Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:08

Süleyman Sani Axundov. Zarafat


Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlanmış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, inciyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.

Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı
idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox
istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox
sey etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin
axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə təkiyə
saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi
ki, bəlkə Allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki
teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı.
Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər
görünüb qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

- Görürsən? Bax, Allahın qəzəbi səni tutmuş, tövbə elə, yola gəl, bu şeytan
sənətini burax.
- Nənə, get rahat ol. Mənə heç zad olmamış, mən öz rolumu öyrənirəm.
Qışqırmağıma fikir vermə.
Belə sözlərlə Şaki Püstə nənəni sakit edərdi.
Püstə nənənin tərbiyəsi altında böyümüş Şaki mövhumatdan hələ büsbütün
özünü xilas edə bilməmişdi. Bunu aktyor yoldaşları bilirdilər.

* * *

Bir dəfə Şaki teatrda olduğu zaman yoldaşları zarafat üçün qəfəs içində bir
papağanı (tutu quşu) gətirib onun otağında gizlədirlər, Şaki gecə yarısı mənzilinə
gəlir. Püstə nənənin yemək hazır etdiyini görüb deyir:

- Nənə heç zad yeməyəcəyəm, sən get rahat ol, mən də yorulmuşam, tez
yatacağam.
Püstə nənə gedib yatır, lakin Şaki nə qədər səy edirsə də yata bilmir. Öz-özünə
söylənməyə başlayır:
- Ah, yenə bu fikir beynimi dəlir, məni bir an rahat qoymur. Mən kiməm?
Nəyəm? Nə üçün yaranmışam? Axırda çürüyüb bir ovuc torpaq olmaq üçünmü?
İnsana bu məşəqqət, bu əziyyət, bu cəfalar nə üçündür? Yeyərmiş, içərmiş,
yatarmış, durarmış. İnsanda bu ədavət, bu rəzalət, bu kin-küdurət, bu büxl-həsəd nə üçündür? Bir neçə il ömür sürəcək insana, bu toplar, tüfənglər, nizələr, oxlar,
partlayan bombalar nə üçündür? Haqq birdir əgər, bu müsəlman, bu xristian, bu
kəbr, yəhudi nə üçündür? Ah, bu fikir beynimi deşir, mənə bir an rahatlıq vermir...
Kürreyi-ərz yarandıqdan bəri tarixi-bəşər, qan, cinayət ilə tam doludur. Ey özü
gizli, adı haqq, cahanda olacaqmıdır elə zaman ki, insan daha qan tökməyəcəkdir?
Bu halda papağan Şakinin səsindən oyanıb bu öyrəndiyi kəlməni deyir:

- Yox, yox, yox.

Bunu eşitdikdə Şaki heyrət və təlaş ilə qalxır. Ürəyi elə bərk döyünür ki, səsini
özü eşidir. Su töküb içir, nəhayət, başını tutaraq, otaqda dəli kimi gəzməyə
başlayır.

- Mən ya dəli olmuşam ki, qulağıma səs gəlir, ya da ki, həqiqətən, qeybdən
"yox" cavabını aldım. Demək insan qan tökməkdən ötrü yaranmış?
Papağan: - Bəli, bəli, - deyə qışqırır. Bunu eşitdikdə xəstə aktyor həqiqi dəli
kimi elə bir dəhşətli qəhqəhə çəkir ki, bütün qonşuları yuxudan oyadır. Sonra yerə
yıxılır ürəyi gedir. Püstə nənə bu səsdən diksinib yerindən qalxır və cəld özünü
otağa atır. Şakini yerə sərilmiş görüb qışqırıq salır. Qonşular onun harayına cəm
olurlar və çox səydən sonra Şakini özünə gətirirlər.
XS
SM
MD
LG