Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:24

7 ildir həbsdə olan keçmiş deputata daha 10 il cəza istənildi: 'Ayıbdır vallah...'


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

7 ilə yaxın həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə daha 10 il cəza verilməsi istənilib. Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyir ki, cinayət yoluyla əldə edilmiş 5.5 milyon manatın leqallaşdırılmasıyla bağlı H.Abdullayevə verilən ittiham məhkəmədə sübuta yetirilib.

H.Abdullayev bu iddianı qəbul etmir. Sağlıq durumuyla bağlı məhkəməyə saxlandığı istintaq təcridxanasından onlayn qoşulan keçmiş deputat deyir ki, onun çirkli pulları leqallaşdırdığını təsdiqləyən heç bir sübut-dəlil ortaya qoyulmayıb: "Bircə sübut-dəlil ortaya qoyun ki burada çirkli pulların yuyulması var, sonra mənə ömürlük verin. Ayıbdır vallah...".

Sağlamlığında ciddi problemlər olduğunu vurğulayan H.Abdullayev hətta ayaq üstündə çətinliklə dayandığını bildirir. Bu üzdən də məhkəməsinin qısa müddətdə yekunlaşmasını istəyib.

Vəkilləri də onun sağlamlığındakı problemlərə diqqət çəkərək ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Bu vəsatət təmin olunmayıb.

Vəkillər deyiblər ki, heç olmasa, özünün güvəndiyi həkimin – Adil Qeybullanın onu Bakı İstintaq Təcridxanasında müayinə etməsinə icazə verilsin. Məhkəmə bu məsələyə razılıq verib.

Dekabrın 19-da H.Abdullayevin müdafiəçiləri prokurorun 10 il həbs tələbinə münasibət bildirəcək, ardından sabiq deputat özü son sözünü deyəcək və hökm oxunacaq.

Xatırlatma

H.Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

2024-cü ildə - bu cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsiylə ittiham verilib.

H.Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

O, ilk dəfə 2007-ci ildə - deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davadan sonra xuliqanlıq ittihamıyla həbs olunmuşdu. Şərti cəza ilə azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya mühacirət edərək orada sığınacaq almışdı.

XS
SM
MD
LG