Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:42

İsa Nəcəfovun bacısı və deputatın qudasının həbsi tələb olunur: 'Pulumuzu qaytarmır...'


Yasamal rayon Məhkəməsi
Yasamal rayon Məhkəməsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimyaçı alim Raya Nəcəfovanın həbsi tələb olunur. Oktyabrın 22-də Yasamal rayon Məhkəməsində bir qrup şəxs bundan ötrü vəsatət qaldırıb.

Bu məhkəmədə 10 aydır R.Nəcəfovanın mühakiməsi gedir. O, dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi əməllərdə suçlanır. Ancaq özü həbsdə deyil, hökm çıxarılanadək onun haqqında həbsə alternativ qətimkan tədbiri seçilib.

64 yaşlı R.Nəcəfova 11 nəfərə qarşı dələduzluqda – işə düzəltmək və başqa vədlərlə aldadıb onların pulunu ələ keçirməkdə suçlanır. Onun həbsini tələb edənlər də zərərçəkmiş qismində tanınan şəxslərdir.

Zərərçəkmişlər öz vəsatətlərində R.Nəcəfovanın azadlıqda qalsa da, onlara dəymiş ziyanı ödəməkdən ötrü heç bir addım atmadığını vurğulayıblar: "Əksinə, azadlıqda qalmaqla şahid və zərərçəkənlərə təsir göstərir, məhkəmə prosesinin gedişinə mane olur".

Zərərçəkmişlər cəzasızlıq ortamının R.Nəcəfovada arxayınlıq yaratdığına diqqət çəkiblər.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsinə, hələlik, ehtiyac görmədiyini deyib. Hakim Rauf Daşdəmirov da vəsatəti təmin etməyib.

Zərərçəkmişlər məhkəməyə mülki iddialarını da verərək dəymiş ziyanın ödənilməsini – alınmış pullarının qaytarılmasını tələb ediblər.

Mülki iddialar icraata götürülsə də, onların təmin olunub-olunmaması məsələsinə hökm çıxarılanda qərar veriləcək.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

R.Nəcəfova özünü təqsirli bilmir, ona qarşı ittihamların yalan olduğunu deyir. O, bəzi zərərçəkənlərdən sələmlə pul götürsə də, sonra artıqlaması ilə qaytardığını iddia edir.

R.Nəcəfova ifadəsində bildirib ki, məsələn, ondan şikayətçi olan Sevinc Qayıbovanın aldadılmasında özünün yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da X.Nəsirova çatıb.

"Bu adamda əminlik var ki, qardaşına, qudasına görə ona heç nə eləməyəcəklər"

Bəzi zərərçəkənlərlə telefon danışıqları, mesajlara gəlincə, təqsirləndirilən alim iddia edir ki, onların aldadılmasında özünün yox, tanışlarının günahı olub. Amma onun günahlandırdığı şəxslər, o cümlədən Xanlar Nəsirov, Ramiz Nəbiyev, Ədalət Abbasov ifadələrində bildiriblər ki, R.Nəcəfova yalan danışır. Əksinə, R.Nəcəfova bəzi adamlarla telefonla danışıb, sakitləşdirmək üçün onlardan kömək istəyib. Onlar da R.Nəcəfovanın xahişi ilə o adamlarla onun dediyi şəkildə danışıb, müxtəlif vədlər veriblər.

Zərərçəkənlər iddia edirlər ki, R.Nəcəfovanın indiyədək həbs olunmamasında onun qohumlarının rolu var. O, baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı, deputat Ülvi Quliyevinsə qudasıdır.

"Başqa məhkəmələrdə prokuror, adətən, zərərçəkənlərin mövqeyini müdafiə edir. Bu məhkəmədə isə sanki prokuror Raya Nəcəfovanın vəkilidir. 10 aydır məhkəmə gedir. 10 ayda ziyandan 10 manat ödənməyib. Məhkəmə boş yerə uzanır. Nə qədər olar? Bu adamda əminlik var ki, qardaşına, qudasına görə ona heç nə eləməyəcəklər, ona görə də belə davranır", - zərərçəkənlər AzadlıqRadiosuna belə deyiblər.

Xatırlatma

R.Nəcəfova dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunandan bir müddət sonra – ötən il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsindən çıxarılıb.

O, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində də çalışırmış.

Təqsirləndirilən alim 2001–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru olub.

XS
SM
MD
LG