Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:21

10 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq, amma...


Supermarket
Supermarket

Azərbaycanda gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxıla bilər. Bu barədə Milli Məclisin komitələrinin birgə iclasında bildirilib.

Sonuncu dəfə istehlak səbətində dəyişiklik 10 il əvvəl edilib. Ancaq keçən bu 10 il ərzində ölkədə inflyasiya artıb, yaşayış minimumunun məbləği da dəyişib. Üstəlik, bəzi ekspertlərin fikrincə, Azərbaycanda tətbiq olunan minimum istehlak səbətində ciddi dəyişikliklər olunmalıdır. Bəzi mal və məhsullar əlavə edilməlidir.

Hazırda ölkədə Nazirlər Kabinetinin 2014-cü il iyunun 6-da verdiyi qərar ilə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibi qüvvədədir. Halbuki, qanunvericiliyə görə, bir sıra nazirliklər və dövlət komitələri QHT-lər ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Səbətdə olanlar...

Minimum istehlak səbətinə daxil olan qidalar "uşaqlar", "əməkqabiliyyətli əhali" və "pensiyaçılar" olmaqla üç kateqoriyaya görə müəyyənləşdirilib.

Minimum istehlak səbətinə görə, əməkqabiliyyətli bir nəfər üçün ildə ət və ət məhsullarının norması 32.9 kiloqramdır. Bu, ayda 2.75 kilo, gündə isə 90 qram edir.

Səbətdə 97.2 kq tərəvəz və bostan məhsulları göstərilir ki, bu, gündəlik 265 qram deməkdir.

Səbətindəki kərə yağın illik miqdarı 7 kilodur, gündəlik isə 19 qramdır.

Minimum istehlak səbətində illik 150 yumurta qeyd olunub ki, bu da gündə heç yarım yumurta etmir. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatının standartlara görə, yumurtanın gündəlik norması 1.5 ədəd, meyvə və tərəvəzlərin norması isə 400 qramdır.

Minimum istehlak səbətinə görə, üç il altı ay ərzində altı cüt ayaqqabı norma sayılır.

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manatdır. 2014-cü ildə 125 manat idi.

2025-ci ildə İşçi Qrupun yenidən görüşü planlaşdırılır

İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi daima nəzarətdə saxlanılır.

Vurğulanıb ki, məsələ ilə bağlı İşçi Qrup da fəaliyyət göstərir: "İşçi Qrupun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Görüşdə Dövlət Statistika Komitəsindən, eləcə də digər qurumlardan təqdim olunmuş məlumatlara əsasən səbətin tərkibinə baxılıb və onu dəyişmədən saxlanılması qərarına gəlinib... 2025-ci ildə mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq".

Natiq Cəfərli
Natiq Cəfərli

"Dəyəri artacaqsa, yoxsulluq yüksələcək"

Müxalifətdə olan Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, minimum istehlak səbətinin tərkibi çoxdan dəyişdirilməli idi: "Azərbaycanda hesablama qaydaları və səbətinin tərkibi ilə bağlı ciddi suallar var".

İqtisadçıya görə, bir çox ölkələrdə gündəlik tələbat malları ilə bağlı ayrıca hesablamalar aparılır: "Azərbaycanda minimum istehlak səbətinə yüzlərlə məhsul adları, xidmətlər daxildir, amma effektiv deyil. Faktiki olaraq orta statistik Azərbaycan vətəndaşı gündəlik həyatında 30 adda ərzaq məhsulları istifadə edir. Onların qiymətləri daha çox qalxır. Amma onların qiymətinin daha çox artması ümumi səbət hesablamalarında faizi aşağı çəkir".

N.Cəfərlinin sözlərinə görə, hökumət minimum istehlak səbətini müəyyənləşdirərkən metodologiya ilə bağlı nə vətəndaş cəmiyyəti, nə də siyasi qüvvələrlə müzakirələr aparır: "Gələn il də baxılacaqsa, necə, hansı formada baxılacaq? Hansı məhsul və xidmətlər ora əlavə ediləcək və ya çıxarılacaq? Bu, bəlli deyil".

O deyir ki, normaların yüksəldilməsi baş versə, Azərbaycanda faktiki minimum istehsal səbətinin dəyəri artacaq: "Dəyəri artacaqsa, deməli, yoxsulluq səviyyəsi yüksələcək. Bu da hökumətin siyasətinə, onun ritorikasına uyğun deyil. Onlar müxtəlif formalarda rəqəmlərdə düzəlişlər edərək ölkədə uzun illərdir yoxsulluq səviyyəsini 5 faiz göstərirlər. Amma bu, belə olmur. Ola bilməz ki, ölkədə 10-15 il ərzində yoxsulluğun faiz nisbəti dəyişməsin. Doğru-dürüst hesablamalar aparılsa, Azərbaycanda yoxsulluq səviyyəsinin daha çox olduğu məlum olacaq".

XS
SM
MD
LG