Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:53

'İran casusu' adı ilə saxlananlar kimlərdir


Azərbaycanın Tehrandakı səfirliyi
Azərbaycanın Tehrandakı səfirliyi

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və nəticədə iki ölkə arasında münasibətlərin gərginləşməsindən az sonra Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar haqda məlumatlar yayıldı. Yerli media yanvarın 31-də 7, fevralın 1-də isə 39 nəfər şəbəkə üzvünün saxlandığını xəbər verdi. Bu əməliyyatları Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi bildirilsə də, detalları haqda heç bir məlumat verilmirdi. Məsələn, məlum deyildi ki, casusluqda ittiham olunan şəxslərin xidmətləri nədən ibarət olub, onlar konkret hansı əməllərdə suçlanır və s.

Son 10 gün ərzində "Mizan Maarif Mərkəzi" İctimai Birliyinin baş direktoru Ruhullah Novruzzadə, "Müsəlman Birliyi Hərəkatı"nın üzvləri də daxil olmaqla, xeyli inanclı fəal həbs olunub. Onların ailə üzvləri və vəkillərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, həbs olunanlara qarşı narkotik ittihamı irəli sürülüb. Yaxınları iddia edir ki, bir çoxu siqaret belə çəkməyən bu adamların narkotiklə ittiham edilməsi absurddur.

R.Novruzzadə
R.Novruzzadə

Əvvəl narkotik tapılmayıb, sonradan...

İlahiyyatçı Ruhullah Novruzzadənin vəkili Elvin Yusifovun sözlərinə görə, Suraxanı Rayon Polis İdarəsində onun üzərinə vəkilin iştirakı ilə baxış keçirilib, narkotik tapılmayıb. Bu haqda protokol da tərtib edilib. Lakin Novruzzadə sərbəst buraxılmayıb: "Sonradan onun üzərinə müdafiəçi olmadan, hal şahidlərinin iştirakı ilə yenidən baxış keçirilib. Guya bu dəfə narkotik aşkarlanıb. Mən onun hüquqlarının müdafiəsinə yanvarın 31-də qoşulmuşam, vəkil orderimi idarənin müstəntiqi Cavid İsgəndərzadəyə təqdim etmək istəyirəm. Deyir ki, işdə yoxdur, vəkil kimi şəxsin müdafiəsində iştirakıma imkan vermir".

Vəkilin dediyinə görə, xəbər tutub ki, müvəkkilini həbs qərarı almaqdan ötrü məhkəməyə aparırlar. Suraxanı Rayon Məhkəməsinə gedərək vəkil orderini təqdim edib. Lakin hakim Namiq Kərimov onu prosesə buraxmaq istəməyib, dövlət hesabına vəkilin gəlməsini gözləyib: "Vəkillər Kollegiyasının rəhbərliyinin köməyindən sonra bu işdə, çətinliklə də olsa, vəkil kimi fəaliyyətimi həyata keçirə bildim…".

Novruzzadə qanunsuz silah saxlama, iğtişaş yaratmaya cəhd və s. ittihamlarla 11 il həbs həyatı yaşayıb 2022-ci ilin sentyabrında azadlığa buraxılan ilahiyyatçı Abgül Süleymanovun qaynıdır. Qum Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış Novruzzadə haqqında narkotik ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

"Hamısı yalandır"

Son günlər həbs edilənlərdən biri də 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs olunmuş, sonradan azadlığa buraxılan Etibar İsmayılovdur. Ailə üzvləri deyir ki, 70-yaşlı İsmayılova qarşı da öncə narkotik ittihamı irəli sürülüb. Sonradan yeni ittihamlar ortaya çıxıb: "O yaşda kişini əvvəl narkotik ittihamı ilə həbs elədilər, halbuki, narkotikin heç rəngini bilmir. Sonra evimizə axtarışa gəldilər. Guya qızının döşəyinin altından beş güllə, (ABŞ-nin Bağdadda dronla vurduğu İran generalı) Qasım Süleymaninin, (İran İslam Respublikasının banisi Ruhulla) Xomeyninin şəkilləri və qara bayraqlar tapıblar. Hamısı yalandır, özləri ilə gətirdiklərini tapmış kimi göstəriblər…".

Narkotik ittihamı ilə bir həftədir həbsdə olan Azad Kərimovun ailə üzvləri bildirir ki, onu yanvarın 30-da yaşadığı evdən aparıblar. Yaxınlarının sözlərinə görə, günorta saatlarında evə gələn polislər onun Nəsimi Rayon Polis İdarəsinə getməli olduğunu desələr də, konkret səbəb göstərməyiblər: "Azad gedəndən bir müddət sonra evə zəng eləyib dedi ki, narkotik ittihamı ilə həbs qərarı almaq üçün məhkəməyə aparırlar. Azadı narkotiklə, ya da başqa bir qanunazidd hərəkətdə ittiham eləmək gülüncdür".

"Özləri ilə gətirdikləri şəkilləri çarpayının üstünə düzdülər"

Ötən həftə həbs olunanlardan "Müsəlman Birliyi Hərəkatı"nın başqa bir üzvü Ceyhun Balaşov yaşadığı Beyləqan rayonunda saxlanılıb. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, oğlu ilə birlikdə işə gedən Balaşovu az sonra mülki geyimli şəxslər gəlib aparıblar: "Axşam evə gəldilər, özləri ilə gətirdikləri şəkilləri çarpayının üstünə düzdülər, onun şəklini çəkdilər. Sonradan başa düşdük ki, guya o şəkillərin bizim evdən çıxdığını göstərmək istəyirlər".

T.Bağırzadə
T.Bağırzadə

“Müsəlman Birliyi Hərəkatı" İctimai Birliyinin sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə də rəhbərlik etdiyi təşkilatın üzvlərinin həbsinə münasibət bildirib. İlahiyyatçı deyir ki, son günlər 60-dan çox inanclının "casus" damğası ilə həbsi hakimiyyətin öz xalqına qarşı yürütdüyü siyasətin göstəricisidir: "Hakimiyyətin İranla gərginləşən münasibətlərində öz xalqını əzmək cəhdi heç bir halda qəbul oluna bilməz. "Casus" möhürü vurduqları insanlar illərdir bu xalqın milli-mənəvi dəyərlərinin keşiyində durub, Vətən müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdırıb, döyüş bölgələrində əsgərlərə yardım göstərib. Azərbaycanı öz oyununa qurban verib parçalama siyasəti aparan hakimiyyət bu irtica siyasətinə son verməlidir".

"Müsəlman Birliyi Hərəkatı"nın bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsədirlər. Onlar qətl və başqa ağır cinayətlərdə ittiham olunsalar da, özləri ittihamları rədd edir, saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə işgəncə şikayətlərini əsaslı saymayıb.

Mayda da saxlanmışdı

Narkotiklə ittiham olunan inanclılardan biri də Mail Kərimovdur. O, 2022-ci il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş nəfər inanclıdan biri idi. Hadisədən bir neçə gün sonra keçirilən mətbuat konfransında Kərimov polis idarəsində işgəncəyə məruz qalması, zorlanmaqla hədələnməsindən danışmışdı: "Yerə uzadıb təpikləməyə başladılar. O qədər döydülər, amma sakitləşmədilər. Şalvarımı çıxarıb, alt paltarımı cırdılar. Dedilər ki, indi dubinka ilə zorlayıb, çəkəcəyik. Onlara dedim ki, "sizi Allaha and verirəm, bunu eləməyin". Dedilər ki, bir şərtlə eləmərik, kamera qarşısında deməlisən ki, "səhv eləmişəm, bir daha məhkəmələrə getmərəm". Razılaşdım…".

O zaman Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddiaları təkzib etmiş, belə bir hadisənin yaşanmadığını açıqlamışdı.

Ə.Oruclu
Ə.Oruclu

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu son vaxtlar "casus əməliyyatları"nda həbs olunanların gerçəkdən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığına şübhə ilə yanaşır. Ekspert bu əməliyyatları polis orqanlarının həyata keçirməsini də birmənalı qarşılamır: "Dünya praktikasında görünməmiş müstəsna fenomendir - xüsusi xidmət orqanları oğru-korrupsioner axtarır, polis isə casus ovuna çıxır. Hər dəfə Tehranla münasibətlər gərginləşəndə, əsasən, İrana simpatiyası olan şiə-dindarlar həbs olunur. İran kəşfiyyatı ilə əməkdaşlıq edən, dindarlardan qat-qat geniş təsirə malik agentura şəbəkəsi isə kənarda qalır".

DİN "bütün məsələlərə aydınlıq gətirəcək"

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev casus əməliyyatları və son vaxtlar həbs olunan inanclıların ailə üzvlərinin iddiaları haqda AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda bu əməliyyatlar haqda ictimaiyyətə ətraflı məlumat veriləcək: "Orada bütün məsələlərə aydınlıq gətiriləcək".

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki əməkdaş isə yaralanıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər. Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-da yaydığı məlumatda qeyd edib ki, "İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir".

İran Prezidenti İbrahim Rəisi isə cinayətin hərtərəfli və tam araşdırılacağını bəyan edib.

XS
SM
MD
LG