Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:49

Tbilisidəki etirazlarda onlarca yaralanan və saxlanılan var


Tbilisidə etirazçıların polislə toqquşması
Tbilisidə etirazçıların polislə toqquşması

Noyabrın 29-na keçən gecə Tbilisidəki etiraz aksiyasının dağıdılarkən, onlarca nümayişçi, jurnalist və polis əməkdaşı xəsarət alıb. Etirazlar baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına birləşmə kursunun 2028-ci ilədək dayandırılması qərarına qarşı keçirilib.

AzadlıqRadiosunun bilgisinə görə, polis özəlliklə jurnalistlərlə amansız davranıb. Zərərçəkənlər arasında "Exo Kavkaza"nın və AzadlıqRadiosu gürcü xidmətinin jurnalisti David Tsaqareli də var. O, elə canlı yayımdaca xüsusi təyinatlıdan qarnına zərbə alıb. Mitinqi işıqlandıran 13 media əməkdaşının yaralanıb-əzildiyi və bu sayın artacağı bildirilib. Yaralananların toplam sayı bəlli deyil.

Polis əməkdaşlarından da 32 nəfər xəsarət alıb. Onlardan 13-ü cərrah müdaxiləsinə ehtiyac duyub, biri isə hələ də xəstəxanadadır.

Polisin məlumatına görə, etirazçılar tonqal qalamaqla barrikadalar qurub, paytaxt meriyasına və özəl mülkiyyətə ziyan vurmaqla yanaşı, polisə şüşə qab, daş, dəmir əşya və pirotexniki vasitələr atıblar.

Etiraz aksiyasının noyabrın 29-da, axşam saatlarında davam etdirilməsi planlaşdırılır. Parlamentdə "qırmızı" (ən yüksək - red) həyəcan siqnalı elan edilib. Binaya yalnız parlament aparatı rəhbərinin icazə verdiyi şəxslər daxil ola bilər.

+++

Polis etirazçıları su şırnaqları ilə dağıdıb.

AzadlıqRadiosunun gürcü xidmətinin jurnalisti David Tsaqareli polis zorakılığı ilə üzləşib, ancaq ciddi xəsarət almayıb.

Polis əməkdaşının "TV Formula" jurnalistinin başına dəfələrlə zərbə endirdiyi, jurnalistin yerə yıxıldığı, polisin ərazidən qaçdığı xəbər verilir. Jurnalist xəstəxanaya yerləşdirilib.

Polisin etirazlar zamanı fəalların, jurnalistlərin ünvanına söyüş söydüyü, həbslər zamanı fiziki güc tətbiq etdiyi bildirilir.

Gürcüstanda prezident də etirazçılara qoşulub

Tbilisidə noyabrın 28-də keçirilən mitinqə prezident Salome Zurabişvili də qoşulub. O, hakim "Gürcü arzusu"nun qatı tənqidçisidir.

"Mən xalqla birlikdəyəm. Müqavimət başlayıb və yeni seçkilər keçirilməyənədək başa çatmayacaq", – o, jurnalistlərə deyib.

Prezident polisə üz tutaraq deyib ki, Gürcüstanın suverenliyini qorumaq onların borcudur və sual edib ki, "Rusiyaya, yoxsa Gürcüstana xidmət edirlər".

Ötən gecə Batumi, Qoru, Kutaisi və Zuqdididə də Aİ-yönlü etirazlar keçirilib. Etirazçılar Gürcüstan və Aİ-nin bayraqlarını qaldırıblar.

+++

Tbilisidə hakim "Gürcü arzusu" partiyasının mərkəzi ofisi və Gürcüstan parlamentinin binası qarşısında kortəbii mitinqlər keçirilir. Səbəb baş nazir İrakli Kobaxidzenin Gürcüstan hakimiyyətinin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük barədə danışıqlardan imtina etdiyini bildirməsi olub.

Etirazçılar bildirirlər ki, bu qərar ölkənin maraqlarına xəyanətdir və Gürcüstan Konstitusiyasının Avropaya inteqrasiya arzusunun təsbit olunduğu 78-ci maddəsinin pozulmasıdır. Onların sözlərinə görə, bu cür hərəkətlər Gürcüstanın gələcəyini təhlükə altına qoyur və uzun illər Avropa ilə yaxınlaşma səylərini məhv edir.

Gürcüstan Aİ-yə üzvlük danışıqlarından imtina edir

Gürcüstan 2028-ci ilədək Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarından imtina edir. Bunu baş naziri İrakli Kobaxidze noyabrın 28-də elan edib.

Bu açıqlama Avropa Parlamentinin Gürcüstanda parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı qətnaməsindən sonra verilib.

"2028-ci ilin sonunadək Avropa İttifaqı ilə danışıqların başladılması məsələsini gündəliyə salmamaq qərarına gəldik. Həmçinin 2028-ci ilin sonunadək Aİ tərəfindən hər hansı maliyyə qrantlarından imtina edirik", – Kobaxidze vurğulayıb.

Avropa Parlamentinin noyabrın 28-də qəbul etdiyi qətnamədə Gürcüstanda yeni seçkilər keçirmək, hakim "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvili, Kobaxidze və digər rəsmilərə sanksiyalar çağırışı yer alıb.

Kobaxidze əlavə edib ki, Gürcüstan üçün "Avropa İttifaqına inteqrasiyanı onun bizə verməli olduğu sədəqə kimi qəbul etmək qətiyyən yolverilməzdir".

"Görürük ki, avropalı siyasətçilər və bürokratlar ayrılan qrantlar və kreditlərdən Gürcüstanda qarşı şantaj kimi istifadə edirlər", – o vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, 2028-ci ilin sonunda Gürcüstanın Aİ-yə 2030-ci ilə qədər qoşulmaq üçün danışıqlara iqtisadi baxımdan hazır olacaq.

Aİ inteqrasiya prosesinin dayandığını deyirdi

Aİ Şurası daha öncə elan etmişdi ki, Gürcüstanın inteqrasiya prosesi "Gürcü arzusu"nun fəaliyyəti üzündən faktiki dayanıb.

Brüsseldə və Avropanın digər paytaxtlarında deyirlər ki, Tbilisi Avropa dəyərləri və prinsiplərinə zidd qanunları ləğv etməyincə, Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilməzlər.

Gürcüstanda oktyabrın 26-da keçirilən seçkini, rəsmi məlumata görə, hakim "Gürcü arzusu" 54 faiz səslə udub. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.

XS
SM
MD
LG