Casusluq ittihamı, diplomatların 'persona non grata' elan olunması: Bakıda məhkəmə başlanır

Martin Rayan

Bir ildir Azərbaycanda həbsdə olan Fransa vətəndaşı, "Mercorama LC" şirkətinin baş direktoru Martin Rayan yaxın günlərdə Bakıda hakim önünə çıxarılacaq. İstintaq yekunlaşdığından onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Rayan casusluqda suçlanır və ona Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsiylə ittiham verilib. Bu maddədə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulub.

Fransa vətəndaşı məhkəmə önündə tək olmayacaq, azərbaycanlı Azad Məmmədli də onunla birlikdə eyni cinayət işində təqsirləndirilir. Ancaq ondan fərqli olaraq, A.Məmmədliyə dövlətə xəyanət ittihamı verilib. Bu ittihama görə qanunda nəzərdə tutulan cəza isə 20 ilədək və ya ömürlük həbsdir.

Həmin cinayət işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX-da) aparılıb. Onlar da bu qurumun istintaq təcridxanasında saxlanılır.

Ötən ilin dekabrında - M.Rayanın həbsindən bir müddət sonra onun vəkili Nizami Əliyev mediaya açıqlamasında müvəkkilinin özünü təqsirli bilmədiyini demişdi. Vəkil vurğulamışdı ki, hüquqlarını qoruduğu şəxsin ev dustaqlığına buraxılmasından ötrü məhkəməyə vəsatət versələr də, təmin olunmayıb.

M.Rayan dekabrın 4-də həbs olunduqdan bir qədər sonra - dekabrın 26-da rəsmi Bakı iki nəfər fransalı diplomatı "diplomatik statuslarına uyğun olmayan hərəkətlər" etməkdə suçlayaraq ölkədən çıxarıb. Ardından Fransa Xarici İşlər Nazirliyi də Azərbaycana eyni tərzdə cavab verib – Parisdəki səfirliyin iki diplomatı "persona non grata" elan edilib.

Bu ilin yanvarında Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq M.Rayanın həbsini özbaşınalıq saydığını vurğulayıb. Həmçinin bildirilib ki, Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində ona baş çəkə bilib.

Azərbaycan M.Rayanın əsassız həbsi barədə deyilənləri qəbul etmir.

"Bu, əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir", - Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfin bəyanatını belə cavablandırıb.

Bakı metrosunda qrafiti

Yeni Zelandiya və Avstraliyadan olanlara alternativ cəza verilib

M.Rayandan başqa bir Fransa vətəndaşı - Teo Klerk Hüqo da Bakıda həbsdədir. Qrafiti rəssamı olan və Bakıda iki dostu ilə birlikdə metro vaqonunun üstünə boya ilə rəsm çəkdiyinə görə həbs edilən T.Klerkə 3 il həbs cəzası kəsilib. Bu ilin martında Yeni Zelandiya və Avstraliyadan olan dostlarıyla Bakıya gələn və birlikdə saxlanılan T.Klerkin yoldaşlarına alternativ cəza verilsə də, özü həbs edilib.

Ardından sentyabrın 4-də Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq öz vətəndaşlarını, o sıradan ikili vətəndaşlığı olanları Azərbaycana səfərdən çəkinməyə çağırıb: "Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır. Bu risklə turist və ya işgüzar səfər edənlər də üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət olunmur".

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu çağırışın əsassız olduğunu bəyan edib: "Fransanın belə əsassız, qərəzli qərarı və bəyanatı bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Fransa vətəndaşlarının əsassız saxlanması və həbs edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur".