Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:42

Latviyalı iqlim fəalı: 'COP29-a qatılıb özlərini yaşıl örtükdə təqdim edə bilirlər'


Marta Boqustova Bakıda keçirilən COP29 zamanı etiraz aksiyasında.
Marta Boqustova Bakıda keçirilən COP29 zamanı etiraz aksiyasında.

"COP29-un Azərbaycanda keçirilməsi məni hiddətləndirdi. Azərbaycan fosil avtokratiyasıdır, hər gün insan haqlarını və ətraf mühiti pozur", – bu sözləri AzadlıqRadiosuna müsahibəsində Latviyadan gələn iqlim fəalı, COP29-da aksiya keçirmiş Marta Boqustova deyir.

COP29 iqlim sammiti noyabrın 23-də Bakıda işini bitirsə də, qlobal istiləşmənin 1.5 dərəcə həddində saxlanması yönündə yetərli irəliləyişlərə nail ola bilmədi. Bunu beynəlxalq insan haqları təşkilatları, müstəqil hüquq müdafiəçiləri, iqlim aktivistləri müxtəlif platformalarda danışdı. Latviyadan olan aktivist, yaşıl siyasət fəalı M.Boqustova da AzadlıqRadiosuna COP29 iqlim konfransı keçirilən məkanda etdiyi aksiyadan və sammitin nəticələrindən danışıb.

Ətraf mühitə ədalətli davranışa çağırış edən M.Boqustova təhlükəsizlik səbəbindən təmsil etdiyi təşkilatın adını çəkmir. Lakin sosial şəbəkələrdə noyabrın 23-də görüntüsü yayılmış etiraz aksiyasında xanım Boqustova "Avropa Gənc Yaşıllar" təşkilatının nümayəndəsi kimi göstərilib.

Yaşıl görünən avtokrat dövlətlər

Latviyadan gələn fəal COP29-da əsaslı problemlərin olduğunu deyir, amma sözügedən sammitdə xüsusilə insan haqları pozuntuları ilə bağlı etiraz aksiyalarının keçirilmədiyindən gileylənir: "Məsələn, soyqırımı törədən, insan haqlarını pozan və fosil avtokratiyası olan ölkələr COP29-a qatılıb özlərini yaşıl örtükdə təqdim edə bilir. Bunların heç birinə görə məsuliyyətə cəlb olunmurlar. Bu, məndən ötrü təkcə yanlış deyil, həm də iyrəncdir. Ona görə də etiraz təşkil etmək açıq və zəruri bir addım idi".

M.Boqustova "qlobal vətəndaş cəmiyyəti zalım rejimləri izləyir və ədalət, sülh, bərabərlik və dayanıqlılıq təmin olunana qədər dayanmayacaq" deyir və əlavə edir ki, həm sözügedən ölkələrdə, həm də COP daxilində vətəndaş cəmiyyətini kiçiltməyə çalışırlar: "Amma biz repressiv ölkələrin və rejimlərin diqqətini çəkmək və başa salmaq istəyirdik ki, məsuliyyətdən qaça bilməyəcəklər".

Xanım Boqustova əvvəllər də oxşar mövzularda aksiyalar etsə də, COP tədbirləri çərçivəsində ilk aksiyası məhz Bakıdakı iqlim sammitində baş tutub. O, UNFCCC qaydaları çərçivəsində aksiya etdiyini bildirir. Qaydaya görə, "cinayət törədən ölkələrin adlarını belə çəkmək olmaz".

Aktivist Avropa İttifaqı ölkəsindən gəldiyi üçün sərbəst danışa bildiyini söyləyir.

Ondan öncə də COP29 çərçivəsində xarici fəalların aksiyaları baş tutmuşdu. Bu aksiyalar zamanı etirazçılara hər hansı təzyiq olmayıb. Lakin yerli heyvan haqları fəalı Kamran Məmmədli sammit məkanında aksiya keçirərkən mühafizəçilər tərəfindən kobudluqla ərazidən uzaqlaşdırılıb.

"300 milyard dollar utancdır"

Zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizəyə illik 300 milyard dollar vəsait ayırmağa razılaşıb. Bu, COP29 iqlim sammitinin sonuncu günü açıqlanıb. Azı bir trilyon dollar vəsait ayrılmasını istəyən inkişaf etməkdə olan ölkələr razılaşdırılan məbləği "alçaldıcı" adlandırıb. Onların fikrincə, bu məbləğ iqlim böhranının gerçək problemlərini çözməyə yetərsizdir.

