Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:57

Deputat 'Freedom House'u ittiham edir. Daha bir vəkil cəzalandırıla bilər


Nikol Paşinyan və İlham Əliyev Moskvada MDB dövlət başçılarının sammitində
Nikol Paşinyan və İlham Əliyev Moskvada MDB dövlət başçılarının sammitində

Bu həftə Azərbaycan-Ermənistan sülh sazişi layihəsi barədə son açıqlamalardan, "Freedom House" insan haqları təşkilatının dünyada internet azadlığı hesabatından, Müdafiə Nazirliyində yeyinti halları ilə bağlı məhkəmə işlərindən danışırıq.

Paşinyan Moskvada Əliyevə nə təklif edib?

Bu həftə Ermənistandan Azərbaycanla sülh sazişi layihəsi barədə ziddiyyətli açıqlamalar gəldi. Parlamentin spikeri Alen Simonyan Cenevrədə çıxışında dedi ki, sənədin 16 bəndinin hamısı razılaşdırılıb, iki ölkə sülhün astanasındadır.

Amma Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı ilə Yerevana razılaşdırılmamış məsələləri həll etmək üçün "xeyli vaxt" lazım olacağını deyib.

Bu arada baş nazir Nikol Paşinyanın Azərbaycana yeni danışıqlar keçirməyi təklif etməsi haqda da xəbər yayıldı. Onun həmin təklifi ötən həftə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) sammiti çərçivəsində Azərbaycan prezidenti ilə qeyri-rəsmi təmaslar zamanı etdiyi bildirildi.

Bütün bu açıqlamalara Azərbaycandan hələ rəsmi reaksiya verilməyib.

Prezidentin müşaviri Hikmət Hacıyev də de-fakto sülh reallığa çevrildiyini, sülhün əlçatan olduğunu yazır. O, "Newsweek" dərgisində məqaləsində qeyd edir ki, əvvəlki üç ildə beynəlxalq vasitəçilərlə aparılanlarla müqayisədə ikitərəfli danışıqlar daha çox fayda verib: "Sərhəd delimitasiya komissiyaları yaradılıb, sərhədin bir hissəsi demarkasiya olunub".

Prezidentin müşaviri daha sonra məqaləsində sülhə əngəl kimi Ermənistan konstitusiyasında Qarabağın Ermənistanla birləşdirilməsinə çağırışı, Yerevanın Paris tərəfindən intensiv silahlandırılmasını göstərir.

'Ermənistanı məhv etməyə yönələn vasitədir' - Azərbaycanlılar Ermənistana qayıdacaqmı?

Prezident İlham Əliyev yenə Ermənistandan olan azərbaycanlı qaçqınların dədə-baba torpaqlarına qayıdacağından bəhs edir. Prezidentin bu arzusunun reallaşması nə qədər mümkün görünür, yenidən Ermənistanda ermənilərlə azərbaycanlılar bərabər yaşaya bilərmi? #İzahla proqramı bu suallara cavab axtarıb.

Azərbaycanlıların Ermənistana qayıdışı mümkündürmü?
Gözlə

No media source currently available

0:00 0:11:58 0:00

Azərbaycan internet azadlığına görə "qeyri-azad" ölkələr sırasında

Bu həftə "Freedom House" insan haqları təşkilatı "İnternet azadlığı 2024" adlı hesabatını yaydı.

Azərbaycan 100 xaldan 34-nü yığaraq "qeyri-azad ölkələr" sırasında yer alaraq illərdir dəyişməyən status-kvonu saxladı, üstəlik, ötən ildən 3 xal da itirdi. Əslində, bütün dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir.

Belarus, İraq və Zimbabve ilə bir sırada yer alan Azərbaycana gəlincə, hesabatda sosial mediada tənqidi postlarına görə həbslərdən söz açılır. "Freedom House" bildirir ki, Azərbaycanda bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisinə bütün dünyadan kontent yaradıcıları dəvət olunub, onların səyahət və Bakıda qalma xərcləri də çəkilib. Deyilir ki, həmin seçki prezident İlham Əliyevin qələbəsi üçün sərt manipulyasiya edilib, saxta seçki müşahidə missiyalarını maliyyələşdirməklə seçkiyə legitimlik donu geyindirilib.

Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir.
Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir.

