Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:25

Gürcü etirazçılar polis zorakılığına aid 'qorxulu' hekayələrini paylaşırlar


AzadlıqRadiosu polislərin etirazçıları təpiklə və şillə ilə vurduğunu lentə alıb.
AzadlıqRadiosu polislərin etirazçıları təpiklə və şillə ilə vurduğunu lentə alıb.

Etirazçılara zorakı əməllərdən uzaq durması barədə xəbərdarlıq edən polis artıq altıncı gecədə də onları su şırnağına tutub, eyni zamanda gözyaşardıcı qazdan da yararlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi dekabrın 3-də Tbilisinin mərkəzində keçirilən etiraz nümayişlərindəki "aqressiv" iştirakçıların onlara cürbəcür küt alət, pirotexnik vasitə və alışan əşya atdığını bildirib. Buna cavab olaraq, xüsusitəyinatlılar parlament binası önündə toplaşan etirazçıları dağıtmağa başlayıb.

Etirazçılar polisin onlarla qəddarca davrandığını AzadlıqRadiosu gürcü xidmətinin diqqətinə çatdırıblar. Həmin xidmətin əməkdaşı Eka Kevanişvili yazır ki, polisin ard-arda altıncı gecə etirazçılara qarşı hədsiz zor işlətməsi istər ölkənin özündə, istərsə xaricdə nifrətlə qarşılanıb.

Salome Zandukeli
Salome Zandukeli

Etirazçılar başlarına gələni danışırlar

Salome Zandukeli dekabrın 2-də etirazların episentri sayılan Rustavelli prospektində ön sıralarda olub. Polis aksiyanı dağıtmağa başlarkən, o, rəfiqəsiylə birgə yaxınlıqdakı ofislərin birinə sığınmaq istəyib. sayca 20-25 polisin onları izlədiyini görən iki qadın binanı tərk etməyə çalışıb. Polisləri videoya çəkmək istəyəndə də onlardan biri onun telefonunu əlindən alaraq sındırıb, Salome və rəfiqəsini təhqir edən polis onları yerə yıxıb: "Başımıza zərbə endirir və "Sənə nə olub, axı" – deyərək bağırırdı. Ona dedim ki, uşağın deyiləm, məni niyə vurursan? Cavab verdi ki, elə uşağım olmadığın üçün səni vururam".

Bu iki qadın yaxınlıqdakı barların birində gizlənə bilib. Bir neçə dəqiqədən sonra bütün küçə polislərlə dolub. Onlar bardakı işiqları söndürərək qapını bağlayıblar. "İçəriyə soxulsaydılar, bizimlə nə baş verəcəyini təsəvvür etmirəm", – Salomenin sözləridir.

Qiya Cvarşeişvili
Qiya Cvarşeişvili

"Elə et ki bu it balası ölməsin"

Səhər saat 4 radələrində polis etirazçıların üzünə gözyaşardıcı qaz sıxıb. Əvvəllər siyasi aksiyalara qatılmış əlil fəal Qiya Cvarşeişvili etirazçıların ərazidən qaçdığını görəndə gözü bir kənarda əlində bayraq tutan rəfiqəsinə sataşıb: "Hərdən polislə nümayişçilər arasında dururdum. Əvvəllər nə döyülmüşəm, nə də həbsə atılmışam, axı zorakı əməllərə yol verməmişəm".

Ancaq bu dəfə elə olmayıb. Güvənlik gücləri "Molotov kokteyli" atmaqda suçlayıb, əlindəki gürcü bayrağına layiq olmadığını da deyərək onu döyməyə başlayıb.

Polis maşınına yerləşdirilənədək Qiyanı "polis dəhlizi"ndən keçiriblər. "Molotov kokteyli" atdığını eşidən bir başqa qəzəbli polis onu amansızca döyməyə başlayıb.

Qiya maşının arxa oturacağında olarkən də polisin saxlanılanları yenə döydüyünü görüb. O, oturacağın altına sığınaraq üzünü qorumağa çalışsa da, polislər onu oradan çıxara biliblər: "Qəfildən, dözülməz ağrı hiss etdim. Anladım ki, yaralanmışam. Sonradan qabırğamın sındırıldığını bildim. Çətin nəfəs alırdım. Polislərdən birinin "elə et ki bu it balası ölməsin" dediyini eşitdim".

Fotosu çəkiləndən, əlindən telefonu, pulqabısı götürüləndən sonra onu həkim müayinəsinə aparıblar: "Onları kiməsə xəsarət yetirmələri narahat etmir. Mən təsadüfən sağ qaldım".

Zviad Ratiani
Zviad Ratiani

"Məni sındıra bilmirdilər"

Başqa bir videoda polislərin narıncı gödəkcə geymiş bir nəfəri süründürdüyü görünür. Bu adam yerə yıxılınca, onu təpikləməyə və üstünə çıxmağa başlayırlar. Ayağa qalxınca da üzünə yumruqlarla zərbə endirirlər.

