Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:42

Albalılıqda 50 ildir şirin suya həsrət qalanlar var


Su problemi (arxiv fotosu)
Su problemi (arxiv fotosu)

"Biz burda yer-yurd salanda mən küçədə tumanla qaçırdım. İndi nəvələrim tumanla qaçır. Onda da suyu pulla alırdıq, indi də..."

Albalılıq yaşayış massivinin sakini Əmir Nağıyev AzadlıqRadiosu-na danışır ki, 50 ildən çoxdur yaşadığı ərazidə içməli suya həsrət qalıblar. Ərazidə yaşayanlar suyu ya başqa yerdən daşıyır, ya da həftədə bir dəfə məhəllələrə gələn su maşınından pulla alır:

"Adil Musayev küçəsində yaşayıram. Çətinlik olar 3 il, 5 il... 50 ildir eyni çətinliyi ailəmlə yola verirəm. Mənim kimi yüzlərlə ailə eyni çətinliyi yaşayır. Bir ayağım burda, bir ayağım gordadır, hələ də suyu maşından alıb içirəm. O su hardan gətirilir, tərkibi nədir, bilinmir. Arada elə su gətirirlər ki, qabları dolduranda xlorun iyindən beyin çatlayır".

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

“O GÜNÜ NƏTİCƏLƏRİM GÖRƏCƏKMİ?”

Ərazidə, necə deyərlər, dədə-babadan su xətti olmayıb və yoxdur. Nə vaxtsa olacağına da ümid qalmayıb. Müsahib ümidsizliyi yaradan səbəbdən danışır:

"Ona görə ümid qalmayıb ki, su layihələri də bitib deyəsən... Bir ara gətirib yaxınlıqdakı yerlərə su boruları töküb getdilər. Sevincək olduq. Sonra da yığışdırıb apardılar. Həyətdə iki dənə anbar var – biri su anbarıdır, biri nəcis anbarı. Bu anbarlardan canımız nə vaxt qurtaracaq, sivilizasiya nə vaxt gəlib buralara çatacaq, o günü nəvələrim demirəm, heç olmasa, nəticələrim görəcəkmi? Onu da demək çətindir".

Buna da bax: Ucar sakini: ‘Bu suyu içmirik, içsəydik, binada salamat adam qalmazdı’

Xəzər rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Albalılıq ərazisinə yaxınlarda su xəttinin çəkilməsi nəzərdə tutulmayıb: "Bunun üçün aidiyyəti qurumlar layihə hazırlamalı, o layihə təsdiqlənməli, smeta tutulmalı, aidiyyəti qurumlar o smetanı təsdiqləməli, sonra işlərə başlanmalıdır. Biz bir qurum olaraq buna görə müvafiq qurumlara məktubla müraciət etmişik. Yəqin ki, vaxtı çatanda bu işlər gerçəkləşdiriləcək".

Əmir Nağıyev həyətində su kranı quraşdırılacaq günü görəcək, ya yox, bunu, qurum nümayəndəsi demişkən, vaxt göstərəcək.

XS
SM
MD
LG