Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:51

Yeni Milli Məclisdən gözlənti nədir?


Milli Məclis
Milli Məclis

Azərbaycanda növbədənkənar parlament seçkilərindən beş gün keçib. Mərkəzi Seçki Komissiyası (MSK) protokollara yekun vurmasa da, bütün 125 dairə üzrə lider namizədlər açıqlanıb. Onlardan gözləntilər nədir?

"İcraedici hakimiyyət nə deyəcəksə…"

Hərçənd Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı onların yeni qüvvə kimi dəyərləndirilməsinin əleyhinədir. Onun fikrincə, həmin şəxslərin 70-80 faizə yaxını köhnə tərkibdir.

"Əgər dəyişən bir şey yoxdursa, icraedici hakimiyyət nə deyəcəksə, yeni tərkib də onu yerinə yetirəcək. Bu gün Azərbaycanda əsl parlamentarizm, xalqın təmsilçiliyi deyilən bir şey yoxdur", - o, Azadlıq Radiosuna söyləyib.

"Vəzifələri uğurla yerinə yetirə biləcəklər"

Siyasi şərhçi Zaur İbrahim həmin suala fərqli şəkildə cavab verir. Onun sözlərinə görə, MSK-nın açıqladığı lider namizədlər onu deməyə əsas verir ki, qanunverici orqan beynəlxalq əməkdaşlığın gücləndirilməsi, parlament diplomatiyası sahəsində potensialı artıracaq: "Həm peşəkar diplomatların Milli Məclisdə təmsil olunması, həm də xaricdə təhsilə malik, beynəlxalq əlaqələr sahəsində ixtisaslaşmış müstəqil texnokratların mandat qazanması onun deməyə əsas verir ki, VII çağırışda kifayət qədər təcrübəli mütəxəssislər var. Onlar bu sahədə qarşıda dayanan vəzifələri uğurla yerinə yetirə biləcəklər".

"Səsvermə günü ideal test oldu"

Başqa bir siyasi şərhçi Nəsimi Məmmədli isə deyir ki, ölkənin iqtisadi, siyasi, sosial, hüquqi və digər istiqamətlər üzrə əsas siyasətini müəyyən edən orqan ali icra hakimiyyəti - prezidentdir. O xatırladır ki, konstitusiyanın 109-cu maddəsi ölkə prezidentinə 32 bənddən ibarət çox geniş səlahiyyət verib: "Ölkədəki bütün münasibətlər sistemi prezidentin hüquqi və siyasi iradəsindədir. Qanunverici və məhkəmə hakimiyyətinin üzərində də prezidentin konstitusion üstünlüyü var. Milli Məclisin səlahiyyət həddi və tərkibi ondan böyük gözlənti yaratmır. Əslində əhalinin MM-dən gözləntisini müəyyən etmək üçün səsvermə günü ideal test oldu. Səsvermədə real iştirak 6-7 faiz arasında idi".

MSK-nın açıqlamasına görə, isə seçici fəallığı 37 faizdən çox olub.

Azər Qasımlı
Azər Qasımlı

Yeni Milli Məclis cəmiyyətə hansı töhfələr verə bilər?

A.Qasımlının deməsinə görə, son iki-üç çağırış Milli Məclisin əvvəlkilərdən fərqi onda idı ki, peşəkar qanun yazanlar yox idi: "Indi Milli Məclis Prezident Administrasiyasının şöbəsinə çevrilib, əvvəl notarial idi. Bu gün Məclisdəki komitə rəhbərləri bu işin yarısını öz üzərilərinə götürüblər".

Z.İbrahimin vurğulamasına görə, yeni tərkibdə əvvəlki iqtisadçı deputatlar ilə yanaşı, yeni adamlar da gözə dəyəcək: "Güman edirəm ki, Milli Məclisdə hökumətdən gələn təklifləri daha yaxşı ekspertiza edib yeni təklif hazırlamaq imkanları artacaq. Bu sahədə qanunverici orqanın funksionallığı da artacaq. Bilirik ki, Milli Məclis, bir qayda olaraq, büdcə müzakirələri zamanı ictimai baxımdan aktual məsələlərin qaldırıldığı platformadır. Xüsusən sosial müdafiə tədbirləri, əhalini narahat edən məsələlər, həssas təbəqənin ehtiyacları MM-də davamlı olaraq qaldırılır".

