Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:33

Azərbaycanda seçici sayı yenə azalıb. Səbəb nə ola bilər?


Səsvermə
Səsvermə

Azərbaycanda seçici sayında yenə azalma var. Son rəsmi açıqlamaya görə, Azərbaycanda 5 milyon 876 min 428 nəfər seçici var.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında bu qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Qeyd edilib ki, bu say dəqiqləşmə prosesində dəyişə bilər: "Seçicilərin sayının dəqiqləşdirilməsi üzrə iş gedir".

Bu il mayın 27-də MSK açıqlamışdı ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var. Bu ilin fevralında, növbədənkənar prezident seçkisindən əvvəl isə bu rəqəmi 6 milyon 478 min 623 nəfər göstərilmişdi.

MSK: "Daim yoxlanılır və təkmilləşdirilir"

MSK-dan "Turan"a da bildirilib ki, seçici siyahıları daim yoxlanılır və təkmilləşdirilir: "Gələn ilin yanvarında keçiriləcək bələdiyyə seçkilərində 5 milyon 876 mindən artıq seçici 118 dairə üzrə 5 min 734 məntəqədə səs verəcək. 125 dairədən yeddisi tam məcburi köçkün dairəsidir, buna görə də onların seçiciləri seçkidə iştirak etməyəcək".

Azərbaycanda seçici sayı daim müzakirə mövzusu olub və ona zaman-zaman həm beynəlxalq təşkilatlardan, həm də yerli müşahidəçilərdən şübhələr ifadə edilib. Hətta bununla bağlı Azərbaycanın ayrı-ayrı dövlət qurumlarından fərqli rəqəmlər də dilə gətirilib.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Ekspert: "Düşünüblər ki, bunu düzəltmək lazımdır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, bələdiyyə seçkilərində seçicilərin sayının azalması səsvermənin yeddi dairədə keçirilməməsi ilə bağlıdır.

Amma ekspert hər seçkidən seçkiyə seçicilərin sayında azalmanı həm də başqa ehtimallarla izah edir: "Əslində bu məsələyə aydınlığı Mərkəzi Seçki Komissiyasının özü gətirə bilər. Mən ehtimal edirəm ki, əvvəlki sayın artımı məsələsində yanlışlıqlara yol verilib və düşünüblər ki, bunu düzəltmək lazımdır".

B.Süleymanlının sözlərinə görə, 2022-ci ildə MSK-nın dərc etdiyi məlumatda seçicilərin sayının 1 milyondan çox artdığı qeyd olunmuşdu: "O dövrdə MSK və icra hakimiyyəti orqanlarının rəhbərləri də bunu əhalinin sayının artması ilə izah etmişdilər. Təbii ki, o dövrdə də bu arayışlar etimadımızı doğurmamışdı. Sonrakı dövrlərdə, yəqin, fikirləşiblər ki, bu rəqəmləri artırdıqca daha pis tendensiya ilə üzləşəcəklər. Əhalinin sayı artdıqca seçicilərin də artdığını göstərsələr, seçici iştirakçılığı da buna uyğun olmalıdır. Biz isə seçicilərin iştirakçılığının az olduğunu görürük".

Seçici sayı ilə bağlı MSK-nın açıqladığı son rəqəmlərə Dövlət Statistika Komitəsindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG