Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:02

Əsədin devrilməsi Rusiyanın Suriyada və regionda hərbi gücünü təhdid edirmi?


Rusiya sualtı qayıqları Suriyanın Aralıq dənizindəki Tartus limanında.
Rusiya sualtı qayıqları Suriyanın Aralıq dənizindəki Tartus limanında.

Doqquz il öncə nəhəng hərbi yük təyyarələri və köhnə dəniz gəmilərindən ibarət hərbi karvan Rusiya bazaları ilə Suriya arasında hərəkət etməyə başlamışdı. Suriyanın qərbinə böyük hərbi güc yerləşdirən Rusiya bu yolla Yaxın Şərqdə hərbi iştirakını möhkəmləndirmiş, nəticə etibarilə Suriya prezidenti Bəşər əl-Əsədin rejimini xilas etmişdi.

İndi Əsəd gedib və o hərbi bazaların taleyi təhlükədə, Rusiyanın bütövlükdə Yaxın Şərq strategiyası məsələsi də havadadır.

Moskva hansı addımı atacağını hələ dəqiqləşdirməyib

Ötən həftəsonu Əsəd rejiminin çökməsi bütün Yaxın Şərqə və daha uzaqlara təsiri olan tektonik hadisədir. Kremlin 2015-ci ildə Suriyaya müdaxiləsi bölgədəki hesabları alt-üst etmişdi. İndi bu hesablar yenidən qarışıb; Moskva indən belə hansı addımları atacağını anlamağa çalışır.

Hələlik, Rusiyanın Suriyadan çəkilməsinin heç bir təsdiqlənmiş əlaməti gözə dəyməyib. Adıçəkilməyən bir Kreml rəsmisi TASS dövlət xəbər agentliyinə bildirib ki, Rusiya Suriyadakı hərbi aktivlərinin güvənliyinin təmin edilməsi ilə bağlı razılıq əldə edib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verməkdən boyun qaçırıb.

"Hələlik, bunu dartışmaq tezdir. Ancaq bu, gələcəkdə Suriyada hakimiyyətdə olacaq qüvvələrlə müzakirələrin mövzusu olacaq", - Peskov belə deyib.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekel Rusiyanın Suriyadakı hərbi iştirakı haqda faktları əhatə edən məqaləsində qarşıda baş verə biləcək hadisələri də təhlil edib.

Rusiyanın Suriyadakı hərbi varlığı hələ SSRİ-nin Əsədin atası Hafiz Əsədlə münasibətləri dövründən başlayıb. 1971-ci ildə Moskva Tarsus limanı vasitəsilə Aralıq dənizinə hərbi dəniz çıxışı əldə edib. Bu, bölgədə çox güclü hərbi varlığın olması demək idi. 2011-ci ilədək Moskvanın bu bölgəyə diqqəti yetərincə sönük görünürdü. 2011-ci ildə baş qaldıran vətəndaş savaşı Əsəd hökumətini təhlükə qarşısında qoydu.

2015-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin Əsədin üsyançı və ekstremist qruplarla mübarizəsinə dəstək vermək üçün Rusiyanın son onilliklərdə görünməmiş həcmdə xarici hərbi qüvvələrini Suriyaya göndərdi. Suriya Rusiyaya Tarsus limanı və Hmeymim hava bazasına 49 illik çıxış verdi.

"Durum çox ağır idi"

"İstər ovqat, istərsə dözüm baxımından durum çox ağır idi. Silah-sursat, zəruri dəstək, idarəçilik çatışmırdı. Bizim əməliyyatımız başladı və bəlli vaxtdan sonra ilk uğurları gördük… Bu gün Suriya ordusu öz ərazisini qorumaq vəzifələrini yerinə yetirmək iqtidarındadır", - Rusiya Baş Hərbi Qərargahının rəisi general Valeri Qerasimov 2017-ci ildə dərc olunan müsahibəsində belə demişdi.

Sonrakı il aylarla sürən və şəhərləri yerlə-yeksan edən hava hücumları o qədər amansız idi ki, hücum əmri verən komandirə "General Armaqeddon" ləqəbi verilmişdi. Bu hücumlar sayəsində Suriya ordusu üstünlük qazandı. Cəsarətlənən Rusiya qoşunları 2018-ci ildə Suriyanın şərqində ABŞ gücləri ilə toqquşdu. Onların sıralarında "Vaqner" özəl hərbi şirkətinin muzdlu döyüşçüləri də vardı.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, Rusiyanın Suriyaya müdaxiləsinin pik dövrü olan 2017-ci ildə ölkəyə muzdlular da daxil, 6 min əsgər gətirilmişdi.

Bu quru qoşunlarının çoxundan Suriya ordusuna təlim vermək üçün istifadə edilirdi. Ancaq komandirlər Rusiya artilleriyası və zirehli birliklərini, habelə özəl qüvvələri Suriya piyada qoşunlarına dəstək üçün döyüş meydanına da çıxarırdılar. Özəlliklə 2016-cı ildə Suriya ordusu hücumla ölkənin ən böyük şəhəri Hələbi ələ keçirərkən belə olmuşdu.

Hazırda Rusiyanın Suriyadakı kontingentinin sayı aydın deyil. "YeZh" adlı Telegram kanalı Suriyada 7 min Rusiya hərbçisinin qaldığını hesablayıb.

Güc nümayişinə dayaq

Tartus Rusiyanın təkcə Suriya və Yaxın Şərqdə deyil, Afrika və başqa yerlərdə də güc nümayişi üçün platsdarm idi. 2015-ci ildən sonra Rusiya bu limanı təchiz etmək, ağır silah və tikinti avadanlığını daşımaq üçün özünün Baltik və Qara dəniz donanmalarındakı gəmilərindən yararlanmışdı. Bu limanı idarə etmək və böyütməklə bağlı kontrakt 2019-cu ildə Kremlin müttəfiqi olan bir işadamının tikinti şirkətinə verilmişdi.

Rusiya hərbi gəmiləri Aralıq dənizində Tartus sahillərində "Okean-2024" strateji komanda-qərargah təlimlərində.
Rusiya hərbi gəmiləri Aralıq dənizində Tartus sahillərində "Okean-2024" strateji komanda-qərargah təlimlərində.

Limanın 11 gəmini, o sıradan nüvə reaktorlu gəmiləri yerləşdirmək imkanı var. Buraya vaxtaşırı bir neçə dizel-elektrik sualtı qayığı da daxil olub. Onlardan Suriyadakı hədəflərə "Kalibr" qanadlı raketləri atmaq üçün istifadə edilib.

Limanda suyun dərinliyi daha iri gəmilərin də burada olmasına imkan verib. Onlardan biri də Rusiya donanmasının flaqmanı olan "Admiral Kuznetsov" təyyarə daşıyıcısıdır. Bu gəmi şərqi Aralıq dənizi bölgəsinə 2016-cı ilin oktyabrı ilə 2017-ci ilin yanvarı arasında gətirilib.

Suriya üsyançı qruplarının Dəməşqi ələ keçirməsindən öncəki günlər ərzində çoxu Tarsusda qərarlaşan bir neçə gəminin dənizi tərk etdiyi görülüb. Bu da evakuasiyanın başladığı barədə söz-söhbət doğurub. Ancaq Müdafiə Nazirliyi dekabrın 3-də donanmanın raket buraxmasının görüntülərini yayımlayıb və bunun təlim manevrləri olduğunu bildirib.

"Tartus Rusiya üçün Yaxın Şərqdə nisbətən rəqibi olmayan dəniz gücü və siyasi təsir imkanı, öz çəkisindən artıq zərbə vurmaq imkanı demək idi", - istefada olan belçikalı hərbi dəniz zabiti Fredrik Van Lokeren dekabrın 8-də bir bloq postunda belə yazıb.

Tartusdakı Rusiya gəmilərindən Rusiyanın Qara dənizdəki əməliyyatlarında istifadə edilmiş ola bilər. Bilindiyi kimi, bu donanma Ukraynanın innovativ taktikaları sayəsində xeyli zəifləyib. Ancaq beynəlxalq müqaviləyə görə hərbi gəmilərin Türkiyənin Bosfor boğazından keçməsi qadağandır.

Hmeymim hava bazası

Tartus sahilindən 60 kilometr uzaqlıqdakı Hmeymim hava bazası isə Rusiyanın hava qüvvələrinin istifadəsindədir. Döyüş təyyarələri və helikopterlərin dayanacağı olan bu baza eyni zamanda Suriyaya və Suriyadan canlı qüvvə və material daşıyan nəhəng yük təyyarələrinin yan aldığı hava limanıdır.

2016-17-ci illərdə bazanı genişləndirən rusiyalı mühəndislər uçuş xətlərini uzadaraq parkinq imkanlarını artırıblar. Putin 2017-ci ilin dekabrında bu hava bazasına öncədən açıqlanmayan səfər edib. Burada o, "terrorçu" adlandırdığı Suriya üsyançı qüvvələri üzərində qələbə qazanıldığını elan edib.

"Əgər terrorçular yenidən başlarını qaldırsalar, biz onlara heç vaxt görmədikləri zərbələr endirəcəyik", - Putin o zaman belə demişdi.

Prezident Vladimir Putin Hmeymim aviabazasında.
Prezident Vladimir Putin Hmeymim aviabazasında.

2016-cı ildə dərc edilən bir yarırəsmi hesabatda deyilirdi ki, Rusiyanın Suriyadakı hava donanmasının tərkibində 30-a yaxın Su-24 və Su-25 bombardman və qurudan hücum təyyarəsi, azı səkkiz müasir Su-30 bombardmançı döyüş təyyarəsi, 12 Mi-24 və Ka-52 hücum helikopteri var.

CSIS-in hesablamasına görə, 2015-ci ilin sentyabrından 2018-ci ilin yanvarınadək Rusiya qüvvələri bu hava gəmilərini döyüş məqsədilə 34 min dəfədən çox havaya qaldırıb; Su-24 və Su-34-lərdən əsas hücum təyyarələri kimi istifadə edilib.

Rusiya qüvvələri Suriyaya "İskander-M" qısamənzilli ballistik raket sistemlərini, mürəkkəb "S-400" uzunmənzilli hava hücumundan müdafiə sistemlərini, "Pantsir" və "Tor" kimi qısamənzilli müdafiə sistemlərini də gətiriblər. Onların hamısı hava və su yolu ilə gətirilib.

Son günlər çəkilən ticari peyk görüntüləri ağır karqo təyyarələri olan İl-76 təyyarələrinin Hmeymimin uçuş zolaqlarında parklandığını əks etdirib. Bu da evakuasiyanın başlanmasının mümkünlüyü haqda düşünməyə əsas verir.

Ancaq Suriyaya gətirilən silah və avadanlığın həcmini və Moskvanın onları Suriya üsyançılarının əlində qoyub getməkdə maraqlı olmadığını nəzərə alsaq, bütün bu avadanlığın ərazidən çıxarılması üçün onlarla təyyarə və gəmi gərəkəcək. Karneqi adına Beynəlxalq Sülh Fondunun Rusiya ordusu üzrə eksperti Dara Massikot deyir ki, bu cür fəaliyyəti gizlətmək çətin olacaq.

Əsəd ordusunun çöküşünün ən yaxşı izahı Dəməşqin iki ən güclü müttəfiqi olan İran və Rusiyadan dəstəyin gəlməməsidir. Rusiya ilə bağlı səbəbi artıq 34 aydır sürən və sonu görünməyən Ukrayna savaşında axtarmaq lazım gəlir.

Kreml hələ də üsyançıların rəhbərliyi ilə razılığa gələrək Suriyadakı hərbi obyektlərin birinə, yaxud hər ikisinə çıxışı əlində saxlaya bilər. Di gəl, bu, alınmasa, Rusiyanın hərbi və iqtisadi güc göstərmək imkanları ciddi ölçüdə zəifləyəcək.

Bu iki hərbi obyekt Şimali və Mərkəzi Afrikaya gizli və açıq yolla daşınan silahlar, habelə müxtəlif ölkələrdə, çox zaman şübhəli şərtlər altında əldə edilən qazanc üçün kanal rolunu oynayırdı.

Belə yerlərdən biri Liviyadır

2019-ci ildə Tripoli şəhərinin ələ keçirilməsi üçün təşkil edilən hücumda Rusiya muzdluları və qeyri-nizami qüvvələri Liviya generalı Xəlifə Həftarın tərəfində vuruşub.

Rusiyanın əməliyyatları Afrikanın Mərkəzi Afrika Respublikası və Niger kimi problemli bölgələrinə də yayılıb. Ötən ilin iyulunda Malidə Rusiyaya aid muzdlu birlik Tuareq üsyançıları tərəfindən ciddi itkilərə məruz qoyulub.

Ekspertlər deyirlər ki, Rusiya aviasiya bazasını 1500 kilometr cənub-qərbə - Liviyaya daşıya bilər. Ancaq ağır texnika ilə yüklənmiş hərbi karqo təyyarələrini, hətta Türkiyənin hava məkanından keçmək imkanı əldə edilsə belə, birbaşa Rusiyadan Liviyaya uçurmaq daha çətin ola bilər.

Rus savaş bloqerləri Suriyadakı Rusiya bazasının itirilməsi ehtimalı ilə bağlı həyəcanlarını dilə gətiriblər.

"Rusiyanın Yaxın Şərq bölgəsindəki hərbi iştirakı bir tükdən asılıdır", - Müdafiə Nazirliyi ilə bağlantılı Rıbar adlı bloqerin Telegram postunda dediyi sözlərdir.

"Bazaları evakuasiya etmək, demək olar, qeyri-mümkündür. Ən yaxşı halda heyətin əksər hissəsini, sənədləri və işlək hava maşınlarını evakuasiya etmək mümkündür. Hələ işləyən bəzi avadanlıqlar quru karqo gəmilərinə və desant gəmilərinə yüklənə bilər, ancaq, əlbəttə, hamısı yox. Bütün yerdə qalan əmlak bazalarda qalacaq", - "FighterBomber" adlı tanınmış bloqer Əsədin çöküşündən öncə Telegram postunda belə demişdi.

XS
SM
MD
LG