Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:49

Mirzə Ələkbər Sabir. Bənzətmə















Sonya, ey dilbəri-pakizə-əda!
Sənə bu Naqdı bəyin canı fəda!
Aşiq oldum о zamandan ki, sana,
Hər nə hökm eylədin, ey mahliqa,
Etmədim onda təxəllüf əbəda,
Diləyin oldu məramınca rəva....
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Sənəmim, laləruxum, gülbədənim,
Mələyim, sərvqəddim, simtənim,
Ey fərəhbəxş dili-pürmühənim,
Söylə, aya, günahım noldu mənim,
Qarğalar məskəni oldu çəmənim?!
Keçdi əğyar əlinə yasəmənim?
El bütün oldu bu gün tənəzənim?
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın?"

Та dedin tabei-fərman ol, oldum,
Hüsnümə valehü heyran ol, oldum,
Nazənin canıma qurban ol, oldum,
Eşqdə xanəsi viran ol, oldum,
Qapıma əcz ilə dərban ol, oldum,
Aqibət müstəhəqi-nan ol, oldum,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Dil о gündən ki, düçar oldu sənə,
Bir yazıq aşiqi-zar oldu sənə,
Uydu, bisəbrü qərar oldu sənə,
Var-yoxum ta ki, nisar oldu sənə,
Bir də baxmaq mənə ar oldu sənə,
Başqa bir cəzbəli yar oldu sənə,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
Əmr qıldın mənə, şeyda ol, oldum,
Eşqdə bisərü pa ol, oldum,
Yəni sərdadeyi-sevda ol, oldum,
Tərk namusa mühəyya ol, oldum,
Şənini at çölə, risva ol, oldum,
Nəzəri-xəlqdə ədna ol, oldum,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Söylədin hörmətini at, atdım,
Malını, sərvətini at, atdım,
Əhlini, külfətini at, atdım,
Qövmünü, millətini at, atdım,
Cümlə heysiyyətini at, atdım,
Müxtəsər, qeyrətini at, atdım,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Mənə aid bütün irsi-pədərim -
Əkinim, mülküm, evim, bumü bərim
Nə zaman getdi isə yox xəbərim,
Səndə idi mənim ancaq nəzərim,
Həp sənə oldu fəda simü zərim,
Qalmadı yanmağa bir parça tirim,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Mənə əvvəlcə özün yar oldun,
Sevdiyimsən, deyə, dildar oldun,
Məst ikən mən hələ, huşyar oldun,
Başqa bir fikrə həvəskar oldun,
Cümlə maəmləkimə nar oldun,
Məni yox etdin, özün var oldun,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Leyk mən bunca fəlakətlə yenə
Varam əvvəlki sədaqətlə yenə,
Durmuşam eyni iradətlə yenə,
Baxıram kuyinə həsrətlə yenə,
Mümkün olduqca bu halətlə yenə
Sürərəm ömrümü qəflətlə yenə,
Agah olmam bu rəzalətlə yenə,
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"

Çünki biz taifə əhli-kərəmiz,
Mərəzi-eşqdə sabitqədəmiz,
Zadəganız, həpimiz möhtərəmiz,
Eşq meydanına yeksər həşəmiz,
Dinü dildadeyi-zibasənəmiz,
İşbu vəch ilə səzayi-ədəmiz....
"Gözəlim, şimdi nədir fərmanın?
Canı qurban sənə bu nalanın!"
XS
SM
MD
LG