Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:17

'Müasir turist tipi bir gecəyə 200-300 dollar vermək istəmir'


Turistlər
Turistlər

2023-cü ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 85 min və ya əvvəlki illə müqayisədə 30.2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, Dövlət Statistika Komitəsinin məlumatında əksini tapıb. Amma maraqlıdır ki, Azərbaycana arasında turistlərin də olduğu gələn şəxslərin çoxu Asiya ölkələrindəndir.

Avropadan gələnlər azdır

Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6.5, Cənubi Koreyadan 3.3, Türkmənistandan 2.3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1.9 dəfə artıb.

Ən çox gələnlər isə Rusiyadan (30 faiz), Türkiyədən (18.1 faiz) və İrandan (7.9 faiz) olub.

Avropa ölkələrindən ziyarətçilərin sayında da 2022-ci illə müqayisədə artım göstərilsə də, ekspertlər hesab edir ki, bu, mütəmadi xarakter daşımır və yalnız hansısa idman yarışları və ya ayrı-ayrı mədəniyyət tədbirləri ilə bağlıdır.

"The Henley Passport Index" adlanan reytinqə əsasən, dünyada vizasız ən çox ölkəyə getmək imkanı verən pasport Yaponiya və Sinqapura məxsusdur. Bu ölkələrin vətəndaşları 194 ölkəyə vizasız gedə bilər. Azərbaycan isə bu reytinqdə 110 ölkə arasında 70-ci yerdədir.

Rəsmi məlumata görə, 2023-cü ildə xarici turistlər Azərbaycanda 2 milyard 684 milyon manat xərcləyiblər. 2019-cu ildə bu rəqəm 4 milyard 300 milyon manat olub.

V.Əhmədov
V.Əhmədov

"Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilmirlər deyə..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Həm də yalnız Cənubi Koreya, Hindistan, Qazaxıstan kimi ölkələrdən deyil, Birləşmiş Ərəb Əmirliklərindən, Küveytdən, Qətərdən də gələnlər çoxdur.

Deputat qeyd edib ki, əvvəllər Avropa ölkələrindən gələnlərin sayı daha çox idi: "Amma son vaxtlar bu səfərlərin sayı müəyyən qədər azalır. Bu məsələdə həmin turistlərin yaşadığı ölkələrin da müəyyən rolu var. Bəzi Avropa dövlətləri Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilmirlər deyə, bizə qarşı mövqeləri yaxşı deyil".

Bakı 2023-cü ilin sentyabrında birgünlük əməliyyatla Qarabağ üzərində suverenliyini bərpa edib. Ancaq tərəflər hələ ki, sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Amma, V.Əhmədovun fikrincə, otellərin qiymətləri, xidmət səviyyəsi baxımından müəyyən problemlər, Gürcüstanla, Türkiyə ilə müqayisədə fərq var: "Düzdür, bizdə də yaxşı xidmət göstərən yerlər var, xidmət yaxşı olduğuna görə orada qiymətlər də yüksəkdir".

N.Cəfərli
N.Cəfərli

Avropa ölkələri ilə viza yığışdırılsa...

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan 2019-cu ildə -pandemiyadan əvvəl həm turist sayı, həm turistlərdən gələn gəlirlər baxımından ən yaxşı nəticələr əldə etdi: "Orada elektron vizaların və, təbii ki, quru sərhədlərin açıq olmasının da rolu oldu. Gürcüstana gələn avropalı turist qrupu avtobusla Azərbaycana gəlirdi".

Ekspert hesab edir ki, Avropa ölkələri ilə viza yığışdırılsa, daha yaxşı olar: "Çünki istər-istəməz viza hətta elektron olsa da, bu, həm əlavə xərc, həm də bir növ sənədləşmədir. Avropalı turistlər də təəccüblənirlər ki, Ermənistanda və Gürcüstanda viza yoxdur, Azərbaycanda isə var və bu, turizm üçün ən mane olan elementlərdən biridir. Viza məsələsi həll olunarsa, hətta Çin və Hindistandan da daha çox turist qəbul etmək olar".

Qiymətlər...

Qiymət məsələsinə gəlincə, N.Cəfərlinin fikrincə, Gürcüstanla müqayisədə Azərbaycanda infrastruktur hələ ciddi inkişaf etməyib. İqtisadçı Gürcüstanda da qiymətlərin xeyli artdığını, artıq ucuz turist məkanı sayılmadığını, Azərbaycanla qiymətlərin, demək olar ki, eyni olduğunu vurğulayır: "Sadəcə Azərbaycanda hökumət nədənsə elitar turizmə üstünlük verir, hər yerdə beşulduzlu otellər tikirdi. Müasir turist tipi isə bir gecəyə 200-300 dollar vermək istəmir".

2020-ci ilin əvvəllərindən koronavirus pandemiyası ilə bağlı Azərbaycan qonşu ölkələrlə quru sərhədlərində gediş-gəlişi məhdudlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, hələlik, bu məhdudiyyət aradan götürülməyib. Ölkə rəsmiləri bunun səbəbini ictimaiyyətə açıqlamayıb.

XS
SM
MD
LG