Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:27

Ağadadaş Ağayevin məhkəmədə həbsi tələb olundu


Ağadadaş Ağayev məhkəmədə
Ağadadaş Ağayev məhkəmədə

Xalq artisti, müğənni Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi iddia olunan şəxslər – "Medera Hospital"ın gözətçisi Nurəddin Cəlilov və klinikanın daha bir işçisi Nəzakət Paşayeva onun həbsini tələb edir. Onların hüquqlarını müdafiə edən vəkillər noyabrın 14-də Binəqədi rayon Məhkəməsində bu barədə vəsatət qaldırıb.

Məhkəmədə A.Ağayev ilə bağlı cinayət işi üzrə hazırlıq iclası keçirilib. Müğənni Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Adları çəkilən iki nəfər isə zərərçəkən qismində tanınıb.

Xuliqanlıq ittihamı ilə razılaşmırlar

Vəkil Rəna Məmmədova deyir ki, nümayəndəsi olduğu zərərçəkən N.Cəlilov istintaqın sonunda cinayət işinin materialları ilə tanış olanda A.Ağayevə xuliqanlıq ittihamı verilməsi ilə razılaşmamışdı. Tələb etmişdi ki, ona qəsdən adam öldürməyə cəhd ilə bağlı ittiham verilsin. Vəkilin sözlərinə görə, bu gün də eyni fikirdədirlər. Ona görə də işin məhkəmə baxışına xitam verilib prokurora qaytarılmasını və Xalq artistinə xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla adam öldürməyə cəhd ittihamı verilməsini tələb edirlər: "Təəssüf ki, o zaman Nurəddin Cəlilovun vəsatəti rədd edildi. Biz bunu zərərçəkmişin hüquqlarının pozulması kimi qiymətləndiririk. Xahiş edirik, bu dəfə vəsatətimiz təmin olunsun".

Vəkil R.Məmmədovanın daha bir vəsatəti isə A.Ağayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi olub. O vurğulayıb ki, müğənninin hazırda ittiham olunduğu CM-in 221.3 maddəsində 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, barəsində alternativ qətimkan tədbiri seçilib.

Digər zərərçəkmişin nümayəndəsi Gülşən Salmanova da onun hər iki vəsatətini müdafiə edib.

"Bir insan niyə dayandığı yerdə başqasına balta atsın?! Təbii ki, məqsəd öldürmək olub...", - G.Salmanova belə deyib.

Zərərçəkənlər də nümayəndələrinin qaldırdıqları vəsatətləri müdafiə edib.

Ağadadaş Ağayev
Ağadadaş Ağayev

Amma təqsirləndirilən müğənni də, onun vəkili də zərərçəkmiş tərəfin vəsatətlərinin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib.

"Xoşbəxtəm ki, belə ölkədə yaşayıram. Hüquqi dövlətdir, hüquqlarımız sona qədər qorunur, saxlanılır. Bu gün də bizim işimizdə hüququn aliliyi işin gedişatından hiss olunur. Ona görə də artıq danışmaq istəmirəm. Mən də bir vətəndaş kimi, ilk dəfə də olsa, qanun qarşısında sizinlə birlikdə üz-üzə dayanmışam", - A.Ağayev məhkəmədə bunları deyib.

Prokuror da hesab edir ki, A.Ağayev haqqında cinayət işinin istintaqa qaytarılmasına və ona qarşı ittihamın ağırlaşdırılmasına hazırda ehtiyac yoxdur: "Gələcəkdə araşdırma zamanı ağırlaşdırıcı hal ortaya çıxsa, bu məsələyə baxıla bilər".

Dövlət ittihamçısı təqsirləndirilən müğənninin həbsinə də ehtiyac görməyib.

Hakim də vəsatətlərin heç birini təmin etməyib.

Noyabrın 28-də Xalq artisti ilə bağlı cinayət işi üzrə dindirmələr başlayacaq.

Məhkəmədən sonra A.Ağayev jurnalistlərin "özünüzü təqsirli bilirsinizmi" sualına belə cavab verib: "Nəsə olub ki, buradayıq...".

Ağadadaş Ağayevin 'gözəgörünməz' baltası
Gözlə

No media source currently available

0:00 0:11:12 0:00

Xatırlatma

68 yaşlı Ağadadaş Ağayev iyulun 22-də səhər saat 7 radələrində "Medera Hospital"da yaşanmış insidentlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət işinin materiallarında iddia olunur ki, səhhətində problemlərlə əlaqədar klinikaya müraciət edən müğənni ilə gözətçi arasında mübahisə yaranıb. Nəticədə gözətçini təhqir edib, ona balta atıb. Balta həm də klinikanın daha bir əməkdaşı Nəzakət Paşayevaya dəyib, o da xəsarət alıb.

Müğənni isə, əksinə, gözətçinin onu təhqir etdiyini, yerə yıxıb döydüyünü bildirir.

Cinayət işinin materiallarına klinikanın müşahidə kameralarının qeydə aldığı videogörüntülər də əlavə olunub. Həmin görüntülər hadisədən sonra sosial şəbəkələrdə də yayılmışdı.

XS
SM
MD
LG