Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:47

ABŞ İlham Əliyevin bəyanatına cavab verib


Vaşinqtonda ABŞ Dövlət Departamentinin binası
Vaşinqtonda ABŞ Dövlət Departamentinin binası

"ABŞ-nin Ermənistanla Azərbaycana göstərdiyi hərbi yardım hücum məqsədləri üçün istifadə oluna bilməz", - Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-nin Ermənistana silah verməsinə dair bəyanatına Dövlət Departamenti belə reaksiya verib.

İ.Əliyev ötən həftə demişdi ki, Ermənistan hərbçiləri Fransa və Hindistanla yanaşı, ABŞ-dən də ölümcül silahlar alır.

"ABŞ bunu etiraf etməyib", - o, Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bu sözləri dilə gətirmiş və ardınca söyləmişdi: "Ancaq hərbi nəqliyyat təyyarələrinin Ermənistan hava limanlarına enərək ora silah çatdırdığını izləmişik".

Azərbaycan prezidenti iddialarına aid heç bir sübut təqdim etməyib və Ermənistana hansı silahların verildiyi barədə də dəqiq bilgi verməyib.

"Sülh danışıqlarıyla bağlı səylərə xələl gəlməsin"

"ABŞ-nin Ermənistan və Azərbaycana güvənlik yardımı ayırması ABŞ və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək, hərbi peşəkarlığı artırmaq və İranla sərhədləri qorumaq məqsədi daşıyır", - İ.Əliyevin ittihamlarını şərh edən Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosunun erməni xidmətinə belə deyib və sözünü belə bitirib: "ABŞ Ermənistan və Azərbaycana göstərdiyi bütün güvənlik yardımını diqqətlə gözdən keçirir ki, ondan hücum məqsədləri üçün istifadə olunmasın, sürəkli və ləyaqətli sülh danışıqlarıyla bağlı səylərə xələl gəlməsin".

Ermənistanla hərbi əməkdaşlığı artırsa da, Vaşinqton indiyədək Yerevana silah göndərilməsi barədə bilgi verməyib.

İ. Əliyev Ermənistanla sülh sazişinin imzalanması üçün bir neçə şərti də təkrarlayıb. Onların arasında Ermənistanın silah alqı-satqısını dayandırması şərti də var: "Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki havadarlarına demişik ki, silahlanma dayandırılmalıdır".

Azərbaycan gələn il müdafiə və milli güvənlik ehtiyaclarına 5 milyard dollaradək vəsait xərcləməyi planlaşdırır. Ermənistansa 2025-ci ildə müdafiə xərclərinə 1.7 milyard dollar ayırmağı nəzərdə tutub.

XS
SM
MD
LG