Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:59

Süleyman Sani Axundov "Əhməd və Məleykə" ("Qorxulu nağıllar" silsiləsindən)



Qışın orta ayı idi. Soyuqdan qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi.

Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.

Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara
bərəks olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi.

Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi,
yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti
idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı,
gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb əlinə
qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.
Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı.
Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:
- Nənə, mənə bir qorxulu nağıl söylə.
Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi:
- İndi ki, qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd
nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?
- Yox, mən heç qorxmurdum, - deyə Fatma cavab verdi.
Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:
- Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm,
bu şərtlə ki, qorxmayasan.
- Yox, ata, qorxmaram, söylə.
Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:
- Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, çay kənarında
Tatarcıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. Qızım, həmin nağıl olunan kənddə Nurəddin adında bir kişi vardı. Bu Nurəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı.

Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan
zaman bahar və yay çox quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdan yanıb
tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başlandı. Payızın əvvəlindən
Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı pulu dörd
gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəran edərdi.
Əhməd kənd məktəbində oxuyurdu. Atası tərəfindən gələn məktubları asanca
oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir
başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisi bu şeylərin tezcə alınmasını
xahiş edirdi. Lakin beş gün keçdi, bir həftə keçdi, on gün keçdi, atalarından bir
xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.
Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun
şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman,
kim isə qapını döydü. Uşaqlar cəld:
- Atam gəldi, - deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə
bürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi
Nurəddinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xədicənin ürəyini qorxu
aldı.
Uşaqlar:
- Əmi, bəs atamız hanı? - deyə soruşduqları vaxt ondan cavab almadılar.
Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər
verdi və onun cibindən çıxan altı manatı verib cəld getdi.
Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb
zar-zar ağladı. Bunların ah-naləsi, boranın gurultulu səsi bir-birinə qarışmışdı.
Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu:
- Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, acından öləcəyik.
- Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, - deyə Xədicə oğluna
təsəlli verdi, sonra hər ikisini soyundurub yatağa uzandırdı. Bir azdan sonra uşaqlar
yuxuya getdilər.

Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalət onu
götürmüşdü. Sahibsiz arvad, yetim uşaqlar, aclıq ildə necə dolansın?
Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərini
satmağa başladı. Xədicə bir də baxdı gördü ki, evdə heç bir şey qalmayıbdır.
Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünki hamı
bunların günündə idi. Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq
Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya kimi
oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.
Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı...
Birdən Fatma özünü atasının qucağına atıb dedi:
- Ata, demə, demə! Qorxuram.
Hacı Səməd qızının başını sığallayaraq dedi:
- Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə
Məleykəni soyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat
ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi:
- Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə
çörək salar.

Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası
ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey icəri düşdü.
Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər o düşən nədir. Gördülər ki,
ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi
çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd
dedi:
- Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.
Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən
kağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur.
Bunu görən ana və oğul daha da artıq təəccüb etdilər. Bu halda Əhmədin gözünə
pula bükülmüş kağızda yazı sataşdı:
- Ana, burada yazı var; qoy görək nədir? – deyə Əhməd kağızı oxudu.
"Qızım Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun
çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb
bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa,
qızım, yaşa, mən qoca babanı da yaddan çıxartma. Xüdahafiz.
Səyyah Cəmaləddin".

Bu halda Məleykə oyanıb dedi:
- Ana, mələk bacamızdan çörək saldımı?
- Bəli, qızım, ancaq mələk yox, baban Cəmaləddin, - deyə Xədicə Məleykənin
qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından
bilmirdilər ki, nə etsinlər. Axırda hamı şad-xürrəm yıxılıb yatdılar.
İndi siz də, əziz balalarım, durun yatın, səhər dərsə gedəcəksiniz.
Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi.
XS
SM
MD
LG