Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Mirzə Ələkbər Sabir. Məsləhət















Məşədi Sijimqulunun "Molla, sənə
eyləyirəm məsləhət, söylə görüm,
evlənim, evlənməyim?" şerinə cavab



Ağrın alım, a Məşəd Sijimqulu,
Altmışa yetdin, demə oldun ölü,
Şükr ola allaha canındır sulu,
Çox da, kişi, tutma beşəlli pulu,
Ver pulunu dadlı, ləzzətli zad al!
Qoy babalın boynuma, get, arvad al!

Öz dediyindən görünür övrətin
Birdir, olur evdə fəna halətin,
Var imiş evlənməyə də qüdrətin,
Bəs niyə yox laəqəl üç külfətin?
Yoxsa qonum-qonşuda, axtar, yad al!
Qoy babalın boynuma, get, arvad al!

İndi ki, var elçi də Səfdər kimi,
Bir bala qız al boyu ər-ər kimi,
On-on iki sinnidə dilbər kimi,
Zülfü qara, sinəsi mərmər kimi,
Qoy başını sinəsinə bir dad al!
Qoy babalım boynuma, get, arvad al!

Saxlama kaftar kimi bir övrəti,
Boşla onu, basdı səni nikbəti,
Tap özünə bir sənəmi xəlvəti,
Bağrına bas yari-mələk-surəti,
Sən də igidlər kimi iş gör, ad al!
Qoy babalın boynuma, get, arvad al!

Oğlun uşaqdır, hələ xamdır, naşı,
Ancaq iyirmi beşə çatmış yaşı,
Çıxmaz onun bir para işdən başı,
Neyləyir evlənməyi, atsın daşı,
Öz kefınə bax, kişi, dad ver, dad al!
Qoy babalın boynuma, get, arvad al!

And verirəm mən səni imanına,
Bağla həna rişinə, qıy canına,
Bir, iki, üç övrəti düz yanına.
Vermə zərər sərvərü samanına --
Sən nə qəzet qan və nə də "İrşad" al!
Qoy babalın boynuma, get, arvad al!

Fikr elə bir, kimdi bir arvad alan?
Rus, yəhudi! Deyil ərzim yalan.
İldə bir arvad alı mömin olan,
Ləzzəti bir, feyzi də mindir, inan!
Gəlməsə bir qız bu cürə, aldad al!
Qoy babalın boynuma, get, arvad al!
XS
SM
MD
LG