Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:46

Hakimiyyət tələsirmi?


Seçki bülletenində namizədlərin, ya partiyaların adını görmək?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Seçki bülletenində namizədlərin, ya partiyaların adını görmək?

Bu il noyabrın 11-də Bakıda keçiriləcək BMT iqlim konfransına (COP29) görə, parlament seçkilərinin irəli çəkilməsi ilə bağlı müzakirələr davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov son həftələr bir neçə dəfə deyib ki, payızda keçirilməsi gözlənən parlament seçkiləri beynəlxalq tədbir ilə bağlı tezləşdirilə bilər.

COP29-a görə parlament seçkilərinin önə çəkilməsi düzgündürmü, yoxsa hakimiyyət sadəcə tələsir? Tələsirsə, bunun siyasi, iqtisadi səbəbləri nə ola bilər?

Aqil Abbas
Aqil Abbas

"Başqa səbəb yoxdur"

Milli Məclisin deputatı Aqil Abbas "Turan"a bildirib ki, parlament seçkilərinin erkən keçirilməsinin noyabrda Bakıda gözlənilən COP29 tədbirindən başqa heç bir səbəbi yoxdur: "Seçkilər qanunla noyabrın əvvəlində olmalıdır, amma noyabrda böyük tədbirlər var. Həm də dekabrda bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də parlament seçkiləri bir və ya bir neçə ay tez keçirilə bilər".

Deputat qeyd edib ki, seçkilərdən iki ay əvvəl prezident tərəfindən bununla bağlı sərəncam imzalanır: "Bunun isə nə vaxt olacağını deyə bilmərəm. O mənim səlahiyyətim çərçivəsində deyil".

Amma Azərbaycan hökumətinin tələsdiyini düşünən bəzi sosial şəbəkə istifadəçiləri bunu Rusiya-Ukrayna müharibəsi və ölkədə iqtisadi problemlərin dərinləşməsi ilə izah edirlər.

Seymur Həzi
Seymur Həzi

"Hökumət cəmiyyətin seçkilərdə aktiv olmasını istəmir"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin fikrincə isə, seçkilərin birbaşa hansı səbəbdən tez keçirilməsi hökumətin yalnız özünə bəllidir: "Hökumət artıq heç bir normaları tanımır".

Seçkilər erkən keçirilərsə, yay aylarına düşəcək, bu da, onun sözlərinə görə, seçicilərin aktivliyinə mənfi təsir göstərəcək.

"Bu da seçkilərin erkən keçirilməsinin səbəbi ola bilər. Bütün hallarda hökumət cəmiyyətin bu proseslərdə aktiv olmasını istəmir. Cəmiyyət siyasi aktiv olanda bu, hökumətin əleyhinədir. Hökumət bunu bilir və bunu arzulamır",- S.Həzi Azadlıq Radiosuna deyib.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"Bizdə parlament seçkiləri keçirilmir, siyahı verilir..."

Amma siyasi şərhçi Zərdüşt Əlizadə də hesab edir ki, COP29 qlobal miqyaslı bir tədbirdir və parlament seçkilərinin başqa bir səbəbdən tez keçirildiyini düşünməyə heç bir əsas yoxdur: "COP29-a, deyilənə görə, 60-70 min nəfər gələcək. Onları yerləşdirmək, görüşləri təyin etmək, hazırlıq işlərini görmək Azərbaycanın öhdəliyidir. Bütün dövlət qurumları məhz buna səfərbər olunacaq ki, gələn qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılsınlar".

Onun sözlərinə görə, belə olan halda COP29 ilə paralel seçkilər keçirmək dövlət üçün ağır yükdür: "Çalışırlar ki, bunu bir az əvvələ salsınlar. Onsuz da hamı bilir ki, bizdə parlament seçkiləri keçirilmir, siyahı verilir".

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Onda MSK dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib.

Azərbaycanda həm sonuncu parlament, həm də prezident seçkiləri növbədənkənar keçirilib. Parlament seçkilərinin 2020-ci ildə altı ay önə çəkilməsi "islahatların sürətləndirilməsi" ilə izah edilib.

Müxalifət partiyaları isə seçkilərin tezləşdirilməsini hakimiyyətin azad, ədalətli yarışa hazır olmaması və bu üzdən seçkiləri tez-tələsik keçirmək istəməsi ilə əlaqələndirir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmir.

XS
SM
MD
LG