Milli Məclisin üzvü Fazil Mustafa isə "Turan"a deyib ki, "Freedom House" əvvəllər Azərbaycana qərəzli mövqeyi ilə seçilirdisə, indi "düşmən" mövqeyinə keçib. Deputat bu səbəbdən qurumun açıqlamalarının qeyri-ciddi qəbul olunduğunu bildirir: "Hər hansı şəkildə cəmiyyətimizin həyatına təsir edəcək mahiyyəti yoxdur. Guya Azərbaycanda demokratiyanı müdafiə edirlər, amma Ermənistanla münaqişə dövründə Azərbaycana qarşı ən çirkin rol oynayanlardan biri də "Freedom House" oldu. Bu baxımdan, bizim onun hesabatlarına hər hansı şəkildə rəy, fikir bildirməyimizin də bir mənası yoxdur. Qərəzli, obyektivlikdən uzaq bir qurumdur, ermənipərəst mövqeyi ilə seçilir. Yazdığı rəylər də elə bir əhəmiyyət daşımır".

Bu ittihamlara "Freedom House", hələlik, münasibət açıqlamayıb.

AzadlıqRadiosunun bu hesabatla bağlı sosial media paylaşımlarına yüzlərlə şərh gəlib. "Şabranlı Şahin" adlı istifadəçi yazır: "İnternet azadlığı nədir, başa düşmədim. Bir onu deyə bilərəm, internetin sürəti son bir ayda bərbaddır".

Vaqif Məmmədov isə yazır ki, "qiyməti qaldırmaq istəyirlər".

Ölkədə avqustun 15-dən internet tarifləri qaldırılsa da, sürət və keyfiyyətdə artım olmamasından şikayətlər var.

Nəcməddin Sadıkov
Nəcməddin Sadıkov

42 milyonluq kredit Nəcməddin Sadıkovun göstərişi ilə sənədləşdirilib?

Bu həftə Müdafiə Nazirliyində mənimsəmə iddiaları üzrə məhkəmə prosesləri davam etdi. Bugünlərdə vəzifələrindən çıxarılan korpus komandirlərinin - general-mayorlar Mais Bərxudarov ilə Münasib Babayevin adı 143 milyon manatlıq yeyintiyə dair məhkəmə işində keçir. Bu cinayət işi ilə bağlı həbsdə olan şəxslər illərlə həmin generallara pul verməyə məcbur qaldıqlarınını deyir, onların məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər. Təqsirləndirilən polkovnik Cəlal Kazımov deyib ki, general M.Babayev Füzuli rayonunun işğaldan qurtarılması münasibətilə 10 qoyun qurban kəsdirib: "Qoyunlar 2 min manata alınmışdı və M.Babayev də onların pulunu ödəyəcəyinə söz vermişdi. Amma eləmədi. Məndən 10 min də bir aldı. Onu da qaytarmadı".

Müdafiə Nazirliyində yeyinti ittihamı ilə gedən digər iş isə "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyevlə bağlıdır. O, daha öncə rüşvət ittihamı ilə 8 il 6 ay həbs cəzası almışdı, indi isə 42 milyon manatdan çox yeyintidə suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, Z.Niftəliyev məqsədli şəkildə "Shahin Co" adlı şirkət yaradıb, "Ata Bank"dan 42.5 milyon manat kredit götürüb, bir il ərzində ödənməli olan kredit indiyədək ödənilməyib. Özü isə ittihamı qəbul etmir, deyir ki, onun adına bankdan götürülən pulun üzünü görməyib. O, həmin kreditin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi ilə onun adına sənədləşdirildiyini vurğulayıb.

Nazim Musayev
Nazim Musayev

'Akvarium' sözünə görə vəkili cəzalandırmaq istəyir

Bu həftə daha bir vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına (VK) məktub göndərilib. "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının Həbsdə olan üzvü Möhyəddin Orucovun vəkili Nazim Musayev müvəkkilinin şüşə kabinədə əliqandallı saxlanmasına etiraz edərkən həmin kabinəni "akvarium" adlandırıb, hakim isə bunu məhkəməyə hörmətsizlik sayır.

İndiyədək ictimai-siyasi fəalları müdafiə edən bir neçə vəkil müxtəlif əsaslar gətirilərək kollegiyadan çıxarılıb. VK bunu həmin şəxslərin qanunvericiliyin tələblərini pozmaları ilə izah etsə də, həmin vəkillər müxalif siyasətçiləri, araşdırmaçı jurnalistləri müdafiə etdiklərinə görə cəzalandırıldıqlarını deyiblər.

XS
SM
MD
LG