Onun fikrincə, cəmiyyət bu məsələlərlə bağlı deputatların fikirlərinə çox həssaslıqla yanaşır: "Güman edirəm ki, VII çağırışda da bu sahədə peşəkar təkliflərin, tövsiyələrin irəli sürülməsinin şahidi olacağıq. Məncə, iqtisadçı deputatlar bu sahədə səriştəlidirlər, onların qaldırdığı məsələlər həssas təbəqənin müdafiəsinin effektivliyini artıracaq".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli
"Adlarını heç Google-da da tapmaq olmur"

N.Məmmədli isə deyir ki, Milli Məclisin köhnə tərkibindən 88 nəfər, yaxud da 70.4 faiz lider namizəd durumundadır. Onun sözlərinə görə, kiçik istisnalarla köhnə tərkibdən yenidən mandat alanların əksəriyyəti passiv fəaliyyəti ilə xatırlanır.

O habelə əlavə edir ki, lider namizədlər arasında yeni simaların mütləq əksəriyyəti heç vaxt ictimai-siyasi fəaliyyətdə olmayıb: "Onların adını və fəaliyyətini nəinki cəmiyyətdə, heç Google axtarış sistemində də tapmaq mümkün deyil. Bu şəxslərin təmsilçiliyi ilə cəmiyyətin köklü problemlərini səmərəli müzakirə və həll etmək çox çətin olacaq. Çoxsaylı sosial-siyasi problemlərin həlli üçün nikbin olmağa əsas yoxdur".

İlin sonuna devalvasiya olacağı ilə bağlı gözlənti var, Milli Məclisin yeni tərkibi bunun qarşısını ala bilərmi?

"Yox…"

A.Qasımlı: "Yox, onlar devalvasiyanın qarşısını necə ala bilərlər?! Əvvəla onların siyasi səlahiyyətləri yoxdur ki, hansısa naziri çağırıb hesabat tələb etsinlər. Digər tərəfdən, Milli Məclis qanunverici orqandır, iqtisadiyyat nazirliyi deyil. Məclisdəki iqtisadçılar iqtisadiyyat haqda qərar vermirlər, büdcə barədə müzakirələr aparıb qərar qəbul edirlər, yəni təsdiqləyirlər. Bu adamların funksiyası və siyasi iradələri yoxdur".

Zaur İbrahim
Zaur İbrahim

"...real əsaslar görmürəm"

Z.İbrahim deyir ki, bir neçə ildir devalvasiya ilə bağlı müxtəlif dövrlər üçün təxminlər səslənir. Amma o, devalvasiya ilə bağlı real əsaslar görmür: "Çoxluq hakim Yeni Azərbaycan Partiyasına məxsusdur, bu baxımdan, hökumət qərarlarına əlahiddə mövqe görməyəcəyik. Ancaq millət vəkilləri rəyləri və təklifləri ilə iqtisadi qərarların qəbulu zamanı həssas təbəqələrin ehtiyaclarının daha çox nəzərə alınmasına, büdcə resurslarının daha optimal bölüşdürülməsinə, şəffaflığın artırılmasına töhfə verərlər. Onlar aktual məsələləri gündəliyə çıxarmaqla da hökumətin diqqətini bunlara yönəldə bilərlər".

N.Məmmədli isə hesab edir ki, bu məsələdə də Milli Məclisin ata biləcəyi pozitiv addımlar məhduddur: "Hələ son illər bir dəfə də iqtisadi-sosial sahədə ciddi qanunvericilik təşəbbüsü ilə çıxış edən, geniş müzakirə yarada bilən deputata rast gəlmədik. Qanunvericilik təşəbbüsləri, bir qayda olaraq, prezidentdən gəlib. Hökumətin iqtisadi-maliyyə siyasəti ilə bağlı parlamentin fərqli addım atmaq gücü və iradəsi yoxdur".

Xatırlatma

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG