Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:42

Rusiya Ukraynaya bu səbəblərdən ballistik raket zərbəsi endirir


Moskvada hərbi parad zamanı "Topol M" nüvə başlığı daşıya bilən uzaqmənzilli ballistik raket
Moskvada hərbi parad zamanı "Topol M" nüvə başlığı daşıya bilən uzaqmənzilli ballistik raket

Rusiyanın Ukraynaya qarşı prezident Vladimir Putinin yeni adlandırdığı ortamənzilli raketlə zərbəsi üzdə hərbi hücum kimi görünsə də, əslində tam bir mesaj və siqnal məsələsidir. AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus masasının redaktoru Stiv Quterman öz həftəlik məqaləsində yazır ki, əksər siqnallar kimi, bu siqnal da Vaşinqtonla bütövlükdə Qərbə yönəlib.

Putin noyabrın 21-də Ukraynanın Dnepr (Dnepropetrovsk) şəhərini hədəf alan zərbənin ardınca televiziyada yayımlanan çıxışında deyib ki, bu, Ukraynanın ABŞ-ın ATACMS və Britaniyanın "Storm Shadow" raketləri ilə endirdiyi zərbələrə Moskvanın cavabının bir bölümüdür. Bu hücumlar Kiyevin bu raketlərdən yararlanaraq Rusiya ərazisinə hücum etməsinə ABŞ və Britaniyanın icazəsi haqda xəbərlərin yayılmasından az sonra baş verib.

"Qısası, bu, hərbi deyil, siyasi zərbə idi"

Putin onu da deyib ki, Rusiyanın Kiyevə silahlarından bu məqsəd üçün istifadə icazəsi verən ölkələrin hərbi obyektlərini hədəf seçmək haqqı var.

"Qısası, bu, hərbi deyil, siyasi zərbə idi", - istefada olan avstraliyalı ordu general-mayoru və Sidneydə yerləşən Loui İnstitutu beyin mərkəzinin aparıcı tədqiqatçısı Mik Rayan X-də belə yazıb.

AzadlıqRadiosunun əməkdaşı Stiv Quttermanın yazısında deyilir ki, ballistik raket zərbəsi Dnepr şəhərinə daha geniş hücumun bir hissəsi idi. Ukrayna rəsmiləri bu hücumda üç nəfərin yaralandığını bildiriblər. Onlar hücumun bir sənaye obyektinə və əlil insanlar üçün reabilitasiya mərkəzinə zərər vurduğunu deyiblər. Bu obyektlərdən çəkilən fotolarda qırılmış pəncərələr, çökmüş tavan və döşəmələrə səpələnmiş tör-töküntülər əks olunub.

Vladimir Putin
Vladimir Putin

Müdafiə eksperti və Oslo Universitetinin doktorantı Fabian Hoffmann "Kyiv Independent" onlayn qəzetinə müsahibəsində bu hücumun hərbi dəyərinin olmadığını, onun tam siyasi məqsədlər daşıdığını söyləyib.

Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücum əmri verməsindən bəri Rusiya rəsmiləri və dövlət mediası Qərbi qorxutmaq, ABŞ və Avropanın Kiyevə silah göndərməsinin önünü kəsmək üçün dəfələrlə potensial nüvə hücumu hədəsinə əl atıblar.

Bu nüvə mesajı o qədər tez-tez verilib ki, Kreml "qırmızı" xətlərinin rahat keçilməsinə imkan verən tərəf təsiri bağışlaya biləcəyindən narahat olmuş ola bilər.

"Putinə elə gələ bilər ki, onun nüvə silahlarından bu qədər tez-tez danışması… mesajın dəyərini itirə bilər. Ona Vaşinqtona çatdırmaq üçün başqa siqnal lazım idi, o da bunu başqa növ silahla etməyi seçib", - Rayanın sözləridir.

Putin nüvə hücumu kabusunu hələ Ukraynaya tammiqyaslı hücuma başlamazdan xeyli öncə işə salmağa başlayıb. Ancaq Rusiyanın nüvə arsenalından istifadədən çəkinməyə çox səbəbi bar. Bu addımın Ukrayna müharibəsində effektivliyinin sual altında olması və Moskvanın dünya ölkələri, o cümlədən Çin, Hindistan və Qlobal Cənub ölkələrinin mənfi reaksiyası ilə üzləşə biləcəyi də həmin səbəblər arasındadır.

"Siqnal növü"

Putin öz çıxışında deyib ki, bu halda raketin üzərində nüvə başlığı olmayıb. Pentaqon bildirib ki, Putinin çıxışında "Oreşnik" (fındıq ağacı) adlandırdığı raket mövcud model – "Rubej" kimi tanınan RS-26 təməlində hazırlanıb.

"Bu, faktik olaraq, durumu hədələdiyin şəkildə gərginləşdirə bilmədiyin halda əl atdığın siqnal növüdür", - London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin baş mühazirəçisi Rut Deyermond noyabrın 21-dəki raket hücumu barədə belə yazıb.

Rusiyada ballistik raketin sınaq atışı.
Rusiyada ballistik raketin sınaq atışı.

Bu ay Rusiyanın nüvə doktrinasında dəyişiklik edilməsi də daxil, daha öncəki söz və davranışları kimi, bu raket zərbəsi də Rusiyanın gerçək niyyətləri haqda az şey deyir.

"Nə "Oreşnik" ballistik raketi, nə də Putinin 21 noyabr bəyanatı Rusiyanın zərbə imkanları, yaxud nüvə silahından istifadə ehtimalı barədə ciddi bir dəyişikliyi ifadə etmir", - ABŞ-da yerləşən Savaş Araşdırmaları İnstitutu X postunda dilə gətirib.

ABŞ prezidenti Co Baydenin postunu tərk etməsi və yeni prezident seçilən Donald Trampın Ağ evə qayıtması fonunda Putin "raket sınağı" adlandırdığı bu addımın Baydeni Kiyevi dəstəkləməkdən çəkindirəcəyinə, Trampı isə Ukraynaya dəstəyi dayandırmağa məcbur edəcəyinə ümid bəsləyir.

Rusiyanın bu siqnalının əsas hədəfi ABŞ-dır. Ancaq həmin siqnal Ukraynanı xoflandırmaq və Avropanı təlaşlandırmaq məqsədi də güdmüş ola bilər. Axı raket hücumu suallı bir fonda baş verib: "Trampın qarşıdakı prezidentliyi Ukraynaya dəstəyi azaldacaq", "NATO ilə münasibətlər necə olacaq" və "Aİ ilə həmrəylik mümkün ola biləcəkmi" sualları doğur və bunların fonunda Putin təkcə Vaşinqtona mesaj ötürmür. "O, diapazonu 5 min kilometri aşan silahdan yararlanıb. Bu silahdan Avropa və Birləşmiş Krallıqda istənilən hədəfə qarşı istifadə edilə bilər. Bu üzdən, bu, Avropaya... mesajdır", - Rayan belə yazıb.

XS
SM
MD
LG