Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Bəzi dairələrdə nəticələr ləğv edilə bilərmi? Şikayətlər dairələrə qaytarılır


MSK-nın quraşdırdığı müşahidə kameralarından seçki qutusu görünmür
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

MSK-nın quraşdırdığı müşahidə kameralarından seçki qutusu görünmür

Azərbaycanda növbədənkənar parlament seçkiləri üç gündür arxada qalıb. Artıq bütün 125 dairə üzrə lider namizədlər də açıqlanıb. Amma bir neçə dairələrlə bağlı ardıcıl şikayətlər eşidilməkdədir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünlərdə bildirmişdi ki, quruma nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdırılacaq: "Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul olunacaq".

MSK bundan əvvəlki parlament seçkilərində dörd dairədə - 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrində pozuntulara yol verildiyini bildirərək onların nəticələrini ləğv etmişdi.

Bəs indi şikayətlər necə araşdırılır və beş il əvvəllə oxşar hal baş verə bilərmi?

"50-dən çox pozuntunun aktlarla, foto və videolarla qeydi var"

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə namizəd olmuş Şəhriyar Məcidzadə bildirib ki, bu gün, sentyabrın 4-də MSK-ya şikayət məktubunu göndərib: "Bizdə 50-dən çox pozuntunun aktlarla, foto və videolarla qeydi var. Hamısını toplayıb qoymuşuq ora".

Bununla belə, Ş.Məcidzadə şikayətə ədalətli baxılacağına o qədər də ümid etmədiyini vurğulayır: "Amma faktlar ortadadır. Şikayətdə nə yazmışıqsa, onun video və foto sübutu var. Mən dairə üzrə nəticələrin ləğvini tələb edirəm. Hətta bu dairə üzrə MSK-nın quraşdırdığı vebkameralardan belə seçkilərin pozuntularını oturub müəyyən etmişik. Orada topa bülletenin atılması görünür. Bu faktlar nəzərə alınmasa, çox qırmızı yalan olar".

"Şikayətlərə baxılsaydı, seçkilər demokratik olardı"

42 sayli Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizəd Yasəmən Qaraqoyunlu (Mahmudova) AzadlıqRadiosuna deyib ki, sentyabrın 4-də şikayət ərizəsini MSK-ya təqdim edəcək. Amma o da şikayətinə şəffaf baxılacağına inanmadığını söyləyib: "Çünki bu ölkədə şikayətlərə baxılmır. Hətta nə qədər haqlı olsaq belə, baxılmır. Şikayətlərə baxılsaydı, onda seçkilər demokratik olardı. Bu, seçki deyildi, sadəcə olaraq köhnə parlamentin seçki oyunları ilə təsdiq edilməsi prosesi idi".

Y.Qaraqoyunlu da namizəd olduğu seçki dairəsinin nəticələrinin ləğvini tələb edəcək: "Əlimizdə 50-yə yaxın akt var. Məsələn, qutuya iki-iki, bəzən toplu bülletenlər atan məntəqə üzvləri tutulub, mənim müşahidəçilərim və vəkillərim səslərin sayılması prosesindən uzaq tutulub, onlara seçicilərin şəxsiyyət vəsiqələrini yoxlamağa imkan verilməyib. Ondan əlavə, 17 məntəqə bizə protokolları, DSK isə yekun protokolu təqdim etməyib. "Karusel" (bir neçə şəxsin ardıcıl bir neçə məntəqədə səs verməsi) üsulundan da istifadə olunub".

"Bu faktlar qarşısında geri çəkilməsələr..."

70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağı da bildirib ki, noyabrın 4-də şikayət məktubunu MSK-ya göndərib: "Biz onların qarşısında faktlar qoyuruq. Düşünürəm ki, əgər bu faktlar qarşısında geri çəkilməsələr, deməli, qəbul edirlər ki, biz bilirik, görürük, amma heç bir tədbir görə bilmirik. Ona görə də 50/50-yə düşünürəm ki, şəffaf baxıla bilər".

Onun sözlərinə görə, dairənin 16 seçki məntəqəsində pozuntular qeydə alıblar: "Bunların videoları var. Amma bizdə bir məsələ də var ki, seçici aktivliyi az olan məntəqələrdə birdən-birə namizədə 250-400 səs çıxır. Burada 100 faiz bilinir ki, şübhəli məqamlar var və biz bundan da şikayət etmişik".

MSK-nın ilkin nəticələrinə görə, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Anar Məmmədov, 42 saylı Sumqayıt birinci seçki dairəsində həmin partiyadan Hicran Hüseynova və 70 saylı Neftçala seçki dairəsində Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Tənzilə Rüstəmxanlı lider namizəddirlər. Bu şikayətlərə, hələlik, konkret onlardan münasibət öyrənmək mümkün olmayıb. Lakin proses boyu onlar və təmsilçiləri qanun pozuntuları ilə bağlı iddiaları təsdiqləməyiblər.

MSK: "Ən geci 20 günə yekun vurulacaq"

MSK-dan "Turan"a bildirilib ki, quruma daxil olan hər bir müraciət və şikayət qanuna uyğun araşdırılır. Qurumdan vurğulanıb ki, bu proseslərə seçki günündən ən geci 20 gün müddətində yekun vurulacaq: "Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək. Daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Bu dəfə də... baş verə bilər”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, parlament seçkiləri ilə bağlı şikayətlər birbaşa Apellyasiya Məhkəməsinə verilə bilər: "Sonra isə Ali Məhkəməyə müraciət edib və sonda Avropa İnsan Hüquqları Məhkəməsinə (AHİM) qədər işi apara bilərlər. Əvvəlki təcrübələrə baxanda bir neçə namizəd olub ki, dairələri üzrə onların şikayətləri təmin olunub və onlara kompensasiya verilib".

Amma ekspert qeyd edib ki, AİHM qərarları tam icra olunmayıb: "Pozuntuya yol verən komissiya üzvlərinin cəzalandırılması ilə bağlı hissədə qərar icra olunmayıb".

B.Süleymanlının fikrincə, pozuntularla bağlı şikayətlər çox verilirsə, bu, gələcəkdə onların qarşısını almaq üçün fürsət yarada bilər: "Digər tərəfdən, bu şikayətlər əsasında əvvəlki illərdə dairələr üzrə nəticələr ləğv edilib. Bu dəfə də bəzi dairələr üzrə bu, baş verə bilər. Bu olacaqsa, texniki və hüquqi qərar deyil, siyasi qərar olacaq. Amma mən inanmıram ki, bu, ciddi nəticələr əldə etməyə imkan yaratsın və parlamentin fəaliyyətinə ciddi təsir göstərsin".

Şikayətlər dairələrə qaytarılır

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 4-də günün ikinci yarısında iclası olub və orada müzakirə olunan şikayətlər dairələrə göndəriləcək.

Bu barədə MSK-nın sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, dairələr baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq.

İclasda 97 saylı Tərtər-Ağdərə-Goranboy, 8 saylı Binəqədi birinci, 86 saylı Ağcabədi, 42 saylı Sumqayıt birinci, 120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi və 70 saylı Neftçala seçki dairələrindən müraciətlərin baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar verilib.

Eyni zamanda MSK sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə keçib.

Onun sözlərinə görə, MSK bütün şikayətləri araşdırır: "Sosial şəbəkədə olan görüntülər də araşdırılacaq..."

Xatırlatma

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG