Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:53

Mirzə Ələkbər Sabir. Çatlayır, Xanbacı, qəmdən ürəyim















Çatlayır, Xanbacı, qəmdən ürəyim,
Qavışıb lap acığımdan kürəyim.

Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə, kaş!

Mən ki, damdan, bacadan baxmaz idim,
Su kimi hər tərəfə axmaz idim.

Hərzə-hərzə danışıb gülməz idim,
Ər nə şey olduğunu bilməz idim;

Oturub ac komasında atamın,
Biş-düşün hazır edərdim anamın;

Bitləyərdim nənəmin baş, yaxasın,
Yamayardım babamın çul-çuxasın,

Tez durub sübh sağardım inəyi,
Xansənəmdən diləməzdim köməyi;

Neyləyirdim bəzəyi уа düzəyi?
Dama, divara yapardım təzəyi.

Atam əllaf, babam dülgər idi,
Qardaşım culfa, əmim kargər idi,

Xanbibim falçı, nənəm bağ toxuyan,
Bizdə, haşa, yox idi bir oxuyan!

Evimizdə var idi hər nə desən:
Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?

Büsbütün gül kimi insanlarıdıq,
Nə müəllim və nə dərs anlarıdıq.

Dəftərin andıra qalmış sözünü
Eşidib görməmiş idik üzünü.

Boylə bir tərbiyəli evdə müdam
Bəslədiz mən kimi bir sərvi-xüram.

Vay о gündən ki, məni ad elədiz,
Elə bildiz də ki, dilşad elədiz.

Mən də sandım ki, dönüb bəxtəvərə, --
Gedirəm bir nəfər insana ərə.

Nə bilim boylə də insan varmış,
Şəkli-insanda da heyvan varmış.

Ər oxurmuş da, yazarmış da, atam!
Ər deyil, möhlik azarmış da, atam!

Ər deyil, şair imiş xanəxərab!
Fikri yazmaq, oxumaq, suglu kitab....

Saldız axırda yaman hala məni,
Ərə verdiz də bu qəffala məni.

Gah yazır, gah oxuyur, gah danışır,
Gündə bir hərzə kitabnan tanışır;

Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur oylə ki, bilmir özünü;

Sübh olunca gecələr darğa kimi,
Yatmayır, qır-qır edir qarğa kimi;

Gah da bir yatsa da vəqtində əgər,
Çəkməyir yuxladığı bir о qədər,

Qəflətən bir də görürsən ki, durur,
Yandırıb lampanı çılpaq oturur;

Başlayır yatdığı yerdə təzədən
Oxuyub yazmağa bir də təzədən.

Belə od olmaz, atam, boylə alo!
Od deyil, yanğı deyil, lovdur, lo!

Gah görürsən ki, miz üstə yıxılır,
Baxıram halına qəlbim sıxılır;

Bir qarandaş, bir-iki parə kağız
О qədər çəkmir -- olur qarə kağız.

Xeyrini, şərrini qanmır bu kişi!
Yorulub bircə usanmır bu kişi!

Bizim evdə baxasan hər tərəfə --
Taxçaya, boxçaya ya kim, irəfə --

Görəcəksən bütün işqabda kağız,
Kasada, nimçədə, boşqabda kağız;

Yığılıb dağ kimi hər yanda kitab,
Evdə, dəhlizdə və eyvanda kitab.

Deyirəm, ay kişi, bir gəl özünə,
Bu nə işdir, a kül olsun gözünə!

Bu əməl etdi səni xanəxərab,
Pulların döndü bütün oldu kitab.

Oxuduqca gözünün qarəsini
Aparır, tap başının çarəsini.

Pul gedir, tabü təvanın da gedir
Üstəlik bir quru canın da gedir.

Kəsbkarlıqdan əlin çıxdı, usan!
Ər olan yerdə görüm yox olasan!
XS
SM
MD
LG