edən iki xəttindən biridir.
Bu xətlə Avropanın qaza ehtiyacının cəmi 5 faizi ödənilsə də, Macarıstanın tələbatının 47 faizi, Slovakiyanınsa 97 faizi bu xəttin payına düşür. Üstəlik, Slovakiya Rusiya qazının Avropaya sonrakı satışından ildə 500 milyon avro qazanır.