Yaşıl siyasi dəyərlərin müdafiəçisi M.Boqustova da AzadlıqRadiosuna ayrılan məbləği utancverici hesab etdiyini deyir.

"300 milyard dollar zarafat və utancdır. Bu, Qlobal Cənubu daha da məhvedici reallığa sürükləyəcək. Qlobal Şimal arxada, iqlim dəyişikliyinin və Qlobal Cənubun hesabına qazanmağa davam edə biləcək. Mən çox qəzəbliyəm və məyusam. Bu, Qlobal Şimalın günahıdır! Vətəndaş cəmiyyəti bu məsələdə çox açıq şəkildə danışdı və deyirik ki, bizə milyardlar deyil, trilyonlar lazımdır. Pis sazişdənsə, saziş olmaması yaxşıdır. Biz Qlobal Cənubun kredit deyil, qrantlar alacağı bir sistem qurmalıyıq, adaptasiya və mitiqasiya prioritet olmalıdır. Bu vəsait çirkləndirənlərdən, xüsusilə də tarixən çirkləndirən ölkələrdən gəlməlidir", –aktivist söyləyib.

Onun fikrincə, 1.3 trilyon, gerçəkdən də, ehtiyac duyulan minimum məbləğdir.

COP29-da son 36 saat: Bakıdan kim razı, kim narazı ayrıldı?
Gözlə

No media source currently available

0:00 0:07:35 0:00

Sammitə qatılanlar 2035-ci ildəki iqlim proqramlarının maliyyələşdirilməsinə, azı, 1 trilyon 300 milyard dollar ayrılacağına da razılaşıblar. COP29 iştirakçıları maliyyə məqsədləri ilə yanaşı, enerji keçidinin sürətləndirilməsinə, karbon emissiyaları bazarının yaradılmasına və atmosferə tullantıların azaldılmasına dair öncəki razılıqlara sadiq qaldıqlarını yenidən təsdiqləyiblər. Sözügedən məbləğin təsdiqlədiyi günə kimi isə müzakirələr gərgin keçirdi, hətta narazı olanların zalı tərk etməsi görüntüləri yayılmışdı.

"Azərbaycan fosil avtokratiyasıdır"

M.Boqustova COP29-un Azərbaycanda keçirilməsindən hiddətləndiyini söyləyir: "Azərbaycan fosil avtokratiyasıdır və hər gün insan haqlarını və ətraf mühiti pozur. İxracının 90 faizindən çoxu fosil (qalıq) yanacaqlardır, bu ölkə dayanıqlılığa sadiq olan bir ölkə deyil. Buna icazə verməklə biz — qlobal cəmiyyət olaraq Azərbaycanın rejimini və pozuntularını təsdiqləmiş olduq. Mənə görə bu seçim iyrənc idi. Bu ölkəyə BMT-nin iqlim qurumunda hər hansı güc niyə verilməlidir?!"

Fəal "təkcə 300-dən çox siyasi məhbusu olması COP29-u qəbul etməsinə imkan verilməməsi üçün yetərli səbəb idi" deyə bildirib.

COP29 öncəsi Azərbaycan hakimiyyətinə beynəlxalq insan haqları təşkilatları tərəfindən ölkədə həbsdə olan vətəndaş cəmiyyəti fəalları, jurnalistlərin azadlığa buraxılması üçün çağırışlar edilirdi. Təkcə son bir ildə ölkədə 20-dək jurnalist, fəal saxlanılıb, əsasən, iqtisadi cinayətlərdə ittiham olunublar, özləri həbsləri fəaliyyətləri ilə əlaqələndirsə də, hökumət rəsmiləri konkret cinayətlərə görə tutulduqlarını iddia ediblər.

M.Boqustova "hazırda azərbaycanlılar ermənilərə qarşı etnik təmizləmə aparır" deyərək bildirib ki, bu da COP29-un Bakıda keçirilməməsi üçün səbəb idi.

Azərbaycan etnik təmizləmə iddialarını rədd edir. 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirdiyi hərbi əməliyyatı "lokal antiterror tədbirləri" adlandırır. Hazırda iki ölkə arasında sülh danışıqları gedir.

XS
SM
MD
LG