Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:55

Qorxu və iqtisadi qeyri-müəyyənlik ortaasiyalı miqrantlar üçün Rusiyanın cazibəsini azaldır


Rusiyanın Novosibirsk şəhərində ticarət mərkəzinə reyd zamanı miqrant işçilər sənədlərin yoxlanılmasını gözləyirlər.
Rusiyanın Novosibirsk şəhərində ticarət mərkəzinə reyd zamanı miqrant işçilər sənədlərin yoxlanılmasını gözləyirlər.

Qırğızıstanlı sahibkar Aktilek 10 il Rusiyada küçə təmizləyicisi, aşpaz və taksi sürücüsü işləyib. Daha sonra xəstəliyinə görə vətənə qayıdıb.

Doğma şəhəri Oşda avtomobil idxalı biznesi quran 32 yaşlı Aktilek ötən ay 4 ildə ilk dəfə Moskvaya gedib və gördüklərindən sarsılıb.

"Köhnə Rusiya ilə yeni Rusiya arasında fərq çox böyükdür", - soyadını deməyən Aktilekin sözləridir.

Ölkəyə çatınca sorğu-suala çəkilən sahibkar səfər zamanı bir gündə üç dəfə saxlandığını söyləyir: "Nə qədər pis səslənsə də, orada polis və adi insanlar miqrantlarla ayaqqabısilən kimi davranırlar".

Ayrıseçkilik artır

AzadlıqRadiosunun Ortaasiyalı Miqrantlar Birliyinin hazırladığı materialda deyilir ki, Rusiya onillərlə milyonlarca ortaasiyalı işçinin üz tutduğu məkan olub. Onlar burada təhqir və ayrıseçkiliklə üzləşiblər. Ancaq son illər miqrantlara qarşı hücum və ayrıseçkiliyin daha da artması, Rusiya iqtisadiyyatının zəifləməsi artıq bu ölkənin cəlbediciliyini azaldıb.

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı savaş başlatması beynəlxalq sanksiyalara, iqtisadiyyatın ağır zərbə almasına və rublun dəyər itirməsinə səbəb olub.

Ekstremist "İslam Dövləti-Xorasan" qruplaşması Moskva yaxınlığındakı konsert zalına hücum edərək 140-dək insanı öldürmüşdü. Bunun ardınca Rusiya onminlərlə ortaasiyalı miqrantı deportasiya etmiş və ortaasiyalıların ölkəyə girişini yasaqlamışdı.

Miqrantlar Yekaterinburq şəhərində təhlükəsizlik qüvvələrinin nəzarəti altında.
Miqrantlar Yekaterinburq şəhərində təhlükəsizlik qüvvələrinin nəzarəti altında.

Rusiyada son onilliklərdə baş verən ən ağır hücum sayılan bu faciəli olayda iştirak iddiası ilə bir neçə Tacikistan vətəndaşı həbs olunub. Bu şəxslər məhkəməyə gətirilərkən onların üzərində açıq-aşkar işgəncə əlamətləri sezilib.

""Crocus City Hall"da baş verən insidentdən sonra qeydiyyatları yoxlamağa və hər şeyi daha sərt təftiş etməyə başlayıblar", - Moskvada yaşayan bir qırğız miqrant belə deyir.

"Bizi hava limanında saatlarla saxladılar. …Hətta telefonlarımızı belə yoxladılar", - yenə onun sözləridir.

Rusiyadakı xarici işçi qüvvəsinin böyük əksəriyyəti ortaasiyalılardır

Hələ Rusiyada işləməyə davam edənlərin çoxu burada iqtisadi qeyri-müəyyənliyin və polis yoxlamalarının böyük təlaş doğurduğunu deyir.

"2024-cü il ağır il olub. Biz, əsasən, öz xərclərimizi ödəmək üçün işləmişik", - Özbəkistandan olan və kimliyini açıqlamamaq şərtiylə danışan bir miqrantın dedikləridir.

"Mən yaxşı bir şey eşitməmişəm. Xəbərlərdə [miqrasiya ilə bağlı] yeni qanunlardan danışırlar. Mən bu qanunların nə olduğunu bilmirəm, ancaq anlayıram ki, miqrantlar üçün yeni il çox çətin olacaq. İndən belə güzəştlər olmayacaq", - güvənlik səbəbiylə adını deməyən bir qırğız miqrant belə deyib.

Rusiya Daxili İşlər Nazirliyinin bilgisinə görə, bu ilin yanvar və iyul ayları arasında 143 min nəfərin ölkəyə girişinə imkan verilməyib. Bu, ötən illə müqayisədə ciddi artım deməkdir.

Rusiyadan 93 min nəfər deportasiya edilib. Nazirliyin bilgisinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artış deməkdir.

Novosibirskdə "Vostok" ticarət mərkəzinin işçiləri sənədlərin yoxlanılmasını gözləyirlər.
Novosibirskdə "Vostok" ticarət mərkəzinin işçiləri sənədlərin yoxlanılmasını gözləyirlər.

Ortaasiyalı miqrantların bəziləri Rusiyanı könüllü tərk edirlər

Qırğızıstan Xarici İşlər Nazirliyinin bilgisinə görə, 2022-ci ildə təxminən 587 min qırğız rəsmən Rusiyada yaşayan və çalışan şəxs kimi qeydiyyatda olub. Nazirlik bu ilin yayında həmin sayın azaldığını – 411 min civarında olduğunu bildirib.

İşləmək üçün Rusiyaya gedən ortaasiyalıların sayca azalması fonunda daha çox adam Avropa və Cənubi Koreyada iş axtarmağa başlayıb.

Sentyabr ayında Özbəkistan prezidenti Şavkat Mirziyoyev Almaniya kansleri Olaf Şoltsla miqrasiya sazişi imzalayıb. Di gəl, tərəflərdən heç biri razılaşdırılan kvota həddindən söz açmayıb.

Qırğızıstan Xarici İşlər Nazirliyi Cənubi Koreyada işləyən şəxslər kimi qeydiyyatdan keçən ölkə vətəndaşlarının sayca iki dəfəyə yaxın artdığını bildirib. 2022-ci ildə 8 min olan bu say bu il 15 minə yüksəlib. Özbəkistanın Miqrasiya Xidməti 92 min ölkə vətəndaşının Cənubi Koreyada qanuni çalışdığına diqqət çəkib.

Daha gəlişmiş ölkələrdə xarici işçilərin maaşı xeyli yüksək ola bilsə də, digər ölkələr Rusiya qədər çox miqrant işçi qəbul etmək istəmir.

Maaş artır, sənədləşdirmə çətinləşir

Maraqlıdır ki, Rusiyada işçi qüvvəsi qıtlığının getdikcə dərinləşməsi ortaasiyalı miqrantların qazana biləcəyi maaş miqdarını da artırır.

Yayda Rusiya araşdırma platforması olan "Miqrant Servis" sənaye müəssisələrində miqrantlara təklif olunan maaşların yanvardakı 105 min rubldan (1200 dollardan az) iyunda 145 min rubla (1600 dollara) çatdığını bildirib. Əmək qüvvəsi qıtlığının dərinləşməsi sürərsə, bu göstəricinin gələcəkdə də artacağı proqnoz edilib.

"Qırğızıstana geri dönmək istəyənlər gedib. Bizim sənəd işlərimiz çətinləşib. Burada işləmək istəyənlər hələ də burada işləyir", - anonimlik şərtiylə danışan daha bir qırğız miqrantın sözləridir.

XS
SM
MD
LG