Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:46

Putin: Kiyevdəki qərarvermə mərkəzləri 'Oreşnik'in hədəfi ola bilər


Vladimir Putin
Vladimir Putin

Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kiyevdəki qərarvermə mərkəzləri "Oreşnik" ballistik raketinin hədəfi ola bilər.

Noyabrın 28-də Rusiyanın Ukraynaya güclü hava zərbələrini şərh edən Putin deyib ki, bu, ölkəsinə ukraynalıların ATACMS uzunmənzilli raketləri ilə zərbələrinə cavab idi: "Toplam 100 sistemdən, indi haqqında danışdığım ayrı-ayrı sinfə aid 100 raketdən və 466 PUA-dan istifadə edilib".

Putin vurğulayıb ki, Rusiya Ukraynanın hərəkətlərinə, o sıradan Kursk və Bryansk vilayətlərinə uzunmənzilli raket zərbələrinə cavab olaraq "döyüş sınaqları"nı davam etdirəcək. O deyib ki, bu üzdən, Baş Qərargah və Müdafiə Nazirliyi "Oreşnik"in hədəflərini seçir. Onların arasında Kiyevdəki qərarvermə mərkəzləri də ola bilər.

"Bu hədəflərə hərbi obyektləri, müdafiə sənayesi müəssisələrini və ya Kiyevdəki qərarvermə mərkəzlərini aid etmək olar", – Putinin sözləridir.

Yeni raketin yüksək dərəcədə qorunan və çox dərində yerləşən hədəfləri vura bildiyini deyən Putin əlavə edib ki, çox qısa zaman dilimində və aramsız atılarsa, "Oreşnik"in dağıdıcı gücü nüvə silahı ilə müqayisə oluna bilər.

Rusiya qitələrarası ballistik raketinin sınağı
Rusiya qitələrarası ballistik raketinin sınağı

Rusiya Qərbdən 10 dəfə çox raket istehsal edir?

Rusiyanın istifadəyə hazır bir neçə "Oreşnik" tipli raketə sahib olduğunu söyləyən Rusiya prezidenti artıq onların kütləvi istehsalına başlanıldığını vurğulayıb: "NATO ölkələri ilə müqayisədə Rusiya 10 dəfə çox raket istehsal edir".

Rusiya Ukraynanın qərarvermə mərkəzlərinə zərbələr endirmək barədə hədələrini hələ 2022-ci ildə dilə gətirmişdi. Bu, Ukrayna ordusunun işğal olunmuş Krımdakı hədəflərə və Rusiya Qara Dəniz donanmasının gəmilərinə endirdiyi zərbələrə reaksiya idi.

Ukrayna Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Volodimir Fesenkonun fikrincə, Putin bu çıxışında bir neçə məqsəd güdüb: öz vətəndaşlarına düşmənin zərbələrinə əks-zərbə ilə cavab verə bildiyini, o biri yandan təhdidlərinə Qərbin susqunluğundan əsəbiləşdiyini göstərib. Fesenko düşünür ki, zərbələr həm də gələcək sülh danışıqları öncəsində Rusiyanın mövqeyini gücləndirməyə hesablanıb. Bu mesaj, başlıca olaraq, Trampa və onun komandasına yönəlib.

"Tramp danışıqlara özünəməxsus şəkildə hazırlaşır. Onun heç bir konkret vəd və açıqlama verməməsi Moskvanı qıcıqlandırır", - Fesenko belə deyir.

XS
SM
MD
LG