Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:35

Həbsdəki MTN generalı: '…Nəzarət Baş prokurorun 1-ci müavinindəydi'


Baş Prokurorun birinci müavini Rüstəm Usubov. 2014
Baş Prokurorun birinci müavini Rüstəm Usubov. 2014

Həbsdə olan general Mövlam Şıxəliyev öz məhkəməsində deyir ki, MTN-də istintaqı gedən işlərə görə o deyil, Baş Prokurorluğun rəhbərliyi məsuliyyət daşıyır. Axı prosessual nəzarət onda yox, Baş Prokurorun ozamankı birinci müavini Rüstəm Usubovdaydı: "İstintaqa nəzarət Baş prokurorun 1-ci müavinindəydi. Mən kim olmuşam ki?! Kimin tutulması, kimin buraxılması barədə məlumatlı olsam da, tutulub-buraxılmayla bağlı göstəriş verməmişəm".

Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Şıxəliyev vaxtilə nazirlikdə tabeliyində çalışmış daha üç nəfərlə - İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir. Bu işdə 32 nəfər zərərçəkmiş kimi tanınıb. Onlar vaxtilə qanunsuz həbsə atıldıqlarını, hədələndiklərini, pul və əmlaklarının əllərindən alındığını iddia edirlər.

Zərərçəkənlərdən biri Namil Rzayevdir. Dediyinə görə, MTN-də "Texnikabank"la bağlı araşdırmalar başlarkən, həmin bankda əmanəti olduğundan onu da dindirməyə çağırıblar. O bunu da deyir ki, araşdırma aparanlar bankda iri məbləğdə əmanət saxlayan kim vardısa, hamısını dindirməyə çağırıb, onlardan pul tələb edir, əks halda, həbslə hədələyirdilər. Eyni aqibətlə üzləşdiyini söyləyən Namil Rzayev bildirib ki, onu dindirməyə Vüsal Ələkbərov çağırıb: "Məni hədələməyə başladı, 1 milyon dollar istədi. Orada bildim ki, Mövlam Şıxəliyev onların rəisidir. Onu Qaradağ polisində çalışandan tanıyırdım, xalam oğluyla birlikdə işləmişdi. Evi də şəhərdə bizim ofisin yanında idi. Bir-birimizi tanıyırdıq. Xahiş elədim ki, məni qəbul eləsin".

Zərərçəkmişin dediyinə görə, o, Baş İstintaq İdarəsinin rəisi ilə görüşüb. Şıxəliyev onu xoş qarşılayıb, amma bir siyahı göstərib: "Stolun üstündə siyahı vardı. Dedi ki, "Eldar Mahmudovun siyahısıdır, sənin də adın var, orada adı olanlar 1 milyon dollar verməlidir". Guya "Texnikabank"a pul qoyub, 1 faiz yazdırıb, 2-3 faiz alıblar. Bildirdim ki, yalandır, 1 faiz almışam, müqavilə də var. Mövlam Şıxəliyev bildirdi ki, pul verilməsə, həbs olunacağam. Həmin ərəfədə "Texnikabank"da əmanəti olanlardan Nizami Kazımov, Hüseyn Səfərov da eyni şəkildə həbs edildiyindən mən də qorxdum".

Sonradan Mövlam Şıxəliyevlə daha iki dəfə görüşdüyünü söyləyən zərərçəkmişin sözlərinə görə, məbləğ öncə 700 min, daha sonra 500 min dollara düşüb. O bildirib ki, bu məbləğin də 300 min dollarını Vüsal Ələkbərova, qalan 200 minini isə sonradan Mövlam Şıxəliyevə çatdırıb.

Təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərov zərərçəkmişin dediklərinə münasibət bildirmək istəməyib.

General Şıxəliyevsə onun dediklərini yalanlayıb: "Mən nə onunla kabinetimdə görüşmüşəm, nə də ondan 200 min dollar almışam. Bu barədə deyilənlər də yalandır".

Başqa bir zərərçəkmiş Əfsəl Həsənəliyev vaxtilə MTN-də vətəndaşların başına gətirilənlərin cəzasız qalmasına görə keçmiş Baş prokuror Zakir Qaralovla Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovu suçlayıb. O bildirib ki, başına gələnlərlə əlaqədar 2013-cü ildən bəri yardım üçün dəfələrlə Prezident Administrasiyasına, Baş prokuror Zakir Qaralova üz tutub: "Zakir Qaralovun qəbulunda olmuşam. Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi. Az qala, məni həbs etdirirdi...".

Bu işlə bağlı məhkəmə araşdırmaları fevralın 22-də davam edəcək.

Xatırlatma

General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxuyla başqalarının 5 milyon 77 min manatlıq pul və əmlakını ələ keçirməkdən bəhs edilir.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərovsa hədə-qorxuyla tələbetmə, rüşvətalma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxıldı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxuyla tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında "Texnikabank"ın keçmiş sahibi, "Muğanbank"ın filial müdiri, eləcə də bəzi sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında beş general da var. Bu iş bir neçə qrupa bölünərək ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilədək həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb, Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

2015-ci ildə həbs olunanlardan indi həbsdə cəmi beş nəfər qalıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlakını hədə-qorxuyla əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun təməlində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG