Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

'Məni MTN-də intim məsələlərlə şantaj elədilər'


MTN işi. İllüstrasiya.
MTN işi. İllüstrasiya.

MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev deyir ki, onlardan pul alındığını iddia edib üzlərinə duran zərərçəkmişlər yalan danışırlar, əslində isə heç nədən ziyan çəkməyiblər. Həbsdə olan generalın sözlərinə görə, bütün bunlar prokurorluğun onlara qarşı düzüb-qoşduğu uydurmalardır. E.Quliyev mayın 8-də öz məhkəməsində bu iddiaları səsləndirib.

«250 MİN İSTƏDİLƏR»

Məhkəmədə zərərçəkmiş - MTN-də ondan 250 min tələb olunub, sonda 120 min alındığını deyən Maqsud Mahmudov dindirilib. İfadəsində deyib ki, onu MTN-ə çağırıb intim məsələlərlə şantaj ediblər.

Zərərçəkmişin sözlərinə görə, onu nazirliyə Antiterror Mərkəzinin əməkdaşı, Elçin Quliyevlə birlikdə mühakimə olunan MTN polkovniki Azər Mehdiyev çağırıb. Hadisə də 2015-ci il iyulun 5-də olub:

***Buna da bax-MTN generalı və polkovnikinin işi: 'Eldar Mahmudov dindirilsin'

«Nazirliyə getdim, orada Azər Mehdiyev qəbul elədi, məni «terrorçu» adlandırdı. Ardınca dedi ki, on gündür nəzarətdəyəm, telefon danışıqlarıma qulaq asırlar. Hətta Ukraynaya gedib-gəldiyimi, orada bir qadınla, həmçinin Bakıda da bir xanımla görüşdüyümü də söylədi. O qadının həyat yoldaşının həbsdən yeni çıxdığını mənə çatdırdı. Məndən 250 min pul istədilər. Xəbərdarlıq da elədilər ki, pulu verməsəm, o qadınlarla görüşdüyümü həm mənim həyat yoldaşıma, həm də qadının həbsdən yeni çıxmış ərinə çatdıracaqlar».

M.Mahmudov əlavə edib ki, pul verməyə razılaşaraq MTN-dən çıxıb, sonra da bir neçə dəfəyə 120 min pul verib. Dediyinə görə, pulları şəxsən Azər Mehdiyevə verib.

***Buna da bax-'O, otağıma girən kimi stolun üstünə pul qoydu...'

«PUL VERMƏSƏYDİM»

Məhkəmədə zərərçəkmişlə onu «yalançı» adlandıran Elçin Quliyev arasında mübahisə düşüb. General deyib ki, əslində, bu adam MTN-ə casusluq şübhələrinə görə çağrılmışdı. Onun sözlərinə görə, Ukraynada 2014-cü ildə inqilab zamanı – Maydan hadisələrində Azərbaycan bayrağı da qaldırılıb. Bayrağı qaldıran isə Maqsud Mahmudov olub: «Bu hadisə bizim diqqətimizi çəkmişdi...».

Generalın ondan MTN-də pul tələb olunması və alınması haqda deyilənləri «yalan» adlandırması zərərçəkmişi əsəbiləşdirib və özü ilə gətirdiyi «Quran» kitabını uzadaraq, E.Quliyevin and içməsini istəyib: «Əgər Elçin Quliyev and içib yalan danışdığımı desə, mən bu məhkəmədən çıxıb gedəcəyəm».

«ONU NAZİRİN GÖSTƏRİŞİ İLƏ MTN-Ə GƏTİRMİŞDİK»

Amma MTN generalı and içmək istəməyib. E.Quliyev deyib ki, bu zərərçəkmişlə bağlı məsələdən nazirin də xəbəri vardı və onun MTN-ə çağrılması da birbaşa Eldar Mahmudovun göstərişi idi.

***Buna da bax- Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

Zərərçəkmiş E.Quliyevə keçmiş müavini, həbsindən təxminən iki ay sonra – 2015-ci ilin dekabrında Kürdəxanı təcridxanasında intihar edən MTN polkovniki İlqar Əliyevin ölümündən öncə istintaqa ifadəsini xatırladıb. İ.Əliyev həmin ifadədə M.Mahmudovdan 120 min alındığını təsdiqləyib. Bu pulun 70 mininin keçmiş nazir Eldar Mahmudova, 20 mininin Elçin Quliyevə, 10 minin də özünə çatdığını, qalan vəsaitin digər əməkdaşlar arasında bölündüyünü bildirib.

Tabeliyində işləmiş adamların da məhkəməyə çağrılıb dindirilməsini istəyən E.Quliyev zərərçəkmiş Mahmudovu «şantajçı» adlandırıb. Zərərçəkən də ona «sən isə baş şantajçısan», - deyə cavab verib: «İllərdir adamları gizli videolarla şantaj etməklə məşğul olublar. İndi burada özünü təmizə çıxarmağa çalışır. Düzdür, yaxşı generallarımız da var, amma Elçin Quliyev general adına ləkədir».

E.Quliyev və A.Mehdiyevin məhkəməsi mayın 18-də davam edəcək.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG