Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:32

Avropa Parlamenti Azərbaycanı repressiyaları dayandırmağa çağırır


Avropa Parlamenti
Avropa Parlamenti

Dekabrın 19-da Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiya ilə bağlı qeyri-icbari qətnamə qəbul edib.

434 deputat qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib, 89 deputat səsvermədə iştirak etməyib.

Qətnamədə 2023-cü ildən bəri Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti, siyasi müxalifət, insan haqları müdafiəçiləri, LGBTI+ icması, müstəqil mediaya qarşı sistematik təzyiq apardığı, bunun BMT-nin COP29 iqlim sammiti öncəsi şiddətləndiyi vurğulanır.

Ölkədə azı 300 siyasi məhbusun olduğunu qeyd olunur. Bildirilir ki, 2024-cü il Saxarov mükafatı finalçısı professor Qubad İbadoğlu sağlıq durumunun kritik olmasına baxmayaraq, ev dustaqlığındadır. Vətəndaş cəmiyyəti lideri Anar Məmmədli 2024-cü il aprelindən saxta ittihamlarla həbsdədir, səhhəti pisləşməkdədir.

2024-cü il dekabrın əvvəlində isə Meydan TV jurnalistləri, siyasi lider Azər Qasımlı, insan haqları müdafiəçisi Rüfət Səfərov həbs olunub. Onların hamısı əsassız, siyasi motivli ittihamlarla üzləşiblər.

Heyvan haqları fəalı Kamran Məmmədli COP29-da mühafizəçilərin hücumuna məruz qalıb, ölkədən çıxışı qadağan edilib.

Məhbusların hüquqlarının davamlı pozulduğu, "AbzasMedia" jurnalisti Nərgiz Absalamova daxil olmaqla, qadın siyasi məhbusların işgəncə, xüsusi qısnamaya məruz qaldığı vurğulanır.

Məhdudiyyətlər ləğv olunsun, repressiya dayandırılsın

Avropa Parlamenti Azərbaycanda davam edən insan haqları pozuntularını pisləyir, hakimiyyəti bütün dissident qruplara qarşı təzyiqləri dayandırmağa, insan haqları müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəallara qarşı uydurulmuş, siyasi motivli ittihamları ləğv etməyə çağırır.

Qurum Q.İbadoğluya qarşı səyahət qadağasının dərhal ləğvini, ona qarşı ittihamları qaldırmağı, xaricdə təcili müalicə olunmasına icazə verməyi tələb edir.

Parlament müstəqil mediaya gərəksiz məhdudiyyətləri ləğv etməyə, QHT-lər və medianın qeydiyyatı və maliyyələşdirilməsi üzrə qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmağa çağırır.

Avropa Parlamenti Avropa İttifaqını insan haqları pozuntularına cavabdeh rəsmilər, o cümlədən Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyevə sanksiyalar tətbiq etməyə çağırır.

Parlament təkidlə bildirir ki, Aİ-Azərbaycan arasında istənilən tərəfdaşlıq razılaşması, enerji məsələsi də daxil olmaqla, fundamental azadlıqlara hörmət, bütün siyasi məhbusların azad olunması şərtinə bağlansın.

Bir qrup deputatdan dəstək

Dekabrın 17-də isə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda həbsdə olan jurnalistlər və fəalların fotolarını qaldıraraq onlara dəstəklərini bildiriblər.

Qətnamədə adı çəkilən şəxslər əsasən qaçaqmalçılıq ittihamı ilə həbs olunublar. Ancaq onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətləri ilə izah edirlər.

Parlament bu il aprelin 25-də və oktyabrın 24-də də qətnamələr qəbul edib, Azərbaycan hakimiyyətini siyasi məhbusları buraxmağa, Aİ-ni insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanksiyalar tətbiq etməyə çağırıb.

Hakimiyyət təmsilçiləri ölkədə fundamental azadlıqların pozulması, müstəqil media və vətəndaş cəmiyyətinin sıxışdırılması fikirlərini qəbul etmir.

Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

Milli Məclis
Milli Məclis

Milli Məclisin cavabı

Azərbaycan deputatlarına görə, "qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir".

Sənədin müəlliflərinə görə, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı xeyli müddətdir davam edən "iftira və böhtan" kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur.

"Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir", - Milli Məclis üzvləri vurğulayıblar.

XS
SM
MD
LG