Açıqrəngli gödəkcəsinə görə dostları videogörüntüdəki adamın Zviad Ratiani olduğunu müəyyənləşdiriblər.

Şair olan Ratiani hadisədən əvvəl Tbilisinin mərkəzində dostu ilə etirazlara qatılıbmış. Qarşıdurma yarananda o, dostlarını polisdən qorumağa çalışıb: "Eləcə orada dayanmışdım. Qışqırmırdım. Dostlarımın üzünü əllərimlə örtürdüm".

Onu polis maşının arxa oturacağında döyürmüşlər. "Ara vermirdilər. Elə ancaq vururdular", - burunu qırılan və daxili qanaxması olan etirazçı belə xatırlayır.

Dediyinə görə, polislərdən biri üzünə yumruq atırmış. Əlləri qandallı olduğundan zərbələrdən qaçmaq üçün üzünü çevirməyə çalışıb: "Məni sındıra bilmirdilər".

Saxlanılma məntəqəsinə çatmadan, yarıyolda maşını saxlayıb, çox möhkəm döyülmüş bir nəfəri maşına oturdublar: "Polis zabiti yazdı ki, həmin şəxs pilləkəndən yıxılıb".

Tornike Beradze
Tornike Beradze

"Yerdə çoxlu qan izləri vardı"

Dekabrın 1-də saxlanılan Tornike Beradze deyir ki, həmin gün qardaşı və dostları ilə etirazlara qoşulubmuş. Polislər öncə qardaşına - AzadlıqRadiosu gürcü xidmətinin əməkdaşı Bekaya yaxınlaşaraq orada nə etdiyini soruşublar. Beka polisə deyib ki, küçə gediş-gəlişə bağlıdırsa, başqasına keçə bilərlər.

Bunu deyərkən, iki polis ona yaxınlaşıb. "Mənim ciblərimi yoxladılar, pulqabını, telefonumu, evin açarlarını götürdülər. Çantamı yırtıb içindəkiləri yerə tökdülər", – Beradzenin sözləridir.

Əşyalar arasında qaz maskasını görən polislər ona yumruqlayıblar. Döyüləndən sonra əliqandallı Beradzeni Rustavelli prospektinə aparıblar.

Qardaşına "özündən muğayat ol" demək istərkən, üzünə daha bir zərbə alıb. Hər dəfə başını qaldırarkən, ona zərbə dəyib. Polis maşınına otuzdurulanda da hücumlar ara verməyib. Yerdə çoxlu qan izləri varmış: "Üzümü təmizləməyə başlarkən, qapı açıldı və polis yenidən üzümə yumruq atdı. Sonra yenidən qapını açdılar və qardaşımla dostumu içəri soxdular".

Möhkəmcə döyülən qardaşı Beka polis məntəqəsində saxlanılandan sonra dekabrın 3-də sərbəst buraxılıb.

Səhiyyə Nazirliyi dekabrın 3-də bildirib ki, dekabrın 1-nə keçən gecə baş verən toqquşmalarda üçü hüquq-mühafizə orqanı əməkdaşı olmaqla, 23 nəfər xəstəxanaya yerləşdirilib. İndiyədək 300-ə yaxın şəxs saxlanılıb. Çoxu xırda xuliqanlıq və saxlanılarkən müqavimət göstərməkdə suçlanır.

Ölkə omdudsmanı Levan İoseliani etirazçılarla "qəddar" davranıldığını deyib və polisi onlara əzab verməkdə suçlayıb: "Çoxunun üz, göz və başından yaralanması bütün hallarda polisin uyğun güc işlətməsini istisna edir", – onun açıqlamasında belə deyilir.

Xatırlatma

Ötən həftə "Gürcü arzusu" Avropa İttifaqı ilə üzvlük danışıqlarını dayandırdığını açıqlayandan sonra Gürcüstanda etirazlar ara vermir. Baş nazir İrakli Kobaxidze geriyə addım atmaqdan imtina edərək etirazların arxasında duran siyasi rəqiblərini cəzalandırmaqla hədələyib. O, aksiyaların xaricdən maliyyələşdirildiyini söyləyib və söz verib ki, "Gürcüstanda inqilab olmayacaq".

"Gürcü arzusu" ölkədə prezident seçkisinin dekabrın 14-də, inauqurasiyanınsa dekabrın 29-da keçiriləcəyini bildirib.

Gürcülərin çoxu ölkələrini Aİ-də görmək istəyir. Bloka üzv olmaq niyyəti ölkə konstitusiyasında da əksini tapıb.

Ötən ilin dekabrında Aİ-yə namizəd statusu əldə etsə də, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlarla bağlı mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.

Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit- polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

XS
SM
MD
LG